Məhkəmə qərarları › İş №2(106)-1104/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1104/2025

07.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1104/2025 07.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, Salyan Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2(057)-722/2025 saylı qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonu Kolanı kəndində yerləşən Cavabdeh tərəfindən zəbt olunmuş 0,44 ha torpaq sahəsinin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onlar yuxarıda qeyd etdiyi ünvanda yaşayırlar. Salyan rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 30 noyabr tarixli 12 saylı qərarı ilə Salyan rayonu Kolanı kəndində onlara məxsus 0,44 ha pay torpaq sahəsi verilmişdir. Onlar həmin torpağı 2016-cı ildə 8 illik heç bir müqavilə olmadan icarəyə Cavabdeh vermişdir. İcarə müqaviləsinin müddəti başa çatsa da, hazırda həmin yeri Cavabdeh əkib becərməkdə davam edir. 8 il tamam olduğu üçün torpağı geri istəsələr də, Cavabdeh torpağı onlara qaytarmır. Dəfələrlə onlara şifahi xəbərdarlıq etməklərinə baxmayaraq, Cavabdeh onların torpaq sahəsindən çıxmır. Onlar özlərinə məxsus Cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahələrini istəyirlər. Salyan Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2(057)-722/2025 saylı qətnaməsi ilə (hakim Vəsilə Əliyeva) Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus Salyan rayonu Kolanı kəndində yerləşən 0,44 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun tamamilə ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Azərbaycan Respublikası KOD 80906058 J№ 0095 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli 12 saylı qərarı ilə Salyan rayonu Kolanı kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 0,44 ha pay torpaq sahəsi verilmişdir. Salyan rayonu Kolanı kənd sakini İddiaçı1 tərəfindən yazılmış xx.xx.2017-ci il tarixli izahatın məzmunundan görünür ki, “Salyan rayonu 31 mart 1998-ci il 04 saylı qərarı ilə İddiaçı1 JN-0095 kod 80900658 nömrəli pay torpağımı 0,44 ha övladlarımın razılığı ilə pay torpağımı qohumum Cavabdeh 450 manata satdım. Etirazım yoxdur. Satan: Əkbərov (imza), təhvil alan: Cavabdeh (imza).” Salyan rayonu Kolanı kənd sakini İddiaçı1 tərəfindən yazılmış xx.xx.2017-ci il tarixli izahatın məzmunundan görünür ki, “Verirəm ki, özümə və atama məxsus pay torpağımızı JN 0095 kod 80906058, atamın pay toprağını JN 0095 kod 80906058 razılaşma yolu ilə 900 manata Cavabdeh satıram. İmzamla təsdiq edirəm. Əkbərov (imza), Cavabdeh (imza).” APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi əsassız olduğu üçün Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus Salyan rayonu Kolanı kəndində yerləşən 0,44 ha torpaq sahəsindən çıxarılması barədə iddia tələblərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə nəzərə almamışdır ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, iddia ərizəsində yazılanlar tamamilə yanlışdır və cavabdehə qarşı böhtandır. Belə ki, Cavabdeh İddiaçı1 2017-ci ildə ümumilikdə 1350 manat məbləğdə nağd pul ödəyərək hər ikisinin qarşılıqlı razılığı ilə öz əl yazısı ilə şəxsi imzasını atdığı sənədlərdən də aydın olduğu kimi torpağı satmışdır. Məhkəməyə təqdim etdiyi izahatlardan görünür ki, Mənsur torpağı satmışdır. Torpağın alınmasına dair aralarında alğı-satqı müqaviləsi bağlanmamışdır. Bu torpağı aldığı tarixdən sonra həmin torpağa aqrotexniki qulluq göstərmək məqsədilə illər üzrə bir sıra xərc tələb edən işlər icra etmişdir. Onun həmin torpağı abadlaşdırıb məhsuldar formaya salınmasına çəkdiyi xərcləri şahidlər də sübut edə bilər. Torpağı aldığı tarixdən bu vaxta kimi torpağın münbitləşməsi üçün ümumilikdə 5770 manat pul xərcləmişdir. İddianın təmin edilməsi ilə bağlı iş materiallarında heç bir mötəbər sübut da yoxdur. Lakin buna baxmayaraq məhkəmə iddianı tamamilə rədd etmək əvəzinə iddianı təmin etmişdir. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab edilən faktiki halların məhkəmə tərəfindən araşdırılmaması ondan ibarətdir ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçı heç bir əsas olmadan əsassız iddia vermişdir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmədə izahat verərək göstərdi ki, 2017-ci ildə torpaq sahəsini İddiaçı1 satın almışlar. Həmin dövrdə ətrafdakı digər torpaq sahələrini də almışlar. Hətta iddiaçının yaxın qohumundan da torpaq almışdır. Torpağı sənədləşdirmək istəyərkən İddiaçı1 oğlunun və digər şəxslərin işə müdaxilə etməsi ilə arada hazırkı münsahisə yarandı. Torpağın sənədi onlardadı və onu iddiaçı şəxsən özü təqdim edib. Əgər qanunsuz olaraq nəyisə ələ keçirmək istəsəydi, o zaman iddia ərizəsində qeyd olunmayan digər - mübahisələndirilməyən 22 sot torpağı öz adına keçirə bilərdi. Torpaqlar 2 Dövlət aktı ilə - 22 sot və 44 sot olaraq satılıb. Təqdim etdiyi sənədlərdə torpağın onlara satılması və İddiaçı1 bunu öz imzası ilə təsdiq etdiyi əks olunub. Torpaq sahələrinə xeyli xərc çəkmişdir. Çəkdiyi xərcin məbləği 5000 manat təşkil edir. İddiaçı1 razılaşma təklifləri etmişdir. Təklifi çəkdiyi xərcin ödənilməsindən ibarətdir. Xərc ödənildiyi təqdirdə, torpağı verməyə razıdır. Verdiyi qarşılıqlı iddia apellyasiya şikayətində vəkil tərəfindən qeyd olunmayıb. Torpağın ona məxsus olması ilə bağlı sənədlər üzrə məhkəməyə müraciət etmək barədə fikri var. İddiaçı1 məhkəmədə izahat verərək göstərdi ki, Nümayəndə atası Cavabdeh ilə 2017-ci ildə danışıqları olub. Belə ki, özü xəstə olduğu üçün işləməyə və əkməyə imkanı yox idi. Buna görə də, torpağı ona istifadə etməyə vermişdi. Torpağı satmamış və müvəqqəti vermişdir. Nümayəndə ilə aralarında heç bir danışıq və görüş olmayıb. Cavabdeh 8 il ərzində torpaqdan istifadə edib və bunun qarşılığında ona heç nə verməyib. Cavabdeh ona cəmi 800 manat məbləğdə pul verib. Torpaq sahəsi yonca əkini üçün istifadə olunurdu və il ərzində 4 dəfə biçin olurdu. Dediyi məbləğdə xərc qoyulması mümkün deyil, çünki sulamaq üçün sahəyə dövlət tərəfindən su kanalı və kollektor çəkilib. Dövlət tərəfindən verilən subsidiyanı cavabdeh alır. İddiaçı2 məhkəmədə izahat verərək bildirdi ki, torpağın satılması barədə sənədlərdə imzaları yoxdur. Torpaq 44 sotu əhatə edir və ailənin 4 üzvünə məxsusdur. Onların da icazəsi olmadan torpağın satılması qanunsuzdur. İddiaçı4 məhkəmədə digər iddiaçıların izahatı ilə razı olduğunu bildirdi. İddiaçı3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və ya üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən İddiaçı3 iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.1-157.4-cü maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin imperativ normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən (sahiblik, istifadə və ya sərəncam) birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Məhkəmə tərkibi eyni zamanda diqqətə çatdırır ki, MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Bununla yanaşı, MM-in 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Məhkəmə tərkibi nəzərə çatdırır ki, məhz mülkiyyətçi yuxarıda adıçəkilən maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, “vimdecere” sözündəndir və “zor tətbiq edəcəyini elan etmək” mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərkibi diqqətə çatdırır ki, apellyasiya şikayətinin dəlillərində də göstərilən və iş materiallarında təqdim olunan “yazılı qəbz”də torpaq sahəsinin satılması ilə bağlı müəyyən qeydlər yer almışdır. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında təqdim olunan yazılı sənəddə torpaq sahəsinin satılması ilə bağlı müəyyən qeydlər yer alsa da, həmin sənəd üzrə hazırda araşdırma aparılmır. Habelə dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Torpaq sahəsinin alğı-satqısı Mülki Məcəlləyə uyğun olaraq, notarial qaydada təsdiqlənmiş müqavilə əsasında və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə rəsmiləşdirilməlidir. Həmçinin qeyd edilməlidir ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər. Bu səbəbdən, təqdim edilən sənəd cavabdehin torpaq sahəsinə dair mülkiyyət və ya istifadə hüququnu təsdiq edən əsas hesab edilə bilməz. Məhkəmə tərkibi əlavə olaraq onu da diqqətə çatdırmağı zəruri hesab edir ki, Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun tamamilə ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir ki, orada qarşılıqlı tələb üzrə hər hansı xahiş və tələb nəzərdə tutulmur. Bu zaman tərkib apellyasiya baxışının hüdudlarından kənara çıxa bilməz. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2(057)-722/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar