Məhkəmə qərarları › İş №2(106)-1167/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1167/2024

27.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1167/2024 27.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X13 Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X8, X3 və X4 iştirakları ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X5, X8, X3 və X12) ilk iddia üzrə torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarma, qarşılıqlı iddia üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-315/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 04 saylı qərarı əsasında JN-623 KOD 90800058 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 4.60 hektar torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilmısini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 04 saylı qərarı əsasında JN-623, KOD 90800058 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün ümumi birgə mülkiyyətə verilmiş 4.60 hektar torpaq sahəsinin alınması barədə onunla X11 arasında imzalanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-315/2024 saylı qətnaməsi ilə (hakim Mirlətif Sadıqov) ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, Saatlı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 04 saylı qərarı əsasında JN-623, KOD 90800058 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün X11, X5, İddiaçı, X8, X3, X12 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 4.60 hektar torpaq sahəsinin alınması barədə Cavabdeh ilə X11 arasında imzalanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsi üzərində qarşılıqlı iddiaçı Cavabdeh mülkiyyət hüququnun tanınması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək ilk iddianın təmin, qarşılıqlı iddianən isə rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 04 saylı qərarı əsasında JN-623 KOD 90800058 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 4.60 hektar torpaq sahəsi verilmişdir. Qeyd etdiyi torpaq sahəsi atası Nizami tərəfindən 1999-cu ildə illik 500 ABŞ dolları müqabilində Cavabdeh icarəyə verilmişdir. Hazırda da həmin torpaq sahəsini özləri əkib-becərmək istəyirlər. Lakin Cavabdeh torpaq sahəsindən çıxmasını tələb etsələr də, sonuncu torpaq sahəsindən çıxmayacağını bildirmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 04 saylı qərarı əsasında JN-623 KOD 90800058 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 4.60 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini 30 sentyabr 1999-cu ildə X11 ilə aralarında olan razılaşmaya əsasən sonuncudan 5000 ABŞ dolları müqabilində birdəfəlik olaraq almış və aralarından olan alqı-satqını da yazılı qaydada bağlayaraq doğruluğunu X11 öz imzası ilə təsdiq etmişdir. Həmin vaxt Nizami Paşayev torpaq sahəsinə dair dövlət aktının əslini də ona vermişdir. Lakin bu yaxınlarda sosial yardım almaq adı ilə Nizami Paşayev dövlət aktının əslini ondan almışdır. Mübahisəli torpaq sahəsindən qanunsuz yox, əvəzini pul ödəyərək birdəfəlik aldığı üçün istifadə edir. Torpaq sahəsini öz adına rəsmiləşdirmək istəsə də, torpaq mülkiyyətçiləri müxtəlif bəhanələr gətirib notariusa gəlmədikləri üçün bunu etmək mümkün olmamışdır. Bu yaxınlarda məhkəmə bildirişini aldıqdan sonra məlum olmuşdur ki, X10 Paşayev ona qarşı torpaq sahəsi ilə bağlı iddia qaldırmışdır. İndiyədək aralarında torpaqla bağlı hər hansı mübahisə olmamışdır. Torpaq mülkiyyətçiləri yaşadıqları kəndin ərazisində yerləşən həmin torpaq sahəsindən onun açıqaşkar və fasiləsiz istifadəsinə 23 il ərzində hər hansı etiraz bildirməmiş, heç bir tələblər irəli sürməmişdir. O da torpağın mülkiyyətçilərinin bu davranışına güvənərək həmin torpaq sahəsinə külli miqdarda xərc çəkmişdir. Saatlı rayonu Nəsimikənd bələdiyyəsinin 26 fevral 2024-cü il tarixli arayışı da təsdiq edir ki, X9 məxsus 4,60 hektar pay torpaq sahəsi 30 noyabr 1999-cu ildən etibarən onun tərəfindən əkilib-becərilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsi Cavabdeh Süleyman oğluna satılmamışdır, yalnız müvəqqəti olaraq icarəyə verilmişdir. Qarşılıqlı iddiaçının torpaq sahəsinin alınması üçün barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 oğluna 5000 ABŞ dolları verməsi barədə dedikləri yalandır. Mülkiyyətinə verilmiş 4.60 hektar torpaq sahəsini Cavabdeh 25 ildir ki, zəbt edib və qanunsuz istifadə edir. Cavabdeh Süleyman oğlu ilə, barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 oğlu arasında torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmayıb, çünki alqı-satqı müqaviləsi notariat orqanlarında təsdiq edilir və ümumi birgə mülkiyyətçilərin razılığı tələb olunur. JN-623 KOD 90800058 saylı dövlət aktında adları olan bütün mülkiyyətçilərin hüquqları pozulub. Cavabdeh ilə, onun arasında torpaq sahəsinin alqı-satqısı barədə müqavilə olmayıb. Cavabdeh qarşısında öhdəliyi yoxdur. Barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 ilə Cavabdeh arasında torpaq sahəsinin icarəyə verilməsi barədə razılaşma olub. Halbuki, qarşılıqlı iddia tələbi N.A.Paşayevə qarşı qaldırılmalı idi. Onun və JN-623 KOD 90800058 saylı dövlət aktında adları olan digər mülkiyyətçilərin hüquqları pozulub. X11 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 1999-cu ildə cahillikdən 5000 ABŞ dolları müqabilində torpaq Cavabdeh verilmişdir. Ondan sonra heç vaxt həmin torpaq sahəsinə getməmişdir. Cavabdeh torpaq üçün müəyyən edilmiş pulu da ödəməmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 1999-cu ildə mübahisələndirilən torpaq sahəsini icra nümayəndəliyinin iştirakı ilə 5000 ABŞ dolları müqabilində almışdır. Hazırda da torpağı istifadə edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclasında bildirmişdir ki, həmin torpaq sahəsini 500 ABŞ dolları müqabilində icarəyə vermişdir. 1-2 il icarə pulunu verdikdən sonra heç bir ödəniş etmədi. Hər il cavabdehə müraciət edərək torpağını qaytarılmasını tələb etmişdir. Sonradan uşaqları da ondan torpağın geri alınmasını tələb etmişdir. Torpaq 500 ABŞ dollarına icarəyə verilmişdir. Cavabdeh həmin rəqəmin ardına bir “0” da əlavə edib, bildirir ki, guya torpağı 5000 ABŞ dollarına alıb. Torpağın cavabdeh tərəfindən qanunsuz istifadəsinə görə indiyə qədər nə məhkəməyə, nə də polisə müraciət etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 da X7 dediklərinə uyğun izahat verərək ilk iddianın təmin edilməsini, torpağın cavabdehdən alınaraq iddiaçıya verilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onlara məxsus olan torpaq qanunsuz olaraq onlardan alınmışdır. Atası o torpağı satsa belə, torpaqdakı payını sata bilər. Orda onun da payı var və onu sata bilməzdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 da X7 dediklərinə uyğun izahat verərək ilk iddianın təmin edilməsini, torpağın cavabdehdən alınaraq iddiaçıya verilməsini xahiş etmişdir. Digər üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq belə hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-315/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan JN-623 KOD 90800058 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 04 saylı qərarı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 4.60 hektar torpaq sahəsi X11, X5, İddiaçı, X8, X3, X12 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan 30 sentyabr 2001-ci il tarixli müqavilədən görünür ki, X11 özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 4,60 hektar torpaq sahəsini birdəfəlik istifadə üçün Cavabdeh vermişdir. İş materiallarında olan Saatlı rayonu Nəsimikənd bələdiyyəsinin 26 fevral 2024-cü il tarixli, 02 saylı arayışından görünür ki, Cavabdeh X9 məxsus olan 4.60 hektar torpaq sahəsini xx.xx.1999-cu il tarixdən etibarən hal-hazıradək istifadə edir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi 1999-cu ildən etibarən hal-hazıradək qarşılıqlı iddiaçı Cavabdeh faktiki istifadəsində və sahibliyində olmuş və həmin halın qanunsuz baş verməsi iş materialları üzrə təsdiqini tapmamışdır. Belə ki, həmin torpaq sahəsinin Cavabdeh qanuni sahibliyinə verilməsi həm tərəflərin izahatı, həm də iş materiallarında olan müqavilə ilə tam təsdiq edilir. Göründüyü kimi, bu, işin mübahisəsiz halıdır. Digər tərəfdən İddiaçı qeyd edilən mübahisəli torpaq sahəsinin Cavabdeh icarəyə verildiyini bildirsə də, torpağın icarəyə verilməsi ilə bağlı hər hansı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həm də nəzərə alınmalıdır ki, qarşılıqlı iddiaçının özünün də bildirdiyi kimi, torpaq mülkiyyətçiləri yaşadıqları kəndin ərazisində yerləşən həmin torpaq sahəsindən onun açıq-aşkar və fasiləsiz istifadəsinə 23 il ərzində hər hansı etiraz bildirməmişdir. Başqa sözlə, Cavabdeh torpaq sahəsini əkib-becərməsini, orada yaxşılaşdırma və başqa işlər aparmasını seyr etmişlər, yəni bütün bu işlər mülkiyyətçilərin gözünün önündə baş vermişdir. Lakin iddiaçı tərəf ötən bu müddət ərzində görülən işlərlə bağlı cavabdehə qarşı hər hansı etiraz etməmiş, görülən işləri sükutla qarşılamaqla bir növ bu işlərə öz razılıqlarını bildirmişlər və qarşılıqlı iddiaçını torpağın əsl sahibi qismində qəbul etmişlər. İddiaçı mübahisə predmeti olan torpaq sahəsinin Cavabdeh ilə alqı-satqı edilmədiyini göstərsə də, 30 sentyabr 1999cu il tarixli müqavilə tərəflər arasında mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqı edilməsi barədə imzalanmışdır. Məhkəmə işin faktiki hallarına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli və digər qərarlarında formalaşmış hüquqi mövqeyinə uyğun olaraq hesab etmişdir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair ikitərəfli razılaşma baş tutmuş, bu razılaşma yazılı sənəd tərtib edilməsi ilə sənədləşdirilmiş və torpaq mülkiyyətçiləri onu imzalamışlar. Daşınmaz əşyanın dəyərini satıcılar qəbul etmiş, alıcı sahəni təhvil almaqla hazırkı vaxtadək ona sahiblik etmiş və hazırda da edir. Bu hal özlüyündə tərəflər arasında mübahisəli torpaqla bağlı mövcud razılaşmanın (əqdin) onların iradəsi ilə əhatə edildiyini əks etdirir və tam sübut edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Habelə MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, MM-in 335.1 və 335.2-ci maddələrinə görə əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir (24 iyun 2005-ci il tarixli 949- İİQD nömrəli qanunla çıxarılanadək olan redaksiya). Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin MM-in 16.1-ci madəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. MM-in 357-ci maddəsinə görə əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. MM-in 358-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. MM-in 360.2-ci maddəsinin tələbinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Bundan əlavə, MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. MM-in 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Qeyd edilməlidir ki, “B.Qasımovun şikayəti üzrə” 09 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarında formalaşmış hüquqi mövqeyə görə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O, da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir. Belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən qərarında eyni zamanda, göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara MPM-in 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən hesab etmişdir ki, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin məhkəmə prosesləri zamanı istinad etdiyi halları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsassız və formal dəlillərdən ibarət olduğundan, həmçinin iş materiallları ilə sübuta yetirilmədiyindən apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, iş üzrə mübahisələndirilən torpaq sahəsi Cavabdeh tərəfindən 25 ildir zəbt edilmiş və qanunsuz istifadə edilmişdir. Torpaq sahəsi Cavabdeh Süleyman oğluna satılmamış, yalnız müvəqqəti olaraq icarəyə verilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, ilk iddia üzrə iddiaçı birgə mülkiyyətlərində olmuş torpaq sahəsinin 25 ildir Cavabdeh tərəfindən istifadə etməsinə heç bir maneəçilik törətməmiş, iddiası üzrə mülkiyyət hüququnun pozulması ilə bağlı hər hansı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Bundan başqa, mübahisələndirilən torpaq sahəsi üçün tərəflər arasında icarə müqaviləsinin bağlanılmasını, iş materiallarında olan alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməməsini, buna görə də onun mötəbər sübut hesab edilməməsini bildirsə də, hazırda iş materialları qarşılıqlı iddianın dəlillərini sübut etsə də, ilk iddia və apellyasiya şikayətini sübut etmir. Habelə işdə olan 30 sentyabr 2001-ci il tarixdə tərəflər arasında imzalanmış müqavilədən də aşkar olur ki, X11 özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 4,60 hektar torpaq sahəsini Cavabdeh müvəqqəti deyil, birdəfəlik vermişdir ki, bu da onların hazırkı vaxta kimi davranışlarında alqı-satqı halında öz əksini tapmışdır. Qeyd edilənlərlə yanaşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 da məhkəmədə izahat verərkən Cavabdeh onlara məxsus torpaq sahəsinin də satılmasının qanunsuzluğunu bildirmiş və bunun yolverilməz olduğunu qeyd etmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə yekun nəticəyə gəlir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, qətnamədə göstərilmiş nəticələr işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, İddiaçı tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti təmin edilmədən, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-315/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(055)-315/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar