Məhkəmə qərarları › İş №2(106)-1162/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1162/2023

04.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1162/2023 04.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X4 ibarət tərkibdə, İmranov Orxan Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Məmmədova (Abbasova) Elmira Abbas qızı, Cavabdeh2, Cavabdeh3, Məmmədova (Ağayeva) Afaq Əli qızı, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “torpaq sahəsindən payın müəyyən olunması, cavabdehlərin torpaq sahəsindən çıxarılması, maddi və mənəvi zərərin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-207/2022 saylı, 25 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 18 oktyabr 2021-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən 0,1933 ha torpaq sahəsinə dair ona və övladlarına 2001-ci ildən 2021-ci ilədək, yəni 20 il ərzində çatası olan məhsulların və ya onun pul şəklində 5000 manat qiymətləndirilməklə dəyərinin cavabdehlər X5, Cavabdeh3, Cavabdeh2, X10, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mərhum X18 ilə 1997-ci il tarixdə toyu olmuş və Cəlilabad rayonu, Göytəpə şəhəri, 58 saylı evə 13 aprel 1997-ci il tarixində gəlin köçmüşdür. Onlar nikahlarını bir müddət keçdikdən sonra – 11 aprel 2000-ci ildə rəsmiləşdirmişlər. Onların ailə həyatı dövründə 3 övladı dünyaya gəlmişdir. X19 1998-ci ildə doğulmuş və 12 oktyabr 1999-cu ildə vəfat etmişdir. 05 avqust 1999-cu ildə X13 və 09 noyabr 2000-ci ildə X7 anadan olmuşdur. Mərhum həyat yoldaşı X18 19 iyul 2002-ci ildə vəfat etmişdir. İddiaçının iki övladı X13 və X7 2-ci Vətən müharibəsinin iştirakçılarıdır. Qubadlı rayonunun, Füzuli rayonunun və Şuşa şəhərinin düşməndən azad olunması uğrunda göstərdikləri cəsarətə görə cənab Prezident tərəfindən “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşlar. Hal-hazırda hərbi xidmətlərini layiqincə davam etdirirlər. İddiaçının mərhum qaynatası X22 ailə üzvləri ilə birgə Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsi tərəfindən Torpağa mülkiyyət hüququna dair JN-482 nömrəli Dövlət aktı verilmişdir. Mərhum həyat yoldaşı X14 və iddiaçıya düşən pay 0,1933 ha təşkil edir. Lakin cavabdehlər X15, Cavabdeh3, Cavabdeh2, X23, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 onların mülkiyyətində olan torpaq sahəsini 2001-ci ildən bugünədək qanunsuz və əsassız olaraq zəbt etməklə əkin-biçin aparırlar. Həmin torpaq sahəsindən gələn gəlirləri və məhsulları qanunsuz olaraq əldə edirlər. Dövlət tərəfindən fiziki və hüquqi şəxslərə kənd təsərrüfatının inkişafı məqsədilə ayrılmış maddi yardımları və verilən məhsulları mənimsəyirlər. Həmçinin, həmin torpaq sahəsindən əldə edilən gəlirləri özləri alaraq iddiaçıya və övladlarına çatası 5000 manat pul mənfəətindən və məhsullardan onları məhrum edirlər. Bu əsaslara göz yuman Cəlilabad rayon Göytəpə şəhər bələdiyyəsinin sədri İlqar Həsənov və bələdiyyə üzvü (cavabdehlərin qohumu) Nazim müəllimdir. Neçə illərdir ki, iddiaçıya çatası məhsula dair cavabdehlər öz adlarına qanunsuz olaraq "xxxx" ASC-dən kart düzəltdirib pul alırlar, həmçinin dövlət tərəfindən hüquqi və fiziki şəxslərə verilən məhsullardan faydalanırlar. Məmurlar məhsul və pul mənfəətini vətəndaşa verərək torpaq mülkiyyətçilərinin ərizəsinin və ya onların razılığının alınması ilə bağlı işlər görməli olduğu halda, təəssüf ki, bu vəzifələri düzgün yerinə yetirmirlər. Halbuki, 0,1933 ha torpaq sahəsinə dair iddiaçıya və övladlarına 20 il ərzində çatası olan məhsul və ya pul cavabdehlər tərəfindən mənimsənilmişdir. Dəfələrlə cavabdehlərdən tələb etsə də, cavabdehlər ona rədd cavabı verərək bildirmişlər ki, ona çatası pul və məhsul yoxdur. İddiaçı qanunları bilmədiyi üçün və çəkdiyi çətinliklərə görə pulun və məhsulların alınması ilə bağlı iddia qaldıra bilməmişdir. Hal-hazırda həmin torpaq sahəsi Cavabdeh2 tərəfindən zəbt edilmiş və torpaq sahəsindən gələn gəlirləri qanunsuz olaraq mənimsəmişdir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən şəxsi mülkiyyət dövlət tərəfindən qorunur və vətəndaşların hüquq və azadlıqları qanunla qorunur. İddiaçı məhkəmə tərəfindən qanuni haqqı olan məhsulların və ya onların dəyərinin 5000 manat hesablanmaqla pul şəklində cavabdehlərdən alınaraq ona verilməsinə ümid edir. Sonradan iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN-482 nömrəli Dövlət aktında göstərilən mərhum həyat yoldaşı X14 və iddiaçıya düşən pay olan 0,1933 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması və 1997-ci ildən 2021-ci ilədək, yəni 24 il ərzində istifadə etdiklərinə görə 7680 manat maddi ziyanın, dövlət tərəfindən edilən köməkliyə görə 2400 manat əldən çıxmış faydanın, 2000 manat mənəvi ziyanın və məhkəmə üçün ödənilən 30 manat dövlət rüsumunun cavabdehlər X5, Cavabdeh3, Cavabdeh2, X10, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onun mərhum X18 ilə 1997-ci il tarixdə toyu olmuş və Cəlilabad rayonu, Göytəpə şəhəri, 58 saylı evə 13 aprel 1997-ci il tarixində gəlin köçmüşdür. Onlar nikahlarını bir müddət keçdikdən sonra – 11 aprel 2000-ci ildə rəsmiləşdirmişlər. Onların ailə həyatı dövründə 3 övladı dünyaya gəlmişdir. X19 1998-ci ildə doğulmuş və 12 oktyabr 1999-cu ildə vəfat etmişdir. 05 avqust 1999-cu ildə X13 və 09 noyabr 2000-ci ildə X7 anadan olmuşdur. Mərhum həyat yoldaşı X18 19 iyul 2002-ci ildə vəfat etmişdir. İddiaçının iki övladı X13 və X7 2-ci Vətən müharibəsinin iştirakçılarıdır. Qubadlı rayonunun, Füzuli rayonunun və Şuşa şəhərinin düşməndən azad olunması uğrunda göstərdikləri cəsarətə görə cənab Prezident tərəfindən “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşlar. Hal-hazırda hərbi xidmətlərini başa vurub iddiaçının himayəsində yaşayırlar. İddiaçının mərhum qaynatası X22 ailə üzvləri ilə birgə Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsi tərəfindən Torpağa mülkiyyət hüququna dair JN-482 nömrəli Dövlət aktı verilmişdir. Mərhum həyat yoldaşı X14 və iddiaçıya düşən pay 0,1933 ha təşkil edir. Lakin cavabdehlər X15, Cavabdeh3, Cavabdeh2, X23, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 onların mülkiyyətində olan torpaq sahəsini 1997-ci ildən bugünədək qanunsuz və əsassız olaraq zəbt etməklə əkin-biçin aparırlar. Həmin torpaq sahəsindən gələn gəlirləri və məhsulları qanunsuz olaraq əldə edirlər. Dövlət tərəfindən fiziki və hüquqi şəxslərə kənd təsərrüfatının inkişafı məqsədilə ayrılmış maddi yardımları və verilən məhsulları mənimsəyirlər. Həmçinin, həmin torpaq sahəsində əldə olunan gəliri özləri alaraq iddiaçıya və övladlarına çatan 24 il müddətində ikinci kateqoriyalı torpaqda buğda əkərək 31 sentner məhsul əldə edirlər. Bu da 1 hektara 3 ton 100 kiloqram buğda deməkdir. Bir ildə iddiaçıya məxsus 0,1933 ha torpaq sahəsində buğda kimi nəzərdə tutulan məhsulun çəkisi 589 kiloqram civarında olmuşdur. 24 il müddətində iddiaçıya məxsus olan torpaq sahəsindən 14 ton 136 kiloqram buğda məhsulu əldə olunmuşdur. Onun da bazar qiyməti ilə hesablandıqda buğdanın 1 kiloqramı 50 qəpik təşkil edir. Demək olar ki, 24 il ərzində cavabdehlər 7680 manat iddiaçıya məxsus olan pay torpağından əldə olunan gəliri mənimsəmiş və ona verməmişlər. Eyni zamanda, dövlət tərəfindən kənd təsərrüfatı torpaqlarının münbitləşdirilməsi üçün gübrə xərclərini və torpağın şum xərclərinin ödənilməsi üçün pulları da mənimsəmişlər. Bu əsaslara göz yuman Cəlilabad rayon Göytəpə şəhər bələdiyyəsinin sədri İlqar Həsənov və bələdiyyə üzvü cavabdehlərin qohumu Nazim müəllimdir. Neçə illərdir ki, iddiaçıya çatası məhsula dair cavabdehlərə öz adlarına qanunsuz olaraq "xxxx" ASC-dən kart düzəltdirib pulları alırlar, həmçinin dövlət tərəfindən hüquqi və fiziki şəxslərə verilən məhsullardan faydalanırlar. Halbuki, 0,1933 ha torpaq sahəsinə dair iddiaçıya və övladlarına 24 il ərzində çatası olan məhsul və ya pul cavabdehlər tərəfindən mənimsənilmişdir. Dəfələrlə cavabdehlərdən tələb etsə də, ona rədd cavabı verərək bildirmişlər ki, ona çatası pul və məhsul yoxdur. İddiaçı qanunları bilmədiyi üçün və çəkdiyi çətinliklərə görə pulu və torpaq sahəsi zəbt edilərək ondan gələn gəlirləri cavabdehlər tərəfindən qanunsuz olaraq mənimsənilmişdir. İddiaçı sonradan Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə uyğun olaraq iddianın həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, əvvəlki tələbləri ilə eyni zamanda JN-482 nömrəli Dövlət aktına əsasən Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən 0,65 ha torpaq sahəsindən iddiaçıya və mərhum əri X14 düşən payın müəyyən edilməsini xahiş edir. Cəlilabad Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(073)-207/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Qalib Paşayev) iddia qismən təmin edilmiş, JN-482 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı payının 1/7 hissədə və iddiaçının mərhum əri X11 payının 1/7 hissədə müəyyən edilməsi, cavabdehlərdən 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(073)-207/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, o, birinci instansiya məhkəməsinə sübutlar təqdim etsə də, işə baxan hakim sübutlara tam və hərtərəfli qiymət verməmiş, birtərəfli qaydada işi apararaq ziyanına qərar qəbul etmişdir. İşə baxan hakim işin hallarını araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən görünür ki, o, qətnaməni iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə - iddia tələbinin təmin edilməmiş hissəsində yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Vİİ-JQ 399313 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 və İddiaçı 11 aprel 2000-ci ildə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşdəki AZ 119905 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 19 iyul 2002-ci ildə ölmüşdür. İşdə surəti olan Cəlilabad Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(073)- 44/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iş üzrə miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmiş, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X13 və X7 vərəsə kimi tanınmış, miras əmlakının yerləşdiyi Cəlilabad rayonu, Göytəpə şəhəri mirasın açıldığı yer müəyyən edilmiş və miras İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X13 və X7 tərəfindən qəbul edilmiş sayılmış, Cəlilabad rayonu, Göytəpə şəhəri 58 ünvanında yerləşən ümumi sahəsi 226,4 kv.metr olan yaşayış evindən və həmin evin 65,7 kv.metr xidməti sahəsindən mərhumun mirası qəbul etmiş, lakin öz adına rəsmiləşdirmədən 19 iyul 2002-ci il tarixdə vəfat etmiş oğlu X14 çatmalı olan 1/8 hissədən onun vərəsələri həyat yoldaşı İddiaçı 1/32 hissədə, oğlu X9 1/32 hissədə, oğlu X2 1/32 hissədə (irsi transmissiya qaydasında) mülkiyyətə pay hüququ müəyyən edilmiş, fərdi yaşayış evinin yerləşdiyi 0,1049 ha həyətyanı torpaq sahəsindən mirası qəbul etmiş, lakin öz adına rəsmiləşdirmədən 19 iyul 2002-ci il tarixdə vəfat etmiş oğlu X14 çatmalı olan ¼ hissədən vərəsələri həyat yoldaşı İddiaçı 1/16 hissədə, oğlu X9 1/16 hissədə, oğlu X2 1/16 hissədə (irsi transmissiya qaydasında) mülkiyyətə pay hüququ müəyyən edilmiş, Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən kənd təsərrüfatı təyinatlı 0,65 ha torpaq sahəsindən mirası qəbul etmiş, lakin öz adına rəsmiləşdirmədən 19 iyul 2002-ci il tarixdə vəfat etmiş oğlu X14 çatmalı olan ¼ hissədən vərəsələri həyat yoldaşı İddiaçı 1/16 hissədə, oğlu X9 1/16 hissədə, oğlu X2 1/16 hissədə (irsi transmissiya qaydasında) mülkiyyətə pay hüququ müəyyən edilmiş, həmçinin 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhum X14 məxsus olan paya onun vərəsələri həyat yoldaşı İddiaçı ¼ hissədə, oğlu X9 ¼ hissədə, oğlu X2 ¼ hissədə mülkiyyətə pay hüququ müəyyən edilmişdir. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2(106)-2621/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, cavabdehlər X12 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(073)-44/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər X8 və qeyrilərinə qarşı miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi, mərhum qaynatası X16 miras qalmış Cəlilabad rayonu, Göytəpə şəhəri, H.Aslanov küçəsi, ev 58-də yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1982-ci ildə tikilmiş zirzəmisi olan bir mərtəbəli yeddi otaqlı fərdi yaşayış evinə, köməkçi tikililərə, həmçinin 0,09 hektar pay torpaq sahəsinə qanun üzrə vərəsə kimi tanınması, həmin daşınmaz əmlakdan mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılması yerinin müəyyən edilməsi və qaynatasından həyat yoldaşının varisi kimi miras qalmış əmlaklardan ona düşən payın müəyyən edilərək bölünməsi barədə iddia tələbi təmin edilməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X13 və X1 cavabdehlər X8 və qeyrilərinə qarşı miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi, mərhum babaları X16 miras qalmış Cəlilabad rayonu, Göytəpə şəhəri, H.Aslanov küçəsi, ev 58-də yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1982-ci ildə tikilmiş zirzəmisi olan bir mərtəbəli, yeddi otaqlı fərdi yaşayış evinə, köməkçi tikililərə, həmçinin 0,65 hektar pay torpaq sahəsinə qanun üzrə vərəsə kimi tanınması, həmin daşınmaz əmlakdan mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılması yerinin müəyyən edilməsi və babalarından atalarının varisləri kimi miras qalmış əmlaklardan onlara düşən payın müəyyən edilərək bölünməsi barədə iddia tələbi təmin edilməmişdir. Hazırkı iş üzrə iddiaçının tələbi aşağıdakı hissələrdən ibarətdir: 1) Torpağa mülkiyyət hüququna dair JN-482 nömrəli Dövlət aktında göstərilən mərhum həyat yoldaşı X14 və ona düşən pay olan 0,1933 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması; 2) 1997-ci ildən 2021-ci ilədək, yəni 24 il ərzində istifadə etdiklərinə görə 7680 manat maddi ziyanın, dövlət tərəfindən edilən köməkliyə görə 2400 manat əldən çıxmış faydanın, 2000 manat mənəvi ziyanın və məhkəmə üçün ödənilən 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi; 3) JN-482 nömrəli Dövlət aktına əsasən Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən 0,65 ha torpaq sahəsindən ona və mərhum əri X14 düşən payın müəyyən edilməsi. Birinci instansiya məhkəməsi isə iddianı qismən təmin etmiş, JN-482 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçının payı 1/7 hissədə və iddiaçının mərhum əri X11 payı 1/7 hissədə müəyyən edilmiş, cavabdehlərdən 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin edilməmiş hissələrində mübahisələndirmişdir. Məhkəmə kollegiyası ilk öncə iddia tələbinin Torpağa mülkiyyət hüququna dair JN- 482 nömrəli Dövlət aktında göstərilən mərhum həyat yoldaşı X14 və iddiaçıya düşən pay olan 0,1933 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması ilə bağlı hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır: İşdəki Torpağa mülkiyyət hüququna dair JN-482, kod 80602004 nömrəli Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999cu il tarixli, 03 saylı qərarı ilə Cəlilabad rayonunun Göytəpə kəndində cizgidə göstərilən sərhəd daxilində yerləşən 0,65 hektar torpaq sahəsi X20 və onun ailə üzvləri X6, Cavabdeh7, Cavabdeh2, X3, X11 və İddiaçı mülkiyyətinə verilmişdir. Göründüyü kimi, Cəlilabad rayonu, Göytəpə kəndində yerləşən mübahisəli 0,65 hektar torpaq sahəsi üzərində 7 nəfərin ümumi mülkiyyət hüququ tanınmışdır. Hazırkı iş üzrə qəbul edilmiş qətnamə ilə iddiaçının və onun mərhum əri Rizvan Məmmədovun mübahisəli torpaq sahəsi üzərində 1/7 hissədə pay hüququ tanınmış olsa da, onların payına aid olan hissənin 0,65 hektar torpaq sahəsinin hansı hissəsini əhatə etməsi müəyyən edilməmiş, paylar naturada müəyyən edilməmiş və naturada bölünərək ayrılıb mülkiyyətçilərə, eləcə də, iddiaçıya təhvil verilməmişdir. Belə olan halda iddiaçının mübahisəli torpaq sahəsinin hansı 0,1933 ha hissəsindən cavabdehlərin çıxarılmasını tələb etməsi qeyri-müəyyən olaraq qalır. Bununla yanaşı, məhkəmə kollegiyası bildirir ki, İddiaçı torpaq sahəsinin həmmülkiyyətçilərindən olan mərhum Rizvan Məmmədovun arvadı olsa da, ona məxsus miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsinə dair hər hansı sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. MM-in 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz(Konstitusiya Məhkəməsi PlenumununM.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi iddia tələbini Torpağa mülkiyyət hüququna dair JN-482 nömrəli Dövlət aktında göstərilən mərhum həyat yoldaşı X14 və iddiaçıya düşən pay olan 0,1933 ha torpaq sahəsindən cavabdehlərin çıxarılmasına dair hissədə təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin 1997-ci ildən 2021-ci ilədək, yəni 24 il ərzində istifadə etdiklərinə görə 7680 manat maddi ziyanın, dövlət tərəfindən edilən köməkliyə görə 2400 manat əldən çıxmış faydanın, 2000 manat mənəvi ziyanın cavabdehlərdən alınıb iddiaçıya verilməsinə dair hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas təşkil edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüuqunu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tələb olunan məbləğdə ona zərərin vurulmasını və zərərin məhz cavabdehlər tərəfindən vurulmasını sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları təsdiq edən sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmişdir. İş materiallarından da görünür ki, iddiaçı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə zərər ilə bağlı hissədə iddia tələbinin təmin olunması üçün əsas olan halları təsdiq edən mötəbər sübutları təqdim etməmiş, ona dəydiyini iddia etdiyi zərərin mövcudluğunu və məhz cavabdehlər tərəfindən vurulması faktını sübut edə bilməmişdir. İddiaçı ona dəydiyini iddia etdiyi zərərin cavabdehlər tərəfindən vurulması faktını sübut edə bilməməklə yanaşı, ona dəymiş zərərin məbləği ilə bağlı da hər hansı mötəbər sübut təqdim edə bilməmiş, sadəcə X28 İnkişaf Mərkəzinin və "xxxx" ASC-nin məktublarını təqdim etmişdir. İşdəki Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X28 İnkişaf Mərkəzinin 24 dekabr 2021-ci il tarixli, 169 nömrəli məktubunda qeyd olunmuşdur ki, Masallı rayonu ərazisində 2-ci kateqoriyalı torpağın hər hektarında buğda bitkisinin orta məhsuldarlığı 2021-ci ilin əkin mövsümündə 31 sentner olmuşdur. Cari ildə buğdanın 1 kiloqramının orta bazar qiyməti 0,45 manat olmuşdur. İşdəki "xxxx" ASC-nin 21 dekabr 2021-ci il tarixli, 51 nömrəli məktubunda qeyd olunmuşdur ki, hal-hazırda bazarda buğdanın 1 kiloqramı 50 qəpik civarındadır. Göründüyü kimi, qeyd edilən məktublar sadəcə olaraq 2021-ci il tarixində buğdanın orta bazar qiyməti və əkin mövsümündə orta məhsuldarlıq göstəricisi ilə bağlı olmuşdur. Halbuki, iddiaçı 1997-ci ildən 2021-ci ilədək olan dövrdə ona zərərin vurulduğunu bildirmişdir. Lakin qeyd edilən məktublar iddiaçıya vurulduğunu iddia etdiyi zərərin məbləğinin və həmin məbləğdə zərərin məhz cavabdehlər tərəfindən vurulması faktını təsdiq etmir. Bu zaman həm də nəzərə alınmalıdır ki, iddiaçının ümumi mülkiyyətdə olan torpaq sahəsindən istifadə edərək gəlir götürdüklərini bildirdiyi şəxslər torpaq sahəsinin digər mülkiyyətçiləri və onların ailə üzvləridir. Odur ki, torpaq sahəsi üzərində paylar müəyyən edilərək naturada ayrılmadığından da cavabdehlər hazırkı iş üzrə iddiaçının payına münasibətdə vicdansız sahib kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, iddiaçı 1997-ci ildən etibarən ona zərərin vurulmağa başlandığını qeyd etsə də, mübahisəli torpaq sahəsi Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli qərarı ilə onun mülkiyyətinə verilmişdir. Qeyd edilən hallar iddia tələbinin 1997-ci ildən 2021-ci ilədək, yəni 24 il ərzində torpaq sahəsindən istifadə etdiklərinə görə 7680 manat maddi ziyanın və dövlət tərəfindən edilən köməkliyə görə 2400 manat əldən çıxmış faydanın cavabdehlərdən alınıb iddiaçıya verilməsinə dair hissədə əsassızdır və birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Bundan başqa, iddiaçı ona 2000 manat məbləğində mənəvi zərər dəydiyini iddia edərək, həmin məbləğdə mənəvi zərərin əvəzinin də cavabdehlərdən alınıb ona verilməsini tələb etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında həm də qeyd edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Lakin iddiaçı mənəvi sarsıntının və iztirablara məruz qalmasının nədə ifadə olunmasını və hansı mənəvi sarsıntı və iztirablar keçirməsini ümumiyyətlə əsaslandırmamış, bununla bağlı hər hansı dəlil və ya sübut təqdim etməmişdir. Həmçinin, iş materialları ilə də cavabdehlərin təqsiri və onların iddiaçıya qarşı mənəvi zərərin mövcudluğuna gətirib çıxara biləcək hər hansı hərəkət etmələri müəyyən edilmir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini mənəvi zərər ilə bağlı hissədə də rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayətində qeyd edilmiş formal mülahizələr Cəlilabad Rayon Məhkəməsinin 2(073)-207/2022 saylı, 25 fevral 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, onları düzgün tətbiq etmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-207/2022 saylı, 25 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-207/2022 saylı, 25 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar