Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1122/2025 09.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi üzrə Beyləqan Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(020)-952/2025 saylı qətnaməsindən ərizəçinin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan fiziki şəxslər tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 3608,23 manat, İşsizlikdən sığorta fonduna olan 136,68 manat, İcbari Tibbi Sığorta Fonduna olan 550,03 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Beyləqan rayon X1 Sosial Müdafiə Fonduna 3608,23 manat, İşsizlikdən sığorta fonduna 136,68 manat, İcbari Tibbi Sığorta Fonduna 549,44 manat, Maraqlı şəxs İcbari Tibbi Sığorta Fonduna 59 manat olmaqla, ümumilikdə 4294,94 manat borcu vardır. Qarallar bələdiyyəsinin borcu olduğundan bələdiyyə sədrinə ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Qarallar bələdiyyəsi ilə Binnətli bələdiyyəsi birləşdiyinə görə vərəsə kimi Qarallar bələdiyyəsinin borcları Binnətli bələdiyyəsinə keçməlidir. Lakin bu barədə 8 saylı Vergilər idarəsinə müraciət olunmamışdır. Qarallar bələdiyyəsinin qeydiyyatı ləğv olunmamışdır. Dövlət sosial ödənişlər ödənilməmişdir. Bunun da məsuliyyəti Qarallar bələdiyyəsinin üzərindədir. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********431300, xx.xx.2025-ci il tarixli **********195300, xx.xx.2025ci il tarixli ******************.07.2024-cü il tarixli **********362500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Beyləqan Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(020)-952/2025 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) ərizənin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək məqsədilə Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Beyləqan rayon Qarallar bələdiyyəsinin 12 sentyabr 2024-cü il tarixli 11 saylı iclas protokolundan görünür ki, Qaralılar bələdiyyəsinin Bünyadlı və Gödəklər bələdiyyələri ilə birləşdirilməsi və yeni yaranan bələdiyyənin Bünyadlı bələdiyyəsi adlandırılması qərara alınmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli əmrlə Beyləqan rayonunun Qarallar bələdiyyəsinin sədri kənd Maraqlı şəxs əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən xitam verilmiş, əsas kimi müəssisənin ləğv edilməsi göstərilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Beyləqan rayon Qarallar Bələdiyyəsi tərəfindən vergi uçotunun ləğvi ilə əlaqədar vergi orqanına müraciət edilməmişdir. Belə olan halda, vergi ödəyicisinin borcu yenidən təşkil qaydasına uyğun olaraq hüquqi varisə keçməmişdir. Hazırda Beyləqan Rayonu X1 Sosial Müdafiə Fonduna 3608,23 manat, İşsizlikdən sığorta fonduna 136,68 manat, İcbari Tibbi Sığorta Fonduna 549,44 manat, Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna ,59 manat olmaqla, ümumilikdə 4294,94 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********431300 nömrəli, xx.xx.2025-ci il tarixli **********195300 nömrəli, xx.xx.2025-ci il tarixli **********645000 nömrəli xx.xx.2024-cü il tarixli **********362500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Maraqlı şəxs tərəfindən hüquqi şəxsin icra orqanının rəhbəri kimi vəzifələrinin icrasına etinasız yanaşaraq rəhbərlik etdiyi qurumun vergi borcunun ödənilməsi üçün və yaxud borclu hüquqi şəxsin vergi uçotunun ləğv edilməsi üçün heç bir tədbir görülməmişdir. Halbuki, yeni yaranan Bünyadlı bələdiyyəsinin üzvü kimi buna səlahiyyəti var. Hazırda Beyləqan rayonu Qarallar Bələdiyyəsi vergi ödəyicisi kimi vergi uçotundadır və vergi uçot baza məlumatlarında Maraqlı şəxs hüquqi şəxsin rəhbəridir. Eyni zamanda, Vergi Məcələsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifələrinə aid edilmiş, lakin hazırkı işdə qeyd olunan hal üzrə isə əsaslar aradan qalxmamışdır. Məhkəmə tərəfindən ərizəçi tərəfindən təqdim olunmuş sənədlərə, o cümlədən Beyləqan rayonu Qarallar Bələdiyyəsinin vergi uçotunun ləğv ediməsi üçün ərizə verilmədiyi və hazırda da vergi ödəyicisinin olmasını, hazırkı tarixə bələdiyyənin borcunun olması, borcun Maraqlı şəxs rəhbər olduğu dövrdə yarandığı nəzərə alınmamışdır. Məhkəmə təqdim edilən faktlar və sübutları nəzərə alınmamış və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi əsassız olaraq işə aidiyyəti olmayan maddi hüquq normalarını mübahisə predmetinə şamil etmişdir, işdə olan sənədlərlə öz təsdiqini tapmayan sübutlara əsaslanaraq qərar qəbul etməklə prosessual qanunvericiliyin normalarını pozmuşdur. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmədə iştirak etməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mübahisəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də, məhkəmə tərkibi Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 355-7.3-cü maddəsinin tələbinə görə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Apellyasiya instansiya məhkəməsi tərəfindən tam hüquqlu məhkəmə olaraq işin tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçi məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxslər tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 3608,23 manat, İşsizlikdən sığorta fonduna olan 136,68 manat, İcbari Tibbi Sığorta Fonduna olan 550,03 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatla bildirmişdir ki, o Beyəqan rayon Qarallar bələdiyyəsinin sədri olmuşdur. Bələdiyyənin ona əmək haqqı kimi 13000 manat borcu vardır. Əmək haqqı verilmədiyindən ödəniş edilməmişdir. Qarallar bələdiyyəsi hazırda ləğv olunmuş, yəni Bünyadlı bələdiyyəsinə birləşdirilməklə hazırda Bünyadlı bələdiyyəsi adlanır. Artıq o, bələdiyyə sədri deyildir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir və hazırkı borcun ona aidiyyəti yoxdur. Borc bələdiyyəyə aiddir. Hazırda isə o, yeni yaradılmış bələdiyyə sədri olmadığına görə vergi borcuna görə məsuliyyət daşımır. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, hazırda Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün heç bir əsaslar yoxdur. Belə ki, hazırda o, yeni yaradılmış bələdiyyənin sədri seçilməmişdir. Qaralılar bələdiyyəsinin vergi orqanından qeydiyyatdan çıxmaması hazırda bələdiyyə sədri olmayan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə tərkibi diqqətə çatdırır ki, Maraqlı şəxs hazırda adıçəkilən bələdiyyənin sədri deyildir və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması onun konstitusion hüquqlarının pozulmasına gətirib çıxara bilər. Belə ki, Maraqlı şəxs borclu qurumda sədr olmadığı təqdirdə, onun konstitusion hüquqlarını məhdudlaşdırmaq, azadlıq və sərbəst hərəkət etmək hüququna maneə törətmək yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndində əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən iddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən öz tələbinin əsaslarına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə tərkibi qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçı apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(020)-952/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1122/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1122/2025
09.09.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver