Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1177/2025 29.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X8 oğlunun katibliyi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-330/2025 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı və 01 sentyabr 1991-ci ildən 01 mart 1992-ci ilə kimi Laçın rayon Sonasar kənd tam orta məktəbində xadimə işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.1959-cu il tarixdə Laçın rayonunun Mayıs kəndində anadan olmuş, 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı və 01 sentyabr 1991-ci ildən 01 mart 1992-ci ilə kimi Laçın rayon Sonasar kənd tam orta məktəbində xadimə işləmişdir. Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı və Laçın rayon Sonasar kənd tam orta məktəbində xadimə işlədiyi illəri təsdiq edən əmək kitabçası, kolxozun və məktəbin bütün sənədləri 1992-ci ildə Laçın rayonunun işğala məruz qalması ilə əlaqədar işğal zonasında qalmış və müharibə şəraitində onların mühafizə olunması mümkün olmamışdır. Ona görə də onun 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı və 01 sentyabr 1991-ci ildən 01 mart 1992ci ilə kimi Laçın rayon Sonasar kənd tam orta məktəbində xadimə işlədiyinə dair arxiv arayışının verilməsi də mümkün olmamışdır. Bu barədə Laçın rayon Dövlət Arxiv idarəsi tərəfindən verilmiş arayışı ərizəsinə əlavə etmişdir. Bundan başqa o, həmin illəri əmək pensiyasına əlavə edilməsi üçün etdiyi müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X11 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmış, lakin Laçın rayon “C.Cabbarlı” adına kolxozda fəhlə və Laçın rayon Sonasar kənd tam orta məktəbində xadimə işlədiyi illərin onun əmək stajına əlavə edilməsindən imtina edilmişdir. Kolxozda və məktəbdə işləməsini onunla birlikdə işləmiş şəxslər də təsdiq edirlər. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı və 01 sentyabr 1991-ci ildən 01 mart 1992-ci ilə kimi Laçın rayon Sonasar kənd tam orta məktəbində xadimə işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X11 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəməyə gəlməmiş, habelə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, o, 1967-ci ildən 1992-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda çoban işləmişdir. Ərizəçi onun həmkəndlisidir və ərizəçi həqiqətən də 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı işləmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək göstərmişdir ki, o, 1972- 1990-cı illər ərzində Laçın rayon C.Cabbarlı adına qoyunçuluq sovxozunda (sonrakı kolxoz) naxırçı, çoban, kolxozçu, 1990-1992-ci illər ərzində Laçın rayon Sonasar kənd XDS icraiyyə komitəsinin katibi, 1992-2012-ci illər ərzində isə Laçın rayon Sonasar kənd icra nümayəndəliyinin mühasibi (baş mühasib) vəzifələrində işləmişdir. Ərizəçi onun həmkəndlisidir və ərizəçi həqiqətən də 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı işləmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərmişdir ki, o, xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu ilə kimi Laçın rayon “C.Cabbarlı” adına qoyunçuluq sovxozunda (sonrakı kolxoz) traktorçu və mexanizator vəzifələrində işləmişdir. Ərizəçi onun həmkəndlisidir və ərizəçi həqiqətən də 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı işləmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, o, 01 may 1979-cu ildən 01 may 1980-ci ilə kimi və 01 iyun 1982-ci ildən 01 may 1998-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda kolxozçu işləmişdir. Ərizəçi onun həmkəndlisidir və ərizəçi həqiqətən də 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı işləmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, o, 30 dekabr 1984-cü ildən 01 sentyabr 1989-cü ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda fəhlə işləmişdir. Ərizəçi onun həmkəndlisidir və ərizəçi həqiqətən də 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı işləmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat: Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-330/2025 saylı qətnaməsi ilə (Hakim: Cavad İbrahimov) ərizə qismən təmin edilmiş, Ərizəçi 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmiş, ərizə qalan hissədə isə əsassız olduğundan rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı və xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon Sonasar kənd orta məktəbində xadimə vəzifəsində işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Lakin şahid qismində çıxış edən şəxslərin əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətinə baxışın keçirildiyi qeyd olunsa da, sözügedən sənədlərin maraqlı şəxsə təqdim olunması təmin olunmamış, yekunda əmək kitabçalarının mövcudluğu şübhə doğurmuşdur. Məhkəmə tərəfindən şahidlərin əmək kitabçasındakı qeydlərin mötəbərliyi məsələsi araşdırılmalı, işçinin işə daxilolma, işdən çıxma əmrlərinin, eləcə də müəssisə rəhbərinin imzası və möhürü ilə təsdiq olunması məsələlərinin hərtərəfli araşdırılmaqla, həmçinin maraqlı şəxs tərəfindən təqdim olunmuş dəlillərə baxışın təmin edilməsi bağlı şəraitin yaradılması müəyyən edilmədən, əmək kitabçalarının mötəbər sübut kimi qəbul edilməsi yolverilməzdir. Həmçinin ərizəçinin əmək kitabçası və digər sənədləri işğal zonasında qalaraq itdiyi halda şahidlərin əmək kitabçasına sahib olmaları şübhə doğurur. Əmək kitabçasının mötəbərliyi üçün sözügedən əmək kitabçasındakı qeydlərin doldurulma qaydalarına riayət edilməsi zəruridir. Belə ki, işçinin müvafiq müəssisədə işləməsi faktının mötəbərliyi üçün əmək kitabçasının doldurulması zamanı işçinin müəssisədə işə daxilolması və işdən çıxma tarix və əmrləri düzgün qeyd edilməli, sözügedən qeydlər isə yekunda müəssisə rəhbərinin möhürü və imzası ilə təsdiq olunmalıdır. Belə ki, əgər məhkəmə sözügedən halları araşdırmışdırsa, yəni şahidlərin əmək kitabçalarının mötəbərliyi sübuta yetirilmişdirsə, bu zaman niyə məhz ərizəçinin sənədlərinin, o cümlədən əmək kitabçası və digər arxiv sənədlərinin müəyyən olunmaması onun qeyd olunan kolxozda işləyib-işləməməsi hissəsində sual doğurur. Məhkəmə tərəfindən sözügedən hallar araşdırılmamışdır. Laçın Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(047)-330/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, ərizəçinin ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Ərizəçi apellyasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, apellyasiya şikayətini əsassız hesab edir. Belə ki, hüquqi faktın müəyyən olunması ilə bağlı iş üzrə birinci instansiya məhkəməsində şahidlər iştirak etmiş və ifadələr vermişlər. Həmin şahid ifadələri, digər təqdim olunmuş sübutlarla birlikdə hüquqi faktın tam müəyyən olunmasına əsas vermişdir və birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuna, iş materiallarına və toplanmış sübutlara tam uyğun şəkildə qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-330/2025 saylı qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə Ərizəçi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq, Laçın rayonunda yaşadığı üçün məsafənin uzaqlığı və səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə ərizəçinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı: 13.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndi: İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə 3.4-cü bədində göstərilir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-330/2025 saylı qətnaməsini maraqlı şəxsin apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-330/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Maraqlı şəxsin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən şahidlərin əmək kitabçasındakı qeydlərin mötəbərliyi məsələsi araşdırılmalı, işçinin işə daxilolma, işdən çıxma əmrlərinin, eləcə də müəssisə rəhbərinin imzası və möhürü ilə təsdiq olunması məsələlərinin hərtərəfli araşdırılmaqla, həmçinin maraqlı şəxs tərəfindən təqdim olunmuş dəlillərə baxışın təmin edilməsi bağlı şəraitin yaradılması müəyyən edilmədən, əmək kitabçalarının mötəbər sübut kimi qəbul edilməsi yolverilməzdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. İşdə olan əmək kitabçalarının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, şahid X7 1972-1990-cı illər ərzində Laçın rayon C.Cabbarlı adına qoyunçuluq sovxozunda (sonrakı kolxoz) naxırçı, çoban, kolxozçu, 1990-1992-ci illər ərzində Laçın rayon Sonasar kənd XDS icraiyyə komitəsinin katibi, 1992-2012-ci illər ərzində isə Laçın rayon Sonasar kənd icra nümayəndəliyinin mühasibi (baş mühasib) vəzifələrində işləmişdir. İşdə olan ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, şahid X1 xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu ilə kimi Laçın rayon “C.Cabbarlı” adına qoyunçuluq sovxozunda (sonrakı kolxoz) traktorçu və mexanizator vəzifələrində işləmişdir. İşdə olan ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, şahid X3 30 dekabr 1984-cü ildən 01 sentyabr 1989-cü ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda fəhlə işləmişdir. İşdə olan 27 nömrəli əmək kitabçasının notarial qaydada təəsdiqlənmiş surətindən görünür ki, şahid X6 1967-ci ildən 1992-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda çoban işləmişdir. İşdə olan Laçın Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(047)-902/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, şahid X4 01 may 1979-cu ildən 01 may 1980-ci ilə kimi və 01 iyun 1982-ci ildən 01 may 1998-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda kolxozçu işləmişdir. Beləliklə, məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, ərizəçinin 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı işləməsi ərizəçi ilə birlikdə həmin kolxozda işləmiş şahid ifadələri, akt və digər sübutlarla təsdiq edilir. Məlumdur ki, Laçın rayonu 1992-ci ilin may ayının 18-də Ermənistan ordusu tərəfindən işğal edilmiş, həmin dövrə aid sənədlər işğal zonasında qalmışdır. İş materialları ilə təsdiq edilir ki, Laçın rayonu C.Cabbarlı adına kolxoz 1999-cu ilədək fəaliyyət göstərmişdir. Qeyd edilənlərə əsasən də Ərizəçi 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı işləməsi, əmək pensiyasına çıxması ilə əlaqədar olaraq maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X11 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etməsi, həmin Mərkəz tərəfindən Ərizəçi 01 iyul 1977-ci il tarixdən 01 sentaybr 1991-ci il tarixədək Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı işləməsinin nəzərə alınmaması və Ərizəçi 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci il tarixədək iş stajı barədə sənədinin olmaması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən Ərizəçi 01 iyul 1977-ci ildən 01 sentyabr 1991-ci ilə kimi Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı işlədiyi müddətin onun sosial sığorta stajı kimi müəyyən edilməli olduğunu qanuni və əsaslı hesab edilməlidir. Ərizəçinin Laçın rayon “C.Cabbarlı” adına kolxozda sağıcı işləməsi şahidlərin ifadələri ilə təsdiq olunur ki, həmin şahidlərin ifadələri bir-birilərini inkar etməməklə, birinin ifadəsi digərinin ifadəsini tamamlayır. Bu da həmin şahidlərin ifadələrinin mötəbərliyi üçün əsas yaradır. Digər tərəfdən həmin şahidlərin əmək kitabçalarında ərizəçi ilə eyni dövrdə işləməsini təsdiq edən qeydlər də mövcuddur. Hazırda da ərizəçinin vaxtı ilə işlədiyi kolxoz fəaliyyət göstərmədiyindən onun məhkəmə müdafiəsindən istifadə edərək işləməsi faktının müəyyən edilməsini xahiş etməsi isə ərizəçinin həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dəlalət edir. Birinci instansiya məhkəməsi haqlı olaraq ərizəçinin hüquqi əhəmiyyətli fakt olaraq əmək stajına malik olma faktını təsdiq etmişdir. Göründüyü kimi, ərizəçinin ərizəsini təmin etmək üçün kifayət qədər əsaslar mövcud olmuşdur. Maraqlı şəxsin apellyasiya şikayətinin dəlillləri formal mülahizələrdən ibarətdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ, eyni zamanda, pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə, ərizənin təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-330/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392, 393, 402- 403 və 400-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-330/2025 saylı qətnaməsi maraqlı şəxsin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1177/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1177/2025
29.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver