Məhkəmə qərarları › İş №2(106)-1171/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1171/2025

07.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1171/2025 07.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət məhkəmə tərkibində, İddiaçı Yardımlı rayon İcra Hakimiyyətinə qarşı “torpaq icarə müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyuması” tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(038)-379/2025 nömrəli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə Çərkəz oğlu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kərimov X1 Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət edərək, Yardımlı Rayon İcra Hakimiyyətinin onunla 20 il müddətinə kənd təsərrüfatı məsulları istehsalı üçün 130,60 ha torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanması barədə xx.xx.2023-cü il tarixli, 62 nömrəli sərəncamında dəyişiklik edilməsi, elektron uçot xəritəsi işlənərkən səhvən Zevin bələdiyyəsinin ərazisi kimi götürülmüş 5,50 ha torpaq sahəsinin və yüksək gərginlik elektrik xəttinin mühafizə zonasına düşməsi barədə həqiqətə uyğun olmayan məlumatlara əsasən icarə müqavilə bağlanmasından əsassız şəkildə imtina edilmiş torpaq sahəsinin (cəmi 21,88 ha) İddiaçı ilə 20 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün bağlanmış icarə müqaviləsinə daxil edilməsi barədə Yardımlı Rayon İcra Hakimiyyətinin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(038)-379/2025 nömrəli qərardadı ilə iddia ərizəsinin məhkəmənin icraatına qəbulundan imtina edilmişdir. İddiaçının nümayəndəsi Ələsgərov X3 Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(038)-379/2025 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və iddianın icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə bu nəticəyə gələrkən fərqinə varmamışdır ki, iddiaçı eyni ərizə ilə ilkin olaraq Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və iddianın mümkünlüyü məsələsinə baxılarkən İnzibati Məhkəmənin hakimi iddiaya ümumi məhkəmələrdə baxılmalı olmasını, ərizənin geri götürülməsini, aidiyyəti üzrə Yardımlı Rayon Məhkəməsinə müraciət edilməli olmasını izah etmiş və iddiaçı bu əsasla iddia ərizəsini geri götürərək Yardımlı Rayon Məhkəməsinə göndərmişdir. Yardımlı Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, e-2(038)-379/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, İddiaçı Yardımlı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq icarə müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyuması” tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(038)- 379/2025 nömrəli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, qərardaddan verilmiş şikayət apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra şikayətin qəbul edilməsi üçün prosessual əsaslar Mülki Prosessual Məcəllə ilə tənzimlənmədiyindən Prosessual Məcəllənin 13.4-cü maddəsini əsas götürərək Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən şikayətə apellyasiya qaydasında baxılması üçün müəyyən olunmuş qaydada qiymət verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Odur ki, kollegiya qərardaddan verilmiş şikayətin prosessual əsaslarını Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən yoxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(038)- 379/2025 nömrəli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə Çərkəz oğlu tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 396-cı maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və ərizəçilər apellyasiya şikayəti verə bilər. 10-1.3-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Məhkəmə kollegiyası verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etdi ki, İddiaçı nümayəndəsi Nümayəndə Çərkəz oğlu tərəfindən verilmiş şikayət imza edilsə də, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu maddənin tələblərinə əməl edilməməsi Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması üçün əsasdır. Kollegiya qeyd edir ki, şikayət verilərkən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da şikayət elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin iddiaçı tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsilə deyil, məhz kağız formada tərtib edilərək birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Bu isə onu deməyə əsas verir ki, şikayət elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmalıdır. Çünki qanunun bu tələbinə əməl edilməməsi şikayətin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən verilmiş şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, qərardaddan verilmiş şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Yardımlı Rayon Məhkəməsinə qaytarılmalıdır. Şikayətin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Kollegiya onu da qeyd edir ki, qərardadlardan verilmiş şikayətə yazılı icraat qaydasında baxıldığından və həmin şikayətlər üzrə qəbul edilmiş qərardadlardan şikayət verilmədiyindən hazırkı qərardaddan da şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Yardımlı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(038)-379/2025 nömrəli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə Çərkəz oğlu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. İş materialı şikayətin yuxarıda qeyd olunan prosessual məcəllənin tələblərinə uyğun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Yardımlı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar