Məhkəmə qərarları › İş №2(106)-1172/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1172/2024

08.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1172/2024 08.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evdən çıxarılma, yaradılan maneələrin aradan qaldırılması» tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi» tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-301/2024 saylı, 28 mart 2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 08 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları; İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evdən çıxarılma, yaradılan maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Masallı rayonu Qəriblər kəndində yerləşən və ona məxsus (mülkiyyətində olan) torpaq sahəsindən və üzərində inşa etdiyi fərdi yaşayış evindən çıxarılmaları və həmin torpaq sahəsindən və evdən maneəsiz istifadə etmək hüququnun təmin olunması və maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri Masallı rayonu, Qəriblər kəndində yerləşən 204.4 kv.m fərdi yaşayış evinin bölünməsi və 1/2 hissədə paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. MPM-nin 53-cü maddəsinə əsasən qarşılıqlı iddiaçı Cavabdeh1 tələbin həcminin artırılması barədə ərizə verərək İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri Masallı rayonu Qəriblər kəndində yerləşən 204.4 kv.m fərdi yaşayış evinin və onun yerləşdiyi 0.06 ha torpaq sahəsinin bölünərək ½ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 1984-cü ildə evlənmişdir. 2022-ci ilin iyun ayında nikahları pozulmuşdur. Cavabdeh1 və oğlu Cavabdeh2 Rusiya Federasiyasının vətəndaşıdırlar. Hal-hazırkı Masallı rayonu Qəriblər kəndindəki evi o, tikmişdir. Həmin ev və altındakı torpaq sahəsi onun mülkiyyətindədir. Bununla bağlı onun Dövlət Reyestrindən Çıxarışı vardır. Cavabdehlər özbaşına olaraq 2023-cü ilin oktyabr ayının 5 tarixində evə daxil olublar və qapı-pəncərəni qırıblar. Bu barədə o, polis şöbəsinə şikayət vermiş və həmin şikayət üzrə araşdırma aparılmışdır. Onun Masallı rayonu Qəriblər kəndində bir başqa evidə vardır. Şəfayət gəlin gələrkən həmin evə gəlin gəlmişdir və əşyalarıda oradadır. 1985-ci ildə Şəfayət köhnə evə gəlin gəlmişdir və o evdə də qeydiyyata düşmüşdür. Uşaqlarıda həmin evdə dünyaya gəlmişdir. Şəfayətin və ondan olan uşaqlarının həmin köhnə evdə yaşamalarına tam razıdır və həmin evi cavabdehlərə verməyə hazırdır. Hətta Rusiya Federasiyasında olan 3 (üç) otaqlı evi və mağazanıda cavbadehlərə vermişdir. Cavabdehlər qərəzli olaraq qəsdən yeni evə girib və onu ikinci həyat yoldaşı ilə birlikdə həmin evdən çıxarıb qovmuşlar. Cavabdehlər onu öz şəxsi mülkiyyətindən qovub çıxarmışlar. Bu isə qanunla onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Dəfələrlə cavbadehlərə mülkiyyətinə olan qəsdi aradan qaldırıb evindən çıxıb evini ona qaytarmalarını bildirsədə cavabdehlər mülkiyyətinə olan qəsdi aradan qaldırmamışlar. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə 22 avqust 1984-cü ildə Masallı rayonu Qodman ərazi nümayəndəliyində nikaha daxil olmuşdur və 18 may 2022-ci ildə Rusiya Federasiyasında Çelnı Məhkəməsinin qərarı əsasında onun məlumatı olmadan arasında olan nikah pozulmuşdur. İddiaçılə birgə nikah dövründə birgə qazancları hesabına Masallı rayonu Qəriblər kəndində 2002-ci ildə 204.4 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi əldə etmişlər. İddiaçı həmin əmlakda onun payını verməmək üçün onun məlumatı olmadan 2022-ci ildə Rusiya Federasiyasında nikahı pozdurmuş və xx.xx.2023-cü il tarixdə həmin əmlaka dair çıxarış əldə etmişdir. İddiaçı məqsədi ondan ibarətdir ki, həmin ev birgə nikah dövründə əldə olunmamışdır. Halbuki, mübahisəli evi 2002-ci oildə birgə nikahda birgə qazancları hesabına tikilmiş, bunu təsdiq edən şahidlər vardır. O, cavabdeh Oktayla həmin evdə yaşamışlar və istifadə etmişlər. Hazırda oğlanları ilə birgə həmin evdə yaşayırlar. Evin hüquqi rejiminin 2023cü ildə yaranmasına baxmayaraq ev birgə nikah dövründə əldə olunduğu üçün onunla iddiaçının payları bərabərdir. Həmin ev iddiaçı qədər onada məxsusdur, buna görə də iddiaçının onu və oğullarını həmin evdən çıxarması mümkün deyildir, ilkin iddia tamamilə əsassızdır və heç bir qanuni əsası yoxdur. Həmçinin, ərazi nümayəndəliyində təsərrüfatbaşına kitabda və digər sənədlərdə həmin evin 2002-ci ildə tikilməsinə dair sübutlar vardır, həmçinin, şahidlərdə vardır ki, həmin ev 2002-ci ildə tikilmiş və onların birgə qazancları hesabına tikilmişdir. Odur ki, həmin fərdi yaşayış evinin və evin yerlədiyi torpaq sahəsinin bölünməsi və payların müəyyən olunması barədə məhkəməyə müraciət etməli olmuşdur. İlk iddia üzrə İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh1 ilə 1984cü ildə evlənmiş, 2022-ci ilin iyun ayında nikahları pozulmuş, Cavabdeh1 və oğlu Cavabdeh2 Rusiya Federasiyasının vətəndaşıdır, Masallı rayonu Qəriblər kəndindəki evi o, tikmişdir. Həmin ev və altındakı torpaq sahəsi onun mülkiyyətindədir. Bununla bağlı onun Dövlət Reyestrindən Çıxarışıda vardır, cavabdehlər özbaşına olaraq 2023-cü ilin oktyabrayının 5 tarixində evə daxil olublar və qapı-pəncərəni qırıblar. Bu barədə o, polis şöbəsinə şikayət vermiş və həmin şikayət üzrə araşdırma aparılmışdır, Masallı rayonu Qəriblər kəndində bir başqa evidə vardır. Şəfayət gəlin gələrkən həmin evə gəlin gəlmişdir və əşyalarıda oradadır. 1985-ci ildə Şəfayət köhnə evə gəlin gəlmişdir və həmin evdə də qeydiyyata düşmüşdür. Uşaqlarıda həmin evdə dünyaya gəlmişdir. Şəfayətin və ondan olan uşaqlarının həmin köhnə evdə yaşamalarına tam razıdır və həmin evi cavabdehlərə verməyə hazırdır, Rusiya Federasiyasında olan 3 otaqlı evi və mağazanıda cavbadehlərə vermişdir. Cavabdehlər qərəzli olaraq qəsdən yeni evə girib və onu ikinci həyat yoldaşı ilə birlikdə həmin evdən çıxarıb qovmuşlar. Cavabdehlər onu öz şəxsi mülkiyyətindən qovub çıxarmışlar. Cavabdehlərə qarşı evdən çıxarılma, yaradılan maneələrin aradan qaldırılmasında tələbi cavabdehlərin Qəriblər kəndində yerləşən 204.4 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılmaqla həmin evdə onun yaşaması üçün yaradılan maneələrin aradan qaldırılmasından ibarətdir. Bu isə qanunla onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Dəfələrlə cavbadehlərə mülkiyyətinə olan qəsdi aradan qaldırıb evindən çıxıb evini ona qaytarmalarını bildirsədə cavabdehlər mülkiyyətinə olan qəsdi aradan qaldırmamışlar, evdən çıxmamışlar. İlk iddianın təmin edilməsini Cavabdeh1 tərəfindən qaldırılmış iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. İlk iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında ilk iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Həmçinin bildiridi ki, İddiaçı ona məxsus olan köhnə evin cavabdehlərə verilməsinə və həmin evin təmirinə köməklik etməsinə razıdır. Belə ki, cavabdehlər Rusiya Federasiyasının vətəndaşıdır və Oktayla Şəfayət arasında olan nikah pozulmuşdur. Odur ki, İddiaçı adına olan və çıxarışla ona məxsus olan evdən cavabdehlərin çıxarılmasını xahiş etdi. İlk iddia üzrə Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, mübahsiəli evdə onun yaşamaq və istifadə etmək hüququ olduğu üçün ilk iddianın rədd edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İddiaçıla 22 avqust 1984-cü ildə nikaha daxil olmuşdur və 18 may 2022-ci ildə Rusiya Federasiyasında Çelnı Məhkəməsinin qərarı əsasında onun məlumatı olmadan arasında olan nikah pozulmuşdur, İddiaçılə birgə nikah dövründə birgə qazancları hesabına Masallı rayonu Qəriblər kəndində 2002-ci ildə 204.4 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi əldə etmişlər, həmin evin tikilməsində onun böyük zəhməti olmuşdur, uşaq saxlaya-saxlaya evin tikilməsində iştirak etmişdir, ümumi gəlirləri ilə evi tikmişlər, İddiaçı həmin əmlakda onun payını verməmək üçün onun məlumatı olmadan 2022-ci ildə Rusiya Federasiyasında nikahı pozdurmuş və xx.xx.2023- cü il tarixdə həmin əmlaka dair çıxarış əldə etmişdir, Oktayın məqsədi ondan ibarətdir ki, həmin ev birgə nikah dövründə əldə olunmamışdır, mübahisəli ev 2002-ci ildə birgə nikahda birgə qazancları hesabına tikilmişdir, cavabdehlə həmin evdə yaşamışlar və istifadə etmişlər, oğlanları ilə birgə həmin evdə yaşayırlar. Həmin ev iddiaçı qədər onada məxsusdur, buna görə də iddiaçının onu və oğulları Elvini həmin evdən çıxarması mümkün deyildir, Oktayın mübahisəli evdə özünün yaşamasına onların maneçilikləri yoxdur gəlib gəlib yaşaya bilər, ilk iddia tamamilə əsassız və heç bir qanuni əsası olmadığından rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddia tələbinin təmin edilməsini və ilk iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Oktay və Şəfayət birgə nikah dövründə 0.06 ha həyətyanı torpaq sahəsi əldə etmişlər və həmin torpaq sahəsində fərdi yaşayış evini birgə gəlirlə tikmişlər, hazırda ərazi nümayəndəliyi tərəfindən verilmiş arayışdanda görünür ki, ev tərəflərin birgə nikahı dövründə tikilmişdir. Məhkəmə icasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o usta işləməklə fərdi əməklə məşğul olur. O, təqribən 20 il bundan öncə Oktayın həyətində yerləşən evin ikinci mətbəsinin tikilməsi və üstünün bağlanmasında şəxsən o, özü etmişdir. Mənzilin tikilməsini Oktay və onun atasının sifarisi ilə etmişdir. Evin tikilməsi ilə bağlı olan usta pulunu Oktay vermişdir. a) Birinci instansiya məhkəməsində icraat; Masallı Rayon Məhkəməsinin 2(050)-301/2024 saylı, 28 mart 2024-cü il tarixli qətnaməsi (hakim Zeynal Zeynalov) ilə, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Masallı rayonu Qəriblər kəndində yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 204.4 kv.m olan fərdi yaşayış evinə Cavabdeh1 və İddiaçı hər birinin ikidə bir hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İlk iddia üzrə İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyət kəsb edən bütün faktiki halları araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüququ normalarının pozulması ilə nəticələnən qətnamə çıxarılmışdır. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2. əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq qarşılıqlı iddia üzrə iddiaçı birgə nikah dövründə əldə olunmuş, mənim adıma olan mənzilin bizim birgə nikah dövründə ümumi gəlirlərimiz hesabına əldə olunmasına dair məhkəməyə mötəbər sübutlar təqdim etməli olduğu halda etməmiş, yalnız əmlakın birgə nikah dövründə əldə olunduğunu əsas götürərək mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak olmasını və həmin əmlakdan payının müəyyən edilməli olduğunu göstərmişdir. Halbuki işin məhkəmə iclasında müəyyən olunan faktiki hallarından görünür ki, mübahisəli əmlakımən öz şəxsi gəlirim hesabına əldə etmişəm və orada fərdi yaşayış evi inşa etmişəm. buda onu göstərir ki, mübahisəli əmlak iddiaçının cavabdehlə birgə nikahları dövründə əldə olunmasına baxmayaraq, onların artıq birgə yaşamadıqları zaman və birgə əldə edilmiş gəlir hesabına əldə olunmadığı öz təsdiqini tapmışdır Odur ki, kollegiyadan Masallı Rayon Məhkəməsinin 2(050)-301/2024 saylı, 28 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi (təmin edilməməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, keçirilən iclasda iştirak etməmişlər. Tərəflər iştirak etməmələrinin səbəbləri barədə qabaqcadan məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası ilk iddia üzrə İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Masallı Rayon Məhkəməsinin 2(050)-301/2024 saylı, 28 mart 2024-cü il tarixli qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 178.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.3-ci maddəsinə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 32.1-ci maddəsinin tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 37.1-ci maddəsinə əsasən müvafiq olaraq ərlə-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia təbinin ilk iddia üzrə İddiaçı münasibətdə təmin edilməməsini, çıxarılması tələb olunan əmlakın ümumi birgə mülkiyyət hüququ əsasında birgə nikah dövründə və birgə vəsait hesabına əldə olunması, mülkiyyətçilərin payının bərabər olması ilə əlaqələndirmişdir. Məhkəmə həmçinin qarşılıqlı iddianı eyni əsas üzrə, yəni mübahisəli əmlakın birgə nikah dövründə əldə edilməsi əsası ilə təmin edərək hər iki tərəfindən həmin əmlak üzərində bərabər paylarını müəyyən etmişdir. İlk iddia üzrə İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, şikayətində Masallı Rayon Məhkəməsinin 2(050)-301/2024 saylı, 28 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi (təmin edilməməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, ilk iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə ilk iddia üzrə iddianın predmeti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Masallı rayonu Qəriblər kəndində yerləşən və İddiaçı məxsus (mülkiyyətində olan) torpaq sahəsindən və üzərində inşa etdiyi fərdi yaşayış evindən çıxarılmaları və həmin torpaq sahəsindən və evdən maneəsiz istifadə etmək hüququnun təmin olunması və maneələrin aradan qaldırılması olmuşdur. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, İddiaçı ilə X2 arasında 22 avqust 1984-cü il tarixdə Masallı rayon Qodman ərazi nümayəndəliyində 22 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Mirzəyeva soyadı verilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah 21 iyun 2022-ci il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023- cü il tarixdə, ********************4 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı Masallı rayonu, Qəriblər kəndində xüsusi mülkiyyətlərində 0.06 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində 204.4 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2023-cü il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan JN-214B, Kod 80513048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 02 may 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə İddiaçı 0.06 hektar fərdi yaşayış evinin tikilisi üçün Masallı rayonu Qəriblər kəndində torpaq sahəsi verilmişdir. xx.xx.2007- ci ildə DT və XK Masallı rayon şöbəsində qeyd edilmişdir. İş materiallarında olan Masallı RİHB-nin Qəriblər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli, 5-66-16/2-71/2023 nömərli məktubda qeyd olunmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 Masallı rayonu Qəriblər kənd İnzibati ərazi dairəsinin Qəriblər kəndində müvəqqəti yaşamasına baxmayaraq Qəriblər kəndində təsərrüfatında qeydiyyatda yoxdurlar. İş materiallarında olan Masallı RİHB-nin Qəriblər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli, 5-66-16/2-09/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, Masallı rayonu Qəriblər kənd sakini İddiaçı mülkiyyətində olan torpaq sahəsi sənədləri mövcuddur. Fərdi yaşayış evinin inşa olunması ilə bağlı tikintisi ilə məşğul olan ustaların yazdığı sorğuya cavab olaraq 1998-ci ildə tikintiyə başlanmış, 2002-ci ildə bitmişdir. İş materiallarında olan Masallı RİHB-nin Qəriblər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 yanvar 2024-cü il tarixli, 5-66-16/2-15/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, Masallı rayonu Qəriblər kənd sakini İddiaçı mülkiyyətində olan torpaq sahəsi sənədləri mövcuddur. Fərdi yaşayış evinin inşa olunması ilə bağlı tikintisi ilə məşğul olan ustaların yazdığı sorğuya cavab olaraq 1998-ci ildə tikintiyə başlanmış, 2002-ci ildə bitmişdir. Təsərrüfat başına kitabda elektron sistemdən çıxarışdan müəyyən olunmuşdur. İş materiallarında olan Masallı RİHB-nin Qəriblər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 dekabr 2023-cü il tarixli, 5-66-16/2-97/2023 nömərli məktubda qeyd olunmuşdur ki, Masallı rayonu Qəriblər kənd sakini İddiaçı mülkiyyətində olan torpaq sahəsi sənədləri mövcuddur. Fərdi yaşayış evinin inşa olunması ilə bağlı tikintisi ilə məşğul olan ustalar tərəfindən iltizam alınmışdır. İddiaçı yazılı vəsatətindən görünür ki, o, 1984-cü ilin avqust ayında xalası qızı X2 ilə ailə qurmuşdur. Bu nikahdan 4 övladları olmuşdur. 3 oğlan və bir qız. Ailələrində həmin dövürdən boşananadək qısqanclıq zəmnində münaqişələri olmuşdur. Bütün bunlara səbəb keçmiş həyat yoldaşı zəmin yaratmışdır. Sovetlər dönəmində işlədiyi idarədən ona Qəriblər kənd ərazisində Pasyolka adlanan fəhlə şəhərciyindən ev verilmiş və ailəsi ilə uzun illər orda yaşamışdır. 1995-ci ildə ailəsi ilə birgə Rusiyanın Kazan vilayətinə gedib orda işləyərək ailəsinin maddi təminatını ödəyə-ödəyə özünə ev almışdır. Ailəsi ilə yaranmış soyuqluğa görə darıxan zaman Azərbaycana, yəni valideyinlərinin yanına gəlib bir-iki ay qalıb getmişdir. 2007-ci ildə kəndin şimal hissəsində fərdi yaşayış ev tikmək üçün (Torpağın Mülkiyyətə Verilməsinə Dair) JN 214B Kod 80513048 saylı Şəhadətnamə ilə 0.06 ha torpaq sahəsi alaraq evin bünövrəsini inşa etdirmişdir. 2012-ci ilədək evini tikib qurtarmıdır. Keçmiş həyat yoldaşı onu öz hərəkət və təhqirləri ilə yaşamaqdan bezdirmişdir. Bir neçə dəfə intihar etməyə qərar vermişdir. Çünki analarının təsiri və təbliğatı ilə doğma uşaqları ona söz qaytararaq təhqir edirdilər. Qərara gəlib Kazan vilayətində bütün mülkiyyətində olan əmlakını həyat yoldaşının adına Notarius vastəsi ilə keçirərək bağışlamışdır. 2022-ci ildə boşanmaq üçün məhkəməyə müraciət edib 2022-ci ilin iyun ayında rəsmi qaydada boşanaraq doğulduğu kəndə qayıtmışdır. Özünə tikdirdiyi evi tam şəkildə təmir edib həmin evə xx.xx.2023-cü ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (**********60- 10301) saylı Çıxarış almışdır. Məqsədi ömrünün qalan hissəsini sakit həyat tərzi qurub yaşamaq idi. Yeni qurduğu ailəsi ilə şəxsi evində yaşadığı zaman 5 oktyabr 2023-cü ildə keşmiş həyat yoldaşı, oğlu və qaynı onun evinə daşla, balta və digər küt alətlərlə hücum edib evinin qapısını, pəncərə şüşələrini sındıraraq onu və arvadını nəlayiq söyüşlərlə təhqir edib döymüşlər. Səsə küyə gələn kənd sakinləri və qonşuların müdaxiləsi ilə onu və arvadı ordan uzaqlaşdırılmışdır. Keçmiş ailəsinə ömrünü həsr edib bütün daşınan və daşınmaz əmlakını bağışlamışdır. Amma sözü gedən evin ondan başqa kimsəyə aidiyyəti yoxdur. Məhkəmə kollegiyası iddiaçının cavabdehlərin mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsi və həmin sahədə yerləşən evdən çıxarılması tələbi ilə bağlı aşağıdakıları qeyd edir.. İddiaçı iddia edir ki, , 1984-cü ilin avqust ayında xalası qızı X2 ilə ailə qurmuşdur. Bu nikahdan 4 övladları olmuşdur. 3 oğlan və bir qız. Ailələrində həmin dövürdən boşananadək qısqanclıq zəmnində münaqişələri olmuşdur. Bütün bunlara səbəb keçmiş həyat yoldaşı zəmin yaratmışdır. Sovetlər dönəmində işlədiyi idarədən ona Qəriblər kənd ərazisində Pasyolka adlanan fəhlə şəhərciyindən ev verilmiş və ailəsi ilə uzun illər orda yaşamışdır. 1995-ci ildə ailəsi ilə birgə Rusiyanın Kazan vilayətinə gedib orda işləyərək ailəsinin maddi təminatını ödəyə-ödəyə özünə ev almışdır. Ailəsi ilə yaranmış soyuqluğa görə darıxan zaman Azərbaycana, yəni valideyinlərinin yanına gəlib bir-iki ay qalıb getmişdir. 2007-ci ildə kəndin şimal hissəsində fərdi yaşayış ev tikmək üçün (Torpağın Mülkiyyətə Verilməsinə Dair) JN 214B Kod 80513048 saylı Şəhadətnamə ilə 0.06 ha torpaq sahəsi alaraq evin bünövrəsini inşa etdirmişdir. 2012-ci ilədək evini tikib qurtarmıdır. Keçmiş həyat yoldaşı onu öz hərəkət və təhqirləri ilə yaşamaqdan bezdirmişdir. Bir neçə dəfə intihar etməyə qərar vermişdir. Çünki analarının təsiri və təbliğatı ilə doğma uşaqları ona söz qaytararaq təhqir edirdilər. Qərara gəlib Kazan vilayətində bütün mülkiyyətində olan əmlakını həyat yoldaşının adına Notarius vastəsi ilə keçirərək bağışlamışdır. 2022-ci ildə boşanmaq üçün məhkəməyə müraciət edib 2022-ci ilin iyun ayında rəsmi qaydada boşanaraq doğulduğu kəndə qayıtmışdır. Özünə tikdirdiyi evi tam şəkildə təmir edib həmin evə xx.xx.2023-cü ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (**********60- 10301) saylı Çıxarış almışdır. Məqsədi ömrünün qalan hissəsini sakit həyat tərzi qurub yaşamaq idi. Yeni qurduğu ailəsi ilə şəxsi evində yaşadığı zaman 5 oktyabr 2023-cü ildə keşmiş həyat yoldaşı, oğlu və qaynı onun evinə daşla, balta və digər küt alətlərlə hücum edib evinin qapısını, pəncərə şüşələrini sındıraraq onu və arvadını nəlayiq söyüşlərlə təhqir edib döymüşlər. Səsə küyə gələn kənd sakinləri və qonşuların müdaxiləsi ilə onu və arvadı ordan uzaqlaşdırılmışdır. Keçmiş ailəsinə ömrünü həsr edib bütün daşınan və daşınmaz əmlakını bağışlamışdır. Amma sözü gedən evin ondan başqa kimsəyə aidiyyəti yoxdur. Cavabdeh1 iddia tələbinə etirazında qeyd edir ki, İddiaçı ilə 22 avqust 1984-cü ildə Masallı rayonu Qodman ərazi nümayəndəliyində nikaha daxil olmuşdur və 18 may 2022-ci ildə Rusiya Federasiyasında Çelnı Məhkəməsinin qərarı əsasında onun məlumatı olmadan arasında olan nikah pozulmuşdur. İddiaçılə birgə nikah dövründə birgə qazancları hesabına Masallı rayonu Qəriblər kəndində 2002-ci ildə 204.4 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi əldə etmişlər. İddiaçı həmin əmlakda onun payını verməmək üçün onun məlumatı olmadan 2022-ci ildə Rusiya Federasiyasında nikahı pozdurmuş və xx.xx.2023-cü il tarixdə həmin əmlaka dair çıxarış əldə etmişdir. İddiaçı məqsədi ondan ibarətdir ki, həmin ev birgə nikah dövründə əldə olunmamışdır. Halbuki, mübahisəli evi 2002-ci oildə birgə nikahda birgə qazancları hesabına tikilmiş, bunu təsdiq edən şahidlər vardır. O, cavabdeh Oktayla həmin evdə yaşamışlar və istifadə etmişlər. Hazırda oğlanları ilə birgə həmin evdə yaşayırlar. Evin hüquqi rejiminin 2023-cü ildə yaranmasına baxmayaraq ev birgə nikah dövründə əldə olunduğu üçün onunla iddiaçının payları bərabərdir. Həmin ev iddiaçı qədər onada məxsusdur, buna görə də iddiaçının onu və oğullarını həmin evdən çıxarması mümkün deyildir, ilkin iddia tamamilə əsassızdır və heç bir qanuni əsası yoxdur. Həmçinin, ərazi nümayəndəliyində təsərrüfatbaşına kitabda və digər sənədlərdə həmin evin 2002ci ildə tikilməsinə dair sübutlar vardır, həmçinin, şahidlərdə vardır ki, həmin ev 2002-ci ildə tikilmiş və onların birgə qazancları hesabına tikilmişdir. Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (Ailə Məcəlləsinin 37.1-ci maddəsi). Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, hər hansı bir əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi dəyərləndirilərək nikah münasibətində olan şəxslər arasında bölünməsindən ötrü həmin əmlak birgə nikah dövründə əldə edilməsi ilə yanaşı, ər-arvadın ümumi gəlirləri hesabına da əldə edilməlidir. Bu isə hər hansı bir əmlakın birgə nikah dövründə və ümumi gəlirləri üzrə əldə edilməsini iddia edən şəxsin sübut etmə öhdəliyini yaradır. Məhkəmə kollegiyası işin araşdırılan hallarından müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 ilə 22 avqust 1984-cü ildə Masallı rayonu Qodman ərazi nümayəndəliyində nikaha daxil olmuşdur. Tərəflər birgə nikah müddətində olduğu müddətdə Masallı Rayon Aqrar İslahat Komissiyasının 02 may 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə İddiaçı 0.06 hektar fərdi yaşayış evinin tikilisi üçün Masallı rayonu Qəriblər kəndində torpaq sahəsi verilmişdir. xx.xx.2007- ci ildə DT və XK Masallı rayon şöbəsində qeyd edilmişdir. Həmin torpaq sahəsində ər-arvadın birgə gəlirləri hesabına 2002-ci ildə 204.4 kv.m fərdi yaşayış evi yaşayış evi inşa olunmuş və iddiaçı ilə cavabdeh həmin evdə yaşamışdır. Tərəflərin nikahı 2022-ci il tarixdə pozulduqdan sonra iddiaçı həmin evə çıxarış almışdır. Bu günə qədər də cavabdeh öz oğlanları ilə həmin evdə yaşayır. Başqa sözlə ifadə olunsa torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi ər-arvadın ümumi birgə mülkiyyətdir. Mübahisəli torpaq sahəsinə dair ********** qeydiyyat nömrəsi, xx.xx.2023-cü il qeydiyyat tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mənzilə və ya fərdi yaşayış evindən çıxarılma və köçürülmə barədə mübahisələrə hüquqi qiymət verilərkən başlıca olaraq aşağıdakı əsas iki meyar tədqiq edilməlidir. mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu; iddiaçının və cavabdehin mübahisə obyekti ilə bağlı yaranan hüquq münasibətlərinin əsasları; Məhkəmə kollegiyası bu mübahisənin spesifikasını nəzərə alaraq tələbi mülkiyyət baxımından da araşdırmağı zəruri hesab edir. Ona görə ki, tərəflərin nikah münasibətləri olduğu halda, özbaşına tikililərə münasibətdə məhkəmələr eyni tələblər üzrə bir sıra iddia tələbinin təmini (köçürülmə) ilə bağlı qətnamələr qəbul etmişlər. Ancaq, Hazırki mübahisədə araşdırılan hallardan müəyyən edilir ki, qeyd edilən mənzil özbaşına tikili hesab edilə bilməz. Çünki mübahisəli torpaq sahəsi Masallı Rayon Aqrar İslahat Komissiyasının 02 may 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikilisi üçün verilmiş, xx.xx.2007- ci ildə DT və XK Masallı rayon şöbəsində qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçının çıxarılması tələb etdiyi ev, onların birgə nikah müddətində əldə etdiyi xüsusi mülkiyyətində olan torpaq sahəsində tikilmiş fərdi yaşayış evidir. Yaşayış evi 2002-ci ildən təsərüffatbaşına kitabda qeydə alınmışdır. Göründüyü kimi, tərəflərin yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən ev onların birgə nikah müddətində əldə etdiyi və hazırda İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilməsi işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Dövlət isə tərəflərin yaşayış sahəsi üzərində ilkin mülkiyyət hüquqlarının yaranmasını qanuni hesab edir, bunun da açıq-aydın sübutu odur ki, iddiaçı 2023-cü ildə mübahisəli evə çıxarış almışdır. Göründüyü kimi mübahisəli ev üzərində həm İddiaçı həm də, Cavabdeh1 mülkiyyət hüququ mövcuddur. Həmçinin yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyətindədir. Kollegiya birinci instansiya məhkəməsinin İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə nikah müddətində əldə etdikləri Masallı rayonu Qəriblər kəndində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 204.4 kv.m fərdi yaşayış evindən çıxarılmasının təmin edilməməsi qənaətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının hər iki cavabdehə qarşı mülkiyyət hüququ ilə ona məxsus olan Masallı rayonu Qəriblər kəndində yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları və ona təhvil verilməsi tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-301/2024 saylı, 28 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinəəsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-301/2024 saylı, 28 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar