Məhkəmə qərarları › İş №2(106)-1174/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1174/2024

04.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1174/2024 04.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, X6 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil2, Cavabdeh və onun nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1503/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2017-ci il tarixdə anadan olmuş Murad adlı uşağı ilə birlikdə Cavabdeh məxsus Kürdəmir rayon Mürtülü kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh 2009-cu il tarixdə nikah qeydindən keçməklə ailə həyatı qurub. Onların birgə nikahlarından xx.xx.2010-cu il tarixdə Fidan, xx.xx.2012-ci il tarixdə Nuray və xx.xx.2017-ci il tarixdə isə Murad adlı üç uşaqları anadan olub. Cavabdehlə bir müddət birlikdə yaşadıqdan sonra ailə münasibətləri pozulub. Belə ki, cavabdeh daima onu döyür, incidir, onunla kobud rəftar edib. Nəhayət aralarında olan nikah Kürdəmir Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulub. Həmin qətnaməyə əsasən xx.xx.2010-cu il tarixdə anadan olmuş Fidan, xx.xx.2012-ci il tarixdə anadan olmuş Nuray və xx.xx.2017-ci il tarixdə isə Murad adlı uşaqları onun himayəsinə verilmişdir. Buna baxmayaraq, cavabdeh azyaşlı qızları Fidan və Nurayı onun əlindən alıb. Həmçinin iddiaçı cavabdehlə ailə qurarkən Kürdəmir rayon Mürtülü kəndində yerləşən evinə gəlin köçüb. Özünə məxsus atası evindən apardığı cehiz əşyalarını da həmin evə aparıb. Cavabdehlə 2020-ci ilə kimi həmin evdə yaşayıb. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1503/2023 saylı qətnaməsi ilə (hakim Xaliq İmanov) iddia təmin edilərək İddiaçı himayəsində olan övladı xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 ilə birlikdə Cavabdeh yaşadığı Kürdəmir rayon Mürtülü kəndində yerləşən mənzilin şəxsi və ev əşyaları olan otağına köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İşdə olan Kürdəmir rayon icra Hakimiyyəti başçısının Yenikənd kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 911 nömrəli arayışdan görünür ki, Cavabdeh məxsus Kürdəmir rayon Mürtülü kəndində 3 otaqlı 1 mərtəbəli fərdi yaşayı şevi vardır. İşdə olan Kürdəmir rayon icra Hakimiyyəti başçısının Yenikənd kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 910 nömrəli arayışdan görünür ki, İddiaçı 2009-cu ildən 2017-ci ilə kimi azyaşlı uşaqları ilə birlikdə Kürdəmir rayon Mürtülü kəndində həyat yoldaşı Cavabdeh ilə birlikdə yaşamış, hal-hazırda da ona məxsus cehiz əşyaları Cavabdeh evindədir. İşdə olan Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(041)-102/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda tərəflərin iki övladı atalarının yanında yaşayır. Kiçik övladları isə, anasının yanındadır. Məhkəmə qətnaməsi ilə hər üç uşağın ananın yanında qalması müəyyən edilsə də, yaşca böyük uşaqlar analarının yanında qalmalarına qəti şəkildə etirazlarını bildirmişlər. İcra məmuru da, məhkəmə qərarını həmin hissədə icra edə bilməmiş, icra vərəqəsini məhkəməyə geri qaytarmışdır. İddiaçı ilə uzun müddət ailəli olmasına baxmayaraq, onun valideynlərinin müdaxiləsi nəticəsində tez-tez ailədə söz-söhbətlər yaranırdı. Ailənin 3 övladı var. Oğlanları Murad azyaşlıdır. Qızları Fidan və Nuray məktəblidirlər. Buna baxmayaraq, İddiaçı valideynləri onun işlə təmin olunmasını, əgər işləməyəcəksə, özlərinin onu aparıb işə düzəldəcəklərini deyərək gəlib evdən İddiaçı aparmışlar. İddiaçı valideynləri ilə birlikdə qızıl-zinət əşyalarını da götürərək Kürdəmir rayon mərkəzi xəstəxanasına işə düzəlmək adıyla gediblər. Məsələ ilə bağlı Cavabdeh özü şəxsən maraqlanmış və əlaqə saxlamışdır. Belə olan halda, İddiaçı ondan xəbərsiz ora işə düzəlməsini xəstəxananın rəhbərliyinə də, bildirmişdir. 04 noyabr 2019-cu ildən qızları Fidanla, Nuray onun himayəsində yaşayırlar. Uşaqları ondan zorla alınıb, halbuki, həmin vaxt uşaqla məktəbdə olmuşlar. Bu halın dəfələrlə təkrar olunmasına baxmayaraq, Cavabdeh uşaqların gələcək həyatlarını nəzərə alıb barışmışdır. 13 mart 2018-ci il tarixdə valideynlərinin təkidi ilə gəlib aparmışlar. Döyülmə və zəhərlənmə diaqnozu ilə iddia qaldırmışdır. Həmin diaqnoz düzgün araşdırılsa, düzgün olmayan rəyin verilmədiyi məlum olar. İddiaçı o vaxt evdən gedəndə də, Cavabdeh evdə olmamışdır. Övladları Fidan və Nurayın öz fikirlərini bildirmək üçün kifayət qədər yaşa malikdirlər. Cavabdeh hesab edir ki, əgər qarşı tərəfin qız övladlarının həyatı maraqlı olsaydı, bir ildən artıq vaxt keçməsinə baxmayaraq bir dəfə də olsun onlarla nə evə, nə də ki, məktəbə gedib uşaqlarla maraqlanmış və onlarla əlaqə saxlamışdır. 18 may 2018-ci il tarixdə Kürdəmir rayon İcra orqanları tərəfindən uşaqları aldadaraq iddiaçıdan alıb cavabdehə vermişdilər. 2 həftədən sonra valideynləri onlara baxa bilmək gücündə olmadığını bildirərək Cavabdeh evinə gətirmişlər. Bir dəfə də, qızları Fidan ağır xəstələnmişdi. Bu səbəbdən iddiaçı bütün olanlara göz yumaraq barışıq etmişdir. Bir müddət sonra isə, cavabdeh yenidən evi tərk etdi. Bu günə qədər övladları Fidan Cavabdeh himayəsində müalicəsini davam etdirir. Dəfələrlə işləmək söz-söhbəti salanda ona bildirmişdir ki, uşaqlara baxmağı məqsədəmüvafiqdir ki, onlar nəzarətsiz qalmasınlar. Bundan hiddətlənən İddiaçı hətta Cavabdeh və ailə üzvlərinin üstünə bıçaqla hücum çəkmişdir. Cavabdeh hesab edir ki, 3 övlad anası kimi İddiaçı ailə və övladları maraqlı deyil, məqsəd ancaq uşaqlara aliment alıb öz həyatını yaşamaqdır. O, bunu dəfələrlə öz ifadəsində də bildirmişdir. İddiaçı hazırda Kürdəmir rayonunda Zonalar üzrə Psixiatrik Xəstəxanada qapıçı işləyir. Belə olan halda, bu şəxs övladlarının qayğısına qalıb, onlara necə tərbiyə verə bilər. Hazırda onun himayəsində qalan kiçik övladı cavabdehin 70 yaşlı anasının ümidinə qalıb. Körpə uşağa nəsə olsa, bunun məsuliyyətini kim daşıyacaq. İddiaçı istənilən vaxt evdə olan mövcud əşyalarını gəlib götürə bilər. Bununla bağlı şifahi olaraq da, dəfələrlə demişdir. Cavabdeh belə hesab etmişdir ki, İddiaçı gəlib tezliklə əşyalarını götürəcəkdir. Onun evə köçməsi qeyri-mümkündür. Artıq boşanıblar. Birlikdə yaşamaqları, bir evdə olmaları qeyri-mümkündür. İddiaçı evə dair heç bir hüququ yoxdur. Cavabdeh və evdə olan iki uşaq qətiyyən İddiaçı görmək istəmirlər. Məhkəmə qərar qəbul edərkən qanunu düzgün tətbiq etməmiş, Cavabdeh hüquqlarını pozmuşdur. Maraqlı budur ki, iş üzrə kifayət qədər sübut mövcuddur ki, iddiaçı özü könüllü şəkildə illər əvvəl cavabdehə məxsus evi tərk etmişdir. Məhkəmə qətnaməsində elə qeyd edilmişdir ki, sanki, iddiaçı evdən məcburi çıxarılıb və evə buraxılmır. Məhkəmənin bu yanaşması tamamilə yanlışdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2009-cu ilin avqustunda mübahisəli evə köçmüşdür. Həmin vaxt ev hazır tikili idi. Onlarla birlikdə baldızı, baldızının əri və qaynı da yaşayırdı, sonradan onlar köçdülər. Ev 3 otaqlıdır. Rəsmi sənədlərdə 2 otaqlı ev kimi qeyd olunub. Təsərrüfatbaşına kitabda cavabdehin atasının - X2 adına qeyd olunan, yəni 2009-2020-ci illərdə yaşadığı evə cehizlərinin olduğu otağa köçmək istəyir. Hesab edir ki, o evə köçdükdən sonra belə digər ailə üzvlərinin həmin evdə rahat yaşamaq imkanı olacaq. Özü hazırda valideynlərinin 4 otaqlı evində qardaşı, onun yoldaşı və o birlikdə yaşayırlar. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, əvvəl anası, sonra isə atası dünyasını dəyişib. O vaxta qədər Təsərrüfatbaşına kitabda atası X2 adına qeyd olunan evdə yaşayıblar. İş materiallarındakı ona məxsus digər ev isə anası rəhmətə gedəndən sonra - 2005-ci ildə tikilmişdir. İddiaçının evə köçürülməsinə razı deyildir. Oğlu iddiaçıda, qızları isə onun yanında qalırlar. Cavabdehin nümayəndəsi Vəkil1 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, mübahisəli evdə cavabdeh, onun bacısı, uşaqları və anası yaşayır. 2020-ci ildə iddiaçı əşyalarını da götürərək evdən çıxıb getmişdir. Elə əşyaları qalıb ki, ora yararsızdır. İddiaçının nümayəndəsi Vəkil2 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, cavabdeh ilə iddiaçı boşandıqdan sonra 10 il birlikdə yaşayıblar. İddiaçının evdə hələ də cehizləri qalmaqdadır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1503/2023 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam hissədə yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə yekun qənaətə gələrkən qeyd etmişdir ki, mübahisəli ev Kürdəmir rayon Mürtülü kəndində yerləşməklə Cavabdeh məxsusdur. İddiaçı Cavabdeh ilə ailə həyatı qurduğuna görə həmin mənzilə gəlin köçmüş və birgə nikahdan 3 uşaqları anadan olmuşdur. İddiaçı 2009-cu ildən 2020-ci ilə kimi həmin mənzildə yaşamış, cehiz əşyaları, özünün və uşaqlarının şəxsi və geyim əşyaları hazırda da həmin mənzilin bir otağında qalmaqda davam edir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuş və iddiaçı hazırda uşaqları ilə birlikdə valideynlərinə məxsus evdə qalır, ev və şəxsi əşyaları qaldığı evə köçüb yaşamasına cavabdeh tərəf imkan vermir. Cavabdeh mənzilin mülkiyyətçisi olmasa da, həmin mənzildən istifadə hüququ olan şəxsdir. İddiaçı cavabdehin razılığı ilə həmin mənzilə köçmüş və 2009-cu ildən 2020-ci ilə kimi həmin mənzildən cavabdehlə birlikdə istifadə etmiş və birgə təsərrüfat aparmışlar. Cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilir. Bu baxımndan nəzərə alınmalıdır ki, qüvvədə olan MM-in 228.1 və 228.2-ci maddələrinin tələbinə əsaəsən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Habelə Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa, MM-in 157.4-cü maddəsinə əsasən mülkiyyətə qəsd və ya başqa maneələr əşyanın götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirlidikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Kollegiya qeyd edir ki, işdə olan Kürdəmir RİH Yenikənd KİƏDN-in 26 iyul 2024-cü il tarixli arayışından göründüyü kimi iddiaçının köçmək istədiyi ünvan ailə qurarkan gəlin köçdüyü (bu iddia ərizəsindən də görünür) Təsərrüfatbaşına kitabda X2 adına qeyd olunan və 1985-ci il tarixdə tikilən ümumi sahəsi 70 kv.m olan 2 otaqlı evdir. Lakin birinci instansiya məhkəməsi iddiaçının hazırkı tələb əsasında köçürülmək istədiyi evin hansı ev olmasını dəqiqləşdirməmiş, onun işdə göstərilən digər – cavabdehə məxsus ev olduğunu hesab edərək iddianı təmin etmişdir. Əslində iddiaçı X2 adına qeyd olunan və 1985-ci il tarixdə tikilmiş evə köçmək istəmişdir. O, bunu məhkəmə iclasında izahatında da dəqiq bildirmişdir. Göründüyü kimi, iddiaçının köçmək istədiyi mübahisəli ev cavabdehin atası X2 adına olmuş və orada mülkiyyət hüququna “qanuni gözlənti” əsasında X4 malik olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Bu zaman kollegiya diqqətə çatdırır ki, mülkiyyətçinin üstün hüquqlarının müdafiəsini təmin etməyə yönəlik İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarını da xatırlatmağı zəruri bilir. Belə ki, “Broniovski Polşaya qarşı” iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1503/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməməlidir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1503/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar