Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1138/2023 22.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Müşfiq Kamil oğlu Həsənov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, məhkəmə katibi X2, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili X1 iştirakı ilə, Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarma və əldən çıxmış faydaya görə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Biləsuvar Rayon Məhkəməsinin (hakim N.Mirzəyvev) 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı mülkiyyətinə verilmiş Biləsuvar rayonunun Nərimankənd kəndində olan 4.2639 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal-şərq istiqamətində 0,47 hektar hissəsindən Cavabdeh çıxarılması, ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitinin Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması, mütəxəssis rəyinin tərtib edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülmüş 128 manat məbləğdə pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə üzvlərinin birgə mülkiyyətlərində olan və Cavabdeh qanunsuz zəbt etdiyi 0,58 ha torpaq sahəsindən çıxarılması, həmin sahədə mərz nişanlarının bərpa olunması, 2006-cı ildən hazırkı vaxta qədər həmin torpaq sahəsindən qanunsuz istifadə etməklə vurduğu zərərə (əldən çıxmış faydaya) görə iddiaçının xeyrinə cavabdehdən 15.568 manat tutulmasını xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli 30 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə, o cümlədən 1-ci Qarabağ müharibəsində şəhid olmuş oğlu Fariz Məmmədova görə əlavə bir pay olmaqla cəmi 4.35 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş reyestr nömrəsi **********54, qeydiyyat nömrəsi **********3, qeydiyyat tarixi xx.xx.2022 olan Çıxarışa görə isə 4,26 ha torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətindədir. İslahat komissiyasının yuxarıda qeyd edilmiş qərarına əsasən hazırda mülkiyyətlərinə verilmiş torpaq sahəsinin naturada 0,09 ha az olması ilə razılaşaraq Çıxarışı almışlar. Bununla bağlı heç bir narazılıqları yoxdur. Uzun illər boyudur ki, yəni 2006-cı ildən etibarən şəhid oğluna görə verilmiş 0,58 ha torpaq sahəsini Cavabdeh qanunsuz zəbt edərək şəxsi mənafeyi ilə əlaqədar istifadə etməklə, iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Cavabdehdən həmin torpaq sahəsini qaytarmasını dəfələrlə xahiş etsə də nəticəsi olmamışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın tam əsassız olduğunu, kimsənin torpaq sahəsini zəbt etmədiyini, həmin torpaq sahəsinin ona aid olduğunu bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddianı qismən təmin edərkən, iş materiallarına əlavə edilmiş sənədlərə əsaslanmış, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 157.4, 238.1, 1096.1, 1096.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1, 48.2, 66.2, 111.1, 111.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Apellyasiya şikayətində iddiaçı Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsinin əldən çıxmış faydaya görə pul tələbinə dair hissədə dəyişdirilməsini və həmin ziyanı ekspertiza təyin etməklə bazar qiymətinə uyğun olaraq müəyyən edilməsini və ekspert rəyinə müvafiq olaraq həmin hissədə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayətə görə, əldən çıxmış faydaya görə pul tələbi hissədə iddianın təmin olunmamasında məhkəmə düzgün nəticəyə gəlməmişdir. Həmin hissədə məhkəmə tərəfindən heç bir araşdırılma aparılmamış, məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə qiymət verilməmişdir. Əgər ziyanla bağlı məhkəmə ekspertiza təyin etsə idi, müəyyən edilmiş ziyanın məbləğindən asılı olmayaraq məhkəmənin yekun qərarı qanuni və əsaslı hesab edilə bilərdi. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışında iddiaçının vəkili X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Kollegiya iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı qətnaməni, əldən çıxmış faydaya dair hissədə mübahisələndirmişdir. Kollegiya işə apellyasiya şikayəti həddində baxır. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir. Biləsuvar rayonu Nərimankənd kəndində 4.2639 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində (reyestr nömrəsi **********54) xx.xx.2022-ci il tarixdə İddiaçı və onun ailə üzvlərinin adına qeydiyyata alınmış, onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli 30 saylı qərarı ilə hazırki iş üzrə cavabdeh olan Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə 3,17 ha torpaq sahəsi verilmişdir və onların mülkiyyətindədir. Hazırki tələbində İddiaçı mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılmasını və cavabdehin ona məxsus torpaq sahəsindən qanunsuz istifadəsinə görə əldən çıxmış faydanı tələb etmişdir. İş üzrə keçirilmiş məhkəmə tikini-texniki obyektlərin tədqiqi ekspertizasının 03 mart 2023-cü il tarixli 10/1498 saylı rəyinə görə İddiaçı mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.47 hektaradək hissəsinin Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi ilə şimal-şərq tərəfdə üst-üstə düşdüyü müəyyən edilmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsinin TEKUİS xəritəsində İddiaçı mülkiyyətində olduğu müəyyən edilmişdir. Bundan başqa, müəyyən edilir ki, tərəflər arasında əvvəllər məhkəmə mübahisəsi olmuşdur. Belə ki, Cavabdeh özünə məxsus torpaq sahəsindən cavabdeh İddiaçı Əzizalı qızının çıxarılmasını xahiş etmiş, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. Həmin iş üzrə keçirilmiş ekspert rəyinə görə, Cavabdeh məxsus torpaq sahəsinin İddiaçı Əzizalı qızının tərəfindən tutulmadığı, əksinə, sonuncunun ailə üzvlərinə məxsus torpaq sahəsinin bir hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Hazırki iddianın mübahisələndirilən hissəsində İddiaçı cavabdehdən, torpaq sahəsinin 0,58 ha hissəsinin Cavabdeh tərəfindən 16 il ərzində qanunsuz istifadə etdiyinə görə əldən çıxmış faydanı tələb etmişdir. İddiaçı iddiasında ona zərər vurulduğunu qeyd etmiş, tələbində cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096-1097-ci maddələrinə əsaslanmışdır. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İlk növbədə, qeyd olunmalıdır ki, vurulmuş ziyan tələb edildiyi halda, bu cür iddia verilərkən mövcud ziyan ortada olmalı, ziyan cavabdehin tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməli, cavabdehin hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Bu halların heç biri sübut olaraq təqdim edilməmişdir. Belə halda iddianı təmin etmək üçün əsas yoxdur. Kollegiya qeyd edir ki, hazırki halda vurulmuş ziyanı, ziyanın cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğunu sübuta yetirmək yükü iddiaçının üzərindədir. Bundan başqa, cavabdeh tərəfindən ziyan vurulmasını müəyyən etmək üçün cavabdehin qanunsuz hərəkətləri ortada olmalıdır. Bu hallar da sübuta yetirilməmişdir. Digər tərəfdən, iddiaçı mübahisəli ərazidə yonca bitkisi əkəcəyini, ancaq əkə bilmədiyini göstərmişdir. Lakin iddiaçı istər özünün faktiki istifadəsində olan sahədə, istərsə də mübahisəli ərazidə yonca əkməsi ilə bağlı, eləcə də məhsuldarlığı ilə bağlı hər-hansı sübut təqdim etməmişdir. Belə sübut təqdim etmək isə iddiaçının üzərindədir. Bütün bunlarla yanaşı, Kollegiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsini diqqətə çatdırır. Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin uzun müddət cavabdehin faktiki sahibliyində olduğunu həm iddiaçı, həm də cavabdeh bilmişdir. Cavabdehin sahibliyinin qanunsuz olduğunu cavabdeh bilməmiş, iddiaçı da bununla bağlı etirazını bildirməmişdir. Cavabdeh torpaq sahəsindən öz torpağı kimi istifadə etmiş, bu zaman iddiaçı da tələb irəli sürməmiş, susmuşdur. Başqa sözlə, cavabdehin sahibliyi vicdansız olmamışdır. Ona görə də onun sahibliyinin vicdansız hesab olunmadığı müddət üzrə onun götürdüyü və ya götürməli olduğu gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb etməkdə iddiaçı haqlı olmamışdır. Mübahisəli torpaq sahəsinin cavabdehin faktiki sahibliyində olması faktiki olaraq, tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəsi üzrə ekspertizanın rəyi ilə müəyyən edilmişdir. Həmin iş üzrə məhkəmə qətnaməsi olmamışdır. İddiaçı cavabdehin sahibliyinin qanunsuz olması barədə məlumatı əldə etdikdən dərhal sonra, elə həmin ildə məhkəməyə müraciət etmiş, iş üzrə müvafiq ekspert rəyi alınmış və hazırki iş üzrə məhkəmə qətnaməsi çıxarılmışdır. Kollegiya hesab edir ki, hazırki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra faktiki sahibliyi qanunsuz hesab edilməklə, cavabdeh torpaq sahəsini qaytarmalıdır. Torpaq sahəsi qaytarılmadığı halda, cavabdehin bilərəkdən torpaq sahəsini özündə saxladığı müddətdə (vicdansız sahib olaraq) iddiaçının zərərin ödənilməsini, əldən çıxmış faydanı, yaxud cavabdehin götürdüyü və ya götürməli olduğu gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb etmək hüququ yaranır. Göstərilənlər onu deməyə əsas verir ki, apellyasiya şikayəti əsassızdır. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(022)-24/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1138/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1138/2023
22.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver