Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1152/2023 29.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, iddiaçı X1, Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı mülkiyyətində olan Cəlilabad rayonu Sabirabad kəndində yerləşən 0,12 ha torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək ona qaytarılması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(073)-399/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(073)-399/2022 saylı qətnaməsi ilə (hakim Elxan Əmirəliyev) iddia təmin edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(073)-399/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir İŞİNHALLARİ: İddiaçı X4 Cavabdeh qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 11 aprel 2019-cu il tarixili **********92 reyestr nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan Cəlilabad rayonu Sabirabad kəndində yerləşən 0,12 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək ona qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad rayonu Sabirabad kəndində yaşayır. Onun xüsusi mülkiyyətində Cəlilabad rayonu Sabirabad kəndində cəmi 0,12 ha həyətyanı torpaq sahəsi var və həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 11 aprel 2019-cu il tarixdə **********92 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmaqla çıxarış verilmişdir. Lakin Cavabdeh onun mülkiyyətində olan həmin torpaq sahəsini zəbt edərək əkin işləri aparmışdır. O, həmin torpaq sahəsini əkmək istəyən zaman cavabdeh buna imkan verməmişdir. Hazırda cavabdeh onun torpaq sahəsində taxıl əkir. Dəfələrlə cavabdehə qanunsuz əməllərini dayandırması və torpağın qaytarılması barədə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəlilabad rayonu Sabirabad kəndi ərazisində ona və qardaşlarına məxsus həyətyanı torpaq sahəsini çəpərləməklə 30 (otuz) il müddətində qoruyub saxlamış, həmin çəpərin içində ailə üzvlərinin payı olmuşdur. Həmin torpaq sahəsinin kənar hissəsindən keçən su kanalından torpaq sahəsinə olan 25 metrlik mühafizə zolağı olmuş, torpaq sahəsi Sabirabad bələdiyyəsinin sədri tərəfindən iddiaçıya razılıqları və məlumatları olmadan satılmışdır. Həmin torpaq sahəsində uzun illər mərhum ataları yaşamışdır. Halbuki, torpağın ilkin sənədləri onlara məxsus olmuş və həmin sənədlər keçmiş bələdiyyə sədri onlardan alaraq iddiaçının xeyrinə sənədləşmə işlərini gizlincə aparmışdır. Bir müddətdən sonra məlum olmuşdur ki, torpaq sahəsinə iddiaçı çıxarış da almış, həmçinin iddiaçıya əsassız olaraq bu barədə plan və ölçü sənədi də verilmişdir. İddiaçının həmin torpaq sahəsinə çıxarış alması onların çoxsaylı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Həmçinin məhkəmənin iclaslarında iştirakı təmin edilməmiş, məhkəmə iclaslarının keçirilməsi barədə məlumatı olmamış, nəticədə də prosessual tərəf kimi hüquqları pozulmuşdur. Məhkəmə yalnız ümumi qaydada mülki işlərə baxılmasına dair ümumi tələbləri müəyyən edən prosessual normalara istinad etmişdir. Cavabdeh məhkəmədə apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsini 30 ildir ki, istifadə edir. Cəlilabad rayonu Sabirabad Bələdiyyəsi onun xəbəri olmadan mübahisəli torpaq sahəsini iddiaçıya satmışdır. Həmin torpaq sahəsindən uzun illər mərhum atası istifadə etmişdir. Həmin torpağın ilkin sənədləri onlarda olmuş və həmin sənədləri keçmiş bələdiyyə sədri alaraq iddiaçının xeyrinə sənədləşmə işlərini gizli aparmşdır. Bir müddət sonra məlum olmuşdur ki, iddiaçı həmin torpağa çıxarış alıb. Həmçinin iddiaçıya əsassız olaraq Plan və Ölçü sənədi də verilmişdir. İddiaçı həmin torpaq sahəsinə çıxarış alması onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İddiaçı X4 məhkəmədə apellyasiya şikayətini qəbul etmədiyini bildirmiş və izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsini Cəlilabad rayonu Sabirabad Bələdiyyəsindən alqı-satqı müqaviləsi əsasında almışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixdə, **********27 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Sabirabad kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi onun xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda həmin torpaq sahəsinə dair adına Plan və ölçü sənədi verilmişdir. Mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsi tam olaraq Cavabdeh tərəfindən istifadə edilir və torpaq sahəsi cavabdehin çəpəri daxilində yerləşir. Özü mübahisəli torpaq sahəsindən heç vaxt istifadə etməmişdir. Mübahisəli torpaq sahəsini alanda cavabdehin istifadəsində olduğunu bilməmişdir. İddiaçının vəkili X5 apellyasiya şikayətini qəbul etmədiyini bildirmiş və izahatında göstərmişdir ki, iddiaçı X4 işin hallarına uyğun izahat verdi və onun izahatına heç bir əlavəm yoxdur. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(073)-399/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli **********27 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu Sabirabad kəndində 0,12 hektar torpaq sahəsi X1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli A 633711 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Cəlilabad rayon Sabirabad kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair X1 adına tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 sentyabr 2022-ci il tarixli 10/5591 saylı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X1 tələb etdiyi torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli **********27 reyestr nömrəli çıxarışa əsasən iddiaçı X1 mülkiyyətində olan 0,12 ha həyətyanı topaq sahəsi olduğu müəyyən edilir. Həmin torpaq sahəsinin tam olaraq Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilir. Sözügedən torpaq sahəsi cavabdehin çəpəri daxilində yerləşməklə üzərində mərci bitkisinin əkildiyi müəyyən edilir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. TM-in 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən geri qaytarılmalıdır. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. TM-in 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Konstitusion və maddi hüquq normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. MM-in 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. MM-in 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Kollegiya nəzərə çatdırır ki, məhz mülkiyyətçi yuxarıda adıçəkilən maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, “vimdecere” sözündəndir və “zor tətbiq edəcəyini elan etmək” mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, Cavabdeh apellyasiya şikayətində istinad etdiyi formal və iş üzrə məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilməyən dəlillər iddiaçı X1 mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinin əsassız olması qənaətinə gəlməyə əsas vermir. Hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. Ekspert rəyi ilə müəyyən edilmiş hal qanunsuz zəbtdir və mötəbər sübutlarla da təsdiq olunur. Belə ki, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiya diqqqətə çatdırır ki, iş materiallarına əsasən torpağın ilkin sənədlərinin cavabdehə və onun ailə üzvlərinə məxsus olması barədə apellyasiya şikayətindəki dəlil üzrə qeyd edilməsi zəruridir ki, toplanmış sübutlara görə mübahisəli torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 noyabr 2020-ci il qeydiyyat tarixli çıxarışı əsasında Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətində olmuş, adıçəkilən bələdiyyə və iddiaçı X4 arasında bağlanmış 11 iyul 2021-ci il tarixli Alqı-satqı müqaviləsi əsasında qeyd edilən torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli **********27 reyestr nömrəli çıxarışla X1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə, məhkəmənin iclaslarında cavabdehin iştirakının təmin edilməməsi dəlili haqqında bildirilməlidir ki, Cavabdeh məhkəmə prosesləri ilə əlaqədar dəfələrlə məlumatlandırılmışdır. Habelə, MM-in 140-cı maddəsinin tələbinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(073)-399/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(073)-399/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1152/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1152/2023
29.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver