Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1116/2025 06.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X11 oğlunun katibliyi, İddiaçı, Cavabdeh X6 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X9 qarşı “mənzildə pay hüququnun tanınması, mənzilə köçürmə və mənzildən istifadə hüququna maneələrin yaradılmasının qadağan edilməsi” barədə iddiasına dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)- 301/2025 saylı qətnaməsindən cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh X9 qarşı “mənzildə pay hüququnun tanınması, mənzilə köçürmə və mənzildən istifadə hüququna maneələrin yaradılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanında yerləşən mənzilə pay hüququnun tanınması, mənzilə köçürülməsi və mənzildən istifadə hüququna maneələrin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X12 ilə 2008-ci ildə qeyrirəsmi ailə həyatı qurmuşlar. Birgə nikahlarından 2009-cu il təvəllüdlü X13 adlı bir uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında bağlanmış nikah qeydi 2024-cü il tarixdə Hacıqabul Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikahlarından anadan olmuş Emil Nəcəfov iddiaçının himayəsindədir. Ailə qurduqdan sonra ünvan 2 ünvanında olan evi almışdır. Birgə nikah dövründə həmin daşınmaz əmlakın iddiaçının da ailə üzvlərinin köməyi ilə həm alınmasında, həm də təmirində maddi köməklik etmişlər. Tərəflər arasındakı nikah münasibətləri rəsmi qaydada pozulduqdan sonra cavabdeh könüllü olaraq onu və oğlunu orada, yəni həmin evdə yaşamağa icazə vermir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilə ½ hissədə mülkiyyət hüququnun tanınması, mənzilə köçürülməsi və mənzildən istifadə hüququna hər hansı maneələrin yaradılmasının cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etiraz verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, cavabdeh X12 2008-ci ildə qeyri-rəsmi ailə münasibətləri qurmuşdur. Birgə nikahlarından 2009-cu il təvəllüdlü X13 adlı bir uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında bağlanmış nikah qeydi 2024-cü il tarixdə Hacıqabul Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikahdan anadan olmuş Emil Nəcəfov iddiaçının himayəsindədir. Onlar ailə qurduqdan sonra ünvan 2 ünvanında yerləşən mənzili almışlar. Nikahları rəsmi pozulduqdan sonra cavabdeh könüllü olaraq iddiaçını və oğlunu orada yaşamağa icazə verməmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X12 izahat verərək bildirmişdir ki, iddiaçı ilə birgə qeyri-rəsmi nikahlarından bir oğlu olmuşdur. İddiaçı ilə aralarında bağlanmış nikah 2024-cü il tarixdə pozulmuşdur. Birgə nikah münasibətlərindən anadan olmuş oğlu anasının himayəsindədir. O, özü hazırda əlildir. Onlar qeyri-rəsmi nikahda olduqları müddət ərzində ünvan 2 ünvanında yerləşən mənzili almışlar. Lakin həmin mənzilin alınmasında iddiaçı heç bir şəkildə iştirak etməmişdir. Mənzilin alınması üçün pulun bir hissəsini o, özü bankdan kredit şəklində götürmüş, digər hissəsini isə atası və bacısı vermişdir. Həmin mənzilin alınmasında iddiaçının və onun atasının heç bir maddi dəstəyi olmamışdır. Birinci instansiya məhkəməsində icraat: Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-301/2025 saylı qətnaməsi ilə (Hakim: Orxan Bayramov) iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən və X6 mülkiyyətində olan ümumi sahəsi 22,7 m2 olan mənzilin X6 ½ hissədə, İddiaçı ½ hissədə pay hüququnun müəyyən edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi və onun həmin mənzildən istifadə hüququna hər hansı maneələrin yaradılmasının cavabdeh və digər şəxslərə qadağan edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin mənzilin alınmasında iddiaçı heç bir şəkildə iştirak etməmişdir. Mənzilin alınması üçün pulun bir hissəsini o, özü bankdan kredit şəklində götürmüş, digər hissəsini isə atası və bacısı vermişdir. Həmin mənzilin alınmasında iddiaçının və onun atasının heç bir maddi dəstəyi olmamışdır. İddia ərizəsinə diqqət yetirdikdə görünür ki, iddiaçı olaraq sübutetmə yükü olaraq yalnız ərizəyə yaşayış yerindən arayış, dövlət rüsumu, mediasiya arayışını əlavə etmişdir. Lakin hər hansı formada mübahisəli mənzilin alınması üçün sərf etdiyi pul və ya digər vəsaitlərlə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2651/2025 saylı qərarına əsasən iddia ərizəsi təmin olunmuş, üçüncü şəxs Nəcəfova X4 şəhəri, Ə.Vahid küçəsi, ev 33, mənzil 6 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Hacıqabul RPŞ üzərində qoyulmuşdur. Həmin qərardan görünür ki, iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş İddiaçı DƏDRX-də mübahisəli daşınmaz əmlaka dair istifadə hüququna dair məlumat əldə olunmamışdır. O cümlədən həmin qərardan görünür ki, rəsmi nikah pozulduğu üçün aralarında yaxın qohumluq əlaqəsi mövcud deyildir. Eyni zamanda, iddiaçının mülkiyyətçi olması və mülkiyyəti əldə etməsi ilə bağlı həmin qərarda kifayət qədər nəticə əldə olunmuş və həmin qərar qanuni qüvvəyə minmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə sübut edilmiş halların baxılan digər məhkəmə işində araşdırılmasına ehtiyac olmaması isə qanunvericilikdə təsbit olunmuşdur. Bu halda isə məhkəmə kobud prosessual pozuntuya yol vermişdir. Həmçinin məhkəmənin nəzərə almadığı sübutlardan növbətisi iddiaçının evin tikintisi üçün müxtəlif banklardan götürdüyü kredit məbləğləri və BOKT götürdüyü ev əşyaları barədə müqavilələr mövcuddur. İddiaçı olaraq o "xxxx" ASC-dən 4400 manat, "xxxx" ASC-dən 6900 manat, “Kredex” BOKT-dan isə 2091 manat məbləğində kreditlər, Vətən Müharibəsində iştirakına görə “ABB” bankından dövlət tərəfindən verilmiş 4500 manatı götürərək evin alqı-satqısına, təmirinə və əşyalarının alınmasına xərcləmişdir. Həmçinin ailə üzvləri də ona köməklik göstərmişlər. X2 1500 manat köməklik göstərmişdir. Məhkəmə tərəfindən gözardı edilən sübutlardan əsası isə evin tikintisi üçün inşaat materialları mağazasından aldığı tikinti materiallarının qəbzləridir ki, onlar da nəzərə alınmamışdır. Göründüyü kimi, təqdim olunmuş və ya cabvabdeh tərəfindən təqdim ediləcək sübutlar məhkəmə tərəfindən lazımi qaydada aydınlaşdırılsaydı, birinci instansiya məhkəməsi mülkiyyət hüquqları ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, eyni zamanda, Azərbaycan Respublikası Müki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə istinad etməklə iddianı rədd edə bilərdi. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-301/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-301/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh X12 və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-301/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci madəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, cavabdeh X1 Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(071)-301/2025 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Məhkəmə tərkibi Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)- 301/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyindən cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-301/2025 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, işin faktiki halları tərəflərin qarşılıqlı münasibətlərinə uyğun düzgün əsaslandırılmamış, bununla əlaqədar maddi və prosessual hüquq normaları səhv təfsir və tətbiq edilmiş və bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün əsas yaratmışdır. Belə ki, Ailə Məcəlləsinin 1.5-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamış şəxslər ər-arvad hesab edilmirlər. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarı: 3.3. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.4. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. 3.5. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. 3.6. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. 3.7. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. 3.8. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. 3.9. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. 3.10. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, İddiaçı 2008-ci ildə cavabdeh X12 ilə qeyri-rəsmi ailə həyatı qurmuş, birgə təsərrüfat aparmışlar, tərəflərin faktiki nikahlarından 2009-cu il təvəllüdlü X13 adlı bir uşaqları anadan olmuş, tərəflərin nikahı xx.xx.2021-ci il tarixdə Hacıqabul rayon Qeydiyyat Şöbəsində 116 nömrəli akt qeydi ilə qeydə alınmış, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)- 923/2024 saylı qətnaməsi ilə nikah qeydi pozulmuş, xx.xx.2009-ci il təvəllüdlü X13 İddiaçı yanında saxlanılması və X5 xx.xx.2009-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024- cü il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmçinin müəyyən olunur ki, tərəflər faktiki nikahda olduğu dövrdə, yəni 04 iyun 2019-cu ildə iddiaçı X1 şəhəri, Ə.Vahid küçəsi, bina 33, mənzil 6 ünvanında yerləşən ümumi sahəsi 22,7 m2 olan, X3 mülkiyyətində olan mənzili 10.000 manat almış, həmin xx.xx.2019-cu il tarixdə X6 adına qeydiyyata alınmışdır və hazırda da onun mülkiyyətindədir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki işin faktiki hallarından görünür ki, mübahisəli mənzil iddiaçı ilə cavabdehin qeyri-rəsmi şəkildə ər-arvad münasibətlərində olduqları müddət ərzində əldə edilmişdir. Cavabdeh mübahisə mənzilin alınmasında iddiaçının hər hansı şəkildə iştirak etmədiyini bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, mübahisəli mənzilin iddiaçı ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olduqları dövrdə əldə edilməsi müəyyən edildikdən sonra, həmin mənzilin alınmasında iddiaçının hər hansı şəkildə iştirak etməməsini sübut etmək yükü cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia təmin edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, yuxarıda qeyd olunan qanuvericilik normalarından göründüyü kimi, mübahisə predmeti olan fərdi yaşayış evi alınarkən tərəflər rəsmi nikahda olmamışlar. Belə olan halda həmin əmlak ər-arvadın birgə nikah dövründə əldə edilmiş əmlakı kimi bölünə bilməz. Həmçinin fərdi yaşayış evi birgə nikah dövründə əldə edilmədiyindən hazırkı iddia tələbinə dair Ailə Məcəlləsinin ər-arvadın birgə nikah dövründə əldə edilmiş əmlakının rejiminə dair hüquq normalarının tətbiq edilməsi, eyni zamanda mənzilin alınmasında iddiaçının hər hansı şəkildə iştirak etməməsini sübut etmək yükünün cavabdehin üzərinə qoyulması yolverilməzdir. Kollegiya qeyd edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın düzgün həlli baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi mülkiyyətlə bağlı normaları nəzərdən keçirilməlidir. Belə ki, Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci madəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkə kollegiyası qeyd edir ki, ümumi mülkiyyət birgə fəaliyyətin nəticəsi olaraq meydana çıxır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər uzun müddət qeyri-rəsmi nikahda yaşamaqla birgə qazanc hesabına(cavabdeh özü də apellyasiya baxışı zamanı izahatında birinci instansiya məhkəməsindəki izahatından fərqli olaraq iddiaçının ev alınarkən ona 600 manat pul verdiyini də təsdiq etmişdir) fərdi yaşayış evi almışlar. İddiaçı isə izahatında atasının şəxsən cavabdehlə birgə alqı-satqı prosesində iştirak etdiyini, ev alınarkən təxminən 2000 manat köməklik etdiyini, özünün cehizlərinin hazırda həmin evdə olduğunu, evin təmiri məqsədilə 4500 manat kredit götürdüyünü göstərmişdir. Məhkəmə kollegiyası tərəflərin uzun müddət faktiki nikah münasibətlərində olmasını, birgə təsərrüfat aparmasını, fərdi yaşayış evi alındıqdan sonra da 5 il ailə münasibətlərində olaraq birgə yaşamalarını, iddiaçının mənzilin alınmasında kömək etməsinə dair cavabdehin qismən etirafedici izahatını da nəzərə alıb hesab edir ki, iddiaçı sözügedən fərdi yaşayış evinin tərəflərin ümumi qazancı hesabına alınmasını və onların ümumi mülkiyyəti olmasını sübut edə bilmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində qeyd edir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2651/2025 saylı qərarına əsasən iddia ərizəsi təmin olunmuş, üçüncü şəxs Nəcəfova X4 şəhəri, Ə.Vahid küçəsi, ev 33, mənzil 6 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Hacıqabul RPŞ üzərində qoyulmuşdur. Həmin qərardan görünür ki, iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş İddiaçı DƏDRX-də mübahisəli daşınmaz əmlaka dair istifadə hüququna dair məlumat əldə olunmamışdır. O cümlədən həmin qərardan görünür ki, rəsmi nikah pozulduğu üçün aralarında yaxın qohumluq əlaqəsi mövcud deyildir. Eyni zamanda, Ş.V.Nəcəfovun mülkiyyətçi olması və mülkiyyəti əldə etməsi ilə bağlı həmin qərarda kifayət qədər nəticə əldə olunmuş və həmin qərar qanuni qüvvəyə minmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə sübut edilmiş halların baxılan digər məhkəmə işində araşdırılmasına ehtiyac olmaması isə qanunvericilikdə təsbit olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, sözügedən qərar İddiaçı fərdi yaşayış evindəki qeydiyyatı ilə əlaqədardır və həmin qərar iddiaçının fərdi yaşayış evindən payının müəyyən edilməməsinə əsas vermir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində göstərir ki, mənzilin alınması üçün pulun bir hissəsini özü bankdan kredit şəklində götürmüş, digər hissəsini isə atası və bacısı vermişdir. Həmin mənzilin alınmasında iddiaçının və onun atasının heç bir maddi dəstəyi olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, cavabdehin göstərdiyi hallar iddiaçının mənzilin əldə edilməsindəki rolunun inkar edilməsinə əsas ola bilməz. Odur ki, apellyasiya şikayətinin qeyd olunan dəlili də əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-301/2025 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq məhkəmə tərkibi Qət etdi: Cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-301/2025 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən və X6 mülkiyyətində olan ümumi sahəsi 22,7 m2 olan mənzilin X6 ½ hissədə, İddiaçı ½ hissədə pay hüququ müəyyən edilsin. İddiaçı Nəcəfova X4 şəhəri, Ə.Vahid küçəsi, bina 33, mənzil 6 ünvanında yerləşən mənzilə köçürülsün və onun həmin mənzildən istifadə hüququna hər hansı maneələrin yaradılması cavabdeh və digər şəxslərə qadağan edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1116/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1116/2025
06.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver