Məhkəmə qərarları › İş №2(106)-1159/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1159/2023

14.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1159/2023 14.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X5, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Sabirabad rayon Quruzma Bələdiyyəsinin Cavabdeh qarşı yolun və su kanalının açılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sabirabad rayon Quruzma Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt olunmuş, Quruzma Bələdiyyəsinin mülkiyyətinə aid yol və su arxının zəbtdən azad olunması, eləcə də həmin yolun başlanğıc tərəfində quraşdırılmış dəmir darvazanın cavabdehin hesabına götürülməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Qəzli kənd sakinləri X2 və X8 ƏMDX Şirvan Ərazi Şöbəsinə daxil olmuş müraciəti ilə əlaqədar bələdiyyə sədrinin, ƏMDX Şirvan Ərazi Şöbəsinin məsləhətçilərinin, müraciət müəlliflərinin və cavabdehin iştirakı ilə TEKUİS proqramından mübahisəli əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, baza xəritə məlumatlarında sözügedən yol və su arxı yaşayış məntəqələrinin torpaqları kimi qeyd olunaraq bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan obyekt olaraq göstərilmişdir. Həmin ərazi Qəzli kəndi üzrə həyətyanı sahələrin kompleks yerquruluşu planı üzrə ümumi istifadə olaraq qeyd edilmişdir. Faktiki olaraq cavabdeh tərəfindən həmin yolun başlanğıc tərəfində dəmir darvaza, axırında isə mişar daşı materialları ilə hörülmüş hasar inşa etməklə ərazi zəbt edilmişdir. Baxışın nəticəsinə dair müvafiq akt tərtib edilmişdir. Cavabdehə torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılması barədə bildiriş göndərilməsinə baxmayaraq görülmüş tədbirlər nəticə verməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbinə etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin (hakim N.Bağırov) 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Sabirabad rayonu, Qəzli kəndində qanunsuz sahibliyindəki ümumi istifadədə olan torpaq sahəsinin (yolun) üzərində yerləşən mübahisəli darvazanın onun öz hesabına sökülməsi vəzifəsi və ümumi istifadədə olan həmin torpaq sahəsinin (yolun) və su arxının açılması (ümumi istifadəyə qaytarılması) vəzifəsinin Cavabdeh üzərinə qoyulması, xx.xx.2022-ci il tarixli **********91 saylı mütəxəssis rəyinin hazırlanması ilə bağlı iddiaçı təşkilat Sabirabad rayon Quruzma Bələdiyyəsi tərəfindən ödənilmiş 95,00 (doxsan beş) AZN məbləğində pul vəsaiti Cavabdeh tutulub iddiaçı təşkilat Sabirabad rayon Quruzma Bələdiyyəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, cavabdehə məxsus fərdi yaşayış evi və iddia ərizəsində istinad edilən daş hasar və darvaza öz mülkiyyətində olan torpaq sahəsində tikilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə ekspert rəyi olmadan düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçı məhz cavabdehin mülkiyyətində olan torpaq sahəsini bələdiyyə mülkiyyəti kimi təqdim etmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirmişdir ki, tikili 1968-ci ildə inşa olunub. Heç kimə maneçiliyi yoxdur. Heç kimin də bununla bağlı şikayəti yoxdur. Bələdiyyə cavabdehlə ədavət aparır. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Kollegiya cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Quruzma Bələdiyyəsi, mülkiyyətində olan torpaq sahəsinin- ümumi yolun və su arxının cavabdeh tərəfindən qanunsuz zəbt edildiyini iddia etməklə yol və su arxının cavabdehin qanunsuz sahibliyindən azad olunması və cavabdeh tərəfindən quraşdırılmış dəmir darvazanın sökülməsini tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən, ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri və s. yaşayış məntəqələri torpaqlarının tərkibinə daxildir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İş üzrə müvafiq ekspert rəyi alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 13 saylı Ərazi İdarəsinin mütəxəssis arayışı əsasında verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 05 oktyabr 2023-ci il tarixli rəyinə görə: - iddiaçı Sabirabad rayon Quruzma Bələdiyyəsi tərəfindən boşaldılması tələb olunan Sabirabad rayonu Qəzli kəndində yerləşən mübahisəli torpaq sahəsi və götürülməsi tələb olunan darvazanın yerləşdiyi torpaq sahəsi İddiaçı mülkiyyətinə aiddir. İddiaçı Sabirabad rayon Quruzma Bələdiyyəsi tərəfindən boşaldılması tələb olunan Sabirabad rayonu Qəzli kəndində yerləşən mübahisəli torpaq sahəsi və götürülməsi tələb olunan darvazanın yerləşdiyi torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir. İddiaçı Sabirabad rayon Quruzma Bələdiyyəsi tərəfindən boşaldılması tələb olunan Sabirabad rayonu Qəzli kəndində yerləşən mübahisəli torpaq sahəsi və götürülməsi tələb olunan darvazanın yerləşdiyi torpaq sahəsi və su arxı Cavabdeh və ailə üzvlərinin istifadəsindədir. Kollegiya iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 05 oktyabr 2023-ci il tarixli, 10/6462 saylı rəyini sübut mənbəyi kimi qəbul edir. Beləliklə, təqdim edilmiş sübutlarla bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən cavabdehin faktiki istifadə etməsi müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, iddiaçı tərəf öz tələbini əsaslandıra və sübuta yetirə bilmişdir. Cavabdeh tərəf etirazında mübahisə edilən hasar və darvazanın öz mülkiyyətində olan torpaq sahəsində tikildiyini bildirsə də bu halı təsdiq edən hər hansı sübut yoxdur. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatına görə Cavabdeh 50 manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(056)-09/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatına görə Cavabdehdan 50 manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar