Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1148/2023 26.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-745/2023 saylı, 10 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə 10 fevral 2023-cü il tarixində məhkəməyə müraciət edərək, onun Əhmədli tibb məntəqəsinin sanitarı vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi miqdarında ödəncin hesablanaraq cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 13 sentyabr 2000-ci il tarixində Masallı rayonu Əhmədli tibb məntəqəsində xadimə vəzifəsinə işə qəbul edilmişdir. 2018-ci ildə səhhətində yaranmış problemlə əlaqədar Rusiya Federasiyasına müalicəyə getmək məcburiyyətində qalmışdır. Bununla əlaqədar olaraq məntəqənin müdiri Təyyar Adıgözəlova məlumat verərək, ona bülleten açmasını xahiş etmişdir. Təyyar Adıgözəlov ona bülleten açmağa və müalicəyə getməsinə razılıq vermişdir. Beləliklə, iddiaçı 03 avqust 2018-ci ildə Rusiya Federasiyasına getmişdir. Boğazında zəhərli zob olduğundan müalicəsi nəzərdə tutduğu müddətdən uzun çəkmişdir. Bir müddətdən sonra isə koronavirus pandemiyası ilə əlaqədar yollar bağlanmışdır. İddiaçı yalnız 2022-ci ilin oktyabr ayında Azərbaycana gəlmişdir. Bu zaman iddiaçıya məlum olmuşdur ki, 11 mart 2019-cu il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi ilə (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. İşdən azad edilməsi barədə Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov tərəfindən 11 mart 2019cu il tarixli, 242-K saylı əmr imzalanmışdır. Müraciət etdikdən sonra əmək kitabçası iddiaçıya qaytarılmışdır. Bundan sonra, aidiyyəti mediasiya təşkilatına müraciət edərək, “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış əldə etmişdir. İşin faktiki hallarından və sübutlardan göründüyü kimi, cavabdeh Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən azad edilməsi barədə ərizə yazmadığı və işdən azad edilməsini xahiş etmədiyi halda, bu barədə iddiaçının əvəzindən kənar şəxs tərəfindən yazılmış və imzalanmış ərizə əsasında iddiaçının işdən guya öz xahişi ilə azad edilməsi barədə əmr vermişdir. Qanunvericiliyin tələblərinin pozulmasına və bu pozuntunun məsuliyyətlə nəticələnməsinə baxmayaraq, cavabdeh təşkilatın rəhbəri iddiaçının əvəzindən ərizə yazmaqdan və saxta ərizə əsasında onu işdən azad etməkdən çəkinməmişdir. Odur ki, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Cavabdeh təşkilat onu qanunsuz və əsassız olaraq işdən azad etmişdir. Belə ki, işdən azad edilməsi barədə əmrin hüquqi əsasını təşkil edən ərizəni iddiaçı yazmamış və imzalamamışdır. Cavabdeh təşkilatın qanunsuz hərəkətləri nəticəsində əmək haqqı almaq hüququndan məhrum olmuşdur. Odur ki, işdən azad edildiyi 11 mart 2019-cu ildən işə bərpa edilənədək olan müddətdə əmək haqqının hesablanıb verilməsi, həmçinin əmək haqqının işəgötürənin günahı ucbatından gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi miqdarında ödəncin hesablanıb cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılması zəruridir. Cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyünə görə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı 11 mart 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi ilə (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmiş və 3 il sonra Azərbaycan Respublikasına qayıdaraq iddia müddətini ötürməklə ərizə ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-745/2023 saylı, 10 aprel 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Zeynal Zeynalov) iddia rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 2(050)-745/2023 saylı, 10 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə sübutları tam, obyektiv və hərtərəfli araşdırmadan iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. İşin faktiki hallarından və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, 13 sentyabr 2000-ci il tarixdə işə qəbul edilmiş və 11 mart 2019-cu il tarixdə işdən azad edilmişdir. İşdən azad edilməsinin əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi (öz xahişi ilə) göstərilmişdir. İşdən azad edildiyi vaxt (11 mart 2019-cu ildə) iddiaçı Azərbaycan Respublikasında olmamışdır. Deməli, öz arzusu ilə işdən azad edilməsi barədə ərizə yaza bilməzdi. Birinci instansiya məhkəməsi iddia tələblərini rədd edərkən iddia müddətinin buraxılmasını əsas götürmüşdür. Lakin məhkəmə nəzərə almamışdır ki, dəfələrlə müraciət etdikdən sonra əmək kitabçası iddiaçıya 09 dekabr 2022-ci il tarixində qaytarılmış və iddiaçı mediasiya prosesini keçdikdən sonra 2023-cü ilin fevral ayında məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, “işə bərpa tələbinə dair” iddia müddətinin axımı əmək kitabçasının tərəfə təqdim edildiyi tarixdən başlayır. İşin faktiki hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iddia müddətinin axımının başlanğıcı kimi əmək kitabçasının və əmrin iddiaçıya təqdim edildiyi tarixi deyil, “bacısının Təyyarın qəbulunda olması” tarixini əsas götürmüşdür. Qətnamənin iddianın rədd edilməsi hissəsində işin faktiki hallarına və maddi sübutlara qiymət verilməmiş, sübutetmə barədə qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə iddia müddətini məhkəməyə müraciət etmək üçün zəruri sənədlərin (əmək kitabçası, əmr) əldə edilməsi tarixindən deyil, subyektiv mülahizəyə əsasən işdən çıxarıldığını bildiyi gündən (bacısının Təyyarın qəbulunda olması) hesablamışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini qeyd etdi və bildirdi ki, o, 13 sentyabr 2000-ci ildə Masallı rayon X1 tibb məntəqəsində sanitar kimi işləməyə başlamışdır. Lakin 2018-ci ildə onun səhhətində problem yaranmışdır. O, keyfiyyətli müalicə olunması üçün Rusiya Federasiyasına getməli olmuşdur. Bununla əlaqədar olaraq, o, tibb məntəqəsinin müdiri vəzifəsini icra edən Təyyar Adıgözəlova məlumat vermiş, Təyyar həkim isə ona bülleten açacağını və gedib müalicə almasını bildirmişdir. Təyyar həkim ondan bülleten açmaq üçün 1000 manat almışdır. İddiaçı 2018-ci ilin may ayında qızı Ayna ilə birlikdə Təyyar həkimin evinə gedib ona evində 1000 manat pulu vermişdir. Təyyar həkim Alvadı kənd tibb məntəqəsində işləyir, lakin Əhmədli tibb məntəqəsinə də o baxır. Təyyar həkim 1000 manatın qarşılığında ona bildirmişdir ki, onu işində saxlayacaq, bülleten düzəldəcək, gedib müalicəsini alıb gəlsin. İddiaçı da bundan sonra müalicə almaq üçün Rusiya Federasiyasına getmiş, Tver şəhərində bir ayadək xəstəxanada müalicə almış, sonradan evə çıxmış, hər ay müayinə üçün xəstəxanaya gedib-gəlmişdir. İddiaçı hər dəfə Təyyar həkimlə telefonla əlaqə saxlayarkən, sonuncu onu işdə saxladığını bildirirdi. İddiaçı qeyd etdi ki, o, 2018-ci ildə Rusiyaya Federasiyasına gedərkən Təyyar həkim onun əmək haqqı kartını almış və özündə saxlamışdır, Rusiyaya getdikdən sonra iddiaçı özü maaş almamışdır. Əmək haqqı kartı Təyyar həkimdə olduğuna görə hesab edir ki, kartdan əmək haqqı məbləğini də Təyyar həkim çıxarmışdır. Bildirdi ki, işdən çıxmaq üçün ərizəni o yazmamışdır, çünki həmin vaxt o, xaricdə olmuşdur. Azərbaycan Respublikasına qayıtdıqdan sonra o, ərizə yazıb əmək kitabçasını və əmrin surətini almışdır. Birinci instansiya məhkəməsi isə iddia müddətini tətbiq edərək iddia tələbini rədd etməklə onun hüquqlarını pozmuşdur. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 çıxış edərək bildirdi ki, iddiaçı onun bacısıdır və onun izahatı ilə razıdır. İddiaçı gələndə onunla birlikdə Təyyar həkimin yanına getmişlər və ona işdən çıxarılmamaq üçün 1000 manat verdiklərinə baxmayaraq, iddiaçının işdən çıxarılması ilə bağlı narazılıqlarını bildirmişlər. Təyyar həkim onlara demişdir ki, bunu heç kimə sübut edə bilməzlər. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı öz ərizəsi ilə cavabdeh təşkilata müraciət etmiş və öz ərizəsi əsasında işdən çıxarılmışdır. Ərizənin iddiaçının özü və ya onun xahişi ilə başqa bir şəxs tərəfindən yazılması cavabdeh təşkilata məlum deyil və buna görə məsuliyyət də iddiaçının öz üzərinə düşür. Belə ki, ərizənin məzmunundan da göründüyü kimi, ərizədə iddiaçı hazırda xaricdə yaşadığını bildirmiş və bu səbəbdən işdən azad edilməsini xahiş etmişdir. Belə olan halda isə işəgötürən təşkilat tərəfindən həmin ərizənin iddiaçının özü tərəfindən və ya onun xahişi ilə başqa bir şəxs tərəfindən yazılmasını müəyyən etmək mümkün deyil. Ərizə daxil olduqdan sonra həmin ərizədəki məlumat işəgötürən tərəfindən dəqiqləşdirilmiş, iddiaçının həqiqətən də işə çıxmadığı və Rusiya Federasiyasına getdiyi məlum olmuşdur. Bundan sonra iddiaçı işdən çıxarılmışdır. İddiaçı işdən çıxarıldıqdan sonra 3 ildən çox müddət ərzində də bu barədə maraqlanan olmamışdır. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini tədqiq edib, iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək bildirir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarının 39-cu vərəqində olan İddiaçı tərəfindən Masallı RMX-nin baş həkimi C.Nəzərova ünvanlanmış xx.xx.2019-cu il tarixli əlyazma ərizənin surətindən görünür ki, o, yaşayış yerini dəyişdiyi üçün və hal-hazırda xaricdə yaşadığına görə işdən azad edilməsini xahiş etmişdir. İşdəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli, 242-K nömrəli əmrin surətindən görünür ki, Masallı rayon X2 tibb məntəqəsinin Sanitar qadın(sanitar)ı X3 ilə bağlanmış 2004-16 nömrəli əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən xitam verilmiş, Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 15 təqvim gününün ödənilməsi və işçi ilə son haqq-hesabın aparılması, İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surətinin Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı ərizəsi, Baş həkimin dərkənarı (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə) olmuşdur. İşdəki əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işəgötürən Masallı rayon Mərkəzi Xəstəxanası ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən 242-K nömrəli, xx.xx.2019-cu il tarixli əmrlə xitam verilmiş, bu barədə bildiriş xx.xx.2019-cu il tarixində sistemə daxil edilmişdir. İşdəki İddiaçı məxsus AT-Vİİİ ******* seriya nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2000-ci il tarixdən Əhmədli FMM-də 1,0 vahid xadimə vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdən Əhmədli TM-in sanitarı Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. İş materiallarının 38-ci vərəqində olan İddiaçı tərəfindən Masallı RMX-nin direktoruna ünvanlanmış xx.xx.2022-ci il tarixli əlyazma ərizənin surətindən görünür ki, o, əmək kitabçasını və əmrin surətini götürməsinə icazə verilməsini xahiş etmişdir. İş materiallarının 40-42-ci vərəqlərində surəti olan işdən çıxan işçilərə əmək kitabçalarının verilməsinə dair kitabdan görünür ki, İddiaçı əmək kitabçasını 09 dekabr 2022-ci il tarixində götürmüşdür. Birinci instansiya məhkəməsinin 10 aprel 2023-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, həmin tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 çıxış edərək iddiaçının onun bacısı olduğunu bildirmişdir. O qeyd etmişdir ki, Təyyar həkim əmisi qızını onun bacısının yerinə işə götürmüş, o, məsələ ilə bağlı Təyyarın yanına getmiş, Təyyar onunla kobud danışmışdır. 2021-ci ilin noyabr ayında Təyyarın qəbulunda olmuşdur. Təyyar ona bildirmişdir ki, İddiaçı işdən çıxarmışdır və əmisi qızı olan Laləni işə götürmüşdür. İş materiallarının 35-ci vərəqində olan İddiaçı sərhədkeçmə məlumatlarından görünür ki, o, xx.xx.2018-ci ildə sərhəddən çıxmış xx.xx.2018-ci ildə girmiş, xx.xx.2018-ci ildə çıxmış, xx.xx.2021-ci ildə girmiş, xx.xx.2021-ci ildə çıxmış, xx.xx.2022-ci ildə girmişdir. Beləliklə, müəyyən edilir ki, tərəflər arasındakı mövcud mübahisə əmək mübahisəsidir və bu mübahisə iddiaçının xx.xx.2019-cu il tarixində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar meydana gəlmişdir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini rədd edərkən cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsasında iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş iddia müddətinin ötürülməsinə istinad etmişdir. İddiaçı isə apellyasiya şikayətində iddia müddətinin ötürülmədiyini, onun tərəfindən əmək kitabçasının və əmrin surətinin 09 dekabr 2022-ci il tarixində əldə edildiyini, bundan sonra isə dərhal müvafiq prosedurlara başladığını bildirmiş, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə istinad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Əmək Məcəlləsinin 288-ci maddəsinin “a” bəndinə əsasən, bu Məcəllə ilə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu iddia müddətini belə izah etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddiaçı qəbul edir ki, 2018-ci ildən Rusiya Federasiyasına müalicə almaq məqsədilə getmiş, bu zaman Təyyar Adıgözəlova onun işdən çıxarılmaması üçün bülleten açması məqsədilə 1000 manat pul vermişdir. Lakin o, Rusiya Federasiyasına getdikdən sonra xx.xx.2019-cu il tarixdə onun əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarının 35-ci vərəqində olan İddiaçı sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı 07 noyabr 2021ci ildən 21 noyabr 2021-ci ilədək Azərbaycan Respublikasında olmuşdur. Birinci instansiya məhkəməsinin 10 aprel 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 çıxış edərək qeyd etmişdir ki, o, 2021-ci ilin noyabr ayında Təyyarın qəbulunda olmuş, Təyyar ona bildirmişdir ki, İddiaçı işdən çıxarmışdır və əmisi qızı olan Laləni işə götürmüşdür. Göründüyü kimi, iddiaçının nümayəndəsinin iddiaçının işdən çıxarılmasından 2021-ci ilin noyabr ayından etibarən məlumatı olmuşdur. 07 noyabr 2021ci ildən 21 noyabr 2021-ci ilədək iddiaçının da Azərbaycan Respublikası ərazisində olmasını nəzərə alaraq, onun özünün işdən çıxarılması barədə məlumatı olmamasını da məhkəmə kollegiyası inandırıcı hesab etmir. Məhkəmə kollegiyası hazırkı halda iddiaçının apellyasiya şikayətində Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə istinad etməsini əsaslı saymır. Belə ki, o, əmək kitabçasının və əmrin surətinin 09 dekabr 2022-ci il tarixində ona verildiyini bildirmiş, buna görə də, hüququnun pozulmasının aşkar edildiyi gün kimi həmin günün nəzərdə tutulduğuna istinad etmişdir. O, dəfələrlə ərizələr verdikdən sonra əmək kitabçasının ona verildiyini bildirsə də, iş materiallarının 38-ci vərəqində olan əlyazma ərizədən görünür ki, iddiaçı ona əmək kitabçasının və əmrin surətinin verilməsi ilə bağlı ərizəni elə 09 dekabr 2022-ci il tarixində yazmışdır. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı özünün işdən azad olunması barədə ən azından 2021-ci ilin noyabr ayından etibarən məlumatlı olsa da, hüququnun bərpasına laqeyd yanaşmış, qanunla nəzərdə tutulmuş iddia müddəti çərçivəsində məhkəməyə müraciət etməmişdir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır. Hazırkı halda, iddiaçının öz hüququnun bərpasına laqeyd yanaşması, işdən çıxarılması barədə ən azı 2021-ci ilin noyabr ayından etibarən məlumatı olsa da, yalnız 2022-ci ilin dekabr ayının 9-da əmək kitabçasının ona verilməsi barədə ərizə ilə cavabdehə müraciət etməsi qeyd edilən prinsipinə zidd olmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu da 3 iyun 2013-cü il tarixli Qərarında bildirmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Lakin iddiaçı öz hüququnun bərpasına laqeyd yanaşmış, bununla da intizamsızlığa yol vermişdir. Həmçinin, məhkəmə kollegiyası iddiaçının tibb məntəqəsində işləmiş olmasını da nəzərə alaraq, onun bülleten açılacağı təqdirdə stasionar şəraitdə müalicə almalı olmasından xəbərsiz olmasını və 4 il ərzində bülletendə ola biləcəyinə inanmasını da inandırıcı hesab etmir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Lakin iş materialları ilə müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilməmiş, iddiaçı ümumiyyətlə müddətin bərpası barədə vəsatət verməmişdir. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Bundan başqa, Masallı Rayon Məhkəməsinin 2(050)-745/2023 saylı, 10 aprel 2023cü il tarixli qətnaməsindən görünür ki, məhkəmə iddia tələbinin rədd edilməsi nəticəsinə gələrkən yalnız iddia müddətinin ötürülməsini əsas götürməmiş, həmçinin cavabdeh Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov tərəfindən verilmiş 11 mart 2019-cu il tarixli, 242-K saylı əmrin qanuni və əsaslı olduğundan ləğv edilməsi üçün əsasların müəyyən edilmədiyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 2(050)-745/2023 saylı, 10 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-745/2023 saylı, 10 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-1148/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1148/2023
26.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver