Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1154/2025 22.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(032)-1162/2025 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan Əli-Bayramlı şəhər X2 (Vöen: **********) Dövlət Sosial Müdafiə Fonduna 2882 manat 21 qəpik, işsizlikdən sığorta fonduna olan 116,18 manatt, icbari Tibbi Sığorta Fonduna olan 233,83 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Əli-Bayramlı şəhər X2 (Vöen: **********) Dövlət Sosial Müdafiə Fonduna 2882 manat 21 qəpik, işsizlikdən sığorta fonduna olan 116,18 manat, icbari Tibbi Sığorta Fonduna olan 233,83 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, **********129200 nömrəli, xx.xx.2025-ci il tarixli, **********560200 nömrəli, xx.xx.2025-ci il tarixli, **********377500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1162/2025 saylı qətnaməsi ilə (Hakim: Aydan Məmmədli) ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsinin rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, 5 saylı Ərazi Vergilər İdarəsi Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-178/2025 saylı qətnaməsi ilə razı deyil və hesab edir ki, sözügedən qətnamə aşağıdakı səbəblərdən əsassızdır və ləğv edilməlidir. Belə ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən işdə olan materiallar tam araşdırılmamış, yalnız Şirvan bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 03/74 saylı məktubu sübut qismində qiymətləndirilmiş, vergi orqanı tərəfindən təqdim edilmiş Maraqlı şəxs bələdiyyənin rəhbəri olması barədə, həmin bələdiyyənin aktiv fəaliyyət göstərməsi və ləğv olunmaması barədə sübutlara isə qiymət verilməmişdir. Şirvan bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 03/74 saylı məktubunda qeyd edilir ki, 25 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində Şirvan şəhəri üzrə (4.1. Hacıqəhrəmanlı və Şirvan bələdiyyələrinin əhatə etdiyi Şirvan şəhərində və Bayramlı, Hacıqəhrəmanlı qəsəbələrində Şirvan bələdiyyəsi) X1 şəhəri Şirvan bələdiyyəsinə birləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2024-cü il tarixli sərəncamına əsasən Hacıqəhrəmanlı bələdiyyəsi ilə Şirvan şəhəri Şirvan bələdiyyəsinin 12 sentyabr 2024-cü il tarixli, 21 saylı birləşmə protokolu hazırlanmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional Ədliyyə İdarəsinə təqdim olunmuşdur. Hal-hazırda aidiyyəti sənədlər ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunmuş, Hacıqəhrəmanlı Bələdiyyəsi ilə Şirvan şəhəri Şirvan bələdiyyəsinin birləşməsi prosesinin son mərhələdə olduğunu, Hacıqəhrəmanlı bələdiyyəsinə aid bütün uçot məlumatlarının Şirvan şəhər Şirvan bələdiyyəsinə köçürülməsi istiqamətində işlər gedir. Qeyd edilənlərdən göründüyü kimi, Hacıqəhrəmanlı bələdiyyəsi hələki ləğv edilməmişdir. Bələdiyyənin hazırki vəziyyəti aktiv olmaqla rəhbəri Maraqlı şəxsdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1162/2025 saylı qətnaməsini ləğv edərək, vergi ödəyicisi olan Əli Bayramlı şəhər Hacıqəhrəmanlı bələdiyyəsinin (Vöen: **********) İcbari Tibbi Sığorta Fonduna 233,83 manat, Dövlət Sosial Müdafiə Fonduna 2882,21 manat, İşsizlikdən sığorta fonduna 116,18 manat olmaqla, ümumilikdə, 3232,22 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər (təmsil olunmamışlar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə tərəflərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 28-ci maddəsinin İİİ və İV hissələrinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. 56.1-ci maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsində qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunmuşdur. 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1162/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1162/2025 saylı qətnaməsi ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi xüsusi icraat qaydasında məhkəməyə ərizə verərək, vergi ödəyicisi olan Əli-Bayramlı şəhər Hacı Qəhrəmanlı bələdiyyəsinin (Vöen: **********) Dövlət Sosial Müdafiə Fonduna 2882 manat 21 qəpik, İşsizlikdən Sığorta Fonduna olan 116,18 manat, İcbari Tibbi Sığorta Fonduna olan 233,83 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin ikinci və üçüncü hissələrinin və 2-ci maddəsinin 2-ci və 3-cü hissələrinin tələblərinə əsasən Şirvan şəhər Hacıqəhrəmanlı bələdiyyəsinin Şirvan şəhər Şirvan bələdiyyəsinə birləşdirilməsi məsələsinə Şirvan bələdiyyəsinin 12 sentyabr 2024-cü il tarixli, 21 saylı iclasında baxılmış, Şirvan şəhər Hacıqəhrəmanlı bələdiyyəsinin Şirvan bələdiyyəsinə birləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Hacıqəhrəmanlı bələdiyyəsi ilə Şirvan şəhəri Şirvan bələdiyyəsinin birləşməsi prosesinin son mərhələdə olduğunu, Hacıqəhrəmanlı bələdiyyəsinə aid bütün uçot məlumatlarının Şirvan şəhər Şirvan bələdiyyəsinə köçürülməsi istiqamətində işlər gedir. Maraqlı şəxs hazırda bələdiyyə sədri deyildir. Belə olan halda onun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırlıması Azərbaycan Respublkası MPM-nin 355-5.2-ci maddəsinə və Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə zidd olmaqla, əsaslı sayıla bilməz. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə müraciət edərək vergi borclarının ödənilməsini təmin etmək məqsədilə bələdiyyə sədrinin ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbi əsaslıdır. Lakin işdə olan Şirvan bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Qanununun 4.1-ci bəndinin məzmunundan görünür ki, Hacıqəhrəmanlı və Şirvan bələdiyyələrinin əhatə etdiyi Şirvan şəhərində və Bayramlı, Hacıqəhrəmanlı qəsəbələrində Şirvan bələdiyyəsi yaradılmışdır. Həmçinin Şirvan bələdiyyəsinin 12 sentyabr 2024-cü il tarixli, 21 saylı iclas protokolundan görünür ki, Şirvan şəhər Hacıqəhrəmanlı bələdiyyəsinin Şirvan bələdiyyəsinə birləşdirilməsi qərara alınmışdır. İş materialları ilə müəyyən olunmuşdur ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin ikinci və üçüncü hissələrinin və 2-ci maddəsinin 2-ci və 3-cü hissələrinin tələblərinə əsasən Şirvan şəhər Hacıqəhrəmanlı bələdiyyəsinin Şirvan şəhər Şirvan bələdiyyəsinə birləşdirilməsi məsələsinə Şirvan bələdiyyəsinin 12 sentyabr 2024-cü il tarixli, 21 saylı iclasında baxılmış, Şirvan şəhər Hacıqəhrəmanlı bələdiyyəsinin Şirvan bələdiyyəsinə birləşdirilməsi haqqında qərar qəbul edilmişdir. İddia tələbinin hüquqi əsası borcun ödənilməsi üçün konkret məsul şəxsə qarşı tədbir görülməsidir. Lakin bu halda borclu hüquqi şəxs Hacıqəhrəmanlı bələdiyyəsi olmaqla yanaşı, cavabdeh kimi göstərilmiş şəxs artıq həmin hüquqi şəxsi təmsil etmədiyindən, tərəflər arasında subyekt uyğunluğu mövcud deyil. Məhdudiyyət tədbirlərinin (ölkədən getmək hüququnun məhdudlaşdırılması kimi) tətbiqi yalnız o halda hüquqi və məqsədəuyğun sayılır ki, şəxs borcun ödənilməsinə birbaşa təsir edə bilsin və onun davranışları borcun ödənilməsindən yayınma məqsədi daşısın. Həmçinin qeyd edilməlidir ki, Hacıqəhrəmanlı bələdiyyəsi sonradan bələdiyyələrin birləşdirilməsi yolu ilə 12 sentyabr 2024-cü il tarixdə Şirvan bələdiyyəsinə birləşdirilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Maraqlı şəxs Şirvan bələdiyyəsində sədr müavini işləyir və 800 manat əmək haqqı alır. Beləliklə, Maraqlı şəxs artıq həmin bələdiyyənin sədri deyil, deməli: a) Onun vergi borcları ilə bağlı heç bir icra səlahiyyəti qalmayıb. b) Borcun ödənilməsi məsələsində onun hüquqi və maliyyə məsuliyyəti yoxdur. c) Vəzifədən ayrılmış şəxsin ölkədən çıxışının məhdudlaşdırılması, bu borcun ödənilməsinə real təsir göstərməyəcək, çünki artıq heç bir təsir və ya qərar vermə imkanı yoxdur. Qeyd edilməlidir ki, bələdiyyə hüquqi şəxsdir və öz öhdəliklərinə görə müstəqil cavabdehdir. Bələdiyyənin sədri yalnız idarəetməni həyata keçirir, lakin bələdiyyənin borclarına şəxsi məsuliyyət daşımır (əgər xüsusi qanun pozuntusu və ya korrupsiya halları sübut olunmayıbsa). Ölkədən çıxışa qoyulan məhdudiyyətin məqsədi borcun ödənilməsini təmin etməkdir. Lakin cavabdeh artıq səlahiyyətli şəxs olmadığından, belə bir tədbir nə borcun ödənilməsini sürətləndirəcək, nə də hüquqi məqsədə xidmət edəcək. Bu halda tədbir formal xarakter daşıyır və məqsədsiz təzyiq vasitəsinə çevrilir. Maraqlı şəxs artıq səlahiyyət sahibi deyil, o borcu nə ödəyə, nə də onun ödənilməsini təmin edə bilər. Bu halda məhdudiyyət tədbiri əsassız və qeyri-effektiv hesab olunur. Maraqlı şəxs rəhbər olmadığı təqdirdə onun konstitusion hüquqlarını məhdudlaşdırmaq, azadlıq və sərbəst hərəkət etmək hüququna maneə törətmək yolverilməzdir. Beləliklə, məhkəmə tərkibi diqqətə çatdırır ki, artıq Şirvan bələdiyyəsinin sədri başqa bir şəxsdir və Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması onun konstitusion hüquqlarının pozulmasına gətirib çıxara bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndində əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, faktiki rəhbərliyin dəyişdiyini təsdiq edən Şirvan bələdiyyəsinin protokolu iş materiallarında mövcuddur, bu həqiqi hüquqi vəziyyəti əks etdirir və məhkəmə də məhz həmin reallığı əsas götürməlidir. Dövlət reyestrində məlumatın yenilənməməsi bu reallığı dəyişmir və cavabdehin, yəni sabiq rəhbərin məsuliyyət daşıması üçün əsas ola bilməz. Maraqlı şəxs hazırda vəzifədə olmadığına görə onun məsuliyyəti artıq dayanmışdır, sadəcə vergi reyestrində məlumat yenilənməmişdir. Yalnız protokolda rəhbər olan şəxsin bu borca görə məsuliyyət daşıması mümkündür. Əgər iddia təmin olunarsa və Maraqlı şəxs (sabiq sədrin) ölkədən getmək hüququ məhdudlaşdırılsa, bu vəziyyət real borclu olan bələdiyyə sədrinin məsuliyyətdən yayınmasına şərait yaratmış olar. Bu zaman vergi borclarını ödəmək məsuliyyəti daşıyan real borclu şəxs heç bir hüquqi təzyiq və ya məsuliyyət hiss etmədən borcun ödənilməsini təxirə salacaq və ya tamamilə qarşısını almış olacaqdır. Beləliklə, əsl borclu şəxsin məsuliyyətsiz davranışı stimullaşdırılacaqdır. Ona görə də məhkəmə tərkibi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1162/2025 saylı qətnaməsi ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq məhkəmə tərkibi Qət etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-1162/2025 saylı qətnaməsi ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1154/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1154/2025
22.08.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver