Məhkəmə qərarları › İş №2(106)-1172/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1172/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1172/2025 14.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(050)-545/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14800 (on dörd min səkkiz yüz) manat məbləğində pul və 135 (bir yüz otuz beş) manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, 05 dekabr 2021-ci il tarixli iltizama əsasən cavabdeh borca aldığığı 1000 manat məbləğində pulu 15 ay müddətinə, 17 iyun 2022-ci il tarixli iltizama əsasən 1800 manat məbləğində pulu 15 ay müddətinə, 05 may 2023-cü il tarixli borc müqaviləsinə əsasən 7000 manat məbləğində pulu 15 iyul 2024-cü il tarixədək, 26 may 2023-cü il tarixli iltizama əsasən 5000 manat məbləğində pulu 01 aprel 2024-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Sonuncu iltizama əsasən pulu ödəməyəcəyi halda evini ipoteka qoyacağını bildirmişdir. Cavabdeh ümumilikdə götürdüyü 14800 manat pul borcundan 420 manat və 265 manat ödəniş etmişdr. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh hər dəfə borcunu ödəyəcəyini bildirmiş və bugünə kimi pul ödəməmişdir. İddiaçı 1000 manat və 1800 manat məbləğində pulu faizə vermişdir. Cavabdeh 1000 manat müqabilində 1500 manat, 1800 manat müqabilində 2700 manat qaytarmalı idi. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. 05 dekabr 2021-ci il tarixli iltizamdan görünür ki, İddiaçı ilə Cavabdeh lotareya oyunu qurmuşlar, 05 dekabr 2021-ci il tarixdən oyunaşlanır. 15 ay müddətində hər ay 100 manat ödəmək şərti ilə oyuna daxil olur. 1000 manat pulu Cavabdeh götürür, əvəzində hər ay 100 manat məbləğində ödənişi hər ay 5-də ödəməyə söz verir. Əks halda məhkəməyə verilməsinə qanun qarşısında cavabdehlik daşıyır. İddiaçı 2022-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun aylarında hər ay 70 manat olmaqla cəmi 420 manat pulu almışdır. 17 iyun 2022-ci il tarixli iltizamdan görünür ki, İddiaçı ilə Cavabdeh lotareya oyunu qurmuşlar, 17 iyun 2022-ci il tarixdə oyun başlanır. 15 ay müddətində hər ay 180 manat ödəmək şərti ilə oyuna daxil olur. 1800 manat pulu Cavabdeh götürür, əvəzində hər ay 180 manat məbləğində ödənişi hər ay 17-də ödəməyə söz verir. Əks halda məhkəməyə verilməsinə qanun qarşısında cavabdehlik daşıyır. İddiaçı 2022-ci ilin iyun ayında 130 manat, dekabr ayında 135 manat olmaqla cəmi 265 manat pulu almışdır. 05 may 2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı Cavabdeh 7000 manat məbləğində pul verilmiş, cavabdeh həmin borcu hər ay 500 manat olmaqla 15 iyul 2024cü il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 26 may 2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı 5000 manat məbləğində pulun götürməsini təsdiq edir, həmin borcu 01 yanvar 2024-cü il tarixdə qaytaracaq. Borc üzrə öhdəliyi yerinə yetirmədiyi təqdirdə ipoteka predmeti olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini ipoteka yüklü etməyi və əmlakı İddiaçı mülkiyyətinə verməyi öhdəlik kimi icra edəcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(050)-545/2025 nömrəli qətnaməsi ilə (Hakim: E.Hüseynov) iddianın qismən təmin edilməsi, Cavabdeh 14115 (on dörd min yüz on beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 133 (yüz otuz üç) manatın tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərcləri 2 (iki) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnaməsində göstərilir ki, guya Cavabdeh 05 dekabr 2021-ci il tarixli iltizama əsasən cavabdeh borca aldığı 1000 manat məbləğində pulu 15 ay müddətinə, 17 İyun 2022-ci il tarixli iltizama əsasən 1800 manat məbləğində pulu 15 ay müddətinə, 05 may 2023-cü il tarixli borc müqaviləsinə əsasən 7000 manat məbləğində pulu 15 iyul 2024-cü il tarixədək, 26 may 2023-cü il tarixli iltizama əsasən 5000 manat məbləğində pulu 01 aprel 2024-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Sonuncu iltizamına əsasən pulu ödəməyəcəyi halda evini ipoteka qoyacağını bildirmişdir. Cavabdeh ümumilikdə götürdüyü 14800 manat pul borca verilməsi göstərilmişdir. Əgər Cavabdeh qızı 05 dekabr 2021-ci il tarixli iltizama əsasən cavabdeh borca aldığı 1000 manat məbləğində pulu 15 ay müddətinə qaytarmamışdırsa, nəyə görə ona təkrar və təkrar guya pullar verilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsindən görünür ki, o, Cavabdeh 2021ci ildən 2024-cü ilədək mütəmadi olaraq guya pul krediti vermişdir. Sual olunur ki, iddiaçı bank fəaliyyəti ilə məşğuldur? Əgər pullar verilibsə və bu barədə guya iltizamla müqavilə bağlanmışdırsa, nəyə görə məhkəmə həmin iltizamların kimə məxsus olması barədə xəttşünaslıq ekspertizası keçirməmişdir? Məhkəmə qətnaməsində ancaq iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədləri rəhbər tutaraq qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh dediyinə görə heç bir savadı yoxdur və yazı yaza bilmir. İddiaçı hər hansı notarial qaydada təsdiq olunmuş və onun iddiasının əsası kimi heç bir mötəbər sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı məhkəməyə heç bir şahid gətirməmiş, mülahizələr irəli sürmüşdür. Belə məlum olur ki, iddiaçı heç bir yerdə işləməyən cavabdehə mütəmadi olaraq 3 il ərzində kreditlər buraxmış, borca pul vermişdir. Buna baxmayaraq, məhkəmə öz mülahizəsi əsasında qanunsuz qətnamə çıxarmışdır. a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və Masallı Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(050)-545/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Masallı Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(050)-545/2025 nömrəli qətnaməsinin bütövlükdə yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(050)-545/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Qeyd olunmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Cavabdeh apellyasiya şikayətində savadının olmadığını, yazı yaza bilmədiyini, təqdim olunan sənədlərdəki imzaların ona məxsus olmadığını göstərmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-1172/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, xx.xx.2025-ci il tarixli, 4/1492 nömrəli ekspert rəyi Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1492 nömrəli ekspert rəyin əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 43-44-cü vərəqələrində X3 ilə Cavabdeh adlarında olan xx.xx.2023-cü il tarixli Borc müqaviləsinin 1-ci və 2-ci səhifələrinin aşağı sol hissələrində olan imzalar, 3-cü səhifəsində “Borc alan” qrafasının aşağı hissəsindəki imza, 46-cı vərəqində Cavabdeh adında olan xx.xx.2023-cü il tarixli İltizamda “İmza: Cavabdeh” qrafasındakı imza, 47-ci və 48-ci vərəqlərdə olan iltizamların orta hissəsində “İmza:” qrafalarındakı və “Aldım” yazısının qarşısındakı imzalar (cəmi-8 imza)- Cavabdeh tərəfindən icra olunmuşdur. Cavabdeh apellyasiya şikayətində heç bir savadının olmadığını, yazı yaza bilmədiyini bildirsə də, keçirilmiş ekspertizanın nəticəsində əldə edilmiş rəydə görünür ki, təqdim olunan sənədlərdəki bütün imzalar Cavabdeh məxsusdur. Belə olduğu halda, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Odur ki, sözügedən ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Cavabdeh həmçinin apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı hər hansı notarial qaydada təsdiq olunmuş heç bir mötəbər sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, qanunvericilikdə borc müqaviləsinin notarial qaydada bağlanması barədə tələb olmadığından və iddiaçı da cavabdehin ondan pul almasını təsdiq edən borc müqaviləsini və digər zəruri sübutları təqdim etdiyindən apellyasiya şikayətinin qeyd olunan dəlili də əsassızdır. Bundan başqa, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə göndərərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhhkəmə kollegiyası diqqətə çatdırır ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Həmin məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, iddiaçı xx.xx.2025-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən iddia müddəti ötürülməmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(050)-545/2025 nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(050)-545/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatına görə Cavabdeh 126 manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar