Məhkəmə qərarları › İş №2(106)-114/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-114/2025

03.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-114/2025 03.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh, üçüncü şəxs Salyan rayon Həsənli Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürmə tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-749/2024 saylı, 26 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 mart 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində azyaşlı uşağı 26 oktyabr 2008-ci il təvəllüdlü X2 ilə birlikdə Salyan rayonu, Qardili kəndində yerləşən Cavabdeh yaşadığı evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, 2004-cü il tarixdə cavabdehlə evlənmiş və birgə nikahlarından iki övladı doğulmuşdur. Cavabdehlə əvvəlcə 3 il qaynana evində yaşamış, daha sonra qaynananın adına olan həyətdə ev tikərək, xx.xx.2008-ci il tarixə qədər köçüb orada yaşamışlar. Əri onu döydüyü və təhqir etdiyi üçün atası evinə getmişdir. Bütün əşyaları həmin evdə qalmışdır. Halhazırda həmin ev boşdur. Qeyd olunan ev X1 məxsus torpaq sahəsində yerləşir və 3 otaqdan ibarətdir.Həmin evi birgə nikah dövründə tikmişlər. Yaşamağa yeri olmadığından mübahisəli evə köçmək istədiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, 27 sentyabr 2004-cü il tarixdə cavabdehlə evlənmiş və birgə nikahlarında iki övladı doğulmuşdur. İddiaçı onun atasına məxsus evə gəlin köçmüşdür. 2005-ci il tarixdə iddiaçı körpə uşağı da götürüb atası evinə getmişdir. Təxminən iki il atası evində yaşamışdır. Atası evindən qayıtmadıqda, 2007-ci il tarixdə anası da məcbur qalaraq özünə məxsus torpaqda ev tikmiş və 1 otağını da düzəldərək onlara vermişdir. Onlar da həmin evdə yaşamışlar. Yaşadığları vaxtdan aralarında narazılıq olmuşdur. Keçən ilin oktyabr ayında həyətdə olan 2 ədəd cücəni kəsib tələbə oğluna göndərmək istədikdə, sonuncu ona təmizləməyəcəyini demişdir.Ona görə də məcburiyyət qarşısında qalaraq anasına təmizlətdirmişdir. Buna görə aralarında narazılıq baş vermiş və iddiaçı ona hücum edərək ona xəsarət yetirmiş, özü də onu özündən uzaqlaşdırmışdır.İddiaçı polisə şikayət edərək ona xəsarət yetirildiyini bildirmişdir. O vaxtdan azyaşlı uşağı ilə birlikdə atası evinə getmişdir. Həmin ev birgə nikah dövründə tikilmişdir. İddiaçının qeyd olunan evə köçməsinə etirazı yoxdur, sonuncu özünə işıq və qaz xətti çəkməklə yaşaya biləcəyini qeyd etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat; Salyan Rayon Məhkəməsinin 2(057)-749/2024 saylı, 26 aprel 2024-cü il tarixli qətnaməsi (Hakim: Ağarza Səmədov) ilə, İddiaçı azyaşlı uşağı 26 oktyabr 2008-ci il təvəllüdlü X2 ilə birlikdə Salyan rayonu, Qardili kəndində yerləşən Cavabdeh yaşadığı evə köçürülməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayəti verərək apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda heç bir yerdə yaşamağa yeri yoxdur. Məhkəmə işin bu halını araşdırmadan ziyanına qərar çıxarmışdır. Belə ki, üzün müddət sözü gedən evdə yaşamış, təssərrüfatı idarə etmişdir. Məhkəmə isə əsasız olaraq ziyanına qərar çıxarmışdır. Cavabdeh hal-hazırda birgə nikah dövründə tikdirdikləri evdə yaşayır, lakin onun və övladlarının həmin evdə yaşamasına imkan vermir. Cavabdehlə ailə münasibətləri pisləşdiyindən əşyaları bu günədək ordadır və əşyalarına baxmağa da şərait yaratmır. Odur ki, kollegiyadan Salyan Rayon Məhkəməsinin 2(057)-749/2024 saylı, 26 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili Vəkil apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Salyan Rayon Məhkəməsinin 2(057)-749/2024 saylı, 26 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Salyan Rayon Məhkəməsinin 2(057)- 749/2024 saylı, 26 aprel 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs Salyan rayon Həsənli Bələdiyyəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi Salyan rayonu, Qardili kəndində yerləşən fərdi yaşayış evinin Salyan rayon Həsənli Bələdiyyəsinin mülkiyyətində yerləşir. Həmin fərdi yaşayış evinin birgə nikah dövründə tikilib-tikilməməsindən məlumatsız olduğunu bildirmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Salyan Rayon Məhkəməsinin 2(057)-749/2024 saylı, 26 aprel 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi; Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzaradət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onupozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldəetmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci maddəsinə əsasən On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə kollegiyası qeyd edilə maddi hüquq normasını müqayisəli təhlil edərək qeyd edir ki, iddiaçının bir övladı azyaşlı olmaqla onların yaşayış yeri valideynlərinin yaşayış yeri onların yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin rədd edilməsi qənaətinə gələrkən hesab etmişdir ki, iddiaçının köçmək istədiyi ev və həmin evin yerləşdiyi torpaq sahəsinə dair heç bir hüquqi sənəd işə əlavə olunmamış, iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Tərəflərin izahatlarından da aydın olmuşdur ki, iddiaçının mübahisələndirdiyi yaşayış evi cavabdehin anasına məxsus torpaq sahəsində yerləşir. Belə olan halda iddiaçının başqa şəxsə məxsus torpaq sahəsində inşa olunmuş evə köçürülməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, işin faktiki halları tərəflərin qarşılıqlı münasibətlərinə uyğun düzgün əsaslandırılmamış, bununla əlaqədar prosessual və maddi hüquq normaları səhv təfsir və tətbiq edilmiş və bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Elşad Bağırlı tərəfindən araşdırılmış 30 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı və Cavabdeh Salyan RPŞ-nə yazdığı qarşılıqlı ərizələr əsasında toplanmış material üzrə onların əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, hər ikisi barəsində Azərbaycan Respublikasının İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan tədbir görülməsi üçün Salyan RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Salyan rayonu İHB-nın Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi A.Babayev tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Salyan rayon Qardili kəndində yaşadığı fərdi yaşayış evinin ümumi sahəsi 118 kvm olmaqla mişar daşından tikilmiş, 3 otaqdan ibarətdir. İddiaçı ailə üzvləri Cavabdeh, X3 və X2 ilə birlikdə həmin fərdi yaşayış evində yaşamışlar İddianın predmetini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia üzrə iddiaçının dəlilləri araşdırılaraq iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə iddiaçının apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla əsaslı olması yoxlanılaraq hüquqi qiymət verilməlidir. İddia tələbinin bu cür qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 5-ci bəndində qeyd edilir ki, “Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.” Odur ki, məhkəmə kollegiyası hazırkı mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı hallar üzrə aparılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2004-cü il tarixdə cavabdehlə evlənmiş və birgə nikahlarından iki övladı doğulmuşdur. Cavabdehlə əvvəlcə 3 il qaynana evində yaşamış, daha sonra qaynananın adına olan həyətdə ev tikərək, xx.xx.2008-ci il tarixə qədər köçüb orada yaşamışlar. Birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirdiyi yaşayış evinin cavabdehin anasına məxsus torpaq sahəsində yerləşməsi və belə olan halda iddiaçının başqa şəxsə məxsus torpaq sahəsində inşa olunmuş evə köçürülməsi qanunvericiliyin tələblərinə zidd olması qənaətinə gələrək, iddianı rədd etmişdir. Apelyasiya icraatı zamanı alınmış AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 06 yanvar 2025-ci il tarixli, 10/6003 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- 1219/2024 saylı mütəxəssis rəyinə əsasən, ümumi sahəsi 118 kv/m olmaqla mişar daşından tikilmiş 3 otaqdan ibarət Salyan rayonu, Qardili kəndində yerləşən mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu məlumat bazasında “Yaşayış məntəqələrinin torpaqları kateqoriyası”nda olmaqla Həsənli Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi olduğu müəyyən edilmişdir. İşin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçının hazırda köçürülməsini tələb etdiyi fərdi yaşayış evi özbaşına tikilidir və həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mübahisəli ev tərəflərin faktiki nikahları müddətində birgə vəsaitləri hesabına (bu halı cavabdeh iddia tələbinə münasibəti aydınlaşdırılarkən məhkəmə baxışı iclasında verdiyi izahatında təsdiq etmişdir) tikilmiş və həmin evdə ər-arvad kimi yaşamış, onların birgə faktiki nikahlarından 2 uşaqları anadan olmuş, 2008-ci il tarixə qədər həmin evdə yaşamışlar. Əri onu döydüyü və təhqir etdiyi üçün atası evinə getmişdir. Bütün əşyaları həmin evdə qalmışdır. Halhazırda həmin ev boşdur. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, 27 sentyabr 2004-cü il tarixdə cavabdehlə evlənmiş və birgə nikahlarında iki övladı doğulmuşdur. İddiaçı onun atasına məxsus evə gəlin köçmüşdür. 2005-ci il tarixdə iddiaçı körpə uşağı da götürüb atası evinə getmişdir. Təxminən iki il atası evində yaşamışdır. Atası evindən qayıtmadıqda, 2007-ci il tarixdə anası da məcbur qalaraq özünə məxsus torpaqda ev tikmiş və 1 otağını da düzəldərək onlara vermişdir. Onlar da həmin evdə yaşamışlar. Yaşadıqları vaxtdan aralarında narazılıq olmuşdur. Keçən ilin oktyabr ayında həyətdə olan 2 ədəd cücəni kəsib tələbə oğluna göndərmək istədikdə, sonuncu ona təmizləməyəcəyini demişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq anasına təmizlətdirmişdir. Buna görə aralarında narazılıq baş vermiş və iddiaçı ona hücum edərək ona xəsarət yetirmiş, özü də onu özündən uzaqlaşdırmışdır. İddiaçı polisə şikayət edərək ona xəsarət yetirildiyini bildirmişdir. O vaxtdan azyaşlı uşağı ilə birlikdə atası evinə getmişdir. Həmin ev birgə nikah dövründə tikilmişdir. İddiaçının qeyd olunan evə köçməsinə etirazı yoxdur, sonuncu özünə işıq və qaz xətti çəkməklə yaşaya biləcəyini qeyd etmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Birinci instansiya məhkəməsi tikilinin cavabdehin anasına məxsus torpaq sahəsində olması qənaətinə gələrək iddiaçının iddiasını təmin etməmiş və hesab etmişdir ki, iddiaçı başqasının mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülə bilməz. Əvvəla birinci instansiya məhkəməsi tərəflərin birgə faktiki ailə kimi yaşadığı dövrdə birgə vəsait hesabına tikdiyi Salyan rayonunun Qardili kəndində ümumi sahəsi 118kv/m olmaqla mişar daşından tikilmiş 3 otaqdan ibarət fərdi yaşayış evinin cavabdehin anasının deyil, Salyan rayonu Həsənli Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini müəyyən etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, inşa edilmiş tikilinin tərəflərin birgə nikah dövründə birgə vəsaitləri hesabına inşa edildiyinin müəyyən edilməsi tərəflərin tikiliyə münasibətdə bərabər faktiki sahiblik hüquqlarının olması anlamına gəlir ki, cavabdeh tərəfindən buna dair hər hansı qanuniəsas olmadan iddiaçını evə buraxmamaqla bu hüquqdan məhrum etməsi qadağan edilmiş özbaşınalıqdır. Digər tərəfdən qeyd edilməlidir ki, tikilinin özbaşına tikili olması özü- özlüyündə müvafiq yaşayış sahəsi kimi istifadə olunan tikiliyə iddiaçının köçürülməsiniistisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının bu əsasla həmin evə köçürülməsindən imtina edilməsi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Başqa sözlə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Hazırki iş üzrə iddiaçının uşağı-26 oktyabr 2008-ci il təvəllüdlü X2 ilə köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və hüquqi vəziyyətinə görə özbaşına tikili sayıldığı üçün xüsusi mülkiyyətdə olan əşya hesab edilmir. Bu tip mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsini əsas götürən məhkəmə kollegiyası nəzərə alır ki, mübahisəli ev iddiaçı ilə cavabdehin birgə faktiki nikahı müddətində və məhz birgə vəsait hesabına inşa edilmişdir. Belə olan halda, iddiaçının da bu tikilinin ərsəyə gəlməsində hansısa formada iştirakı istisna deyildir. Cavabdehin özü də bu faktı etiraf edir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməməklə səhv təfsir etmiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzaradət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(057)-749/2024 saylı, 26 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı evə köçürmə tələbinə dair iddiası təmin edilməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-749/2024 saylı, 26 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı evə köçürmə tələbinə dair iddiası təmin edilsin. İddiaçı azyaşlı uşağı 26 oktyabr 2008-ci il təvəllüdlü X2 ilə birlikdə Salyan rayonu, Qardili kəndində yerləşən mişar daşından inşa edilmiş ümumi sahəsi 118 kv/m olan üç otaqdan ibarət Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar