Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1141/2025 13.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarma” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-26/2025 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarma” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının, Cavabdeh4 və Cavabdeh3 Astara rayonu Maşxan kəndi ərazisində yerləşən mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddialarını müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 və Cavabdeh2 qızı mülkiyyətlərində olan Astara rayon Maşxan kəndində yerləşən ümumi sahəsi 87.5 kvadratmetr olan fərdi yaşayış evini və ümumi sahəsi 0.44 hektar olan torpaq sahəsinin 0.22 hektar hissəsini xx.xx.2023-cü ildə alqı-satqı müqaviləsinə əsasən 12000 (on iki min) manata ona satmışlar. Alqı-satqı müqaviləsinə əsasən hüquqlarını dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət Reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata aldırmaqla Çıxarış almışdır. Beləliklə, fərdi yaşayış evi və 0.22 hektar torpaq sahəsinin mülkiyyətində olmasına baxmayaraq cavabdehlər könüllü olaraq fərdi yaşayış evindən dəfələrlə tələb etsə də, çıxmırlar. Odur ki, pozulmuş mülkiyyət hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının, Cavabdeh4 və Cavabdeh3 Astara rayonu Maşxan kəndi ərazisində yerləşən mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 məhkəmədə iştirak edən zaman bildirmişdir ki, o, ancaq torpağı satıb, evi satmayıb. Ona görə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh4 məhkəmədə iştirak edən zaman bildirmişdir ki, o, ancaq torpağı satıb, evi satmayıb. Ona görə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 qızı və Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh2 qızı və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlər Cavabdeh2 qızı və Cavabdeh3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-26/2025 nömrəli qətnaməsi ilə (Hakim: İlqar Məmmədov) iddianın təmin olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3 və Cavabdeh4 İddiaçı məxsus olan Astara rayonu, Maşxan kəndində fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Astara Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2(018)-26/2025 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilmişdir. O, qeyd olunan iddia tələbini qəbul etmir və hesab edir ki, məhkəmənin qətnaməsi ədalətsizidir. Belə ki, o, Astara rayon Maşxan kənd sakini Cavabdeh3 ilə1988-ci ildə rəsmi nikaha girdikdən sonra həmin vaxt onların yaşadığı evə köçmüş və həmin vaxtdan orada yaşamışdır. Yaşadığı dövrdə həmin ev köhnə olduğu üçün evdə tikinti işləri aparmış və evi demək olar ki, bərpa edib yeniləmişdir. Bütün bunları öz şəxsi vəsaiti hesabına eləmişdir. Birgə nikahlarından Fəridə və Pərvanə adlı iki qızları anadan olmuşdur. Qızları hazırda həmin mübahisəli fərdi yaşayış evində yaşayırlar. Qızları onun qocalığından sui-istifadə edərək aldatma yolu ilə, razılığı olmadan alqı-satqı edərək, həmin evi Astara rayon Toradi kənd sakini olan İddiaçı 12000 manata satmışlar. Alqı-satqı müqaviləsi bağlanarkən o, xəstə olmuş, ağlı başında olmayıbdır, bundan istifadə edib, onu evdən maşınla Astara rayon Təngərüd kənd İcra Nümayəndəliyinə aparıb, savadsız olduğu üçün ona hiss etdirmədən sənədlərə imza etdirmişlər. Həmin sənəddə onun tərəfimdən yazılmalı olan yazıları da qızı Cavabdeh1özü yazaraq mənə imza elətdirmişlər. Bu barədə ona nə icra nümayəndəsi, nə də qızı Fəridə heç nə deməmişlər. Bu hal işə məhkəmədə baxılarkən məlum olmuşdur. Belə ki, məhkəmədə müəyyən edildi ki, qeyd olunan yazılar onun tərəfindən yazılmamışdır. Çünki onun 87 yaşı var, yazı yazmağa savadı yoxdur. Hazırda qızları evi satıb, onu evdən qovmaq istəyirlər. İşin faktiki halı yuxarıda qeyd etdiyi kimi dəqiqliklə belə olmuşdur ki,Astara rayonu, Turadi kənd sakini, makler kimi özünü təqdim edən Kamran adlı şəxs (mobil əlaqə: ***-***-**-**) mobil telefonla ona zəng etmiş və onu Lənkəran rayonu, Hirkan qəsəbəsində, idarə etdiyi “Niva” markalı avtomaşınla Astara rayonunun Təngərud kənd icra nümayəndəliyinə aparmışdır. Orada icra nümayəndəsi Süleymanın yanında bir kağıza imza etdirmişdir. Lakin həmin vaxt xəstə olduğundan, gözlərinin görmə qabiliyyəti zəif olduğundan və latın qrafikası hərflərini oxuya və yaza bilmədiyindən hansı sənədə imza etdiyini bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh qızları, həyat yoldaşı və makler kimi özünü təqdim edən Kamranla cinayət əlaqəsinə girərək onu aldatmış və mübahisə predmeti olan evin satılmasına razılıq verilməsi barədə tərtib edilmiş sənədə imza etdirmişlər. Həmin vaxtı qızı Pərvanədən hansı kağıza imza etməyini soruşduqda qızı Pərvanə onu yenidən aldatmış və həyətdə yeni bir ev tikilməsinə ondan razılıq ərizəsinin almasını bildirmişdir. Aldadılmağını bilən kimi dərhal bu barədə Astara Rayon Polis Şöbəsinə və Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin işin nəticəsində marağı olmuş, nəticədə qeyd edilən faktlar araşdırılmamış, makler kimi özünü təqdim edən Kamranın və icra nümayəndəsi Süleymanın izahatları alınmamış, makler kimi özünü təqdim edən Kamranın icra nümayəndəliyində ona hər hansı bir sənədə imza etdirməyə səlahiyyətinin olub-olmamasını aydınlaşdırmamışdır. Həm də bildirmişdir ki, çəkdiyi bu qədər zəhmətdən və 87 yaşından sonra, qoca yaşında evin satılmasına necə icazə verə bilərdi? Çünki onun digər yaşayış yeri yoxdur. Bütün bunları məhkəmədə qeyd etsə də, makler və həm də cavabdeh olan qızlarının onu aldatması və məzmununu başa düşə bilmədiyi bir sənədə imza etdirmələri Astara Rayon Məhkəməsini zərrə qədər maraqlandırmamışdır. Həm də həmin evin alqı-satqısı zamanı dələduzluq faktının olması və həmin faktın ustalıqla həyata keçirilməsinə də hüquqi qiymət verilməmişdir. Mübahisə predmeti olan evi və torpağı satan tərəf alqı-satqı müqaviləsi bağladığı zaman vicdanlı tərəf olmamışdır. Astara Rayon Məhkəməsində Cavabdeh1 özü iddianı qəbul etməmişdir. Digər qızı, Cavabdeh2 qızı da iddianı qəbul etməmişdir. O da satılan evin qaytarılmasını xahiş etmişdir. Lakin işin nəticəsində maraqlı olan Astara Rayon Məhkəməsi cavabdeh olan qızlarının iddia tələbinin qəbul etməmələrini nəzərə almamış, onların da aldadılmasını qəbul etməmiş, izahatlarına düzgün hüquqi qiymət verməmişdir. Astara Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2(018)-26/2025 saylı qətnaməsini ləğv edərək iddiaçı X1 ona və digər cavabdehlərə qarşı “mənzildən çıxarma” tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-26/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh4 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmir, şikayətini müdafiə edir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Digər cavabdehlərə qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri həddində Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)- 26/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-26/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ********** reyestr nömrəli çıxarışından məlum olur ki, Astara rayonu, Maşxan kəndi ərazisində yerləşən ümumi sahəsi 87.5 kvadratmetr olan fərdi yaşayış evi və 0,22 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Beləliklə, iş materiallarına əsasən müəyyən olunur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3 və Cavabdeh4 evi İddiaçı satdıqdan sonra İddiaçı məxsus olan Astara rayonu, Maşxan kəndində fərdi yaşayış evində qanunsuz yaşayırlar. Bu halı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ********** reyestr nömrəli çıxarış təsdiq edir. İş materiallarından göründüyü kimi, Astara rayon Maşxan kəndində yerləşən ümumi sahəsi 87.5 kvadratmetr olan fərdi yaşayış evi və ümumi sahəsi 0.44 hektar olan torpaq sahəsinin 0.22 hektar hissəsi İddiaçı mülkiyyətindədir. Cavabdehlər iddiaçıya mülkiyyətində olan həmin fərdi yaşayış evindən və torpaq sahəsindən öz istədiyi kimi istifadə etməsinə imkan vermədiyi üçün iddiaçı cavabdehlərin mənzildən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu halda da iddiaçının tələbi qanuni olduğundan onun qanunla qorunan hüquqları məhkəmə qaydasında müdafiə olunmalıdır. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçı tərəfindən qanunsuz yolla ələ keçirilmiş, torpaq sahəsi və fərdi yaşayış evi ilə əlaqədar bağlanmış müqavilələr etibarsız əqd olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübutetmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2024-cü il tarixli, 2(102)-2169/2024 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu 1 saylı Notariat kontoru tərəfindən 25 yanvar 2023-cü il tarixdə Astara rayonunun Maşxan kəndində yerləşən 2 otaqlı, 1 mətbəxli və 2 şüşəbənd koridoru (cəmi sahəsi 87,5 kv.m) olan evə 0,22 hektar torpaq sahəsinə Cavabdeh1 və Cavabdeh2 qızı ilə Astara rayonun Hamoşam kənd sakini İddiaçı Xosamir oğlu arasında bağlanan AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(018)-637/2023 nömrəli, 14 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-276/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər T.S.Kərimov (sədrlik edən və məruzəçi), C.F.İmanov və P.T.Əhmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərara əsasən Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-276/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-276/2024 nömrəli, 28 fevral 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, apellyatorun apellyasiya şikayətinin dəlillərinə artıq qanuni qüvvədə olan məhkəmə qərarları ilə hüquqi qiymət verilmişdir. Ona görə də apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-26/2025 nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-26/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1141/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1141/2025
13.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver