Məhkəmə qərarları › İş №2(106)-1123/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1123/2025

11.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1123/2025 11.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət məhkəmə tərkibində, Xocavənd Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(069)-8/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Hindarx Bələdiyyəsinin sifarişi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X3 Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən təşkil edilmiş və 12 oktyabr 2023-cü il tarixində keçirilmiş hərrac və ya müsabiqənin nəticələrinin etibarsız hesab edilməsi, Cavabdeh6 verilmiş torpaq hərrac və ya müsabiqənin nəticələrinə dair HTM seriyalı, 004478 nömrəli şəhadətnamənin, xx.xx.2023-cü il tarixdə Ağcabədi rayon Hindarx Bələdiyyəsi ilə Cavabdeh6 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, müsabiqə və hərracın yenidən keçirilməsi barədə qətnamə qəbul edilməsini və xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(069)-8/2025 nömrəli qərardadına əsasən eyni predmet barəsində və eyni əsaslar üzrə Ağcabədi Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(017)-637/2024 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı cavabdehlər Ağcabədi rayon Hindarx Bələdiyyəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, hüquqi varis X2, Cavabdeh8, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X3 Torpaq Müsabiqə və Hərrac Komissiyasına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı “torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdehə verilmiş torpaq müsabiqə və hərracın nəticələrinə dair şəhadətnamənin, alqısatqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reysetrindən çıxarışın ləğv edilməsi, müsabiqə və hərracın yenidən keçirilməsi və xüsusi qərardadın çıxarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Qərardaddan narazı qalan İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Xocavənd Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(069)-8/2025 nömrəli qərardadının ləğv edilməsi, korrupsiya faktı ilə əlaqədar xüsusi qərardad qəbul edilməsi və Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi, Xocavənd Rayon Məhkəməsinin hakimi İlqar Əliyevin prosessual hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(069)-8/2025 nömrəli qərardadı ilə iş üzrə İddiaçı tərəfindən Xocavənd Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(069)-8/2025 nömrəli qəradadından vermiş olduğu şikayət geri qaytarılmışdır. Eyni zamanda, İddiaçı xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Xocavənd Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 2(069)- 8/2025 nömrəli qərardadından şikayət verilməsi üçün MPM-nin 268.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddətin onun tərəfindən buraxılmasının səbəbi üzrlü hesab edilərək, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)-8/2025 nömrəli qərardadının ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadı ilə İddiaçı cavabdehlər Ağcabədi rayon Hindarx Bələdiyyəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, hüquqi varis X2, Cavabdeh8, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X3 Torpaq Müsabiqə və Hərrac Komissiyasına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı “torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdehə verilmiş torpaq müsabiqə və hərracın nəticələrinə dair şəhadətnamənin, alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reysetrindən çıxarışın ləğv edilməsi, müsabiqə və hərracın yenidən keçirilməsi və xüsusi qərardadın çıxarılması” tələbinə dair mülki iş üzrə Xocavənd Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadından buraxılmış prosessual müddətin bərpa edilməsi barədə İddiaçı ərizəsi təmin edilməmişdir. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadı ilə Xocavənd Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət mülki işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)- 1011/2025 saylı qərardadı ilə Xocavənd Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş, iş materialları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetrilməsi və sonrakı prosessual hərəkətlər etdirilməsi üçün Xocavənd Rayon Məhkəməsinə geri qaytarılmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə apellyasiya şikayəti göndərərək, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadı ilə Xocavənd Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət mülki işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 134.1.4 və 134.1.5-ci maddələrinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini və birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. 135.1-135.5-ci maddələrinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyinə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu işdə iştirak edən şəxslərin lazımi qaydada xəbərdar edilməməsini tərəflərin bərabərliyinin, çəkişmə prinsipinin pozulması kimi qiymətləndirmiş, işdə yalnız məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlərin göndərilməsi deyil, həmçinin onların alınması barədə məlumatların olmasını da zəruri hesab etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun R.Zülfüqarovun şikayəti üzrə 20 noyabr 2008-ci il, M.Məmmədovun şikayəti üzrə 24 iyun 2016-cı il tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 25 noyabr 2016-cı il tarixli Qərarında qeyd olunur ki, tərəf o zaman lazımi qaydada xəbərdar edilmiş hesab edilir ki, məhkəmənin işdə iştirak edən şəxslərin məhkəmə bildirişində əks olunan məlumatları əldə etməsi haqqında inandırıcı təsdiqləri olsun və bu təsdiq Mülki Prosessual Məcəllənin müvafiq müddəalarına uyğun gəlsin. İşdə iştirak edən şəxslərin rəsmi (lazımi) qaydada xəbərdar edilməsi istənilən halda qarşı tərəfin reaksiyasını, yəni qanunvericilikdə də göstərildiyi kimi qəbzə və ya sənədin kötüyünə imza edilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, işdə iştirak edən şəxslərin lazımi qaydada xəbərdar edilməməsi nəticəsində onların məhkəmə prosesində iştirak etməmələri tərəflərin bərabərliyi, çəkişmə prinsipinin təmin edilməsinə, digər tərəfdən isə işlərə ədalətlə və ağlabatan müddətdə baxılmasına mane olur. Göründüyü kimi, mülki prosessual qanunvericilik qətnamənin məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddət ərzində rəsmi qaydada təqdim edilməsini imperativ prosessual hərəkət olaraq müəyyən etmişdir. Qətnamənin rəsmi qaydada təqdim olunmaması prosessual pozuntu hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu Q.Hüseynovun şikayəti üzrə 29 iyun 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) bir çox qərarlarında oxşar məsələlərlə bağlı hüquqi mövqelər əks olunmuşdur. “Larin və Larina Rusiya Federasiyasına qarşı” iş üzrə 7 iyun 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin məlumatlandırılmasının hansı üsulunun seçilməsinə baxmayaraq, məhkəmə bildirişi proses iştirakçılarına şəxsən imza edilməklə verilməlidir. Məhkəmə iclasının başlanğıcında iclasda iştirak etməyən şəxsə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişinin verilib-verilmədiyi aydınlaşdırılmalıdır. Bundan sonra məhkəmə iclasının təxirə salınıb-salınmaması haqqında qərar qəbul edilməlidir. İstənilən halda tərəf lazımi qaydada məlumatlandırılmamışdırsa, məhkəmə iclası təxirə salınmalıdır. Eyni zamanda, tərəflərin məhkəmə iclasında iştirak etməməsi, onların məhkəməyə çağırılma şərtləri və onların gəlməməsi səbəbləri məhkəmə aktında öz əksini tapmalıdır. “Yakovlev Rusiya Federasiyasına qarşı” iş üzrə 15 mart 2005-ci il tarixli, eləcə də “Qroşev Rusiya Federasiyasına qarşı” iş üzrə 20 oktyabr 2005-ci il tarixli Qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, işə aşkar baxılması hüququ o zaman mənasını itirmiş hesab olunur ki, işdə iştirak edən tərəf məhkəmə iclası barədə məlumatlandırılmaması nəticəsində milli qanunvericilikdə nəzərdə tutulmuş məhkəmədə iştirak etmək hüququndan məhrum olur. “Gyuleva Bolqarıstana qarşı” iş üzrə 9 iyun 2016-cı il tarixli Qərarında Avropa Məhkəməsi vurğulamışdır ki, tərəflərin məhkəmə baxışında iştirak etmək hüququ Konvensiyanın 6-cı maddəsinin məqsədləri və təyinatından irəli gəlir. 6-cı maddənin 1-ci paraqrafı sənədlərin rəsmi qaydada verilməsinin xüsusi formasını nəzərdə tutmur. Buna baxmayaraq, işin çəkişmə prinsipi əsasında həyata keçirilməsini müəyyən edən fundamental prinsipin də daxil olduğu ədalətli məhkəmənin ümumi konsepsiyası tələb edir ki, mülki prosesin bütün tərəfləri məhkəmə qərarına təsir etmək üçün əks tərəfin irəli sürdüyü dəlillərlə, təqdim etdiyi sübutlarla tanış olmaq və onlara şərh vermək imkanına malik olmalıdır. İlk növbədə, məhkəmə baxışı kimə qarşı yönəlmişsə, o şəxs məlumatlandırılmalıdır. Məhkəmə bildirişləri də daxil olmaqla, məhkəmə sənədlərinin şəxsən çatdırılmaması ərizəçini, məhkəmədə özünü müdafiə etmək hüququndan məhrum edə bilər. Beləliklə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmə sənədlərinin lazımi qaydada göndərilməməsi ədalətli məhkəmə araşdırmasının pozuntusu kimi qiymətləndirilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)-8/2025 nömrəli qərardadını İddiaçı elektron məhkəmə sistemi vasitəsi ilə almış, İddiaçı tərəfindən şikayət xx.xx.2025-ci il tarixdə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə isə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Lakin İddiaçı tərəfindən Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)-8/2025 nömrəli qərardadından şikayət vermə müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən rəsmi sənədlər məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışlardan görünür ki, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)-8/2025 nömrəli qərardadı xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin və Ağcabədi rayon Hindarx Bələdiyyəsinin elektron kabinetlərinə yerləşdirilmiş, digər tərəflərə isə poçt vasitəsilə göndərilmişdir. İş materiallarında olan şikayət və ona əlavə edilmiş sənədlərin göndərilmə zərfindən görünür ki, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)-8/2025 nömrəli qərardadından şikayət 10 aprel 2025-ci il tarixdə poçt xidmətinə verilmiş, 23 aprel 2025-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Xocavənd Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(069)-8/2025 nömrəli qərardadına əsasən mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(069)-8/2025 nömrəli qərardadı xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə İddiaçı elektron kabinetinə yerləşdirilmişdir. Lakin qərardaddan şikayət iddiaçı tərəfindən 23 aprel 2025-ci il tarixdə, yəni 10 günlük prosessual müddət ötürülməklə, həmçinin Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 10-1.3-cü və 267-ci maddələrinin tələbləri pozularaq məhkəməyə göndərilmiş, Xocavənd Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(069)-8/2025 nömrəli qərardadı ilə iş üzrə İddiaçı tərəfindən Xocavənd Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(069)-8/2025 nömrəli qəradadından vermiş olduğu şikayət geri qaytarılmışdır. Ona görə də haqlı olaraq, Xocavənd Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(069)-8/2025 nömrəli qərardadı ilə iş üzrə İddiaçı tərəfindən Xocavənd Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(069)-8/2025 nömrəli qəradadından vermiş olduğu şikayət geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Xocavənd Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(069)-8/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir; 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Xocavənd Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(069)-8/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar