Məhkəmə qərarları › İş №2(106)-1104/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1104/2024

27.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1104/2024 27.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, Zeynallı Aslan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-172/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə birgə nikahdan doğulmuş uşaqları 20 avqust 2011-ci il təvəllüdlü X3 və 07 iyun 2013- cü il təvəllüdlü X4 ilə birlikdə Astara rayonu Maşxan kəndində yerləşən qaynanası Cavabdeh1n sahibliyində olan 2 mərtəbəli yataqxana tipli evin, 2 otaqlı mənzilinə köcürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə 2010-cu il tarixdə faktiki nikah münasibətlərinə daxil olub evlənmişlər. Bu münasibətlərindən 20 avqust 2011-ci il təvəllüdlü X3 və 07 iyun 2013-cü il təvəllüdlü X4 adlı iki uşaqları anadan olmuşdur. Nikahlarını isə 12 yanvar 2012-ci il tarixdə rəsmiləşdirmişlər. Onlar evləndikdən sonra Cavabdeh2 atası Fəraim Məmmədovun atasına məxsus olan Astara rayonu Maşxan kəndində yerləşən fərdi yaşayış evində yaşamış olsalarda, sonra Astara rayonu Maşxan kəndində yerləşən qaynanası Cavabdeh1n sahibliyində olan 2 mərtəbəli yataqxana tipli evin, 2 otaqlı mənzildə yaşamışlar. Cehiz əşyaları da həmin mənzildədir. Ancaq son vaxtlar aralarında baş vermiş narazılıqlardan sonra ayrılmışlar. Cavabdeh2 və Cavabdeh1 onu uşaqları ilə birlikdə evdən çıxartmışlar. Onun isə başqa yerdə yaşamağa imkanı yoxdur. O, məcbur olub, öz valideyinlərinə məxsus olan evdə yaşayır. Hazırda başqa bir yerdə yaşamağa yeri olmadığından o, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-172/2024 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və tələbin təmin edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. O məhkəmə iclasında və iddia ərizəsində qeyd etmişdir ki, mübahisə edilən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmin mənzil cavabdeh Mərufə Məmmədovanın sahibliyindədir. O, bundan istifadə edərək uzun müddət yaşadığı mənzildən uşaqları ilə birlikdə mənzildən çıxarmışdır. Əgər mənzil onun deyilsə, onların orada yaşamağına imkan vermir. Əvvəla, cavabdeh Marifə Məmmədovanın razılığı ilə həmin mənzilə köçüb təsərrüfatı birgə idarə etməklə orada yaşamışdırlar. Mənzilin mülkiyyətçisi olmadığı üçün müqavilə bağlamamışlar. Mənzilin sahibinin şifahi razılığına əsasən 2011-ci ildən 2023-cü ilin fevral ayına kimi həmin mənzildə yaşayıblar. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara RİHB-nin Kijəbə qəsəbə İƏD nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxxxxx 1985-ci il tarixdə anadan olmuş və Astara rayonu Kijəbə qəsəbəsində yaşayır. İşdə olan Astara RİHB-nin Təngərüd KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 22 fevral 2023-cü il tarixə kimi Astara rayonu Maşxan kəndində Çay fabriki ərazisində yerləşən 2 mərtəbəli yataqxana tipli evin 2 otaqlı mənzildə yaşamışdır. İşdə olan Astara RİHB-nin Kijəbə qəsəbə İƏD nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı boşandıqdan sonra atasına məxsus olan evdə yaşayır. İşdə olan Astara RİHB-nin Təngərüd KİƏD nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 atası X5 məxsus Astara rayonu Maşxan kəndində fərdi yaşayış evi vardır. Astara rayonu Maşxan kəndində 2 mərtəbəli yataqxana tipli evin 2 otaqlı mənzilin kimə məxsus olması müəyyən edilməmişdir. İşdə olan ƏMDX DƏDK və reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində yaşayış sahəsi (fərdi ev və mənzil) aşkar olunmamışdır. İşdə olan ƏMDX DƏDK və reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********67-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 26 may 2023cü il olan çıxarışdan məlum olur ki, əlavə cavabdeh X2 mülkiyyətində Astara rayonu Maşxan kəndində ümumi sahəsi 96,9 kvadrat metr olan fərdi yaşayış evi vardır. İşdə olan Bakı şəhəri Yasamal rayonu 52 saylı tam orta məktəbinin 25 yanvar 2024cü il tarixli arayışlarından məlum olur ki, 20 avqust 2011-ci il təvəllüdlü X3 və 07 iyun 2013cü il təvəllüdlü X4 22 fevral 2022-ci il tarixə kimi qeyd edilən məktəbdə təhsil almışlar. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı köcmək istədiyi, Cavabdeh1 sahibliyində olmasını iddia etdiyi Astara rayonu Maşxan kəndində 2 mərtəbəli yataqxana tipli evin 2 otaqlı mənzil mövcud deyildir. Cavabdeh2 atası, əlavə cavabdeh X2 mülkiyyətində isə Astara rayonu Maşxan kəndində ümumi sahəsi 96,9 kvadrat metr olan fərdi yaşayış evi vardır. İddiaçı isə onunla həmin evdə yaşamasına dair hər hansı notarial qaydada müqavilə bağlamamışdır. İddiaçı isə uşaqları ilə birlikdə Astara rayonu Maşxan kəndində yerləşən 2 mərtəbəli yataqxana tipli evin 2 otaqlı mənzilinə köçmək istəyir. Qeyd edilən mənzilin mövcud olması və kimə məxsus olması məlum deyildir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı həmin evə köçürülə bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Habelə Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Kollegiya qeyd edir ki, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələrini tənzimləyən 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2. və 30.4-cü maddələrinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına düzgün qiymət vermişdir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Kollegiya bütün qeyd edilənlərə yanaşı, diqqətə çatdırmaq istəyir ki, iddiaçının köçmək istədiyi Astara rayonu Maşxan kəndində 2 mərtəbəli yataqxana tipli evin 2 otaqlı mənzilidir ki, işdəki sübutlara əsasən Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində yaşayış sahəsi (fərdi ev və mənzil) aşkar olunmamışdır. Habelə Astara rayonu Maşxan kəndində Çay fabriki ərazisində yerləşən 2 mərtəbəli yataqxana tipli evin 2 otaqlı mənzilinə Cavabdeh1 sahib olması barədə məlumat mövcud deyildir. Bununla yanaşı, mübahisəli mənzilin kimə məxsus olması müəyyən edilməmişdir. Qeyd edilənlər baxımından nəzərə alınmalıdır ki, İddiaçı öz uşaqları ilə birlikdə mübahisəli ünvanda yaşasalar da, hazırkı iş üzrə cavabdehlərin iddiaçı və onun övladlarının adıçəkilən - Astara rayonu Maşxan kəndində 2 mərtəbəli yataqxana tipli evin 2 otaqlı mənzilə köçürülməsini təmin kimi səlahiyyətləri mövcud deyildir. Bütün bunlarla yanaşı, nəzərə alınmalıdır ki, işdəki sübutlara əsasən cavabdehlər mübahisəli mənzilə sahiblik və istifadə hüquqlarına malik deyildir. Bu baxımdan, onların iddiaçını da həmin ünvana köçürmək və həmin mənzilə dair hər hansı digər sərəncam vermək hüquqları, ümumilikdə hazırkı tələb üzrə cavabdehlik daşıma kimi öhdəlikləri yoxdur. Diqqətə çatdırılmalıdır ki, İddiaçı və Cavabdeh2 arasında ailə münasibətləri 2010cu ildə (rəsmi nikah: 2012-ci il) başlamış, mübahisəli ünvanda isə 2011-ci ildən yaşamağa başlamışlar. Göründüyü kimi, münasibətlər hazırda qüvvədə olan Mənzil Məcəlləsinin təsir dairəsinə düşür. Həmin məcəllənin tələblərindən irəli gələrək qeyd edilməlidir ki, cavabdehlərin hər hansı biri mübahisəli mənzilin - yaşayış sahəsi mülkiyyətçisi deyildir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-172/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-172/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar