Məhkəmə qərarları › İş №2(106)-113/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-113/2023

20.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-113/2023 20.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X13 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçı Beyləqan rayon Aşağı Çəmənli bələdiyyəsinin sədri X10, cavabdehlər Cavabdeh1 və Cavabdeh3, mütəxəsis Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin mühəndisi Nəsimi Həsənovun iştirakları ilə, iddiaçı Beyləqan rayon Aşağı Çəmənli bələdiyyəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bələdiyyə mülkiyyətinə aid su yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi və üzərində olan maneələrin aradan qaldırılması” tələbinə dair iddiası əsasında mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(020)-75/2022 saylı qətnaməsindən (hakim S.Seyfullayev) cavabdehlərdən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Beyləqan rayon Aşağı Çəmənli bələdiyyəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bələdiyyə mülkiyyətinə aid su yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi və üzərində olan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin İddiaçı mülkiyyətinə aid olan su yolu üçün nəzərdə tutulmuş torpaq sahəsindən məcburi qaydada çıxarılması və onlar tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Aşağı Çəmənli bələdiyyəsinin mülkiyyətində olan su yolu üçün nəzərdə tutulmuş torpaq sahəsini zəbt edərək, qeyri qanuni istifadə etmişlər. Bələdiyyə tərəfindən dəfələrlə hər üç cavabdehlə həmin ərazinin bələdiyəyə aid olması haqda söhbət olunsada, onlar uzun illərdiki, bir birini günahkar çıxardaraq həmin ərizənin boşaltmaqdan imtina etmişlər. Bu qanunsuz zəbtlə bağlı Aşağı Çəmənli bələdiyyəsi cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması məqsədi ilə müvafiq instansiyalara müraciət etmişdir, lakin müraciətləri heç biri nəticə verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddianı əsassız hesab edir. Aşağı Çəmənli bələdiyyəsinin mülkiyyətində su yoluna hər hansı bir maneə yaratmamışdır. Öz torpaq sahəsini suvarması üçün alternativ su arxı mövcuddur. Məhkəmədə Cavabdeh1 iddianı qəbul emiş və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(020)-75/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Aşağı Çəmənli bələdiyyəsinin mülkiyyətində olan su yolu üçün nəzərdə tutulmuş torpaq sahəsindən məcburi qaydada çıxarılması və cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh3 apellyasiya şikayəti verərək ona aid hissədə ləğv olunmasını və iddianın digər cavabdehlərə münasibətdə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmununa və işin məhkəmə tərəfindən müəyyən olunan hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquqlarının pozulması ilə çıxarılmışdır. Məhkəmənin sübut kimi istinad etdiyi mütəxəsis rəyi tamamilə əsassız olmaqla, heç bir sübutdan üstün hüquqi qüvvəyə malik deyildir. Belə ki, əvvəla qeyd edilən rəy qanunsuz və əsassız məhkəmə qətnaməsində qevd olunan kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi ekspert rəyi deyil, “X1” mütəxəssis rəyidir. Qətnamədə əsassız olaraq həmin rəy ekspert rəyi kimi qiymətləndirilmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsində icraat dövründə həmin mütəxəssis rəyinə etiraz edərək, yenidən ekspertiza keçirilməsi barədə yazılı vəsatətlə məhkəməyə müraciət etsədə, məhkəmədə ona qarşı ədalətsizliyi gördüyü üçün, həmin vəsatətin iş materiallarına və məhkəmə iclas protokoluna əlavə edildiyinə əmin deyildir. Odur ki, vəsatətin bir surətini şikayətə əlavə edir. İddia 3 cavabdehə qarşı qaldırılsada, qeyd olunan mütəxəssis rəyində bələdiyyə fonduna məxsus su yolunun guya Sudeyib və ona məxsus torpaq sahəsindən istifadə ilə əlaqədar zəbt edilməsi qeyd olunmuşdur. Diqər Cavabdeh2 bələdiyyə fonduna məxsus su yolunu zəbt edib-etməməsi ilə bağlı suala cavab verilməmişdir. Mütəxəssis rəyinin nəticə hissəsindən sanki belə nəticə hasil olur ki, iddia onlar 2 cavabdehə qarşı qaldırılmış, mütəxəssis qarşısında yalnız Sudeyib və ona aid suallar qovulmuşdur. Hesab edir ki, Cavabdeh2 bələdiyyə fonduna məxsus su yolunu zəbt edib-etməməsi ilə bağlı suala cavab verməməsi ya bilərəkdən, yada səhlənkarlıqdan edilmişdir. Cünki obyektiv, qərəzsiz və tərəfsiz məhkəmə ekspertizası keçirilsə, müəyyn olunacaqdır ki, əslində bələdiyyə fonduna məxsus su yolunu o yox, Cavabdeh2 və Cavabdeh1 zəbt etmişlər. Əvvəla Cavabdeh2 torpağı onun torpağından yuxarıda, gələn tərəfdə yerləşirki, həmin şəxs illərdir qəsdən suyun axarını kəsərək, torpağı suvarmağına maneçilik törədir. Bundan əlavə, Cavabdeh1 da həmçinin suyun axarının qarşısını kəsərək ona maneçilik törədir. Sonucuya qarşı suyun hətta məhkəmədə qaldırdığı iddiaya dair yekun məhkəmə qərarı qanuni qüvvəsini alsa da, bu günədək icra olunmur. Belə ki, Beyləqan Rayon Məhkəməsinin 21 aprel 2009-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh1 Beyləqan rayonu, Aşağı Çəmənli kənd Bələdiyyəsinə məxsus torpaqda inşa etdiyi çəpərin onun həyətinə gedən su arxını əhatə etdiyi hissədə sökülməsi qət edilmişdir. Hazırki məhkəmə qətnaməsində qeyd olunduğu kimi, Cavabdeh1 iddianı, yəni su yolunu zəbt etməsini etiraf etmişdir. Mülki Məcəllənin 170.3-cü maddəsinin mətnindən görünür ki, yuxarı torpaq sahəsinin mülkiyyətçisi suyun təbii axarını dəyişməməlidir. Lakin, yuxarıda qeyd olunan mütəxəsssis rəyində 3-cü Cavabdeh2 mübahisəli torpaq sahəsini zəbt edibetməməsi sualına ümumiyyətlə münasibət bildirilməmişdir. Hesab edir ki, apellyasiya icraatı dövründə təkrar ekspertiza təyin edilməli, Cavabdeh2 mübahisəli torpaq sahəsini zəbt edib-etməməsi, suyun axarını qonşunun ziyanına dəyişib-dəyişməməsi müəyyənləşdirilməlidir. İş materiallarından göründüyü kimi, iddia 3 cavabdehə qarşı qaldırılsada, 2 cavabdehə münasibətdə təmin olunmuş və onlardan biri, Cavabdeh1 iddia tələbini qəbul etmiş, o isə qəbul etməmişdir. Çünki, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Əksinə, Sudeyib və Elmirin bələdiyyəyə məxsus su yolunu zəbt etməsi nəticəsində mülkiyyətindən sərbəst istifadə edə bilmir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh3 apellyasiya şikayətini müdafiə edib yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, islahat aparılan zaman ona və ailə üzvlərinə su arxının sağ tərəfindən 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Sonradan həmin torpaq sahəsinə bitişik olmaqla rəhmətlik bibisinə məxsus olmuş torpaq sahəsi vərəsəlik qaydasında ona və ailə üzvlərinə keçmiş və torpaq sahələrini birləşdirərək daşınmaz əmlakın Dövlət reyestrindən 19 fevral 2019-cu ildə 0.1733 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair vahid çıxarış almışdır. Həmin çıxarışın və texniki pasportun surətini məhkəməyə təqdim edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəsis rəyi ilə tanış olmuşdur. Rəyə əlavə olunan mübahisəli ərazinin ölçü planı real vəziyyəti əks etdirir. Cizgidən də görünür ki, mübahisəli su arxı qonşu torpaq sahələri olaraq onunla digər cavabdeh Südeyib Həziyevin mülkiyyətində olan torpaq sahələrinin arasında yerləşir və sonuncu su arxını onun tərəfindən çəpərə alaraq öz torpaq sahəsinə qatmışdır. Nəticədə su arxından istifadə etmək imkanından məhrum olmuşdur. Məhkəmədə iddiaçı Beyləqan rayon Aşağı Çəmənli bələdiyyəsinin sədri X14 apellyasiya şikayətinə münasibət bildirməyi məhkəmənin mülahizəsinə buraxaraq izahatında göstərdi ki, bələdiyyə tərəfindən hazırki iddianın verilməsinin əsil səbəbi qonşu torpaq sahələrinin mülkiyyətçiləri olaraq X12 Alışov arasında su arxından istifadə ilə bağlı uzun illərdən bəri mövcud mübahisəyə son qoymaq istəyidir. Belə ki, Cavabdeh3 dəfələrlə bələdiyyəyə müraciət edərək mübahisəli su arxından istifadəsinə Südeyib Həziyev tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb etmişdir. Cavabdehlərin özləri arasında bununla bağlı çoxsaylı məhkəmə çəkişmələri olmuşdur. Bələdiyyə olaraq mülkiyyətlərində olmaqla ümumi istifadədə olan torpaqlar kateqoriyasına aid mübahisəli su arxının keçdiyi ərazinin zəbtdən azad olunmasını tələb edirlər. Məhkəmədə cavabdeh X11 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi və izahatında göstərdi ki, mübahisəli su arxını zəbt etməmişdir, ərazinin kompleks yerquruluşu layihəsində arx onun torpaq sahəsinin hüdudlarındadır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşdığından apellyasiya şikayəti verməmişdir. Məhkəmə baxış iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər Cavabdeh2 Südeyib oğlu məhkəmədə iştirak etməmişdir və kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv, iddianın isə təmin olunmasını xahiş etməklə qətnaməni qismən mübahisələndirildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını, mütəxəsisin rəylə bağlı izahını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, işin faktiki hallarını düzgün qiymətləndirməmiş, tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə mübahisələndirilən hissədə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından Cavabdeh3 apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunan sənədlərdən aşağıdakılar müəyyən olunur: Torpağın mülkiyyətə verilməsinə dair JN-159A Kod 60700038 şəhadətnaməyə əsasən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən Beyləqan rayonu Aşağı Çəmənli kənd sakinləri Cavabdeh3 və ailə üzvlərinə 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir; Torpağın mülkiyyətə verilməsinə dair JN-160A Kod 60700038 şəhadətnaməyə əsasən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən Beyləqan rayonu Aşağı Çəmənli kənd sakinləri Cavabdeh1 və ailə üzvlərinə 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir; İddiaçı Cavabdeh1 Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarma” tələbinə dair iddiası üzrə Beyləqan Rayon Məhkəməsinin 28 aprel 2011-ci il tarixli 2(020)-39/2011 saylı qətnaməsindən görünür ki, iddiaçı JN-160A torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında mülkiyyətində olan 0.20 ha torpaq sahəsinin 0.03 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunduğunu bildirərək, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, torpağın boşaldılması tələbini irəli sürmüşdür. Aparılan araşdırma nəticəsində məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında əvvəllər mövcud olmuş mübahisələrlə əlaqədar mülki işlərə baxılarkən təyin edilmiş məhkəmə ekspertizasının 26 fevral 2009-cu il tarixli rəyinə əsasən Cavabdeh1 özünün mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsi arasındakı bələdiyyə torpağına aid olan 4 metrlik ümumi gediş-gəliş yolunu və həmin hissədə yerləşən su arxını öz mülkiyyətində olan torpaq sahəsinə qataraq Cavabdeh3 su arxının həmin hissəsindən maneəsiz istifadə etməsini məhdudlaşdırmışdır (iş v. 19). Məhkəmə iddianı rədd etmişdir; Beyləqan Rayon Məhkəməsinin 28 aprel 2011-ci il tarixli 2(020)-39/2011 saylı qətnaməsi iddiaçı Cavabdeh1 tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş və müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsinin 30 sentyabr 2011-ci il tarixli 2(106)-663/2011 saylı qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2012-ci il tarixli 2(102)-591/12 saylı qərarı ilə şikayətləri təmin olunmamışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19 fevral 2019-cu ildə verilmiş **********67-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən 0.1733 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi 0.00786 ha hissədə X5, 0.03144 ha hissədə X6, 0.13396 ha hissədə Cavabdeh3 paylı, həmin torpaq sahəsi üzərində inşa olunmuş 101.2 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi isə sonuncuların ümumi birgə mülkiyyətindədir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən 12 iyul 2018ci ildə verilmiş **********67-10301 reyestr nömrəli fərdi yaşayış evinə dair texniki pasportda əksini tapmış torpaq sahəsinin situasiya planında su arxı torpaq sahəsinin sərhədində yerləşir. Mülki işin apellyasiya baxışı zamanı 16 noyabr 2022-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq, aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə edilmiş və ekspertizanın aparılmasına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin və Beyləqan rayonunun Aşağı Çəmənli bələdiyyəsinin mütəxəsisləri cəlb edilmişlər. Ekspertiza qarşısında cavablandırılmasından ötrü aşağıdakı suallar qoyulmuşdur: 1) Torpağa mülkiyyət hüququna dair JN-160A Dövlət aktına əsasən X11 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Beyləqan rayonunun Aşağı Çəmənli kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin koordinatları, döngə nöqtələri müəyyən edilsin? 2) Torpağa mülkiyyət hüququna dair JN-159A Dövlət aktına əsasən Cavabdeh3 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Beyləqan rayonunun Aşağı Çəmənli kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin koordinatları, döngə nöqtələri müəyyən edilsin? 3) Qeyd olunan torpaq sahələri arasında yerləşən mübahisəli ərazinin Beyləqan rayonunun Aşağı Çəmənli kəndinin kompleks yerquruluşu liyihəsində su yolu üçün nəzərdə tutulub-tutulmaması, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olub-olmaması və ölçüləri müəyyən edilsin? 4) Beyləqan rayonunun Aşağı Çəmənli kəndində Torpağa mülkiyyət hüququna dair JN-159A və JN-160A saylı Dövlət aktlarında qeyd olunan torpaq sahələri arasında yerləşməklə su yolu üçün nəzərdə tutulan torpaq sahəsinin, Dövlət aktlarında qeyd olunan torpaq sahələrinə qatılmaqla faktiki olaraq həmin torpaq sahəsi mülkiyyətçilərinin istifadəsində olub-olmaması, olduğu halda isə hansı ölçülərdə zəbt olunduğu müəyyən edilsin? 5) Beyləqan rayonunun Aşağı Çəmənli kəndinin kompleks yerquruluşu liyihəsində Beyləqan rayonunun Aşağı Çəmənli kəndində Torpağa mülkiyyət hüququna dair JN-159A və JN-160A saylı Dövlət aktlarında qeyd olunan torpaq sahələri arasında yerləşən su yolundan başqa torpaq sahələrinin istifadəsinin nəzərdə tutulub-tutulmaması müəyyən edilsin? 6) Ekspert iş üçün əhəmiyyət kəsb edən, lakin qarşısında qoyulmayan suallar ətrafında da, öz rəyini əsaslandıraraq verə bilər? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Nəsimi Həsənovun tərtib etdiyi mütəxəsis rəyinə istinadla 16 avqust 2023-cü il tarixli 10/4119 nömrəli ekspert rəyində ekspertiza qarşısında qoyulmuş sualları aşağıdakı formada cavablandırılmışdır; Qərardadın birinci sualı üzrə: Torpağın mülkiyyətə verilməsinə dair JN-160A saylı şəhadətnaməyə əsasən Cavabdeh1 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Beyləqan rayonunun Aşağı Çəmənli kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmək üçün tədqiqat aparan zaman müəyyən olundu ki, qeyd edilən torpaq sahəsinin kompleks yerquruluşu layihəsində əks olunan koordinatları və ölçüləri ilə onların faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və ölçüləri arasında uyğunsuzluq mövcuddur. Ona görə də X11 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Beyləqan rayonunun Aşağı Çəmənli kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin yerquruluşu planına uyğun yerləşməli olduğu yerin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda X4 faktiki istifadəsində olan 0.22 ha həyətyanı torpaq sahəsinin də döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. X4 faktiki istifadəsində olan həyətyanı torpaq sahəsində yerləşən mövcud su arxının (43kv.m) da yerləşdiyi ərazi müəyyən edilmişdir. X17 ooğlunun faktiki istifadəsində olan 0.22 ha həyətyanı torpaq sahəsi və həmin ərazidə yerləşən mövcud su arxının (43 kv.m) yerləşdiyi ərazi mövcud baza məlumatlarının toplandığı X8 X9 (TEKUİS-də) qeyd olunmuşdur. Qərardadın ikinci sualı üzrə: Torpağın müliyytə verilməsinə dair JN-160A saylı şəhadətnaməyə əsasən X15 və ailə üzvlərinin umumi birgə mülkiyyətinə verilmiş Beyləqan rayonunun Aşağı Çəmənli kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmək üçün tədqiqat aparan zaman müəyyən olundu ki, qeyd edilən torpaq sahəsinin kompleks yerquruluşu layihəsində əks olunan koordinatları və ölçüləri ilə onların faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və ölçüləri arasında uyğunsuzluq mövcuddur. Ona görə də X15 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Beyləqan rayonunun Aşağı Çəmənli kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin yerquruluşu planına uyğun yerləşməli olduğu yerin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. X8 X9 (TEKUİS-də) qeyd olunan X15 və onun ailə üzvlərinin faktiki istifadəsində olan 0.15 ha həyətyanı torpaq sahəsinin də döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda X15 və ailə üzvlərinin faktiki istifadəsində olan 0.15 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşən (qeyd olunan torpaq sahələri arasında yerləşən su yolu kimi iddia olunan mübahisəli ərazi) torpaq sahəsinin yerquruluşu planına görə yerləşməli olduğu yerin ərazisi də müəyyən edilmişdir. Qərardadın ücüncü sualı üzrə: Qərardadın birinci və ikinci suallarında qeyd olunan səbələrə görə və mövcud su arxının relyefə uyğun olaraq yerləşdiyi ərazi ilə qeyd olunan torpaq sahələri arasında yerləşən mübahisəli ərazinin yerquruluşu planına görə yerləşməli olduğu yer üst-üstə düşmədiyi üçün iddia olunan torpaq sahəsinin Beyləqan rayonunun Aşağı Çəmənli kəndinin kompleks yerquruluşu layihəsində su yolu üçün nəzərdə tutulub-tutulmaması, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olub-olmaması və ölçülərini müəyyən etmək mümkün olmadı. Qərardadın dördüncü sualı üzrə: Qərardadın birinci və ikinci suallarında qeyd olunan səbələrə görə Beyləqan rayonunun Aşağı Çəmənli kəndində Torpağın mülkiyyətə verilməsinə dair JN-159A və JN-160A saylı şəhadətnamələrdə qeyd olunan torpaq sahələri arasında yerləşməklə su yolu üçün nəzərdə tutulan torpaq sahəsinin, şəhadətnamələrdə qeyd olunan torpaq sahələrinə qatılmaqla faktiki olaraq həmin torpaq sahəsi mülkiyyətçilərinin istifadəsində olubolmaması, olduğu halda isə hansı ölçülərdə zəbt olunduğunu müəyyən etmək mümkün olmadı. Eyni zamanda mübahisəli ərazidə yerləşən 43 kv.m ölçüdə olan mövcud su arxı X4 faktiki istifadəsində olan 0.22 ha həyətyanı torpaq sahəsində yerləşir və yalnız özü və ailə üzləri tərəfindən istifadə olunur. Beyləqan rayonunun Aşağı Çəmənli kəndinin kompleks yerquruluşu layihəsində Beyləqan rayonunun Aşağı Çəmənli kəndində Torpağa mülkiyyət hüququna dair JN-159A və JN-160A saylı şəhadətnamələrdə qeyd olunan torpaq sahələri arasında yerləşən su yolu X11 və ailə üzvlərinə məxsus, eyni zamanda X15 və ailə üzlərinə məxsus torpaq sahələrinin istifadəsi üçün nəzərdə tutulmuşdur. Həmçinin aparılmış araşdırmalar zamanı Beyləqan rayonu Aşağı Çəmənli kəndinin kompleks yerquruluşu layihəsində əks olunan (Beyləqan rayonu Aşağı Çəmənli kəndində Torpağın mülkiyyətə verilməsinə dair JN-159A və JN-160 saylı şəhadətnamələrə əsasən) X7 və ailə üzvlərinə məxsus, eyni zamanda X15 və ailə üzlərinə məxsus torpaqlara dair hüquqi və texniki sənədlərdə qeyd olunan torpaq sahələrinin məkan göstəriciləri və torpaqlarda faktiki istifadə vəziyyətinin məkan göstəriciləri uyğunsuzluq mövcud olduğu müəyyən edilmişdir. Mütəxəsis rəyi və onun əsasında tərtib olunan ekspert rəyinin izah edilməsinə ehtiyac yarandığından, mütəxəsis rəyini vermiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Nəsimi Həsənov məhkəmə baxış iclasına dəvət edilmişdir. Mütəxəsis mübahisəli su arxının yerləşdiyi ərazinin daha böyük formatda tərtib olunan ölçü planını məhkəməyə təqdim edərək rəyə dair aşağıdakı formada izah vermişdir: planda mübahisəli ərazidə yerləşən Südeyib Həziyevə məxsus torpaq sahəsi (JN-160A) ilə Cavabdeh3 məxsus (JN-159A) torpaq sahələrinin yerində koordinatları düzgün müəyyən olunsa da, torpaq sahələrinə verilən şərti nömrələrdə yanlışlığa yol verilmişdir. Əslində planda 2 şərti nömrə altında cizgisi tərtib olunan torpaq sahəsi JN-160A saylı şəhadətnaməyə əsasən Cavabdeh1, 1 şərti nömrə altında cizgisi tərtib olunan torpaq sahəsi JN-159A saylı şəhadətnaməyə əsasən Cavabdeh3 məxsus torpaq sahələridir. Tərəflərin ilkin hüquqmüəyyənedici sənədləri olan Torpağa mülkiyyət hüququna dair şəhadətnamələrdə də mübahisəli su arxı torpaq sahələrinin arasında yerləşməklə, torpaqların sərhədi rolunu oynamışdır. Su arxının sağ tərəfində Cavabdeh3 məxsus torpaq sahəsi yerləşir və adına Dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Arxın sol tərəfində isə Cavabdeh1 məxsus torpaq sahəsi yerləşir, lakin sonuncu hüquqlarını daşınmaz əmlakın Dövlət reyestrində qeydə aldırmamışdır. Torpaq sahələrinin arasında yerləşən su arxı bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla adları çəkilən şəxslərə məxsus torpaq sahələrinin suvarılmasından ötrü nəzərdə tutulmuşdur. Hazırda məhkəməyə təqdim etdiyi daha böyük formatda tərtib olunan mübahisəli ərazinin ölçü planına diqqət yetirsək görərik ki, mübahisəli hissədə su arxı tamamilə Cavabdeh1 tərəfindən öz torpaq sahəsinə qatılmışdır. Mülki işə tətbiq edilən hüquq: "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. 27.2. Bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Torpaq Məcəlləsi : Maddə 5 . Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri ;

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması ;

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəyə minmiş iddiaçı Cavabdeh1 Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarma” tələbinə dair iddiası üzrə Beyləqan Rayon Məhkəməsinin 28 aprel 2011-ci il tarixli 2(020)-39/2011 saylı qətnaməsi ilə müəyyən olunan fakt ondan ibarət olmuşdur ki, Cavabdeh1 özünün mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsi arasındakı bələdiyyə torpağına aid olan 4 metrlik ümumi gediş-gəliş yolunu və həmin hissədə yerləşən su arxını öz mülkiyyətində olan torpaq sahəsinə qataraq Cavabdeh3 su arxının həmin hissəsindən maneəsiz istifadə etməsini məhdudlaşdır. Bundan başqa hazırki apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının rəyi və rəy vermiş mühəndisin rəyə dair izahı ilə işin müəyyən olunan halı ondan ibarət olmuşdur ki, bələdiyyəi mülkiyyətinə aid olmaqla ümumi istifadədə olan su arxı mübahisəli ərazidən keçən hissədə tamamilə Cavabdeh1 tərəfindən tutularaq öz torpaq sahəsinə qatılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası Cavabdeh3 apellyasiya şikayətində gətirdiyi dəlillərlə razılaşaraq hesab edir ki, bələdiyyə mülkiyyətində olan su arxının mübahisəli ərazidən keçən hissəsi onun tərəfindən tutulmadığından, əksinə qonşusu Cavabdeh1 tərəfindən tutularaq öz torpaq sahəsinə qatılması nəticəsində arxdan istifadə etmək hüququ məhdudlaşdırıldığından, iddianı Cavabdeh3 münasibətdə təmin etməklə birinci instansiya məhkəməsi düzgün olmayan, işin həqiqi halları ilə təsdiqini tapmayan hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 aid hissədə ləğv olunaraq, iddia ona münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci Cavabdeh1 alınaraq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(020)-75/2022 saylı qətnaməsi Cavabdeh3 Aşağı Çəmənli bələdiyyəsinin mülkiyyətində olan su yolu üçün nəzərdə tutulmuş torpaq sahəsindən məcburi qaydada çıxarılması, tərəfindən törədilən maneələrin aradan qaldırılması, Cavabdeh3 300 manat məbləğində pul vəsaitinin X10 xeyrinə tutulması hissələrdə ləğv edilsin. İddia Cavabdeh3 aid hissədə rədd edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Mülki iş üzrə apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci Cavabdeh1 tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar