Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1166/2023 08.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən, məruzəçi), Müşfiq Kamil oğlu Həsənov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh İddiaçı qarşı reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan, Saatlı rayonu, Əhmədbəyli kəndində yerləşən (xx.xx.2022-ci il, qeydiyyat nömrəsi **********) fərdi yaşayış evindən Cavabdeh çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, Cavabdeh onun qardaşı Davud Qəmbərovun keçmiş arvadıdır. Ülviyyə ilə Davud evlənib ailə həyatı quraraq onların ataanasından qalan və Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evinə köçmüşlər. Həmin fərdi yaşayış evini böyük qardaşı X4 tikmişdir. Belə ki, X8 fiziki və əqli cəhətdən xəstə olmuş, onun maddi imkanı olmamışdır. Qardaşı Davud və ailə üzvləri həmin evdə yaşamışlar. Həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi onun və mərhum anası X1 mülkiyyətində olmuşdur. Lakin Cavabdeh onun mülkiyyətində olan fərdi yaşayış evindən istifadə etməsinə imkan vermir, onun icazəsi olmadan həmin fərdi yaşayış evinə daxil olub evdən qanunsuz olaraq istifadə edir, onun mənzil toxunulmazlığını və mülkiyyət hüququnu pozur. İlkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddianı qəbul etməmiş, eyni zamanda cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Saatlı rayonu, Əhmədbəyli kəndində yerləşən, cavabdeh İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, ilkin iddiaçının qardaşı X8 ilə 1996-ci ildə el adəti ilə evlənib ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqdan sonra Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə X2 və İddiaçı mülkiyyətinə verilmiş 0,31 hektar həyətyanı torpaq sahəsində keçmiş əri Davud Qənbərovla birlikdə yaşamış, təxminən dörd il əvvəl onlar yaşadıqları evi sökmüş, həmin evin yerləşdiyi həyətyanı sahədə yeni fərdi yaşayış evi inşa etmiş və uşaqları ilə birlikdə həmin evdə yaşamışlar. Övladlarını həmin evdə böyütmüş, kommunal xərcləri ödəmişdir. Keçmiş əri ilə aralarında olan münasibət pozulduğu üçün ayrılmışlar və əri onu evdən qovmuşdur. Daha sonra, məhkəmə qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. İlkin iddiaçı özünə məxsus torpaq sahəsinə dair çıxarış alarkən onun keçmiş əri ilə birgə tikdirdiyi fərdi yaşayış evini öz evi kimi təqdim etmişdir. Hesab edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi ilkin iddiaçının adına olan torpaq sahəsində olmasına baxmayaraq, o və keçmiş əri tərəfindən fərdi yaşayış evi birgə nikah dövründə əldə olunduğundan həmin evə mülkiyyət hüququ vardır. İddiaçı qarşılıqlı iddianı qəbul etməmiş, etirazını belə əsaslandırmışdır ki, sözügedən fərdi yaşayış evi Ülviyyə Qənbərova onun qardaşı Davud Qəmbərov ilə ailə həyatı qurmazdan əvvəl mövcud olmuş, həmin fərdi yaşayış evi onun və mərhum anası X1 mülkiyyətinə verilmiş torpaq sahəsində tikilmiş, Cavabdeh hər hansı mənada aidiyyəti olmamışdır. Bundan başqa, Ülviyyəyə (qarşılıqlı iddiaçıya) torpaq islahatı aparılan zaman ayrıca həyətyanı torpaq sahəsi verilmişdir. Saatlı Rayon Məhkəməsinin (hakim M.Sadıqov) 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, Cavabdeh Saatlı rayonu, Əhmədbəyli kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddianın təmin edilməməsi, ilkin iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun qarşılıqlı iddiaçı Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi ilkin iddianı təmin, qarşılıqlı iddia rədd edərkən, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3, 141, 148.2, 149.2, 157.2, 178.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-in) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İlkin iddia üzrə Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətində, o, göstərmişdir ki, iddiaçının qardaşı ilə birgə nikah dövründə, yəni təqribən 5 il əvvəl həyətlərində ev tikmişlər. Sözügedən evi reyestr xidməti vasitəsilə rəsmiləşdirə bilməmişlər. Odur ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısının Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən evin və həyətyanı sahənin olması barədə arayış əldə edib mülki işə əlavə etmişdir. İlkin iddia üzrə İddiaçı 2011-ci ildən Saatlı rayonundan köçmüşdür. O, hazırda İmişli rayonunda yaşayır. Həyat yoldaşı X9 ilə mübahisə predmeti olan evi tikərkən, evin iddiaçıya məxsus torpaq sahəsinin üzərində tikildiyini bilməmişdir. Bundan başqa, orada qeydiyyatda olduğundan, onun həmin ünvandan çıxarılması əsassızdır. İzahatlar P r o s e s s u a l məsələlər Apellyasiya baxışında iştirak edən ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs X8 apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, Saatlı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə Saatlı rayonu Əhmədbəyli kəndində 0,31 hektar həyətyanı torpaq sahəsi X1 və İddiaçı mülkiyyətinə verilmişdir. Saatlı rayonu Əhmədbəyli kəndində 0,31 hektar torpaq sahəsi və həmin sahədə yerləşən 146 kv.m sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı və X1 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydiyyatdan keçmiş, onların adına xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. X2 2005-ci ildə ölmüşdür. Hazırda ilkin iddia üzrə İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən yaşayış evindən cavabdehin çıxarılmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Kollegiya qeyd edir ki, iddianın hüquqi dəyərləndirilməsi aparılarkən ilk növbədə ilkin iddia üzrə cavabdehin mübahisəli evə nə kimi hüquqlarının olduğunu müəyyən etmək zəruridir, belə ki, cavabdehin yaşayış sahəsindən çıxarılması onların bu sahəyə istifadə hüququnun olub-olmamasından asılıdır. Cavabdeh Ü.Qənbərovanın yaşayış evinə hüquqlarının olmadığı halda iddiaçının tələbi təmin edilməlidir. MPM-in 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İzahatlardan müəyyən edilir ki, cavabdeh 1997-ci ildən iddiaçının qardaşı X8 ilə nikahda olmuş, evləndikdən sonra mübahisəli həyətdə (iddiaçıya və qayınanasına məxsus olan torpaqda) yerləşən tikildə yaşamışdır. Onların arasında olan nikah əvvəlcə faktiki, 2022-ci ildən sonra rəsmi olaraq pozulmuşdur. İddiaçının bildirdiyinə görə, qardaşını və onun ailəsini (cavabdehi) müvəqqəti olaraq evə buraxmışdır. Cavabdeh 1997-ci ildən mübahisəli həyətdə yerləşən evə köçdüyünü, orada yeni ev inşa etdiyini, iddiaçının həmin evi öz adlarına rəsmiləşdirdiyini iddia etmişdir. Mübahisəli yaşayış evinə dair iddiaçının adına mülkiyyət hüququnu təsdiq edən çıxarış xx.xx.2022-ci il tarixdə verilmişdir. Beləliklə, tərəflər arasındakı münasibətlər 1996-1997-ci illərdə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Bununla yanaşı, müəyyən edilir ki, İddiaçı mülkiyyət hüququ 2022-ci ilin oktyabr ayından qeydiyyatdan keçmişdir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında deyilir ki, ...tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumu 11 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Beləliklə, qanunun tələbinə görə, cavabdehin istifadə hüququnun yaranması üçün həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı və hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilməlidir. Lakin yaşayış sahəsinin istifadəçisi olaraq Cavabdeh mülkiyyətçi ilə hər hansı razılaşması müəyyən edilməmişdir. İlkin iddia üzrə iddiaçı yaşayış evinin mülkiyyətçisidir; cavabdeh iddiaçının ailə üzvü deyil. Beləliklə, Kollegiya hesab edir ki, ilkin iddia üzrə iddiaçının tələbi əsaslıdır, çünki iddiaçıya məxsus yaşayış evindən cavabdehin istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri barədə mülkiyyətçilərlə ilə yazılı razılaşması olmamışdır. Cavabdeh tərəf etirazında və qarşılıqlı iddia üzrə tələbində onu bildirmişdir ki, torpaq sahəsi qayınanasına və hazırki iş üzrə iddiaçıya məxsus olsa da orada olan yaşayış evini söküb əri ilə birgə orada yeni ev inşa etmişdir. İddiaçı isə yaşayış evini öz adına sənədləşdirmişdir. Ona görə iddiaçının adına verilmiş çıxarış ləğv edilməlidir. Kollegiya qeyd edir ki, Ü.Qənbərova tərəfindən tikili inşa edilməsi, yaxud tikiliyə xərc çəkməsi kimi hallar da ilkin iddia üzrə iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi üçün üçün əsas deyil. Belə ki, iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədin qanuniliyi prezumsiyası vardır və mülkiyyətin qeydə alınması qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələbinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bundan başqa, iş materiallardan və izahatlardan müəyyən edilir ki, iddiaçının istifadə hüququnun tanınmasına dair əvvəllər başqa məhkəmə mübahisəsi də olmuşdur. Belə ki, əvvəllər Cavabdeh X5 qarşı sözügedən yaşayış evindən istifadə hüququnun tanınması tələbinə dair iddiası Saatlı Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bu qətnamədə də torpaq sahəsinin və yaşayış evinin mübahisəsiz olaraq ilkin iddia üzrə iddiaçıya məxsusluğu bir daha təsdiq olunmuşdur. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, ilkin iddia üzrə iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilmişlər. İlkin iddia üzrə cavabdeh öz etirazını və qarşılıqlı iddia üzrə tələbini əsaslandıra bilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, apellyasiya şikayəti əsassızdır; birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Bununla yanaşı Kollegiya cavabdehin pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı müvafiq qaydada iddia vermək hüquqlarının olduğunun istisna edilmədiyini də xatırladır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Şərh olunanlara əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İlkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(055)-162/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1166/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1166/2023
08.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver