Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1155/2023 29.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X5 və iddiaçının iştirakı ilə, Astara Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə köçürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 05 may 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə köçürülməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşinhalları Cavabdeh1 ilə İddiaçı 08 iyul 2012-ci il tarixdə faktiki, 03 mart 2014-cü ildən rəsmi nikahda olmuşlar. Birgə nikahdan iki uşaq- 27 aprel 2013-cü il təvəllüdlü Nigar və 14 may 2015-ci il təvəllüdlü Murad doğulmuşdur. Tərəflərin arasında olan nikah Astara Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, həmçinin azyaşlı uşaqların anaları- İddiaçı yanında qalmaları qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş uşaqları 27 aprel 2013-cü il təvəllüdlü X10 və 14 may 2015-ci il təvəllüdlü X11 ilə birlikdə Astara rayonu Burzubənd kəndində yerləşən qayınatası X1 istifadəsində olan torpaq sahəsində tikilmiş evə istifadə hüququ verilməklə köçürülməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1lə evləndikdən sonra qayınatası X1 istifadəsində olan torpaq sahəsində tikilmiş evdə yaşamışlar. 2021-ci ilin sentyabr ayında isə Cavabdeh1 valideyinlərinin təkidi ilə onu həmin evdən çıxarmışlar. Həmin evdə hazırda cavabdeh (qayını) Cavabdeh2 ailəsi ilə birlikdə yaşayır. O, məcbur olub, öz valideyinlərinə məxsus olan evdə yaşayır. Hazırda başqa bir yerdə yaşamağa yeri yoxdur. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, onların bir yerdə yaşamaları mümkün deyildir. Həm də iddiaçının mübahisəli evə hüququ yoxdur. Belə ki, iddia edilən fərdi yaşayış evi atasına məxsusdur və həmin evə iddiaçının heç bir aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsində Cavabdeh2 iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, qətnamədə fərdi yaşayış evi faktiki olaraq X4 məxsus olmağı qeyd etməklə, bələdiyyənin arayışının mötəbər sübut hesab edilməsi əsas kimi qiymətləndirmək olmaz. Belə ki, fərdi yaşayış evi X2 torpaq sahəsində deyil, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsində tikilmişdir. Torpaq sahəsinin mülkiyyətçiləri ilə bağlı sorğu verilməsi tələb edilsə də məhkəmə buna əhəmiyyət verməmişdir. Fərdi yaşayış evi X2 vəsaiti hesabına deyil, ər-arvad kimi birgə nikah dövründə əldə etdiyi vəsait hesabına həmin evi tikmiş, evin tikilməsində Ş.Aslanovun heç bir maddi köməkliyi olmamışdır. Evin yerləşdiyi torpaq sahəsi faktiki Ş.Aslanovun istifadəsində deyil və bu istiqamətdə araşdırma aparılsa qeyd edilənlər bir daha təsdiqini tapacaqdır. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında qeyd etmişdir ki, 10 ildi əziyyət çəkib torpaq alıb, ev tikdirmişdir. Evə dair sənədi olmadığı üçün köçürülmə tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq, bildirmişdir ki, maddi imkanı olmadığı üçün iştirak edə bilmir, məhkəmə iclasının onu iştirakı olmadan keçirilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı və Cavabdeh1 xx.xx.2014-cü ildən birgə nikahda olmuşlar. Birgə nikahdan 2 uşaq olmuşdur. Onların arasında olan nikah Astara Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırkı tələbində iddiaçı uşaqları ilə birlikdə Astara rayonu Burzubənd kəndində yerləşən qayınatası X1 istifadəsində olan torpaq sahəsində tikilmiş tikiliyə köçürülməsini xahiş etmişdir. Cavabdeh1 iddia edilən tikilinin və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin ona məxsus olmadığını, evin atasına məxsus olduğunu və həmin evə iddiaçının heç bir aidiyyətinin olmadığını bildirmişdir. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları bildirir: İddianın hüquqi dəyərləndirilməsi aparılarkən ilk növbədə yaşayış evinin hüquqi statusu və iddiaçının mübahisəli evə nə kimi hüquqlarının olduğunu müəyyən etmək zəruridir, belə ki, yaşayış sahəsinə köçürülmə şəxsin bu sahəyə nə kimi hüququnun olmasından asılıdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, köçürülməsini tələb etdiyi tikilini cavabdehlə birgə nikahda inşa etmişlər. Mübahisə edilən tikiliyə dair hüquq müəyyənedici sənəd yoxdur. Mübahisəli tikili mülkiyyət hüququ əsasında qeydiyyatdan keçməmişdir. İddiaçı tikili ilə əlaqədar hər hansı sənəd təqdim etməmişdir. İddiaçı tələbində qayınatasının istifadəsində olan tikiliyə köçürülməsini tələb etmişdir. Qeydə alınmamış evlər barəsində istifadə hüququnun tanınması (yaranması), həyata keçirilməsi və xitamı ilə bağlı mübahisələrin həlli qaydası mülki və mənzil qanunvericiliklərində nəzərdə tutulmamışdır. Lakin mübahisəni oxşar (analoji) münasibətləri tənzimləyən, yəni tərəflər arasında mülki hüquq münasibətlərinin əmələ gəldiyi dövrdə qüvvədə olan yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətləri tənzimləyən normalarına uyğun qaydada həll etmək mümkündür. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikasının Konstitusiyasının, eləcə də hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin ümumi müddəalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin göstərilən normalarına əsaslanaraq Kollegiya qeyd edir ki, mülkiyyətdə olan tikiliyə köçürülmək və istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə bağlanan yazılı razılaşma tələb olunur ki, hazırkı halda belə razılığın olması müəyyən edilmir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin, 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında hüquqi mövqeyinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Kollegiya hesab edir ki, iddiaçının tələbi üzrə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrini tətbiq etmək üçün əsas müəyyən edilmir. İddiaçı tələbində göstəmişdir ki, mübahisəli tikili qayınatasına məxsus (qayınatasının istifadəsində olan) torpaq sahəsində inşa edilmişdir. Birinci instansiya məhkəməsində Astara rayon Kijəbə bələdiyyəsinin verdiyi arayışa görə, Cavabdeh1 və İddiaçı birgə yaşadıqları fərdi yaşayış evi və istifadə etdiyi 0,86 ha torpaq sahəsi X3 adınadır. Astara rayon İcra hakimiyyəti başçısının Kijəbə qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, “Ev təsərrüfatlarının uçotu kitabı”nda Astara rayon Buzubənd kənd ərazisində X3 istifadəsində 0,006 ha həyətyanı sahə və 110 kv.m ölçüdə fərdi yaşayış evi qeydiyyatdan keçmişdir. Kollegiya qeyd edir ki, belə halda iddiaçının tikiliyə köçmək üçün hüquq yaranmır. İddiaçının tikilinin özü tərəfindən (ər-arvadın birgə vəsaiti hesabına) inşa edildiyini sübuta yetirdiyi halda və həmin tikili faktiki olaraq qayınatasına məxsus torpaq sahəsində qalarsa, iddiaçı torpaq sahəsinin mülkiyyətçisindən müvafiq kompensasiya tələb edə bilər. İddiaçı apellyasiya şikayətində, iddia ərizəsindən fərqli olaraq, ərinin mülkiyyətində olan torpaq sahəsində inşa edildiyini bildirmişdir. Lakin iddiaçı bu barədə hər-hansı sənəd təqdim etməmişdir. Birinci instansiya məhkəməsində sorğuya əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 20 aprel 2023-cü il tarixli cavab məktubundan görünür ki, X3 və Cavabdeh1 adlarına daşınmaz əmlak (fərdi yaşayış evi, mənzil) qeydə alınmamışdır. Kollegiya qeyd edir ki, mübahisəli tikilinin və ya onun yerləşdiyi torpaq sahəsi iddiaçının ərinin adına mülkiyyət kimi sonradan qeydə alınmış olduğu təqdirdə də iddiaçının tikiliyə hüququ yaranmır. İddiaçının tələb etdiyi qaydada «qanuni gözlənti hüququna» malik olduğu qənaətinə gəlmək üçün tikilinin yerləşdiyi torpaq sahəsinin ona və ya birgə nikah dövründə ərinə qanuni əsaslarla ayrıldığı müəyyən edilməlidir. Lakin işin hallarında bu fakt müəyyən edilmir. Göstərilənlər onu deməyə əsas verir ki, iddia əsassızdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin hallarını düzgün müəyyən etmiş, mahiyyətcə doğru qənaətə gəlmişdir. Beləliklə, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(018)-68/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1155/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1155/2023
29.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver