Məhkəmə qərarları › İş №2(106)-1110/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1110/2023

03.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1110/2023 03.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzinin cavabdeh X2 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-191/2023 saylı, 07 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2(022)-191/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nüsrət Mirzəyev) iddia təmin edilərək, cavabdeh X1 Salyan meşəbəyliyinin 11-ci kvartalının 4 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X3 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Biləsuvar Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2(022)-191/2023 saylı qətnaməsinin ləğv olunmasını və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Belə ki, apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin cavabdeh öz tələbini dəqiq göstərməmiş, qətnamənin ləğv edilməsini və ümumi olaraq yeni qətnamə qəbul edilməsini xahiş etsə də, mübahisənin həlli ilə bağlı konkret nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməmişdir. Mülki Prosessual Məcəllənin 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Biləsuvar Rayon Məhkəməsinin 2(022)-191/2023 saylı, 07 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Biləsuvar Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar