Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1165/2024 18.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, X8 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh2 və cavabdehlərin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ləyaqətsiz vərəsə elan edilməklə məcburi pay almaq və qanun üzrə vərəsəlik hüquqlarından məhrum edilmə tələbinə dair mülki iş üzrə Nefçala Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(053)- 99/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, övladları Cavabdeh1 və Cavabdeh2 ləyaqətsiz vərəsə elan edilməklə məcburi pay almaq və qanun üzrə vərəsəlik hüquqlarından məhrum edilmələrini xahiş etmişdir. İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, X4 ilə nikah münasibətlərindən iki övladları - Cavabdeh1 və Cavabdeh2 doğulmuşdur. X1 ilə münasibətlərinin gərginləşdiyi dövrdə və xüsusən onunla nikahlarının pozulmasından sonra övladları ona qarşı olduqca hörmətsiz münasibət bəsləmişdir. Bu münasibət adıçəkilən şəxslərin birlikdə ona qarşı xarici görünüşündə iz qoyacaq səviyyədə fiziki zorakılıqlarında, müxtəlif sosial şəbəkələrdə onu təhqir etmələrində, ona qarşı mütəmadi olaraq müxtəlif əmlak xarakterli iddia qaldırmalarında və həmin iddia tələbləri üzrə keçirilmiş məhkəmə iclaslarında nümayişkaranə aşağılayıcı davranışlarında ifadə olunur. Beləcə, onlar bu davranışları ilə Azərbaycan xalqının çoxəsrlik mental dəyərləri ilə formalaşmış adət normalarına və Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin V bəndi ilə müəyyən edilmiş vəzifələrinə zidd hərəkət etmişlər. Övladları ona qarşı münasibətdə qeyri-səmimidir, onu və qazancını yalnız zəhmətsiz varlanma mənbəyi kimi görürlər. Yuxarıda göstərilən halların törətdiyi münasibətlərin faktiki tərəfləri Neftçala Rayon Məhkəməsinin icraatında olmuş işlərlə bağlı tədqiq edilmiş digər materiallarla təsdiq edilir. Nefçala Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(053)-99/2024 saylı qətnaməsi ilə (hakim Samir Quliyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, iddia tələbində qeyd edilmiş hallar işin məhkəmə baxışı zamanı iddiaçı tərəfindən heç bir mötəbər sübutla öz təsdiqini tapmamış və cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilmələri, iddiaçıya məxsus əmlakdan gələcəkdə məcburi pay almaq və qanun üzrə vərəsəlik hüquqlarından məhrum edilmələri üçün heç bir qanuni əsas yoxdur. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş sübutlarla övladlarının onu təhqir etmələri, öz övladlıq vəzifələrini icra etməyəcəklərini aşkar bəyan edərək onu bu yolla cəzalandıracaqlarını bildirmələri, eyni zamanda ona qarşı fiziki zorakılıqları məhkəmə tərəfindən “digər əxlaqsız hərəkətlər” koteqoriyasına aid edilməmiş, iddia ərizəsinin bu istiqamətdə olan dəlillərinə, ümumiyyətlə, münasibət bildirilməmişdir. Cavabdehlərin əxlaqsız hərəkətləri və bununla da ona məxsus əmlak üzərində sərbəst iradənin həyata keçirilməsinə maneçilik törətmələri tərəfindən təqdim edilən sübutlarla öz təsdiqini tapsa da, birinci instansiya məhkəməsi göstərilənlərin əksinə “qət etdiyi” nəticəni heç bir əks-arqumentlə şərtləndirməmişdir. İşin məhkəmə baxışı zamanı cavabdehlər iddia tələbinin nəticələrindən özlərini qorumaq məqsədilə ona bir valideyn kimi daim hörmət bəslədiklərini, ona qarşı heç vaxt nalayiq ifadələr işlətmədiklərini və zorakılıq etmədiklərini bildirmişlər. Lakin iş materialları ilə oğlu Ülvinin üzərində zor tətbiq edərək onu döyməsi, eyni zamanda tərəfindən məhkəməyə təqdim edilmiş, övladlarının şəxsinə ünvanladıqları səs yazılarında onu vulqar ifadələrlə təhqir etmələri öz əksini tapır. Cavabdehlərin nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək iddia ərizəsinin və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında bildirmişdir ki, atası Aydın heç vaxt anası Təranə və qardaşı Ülvi tərəfindən döyülməmişdir. Atası anasının üstünə dəmirlə hücum edərkən qardaşı onu dayandıraraq itələmişdir. İşlə bağlı məhkəmə prosesi olmuş, tərəflər arasında barışıq əldə olunduğu üçün iş üzrə icraata xitam verilmişdir. Atası onunla maraqlanmır, nişanına belə gəlməmişdir İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, oğlu Ülvi tərəfindən döyülərkən qızı Mələk orda olmamışdır. Onun ailəsinin dağılmasına səbəb əvvəlki arvadı Təranə və qızı Mələk olmuşdur. Qızı əxlaqsızlığı ilə onu biyabır etsə də, onun haqqında hər hansı dövlət qurumuna müraciət etməmiş və barəsində heç bir material araşdırılmamışdır. Cavabdehlərin nümayəndəsi Vəkil məhkəmə iclasında bildirmişdir ki, tərəflər arasında mövcud olmuş bütün mübahisələr üzrə cinayət işinin başlanması rədd edilmişdir. Ülvi atasını döyməmiş, sadəcə anasının atası tərəfindən döyülməsinin qarşısını almışdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Nefçala Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(053)-99/2024 saylı qətnaməsi iddia tələbinin Cavabdeh1 atası İddiaçı məxsus əmlakdan gələcəkdə məcburi pay almaq hüququndan məhrum edilməsinin təmin edilməməsi hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İŞİNHALLARİ: Sübutlar: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 yanvar 2021-ci il tarixli qərardan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə şikayət ərizəsi ilə Neftçala rayon polis şöbəsinə (RPŞ) müraciət edərək həmin tarixdə saat 15:00 radələrində yaşadığı evdə oğlu Ülvi və arvadı Təranənin onu döyərək xəsarət yetirdiyini bildirmiş, eyni zamanda Təranə xx.xx.2021-ci il tarixdə şikayət ərizəsi ilə Neftçala RPŞ-yə müraciət edərək həmin tarixdə saat 15:00 radələrində yaşadığı evin həyətində əri Aydının dəmir parçası və yumruqla onu döyüb xəsarət yetirdiyini bildirmişdir. Bundan əlavə, həmin ünvanda yaşayan Ülvi xx.xx.2021-ci il tarixdə şikayət ərizəsi ilə Neftçala RPŞ-yə müraciət edərək göstərmişdir ki, həmin tarixdə saat 15:00 radələrində yaşadığı evin həyətində atası Aydın onun boğazını cırmaqlamış və yumruqla vuraraq onu döymüşdür. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 may 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə Neftçala RPŞ-yə daxil olmuş, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsində göstərilmişdir ki, Ülvinin xx.xx.2023-cü il tarixdə ona zəng edərək onu ölümlə hədələməsi və oğlunun narkotik aludəçisi olmasından şübhələndiyini, oğlunun sidiyindən və qanından narkotik aludəçisi olubolmaması barədə analizlərin götürülməsini istəmişdir. Həmin qərardan görünür ki, Aydının xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə Neftçala RPŞ-yə ünvanladığı ərizə əsasında toplanmış HK-1/378 nömrəli material üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (CPM) 39.1.2-ci maddəsinə əsasən Ülvinin haqqında cinayət işinin başlanması rədd edilmiş, Aydına Ülvi tərəfindən təhqir olunması ilə bağlı şərəf və ləyaqətinin müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi, Ülvinin Aydına qarşı hər hansı bir xoşagəlməz hərəkətlərin etməsinin qarşısının alınması məqsədilə müvafiq təlimata əsasən “profilaktiki nəzarətin” gücləndirilməsindən ötrü qəbul edilmiş qərarın surəti Neftçala RPŞ İTB-yə göndərilməsi qərara alınmışdır. Nefçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X2 İddiaçı qarşı Neftçala şəhəri Yalçın Hacıyev küçəsi 50 nömrəli mənzilə köçürülmə tələbinə dair iddiası qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Nefçala Rayon Məhkəməsinin adıçəkilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Habelə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 yanvar 2021-ci il tarixli qərardan görünür ki, HK-1/25 saylı material üzrə İddiaçı və Cavabdeh1 əməllərində cinayət tərkibi olmadığı üçün CPM-in 39.1.2-ci maddəsinə əsasən onların barəsində cinayət işinin başlanması rədd edilmiş və əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsinin tərkibi olduğundan onların həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilmələrindən ötrü qərarın surəti Neftçala RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmış, X2 İddiaçı döyməsi, ona xəsarət yetirməsi və ya digər zorakılıq hərəkətləri etməsi müəyyən edilmədiyindən CPM-in 39.1.1ci maddəsinə əsasən bu barədə cinayət işinin başlanılması rədd edilmişdir. Nefçala Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 09 fevral 2021-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş İddiaçı Cavabdeh1 ilə barışdığını, ona qarşı hər hansı bir şikayət və tələbinin olmadığını bildirmiş və Ülvinin haqqında İXM-in 157-ci maddəsi ilə olan inzibati xətaya dair işin icraatına xitam verilmişdir. Nefçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı Neftçala şəhəri Yalçın Hacıyev küçəsi 50 nömrəli mənzilə köçürülmə tələbinə dair iddia qismən təmin edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Nefçala rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Kollegiya Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə qətnamənin tam yoxlanılmasını düzgün hesab edir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1134.1-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-in 1144-cü maddəsinə əsasən vərəsəlik hüququndan məhrum edilmiş şəxsin payı vərəsəliyə çağırılmış qalan vərəsələrə keçir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür. MM-in 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. MM-in 1159.1.1-ci maddəsinin tələbinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-in 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. MM-in 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. MM-in 1203-cü maddəsinə görə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki işin faktiki halları və maddi hüquq normalarının tələbləri baxımından qiymət verərək diqqətə çatdırır ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Göründüyü kimi, adıçəkilən normada vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi pay almaq hüququ olan şəxslərin dairəsi konkret olaraq müəyyən edilmişdir. Qeyd edilməlidir ki, vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir və müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Habelə vərəsəlik hüququnun mövcud olduğu ölkələrin hüquq sistemləri bu hüquq institutunun iki fərqli prinsip (fərdilik və ailə-təminat) üzərində qurulmasını nəzərdə tutur. Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur. Bu prinsipin mənasına görə fərd üçün mülkiyyəti üzərində tam sərəncam vermək imkanı yaradılmadıqda o, sadəcə əmlakın istifadəçisinə çevrilə bilər və yaşadığı dövrdə əmlakı çoxaltmaq və keyfiyyətcə yeniləşdirmək səyləri olmaz. Ailə-təminat prinsipi isə vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə, miras qoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi pay ayrılır. Təbii ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, mülkiyyətçi övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Ailə münasibətləri bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan verilən qərarından qorunmuş olur. Hər bir kəs yaşadığı dövrdə əmlak əldə edə, ondan istifadə edə və onun barəsində istədiyi kimi sərəncam verə bilər. Lakin bu əmlak üzərində şəxsin mülkiyyət hüququ onun vəfatından sonra bitir və o, hər hansı bir subyekt kimi hüquq münasibətlərində iştirak etmir. Belə olan halda, ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Beləliklə, vəsiyyət azadlığını məhdudlaşdıran mirasda məcburi pay hüququ ailə maraqlarının qorunmasına xidmət edir. Azərbaycan Respublikası mülki qanunvericiliyində vərəsəlik hüquq institutu göründüyü kimi, adıçəkilən prinsiplərin vəhdəti əsasında yaradılmışdır. Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının hazırkı mülki qanunvericiliyi vərəsəlik hüququ sahəsində müqavilə azadlığı və şəxsin mülkiyyət hüququnun bütün şərtlərinin təmin olunması baxımından Mülki Məcəllənin 1203-cü maddəsində vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda miras qoyan tərəfindən hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə məcburi pay almaq hüququndan məhrumetmənin mümkünlüyünü nəzərdə tutmuşdur. Bildiyimiz kimi, ailə və əmlak hüquq normalarının xüsusiyyətlərini özündə əks etdirən vərəsəlik hüquq institutu öz inkişaf yolunu hələ Roma hüququndan başlamış, vəsiyyət azadlığı qanun əsasında vərəsəlik hüquq institutunda mövcud olan məhdudiyyətlərlə yanaşı mülkiyyət üzərində sərəncam azadlığı və müqavilə azadlığı ilə bərabər inkişaf etmişdir. Roman-alman hüquq sisteminə üstünlük verən ölkələrinin əksəriyyətinin qanunvericiliyində üzrlü səbəblərin mövcudluğu halında miras qoyanın məcburi pay almaq hüququndan məhrumetmə kimi səlahiyyəti müəyyən edilmişdir. Həmin ölkələrin bəzilərində (Almaniya və s.) məhrumetmə üçün ciddi əsasların olması tələb olunur. Diqqətə çatdırılmalıdır ki, Almaniya Mülki Nizamnaməsinin 2333§-da müəyyən olunan qaydaya əsasən miras qoyan özündən sonra gələnləri (yəni yaxın qohumlarını) miras əmlakdan aşağıdakı hallardan biri mövcud olduqda məhrum edə bilər: əgər varis miras qoyanın, onun ərinin (arvadının) və ya digər varisin həyatına qəsd edərsə; vərəsə qəsdən miras qoyana və yaxud onun ərinə (arvadına) münasibətdə sərt rəftar edərsə (bu o halda qəbul olunur ki, vərəsə miras qoyan şəxsin nəslinin nümayəndəsi olsun); vərəsə miras qoyana və yaxud onun ərinə (arvadına) münasibətdə cinayətdə və yaxud hər hansı digər hüquqa zidd əməldə təqsirli sayılarsa; vərəsə miras qoyanın saxlanılması ilə əlaqədar qanunla onun üzərinə qoyulmuş vəzifələrini kobudcasına pozarsa; vərəsə miras qoyanın iradəsinə zidd olaraq şərəfsiz və əxlaqsız həyat sürərsə. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində vərəsəlik hüquq institutu, daha dəqiq desək, vərəsəlikdə məcburi pay hüququ Roman-alman hüquq sisteminə daxil olan ölkələrin qanunvericiliyinə uyğun tənzimlənir. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar göründüyü kimi, Mülki Məcəllənin 1137-ci maddəsində göstərilmişdir. Adıçəkilən maddədə qeyd edilmişdir ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Beləcə, adıçəkilən norma miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli qərarına əsasən vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, 1137-ci maddədə qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bundan başqa, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında belə qərara gəlinmişdir ki, Mülki Məcəllənin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Kollegiya bu zaman mülki işin faktiki hallarına qanunvericiliyin tələbləri baxımından lazımi hüquqi qiymət vermək üçün “nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir” ifadəsinin həmişə düzgün anlaşılmasının zəruriliyinə diqqət çəkmək istiyir. Belə ki, orada istifadə olunan “nəinki” və “həmçinin” sözləri tabesizlik bağlayıcıları (iştirak növü) olmaqla, sözləri, cümlələri, mətnləri və abzasları bir-birinə bağlamaq, onlar arasında qramatik əlaqə yaratmaq, habelə həmcins üzvləri və mürəkkəb tabesiz cümlələrin tərkib hissələrini bir-birinə bağlamaq funksiyası daşıyır. Beləcə, kollegiya hesab edir ki, digər iştirak bağlayıcıları (həm, həm də, həm də ki, o cümlədən, o sıradan, hətta, habelə, -da², eləcə) kimi adıçəkilən bağlayıcılar da hazrkı mətndə eyni informasiya yükü daşımaqla “həm miras qoyanın son iradəsinə qarşı, həm də miras qoyana qarşı yönələn halları” özündə əks etdirir. Kollegiya “miras qoyana qarşı yönələn hallar” üzrə diqqətə çatdırır ki, işdə olan sübutlarla - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar (habelə Nefçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi) ilə müəyyən edilir ki, İddiaçı və Cavabdeh1 arasında müxtəlif dövrlərdə mübahisə və münaqişə baş vermiş və tərəflər arasındakı eyni münasibət hazırda da davam edir. Belə ki, Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 yanvar 2021-ci il tarixli qərara əsasən İddiaçı və Cavabdeh1 əməllərində İXM-in 157-ci maddəsinin tərkibinin olması müəyyən edilmiş və Nefçala Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərarı ilə Cavabdeh1 İXM-in 157-ci maddəsi ilə təqsirli bilinmiş və zərərçəkmiş şəxslə barışdığından Cavabdeh1 haqqında inzibati xətaya dair işin icraatına xitam verilmişdir. Beləcə, Cavabdeh1 tərəfindən atası İddiaçı qarşı döymə hadisəsi baş vermiş və bu fakt məhkəmənin qərarında da təsdiqini tapmışdır. Beləliklə, baş verənləri Cavabdeh1 tərəfindən İddiaçı münasibətdə qəsdən sərt rəftar edilməsi və vərəsənin miras qoyana münasibətdə hüquqa zidd əməldə (inzibati xətada) təqsirli sayılması kimi qiymətləndirmək olar. Bunlar isə hazırkı halda Roman-alman hüquq sistemində miras qoyanın özündən sonra gələnləri miras əmlakdan məhrum etməsi əsaslarındandır. Beləcə, kollegiya işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən imperativ normalarına əsasən hesab edir ki, Cavabdeh1 İddiaçı məxsus əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi üçün qanuni əsaslar mövcuddur. Məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, qanunvericilikdə şəxsin hələ öz sağlığında mülkiyyət hüququnu müxtəlif formalarda, eləcə də hədiyyə şəklində realizəsini digər şəxslərlə (eləcə də ailə üzvləri) olan qarşılıqlı hüquq və vəzifələrinin icrası ilə şərtləndirməsini də nəzərdə tutmuşdur. Bununla əlaqədar, analoji olaraq “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli qərarında göstərilənləri qeyd etmək olar. Belə ki, adıçəkilən qərarda göstərilir ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Qanunvericilikdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr sırasında uşaqların valideynlərə hörmət etmək, onların qayğısına qalmaq borcu, 18 yaşına çatmış əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynləri saxlamaq borcu da təsbit edilmişdir. Qeyd edilməlidir ki, ailə anlayışı hüquqi bağlar və nəticələr yaradan, ailə dəyərləri ilə bağlı münasibətləri ehtiva edən birliyi ifadə edir. Burada ailə dəyərləri dedikdə, qarşılıqlı qayğı, insanların mənsub olduqları ailəyə hörmət və ehtiram göstərməsi kimi mənəvi və əxlaqi münasibətlərin qorunması nəzərdə tutulur. Ailə hüquq münasibətləri ailə qanunvericiliyinin predmeti olmaqla, məzmununu ailə üzvlərinin qarşılıqlı hüquq və öhdəlikləri təşkil edir və bu münasibətlər müəyyən hüquqi faktların baş verməsi ilə (nikaha daxil olma, doğulma və s.) yaranır. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Nefçala Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(053)-99/2024 saylı qətnaməsi iddia tələbinin Cavabdeh1 İddiaçı məxsus əmlakdan gələcəkdə məcburi pay almaq hüququndan məhrum edilməsinin təmin edilməməsi hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilərək Cavabdeh1 İddiaçı məxsus əmlakdan gələcəkdə məcburi pay almaq hüququndan məhrum edilməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya eyni zamanda, qeyd edir ki, iddia tələbinin (apellyasiya şikayətinin) mübahisələndirilən digər hissələrdə təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, məhkəmə kollegiyası iddia tələbinin təmin edilməyən digər hissələrində birinci instansiya məhkəməsinin mövcud əsaslandırması ilə razılaşır. Məhkəmə kollegiyası Mülki Məcəllənin 1203-cü maddəsinə əsasən qeyd edir ki, məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə ödənilmiş məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Nefçala Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(053)-99/2024 saylı qətnaməsi iddia tələbinin Cavabdeh1 İddiaçı məxsus əmlakdan gələcəkdə məcburi pay almaq hüququndan məhrum edilməsinin təmin edilməməsi hissədə ləğv edilsin, həmin hissədə iddia təmin edilsin. Cavabdeh1 İddiaçı məxsus əmlakdan gələcəkdə məcburi pay almaq hüququndan məhrum edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1165/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1165/2024
18.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver