Məhkəmə qərarları › İş №2(106)-1183/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1183/2023

08.08.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1183/2023 08.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Müşfiq Kamil oğlu Həsənov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X3, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ağcabədi Rayon Məhkəməsinin (hakim E.Quliyev) 12 may 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşinhalları Cavabdeh 18 yanvar 2023-cü il tarixli, 16 nömrəli əmrilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh 18 yanvar 2023-cü il tarixli, 16 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, 1988-ci ildə Gəncə baza İnşaat Texnikumunu, 2015-ci ildə isə Azərbaycan Dövlət Aqrar Universitetinin iqtisadiyyat fakültəsini bitirmiş, xx.xx.1989-cu il tarixdən Ağcabədi rayon Mənzil İstismar İdarəsində iş icraçısı, 1993cü ildən 2007-ci ilin yanvar ayının 7-nə kimi həmin idarədə baş mühəndis vəzifəsində işləmişdir. 2007-ci ilin yanvar ayının 7-də Ağcabədi rayon İcra Hakimiyyətinin sərəncamı əsasında Ağcabədi rayon Mənzil İstismar İdarəsi ilə Kommunal Xidmət İdarəsi birləşdirilmiş, bundan sonra adı Cavabdeh adlandırılmışdır. Həmin idarədə baş mühəndis vəzifəsində işləmişdir. İşlədiyi dövrdə müdiriyyət tərəfindən töhmət almamış və işində heç bir nöqsana yol verməmişdir. 2023-cü ilin yanvar ayının 5-də X7 idarəyə rəis təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə rəis onu öz iş otağına çağıraraq onunla işləmək istəmədiyini qeyd edərək ondan öz xahişi ilə işdən çıxmağı barədə ərizə yazmağı tələb etmişdir. Hansı səbəbdən işdən çıxarıldığını soruşanda və işdən çıxarılma barədə ərizə yazmayacağını bildirdikdə isə rəis ona “səni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxaracağam” sözlərini demişdir. X7 işə təyin olunduğu ilk gündən özünü idarənin rəisindən çox əmlak sahibi, mülkədar kimi aparmış, ona qarşı qərəz nümayiş etdirmiş və ayrı-seçkilik etmişdir. İdarənin rəisinin 18 yanvar 2023-cü il tarixli 16 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsasən baş mühəndis vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxarılma əmrində əsas kimi onun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsi qeyd olunmuşdur. Əmək müqaviləsi üzrə bütün əmək funksiyalarına və müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərə vicdanla əməl etmişdir. İddia tələbində görə, 18 yanvar 2023-cü il tarixli 16 nömrəli əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə işə bərpa edilməlidir. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi X5 iddianı qəbul etməmiş, iddianın rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini, həmçinin idarə rəisinin verdiyi tapşırıqları vaxtında yerinə yetirmədiyinə görə Cavabdeh xx.xx.2023-cü il tarixli 5 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş və gələcəkdə belə hallara yol verdiyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tətbiq ediləcəyi nəzərinə çatdırılmışdır. Buna baxmayaraq İddiaçı işində dönüş yaratmamış, idarəyə məxsus traktor və LAC markalı avtomobili 2022-ci il ərzində idarənin saxlanc yerinə gəlmədən idarəyə aidiyyəti olmayan kənar işlərin görülməsinə şərait yaratmışdır. İdarə rəisinin dəfələrlə tapşırmasına baxmayaraq traktorun idarənin saxlanc yerinə gətirilməsini təmin etməmişdir. İdarəyə məxsus maşın və mexanizmlərin sökülüb yarasız vəziyyətə salınmasına göz yummuşdur. İdarənin 12 maşın və mexanizmlərindən 7-si yarasız vəziyyətə salınaraq idarənin həyətində yerləşdirilmişdir. Bununla da idarə rəisinin verdiyi tapşırıqları qərəzli olaraq icra etməmiş, özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Əmək müqaviləsi üzrə bütün əmək funksiyalarına və müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərə vicdanla əməl etməmişdir. Onun işdən çıxarılması məsələsinin müzakirə olunması üçün Cavabdeh üzrə ilk həmkarlar təşkilatına müraciət olunmuş, həmkarlar təşkilatı onun işdən azad edilməsinə razılıq verilməsi barədə 18 yanvar 2023- cü il tarixli qərar qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamışdır. Belə ki, idarənin rəisi onu qərəzliklə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən işdən çıxarmışdır. Ona şiddətli töhmət verilməsindən xəbəri olmamış və həmkarlar təşkilatının iclasında iştirakı təmin edilməmişdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinin çıxışından sonra ona töhmət verildiyini bilmişdir. Apellyasiya şikayətinin surəti cavabdeh tərəfə göndərilməklə ona müvafiq hüquqları, o cümlədən, apellyasiya şikayətinə qarşı etiraz və izahatların 20 gün ərzində təqdim edilməsi, eləcə də etiraz və izahatın təqdim edilməməsinin işə baxılmasına mane olmaması tərəflərə izah olunmuşdur. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz daxil olmamışdır. İzahatlar Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, idarənin rəisi 2023-cü ilin yanvar ayında rəis vəzifəsinə təyin olunduğu vaxtdan onunla qərəzli olmuş, əvvəlcə onu çağırıb könüllü olaraq işdən azad olunma barədə ərizə yazmağı tələb etmiş, o, imtina etdikdən sonra, guya 2022-ci ildə ciddi nöqsanlara yol verdiyini- texnika ilə kənar işlərin görülməsinə şərait yaratdığını qeyd etməklə əsassız olaraq işdən azad etmişdir. Ondan izahat alınmamış, həmkarlar təşkilatının iclasından məlumatı olmamışdır. Sonradan ona məlum olmuşdur ki, ona həm də sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam cəzası verilmişdir, lakin töhmət də ona elan edilməmiş, sonradan formal olaraq yazılmışdır. Apellyasiya baxışında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə iddiaçının əmək müqaviləsinə xitam verilməsi səbəbi ilə bağlı belə izahat vermişdir ki, idarənin rəisi mühəndis İddiaçı binanın üzərini dəyişmək barədə tapşırıq vermiş, mühəndis İddiaçı tapşırığa əməl etməmişdir. Bundan başqa, o, idarənin balansında olan texnika ilə 2022-ci ildə kənar işlərin görülməsinə şərait yaratmış, idarə rəisinin dəfələrlə tapşırmasına baxmayaraq traktorun idarənin saxlanc yerinə gətirilməsini təmin etməmişdir. Onun işdən çıxarılmasına İdarə üzrə ilk həmkarlar təşkilatının razılığı olmuşdur. Nümayəndənin bildirdiyinə görə, bundan başqa, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini, həmçinin idarə rəisinin verdiyi tapşırıqları vaxtında yerinə yetirmədiyinə görə, idarə rəisinin xx.xx.2023-cü il tarixli 5 nömrəli əmri ilə İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin hallarından görünür ki, İddiaçı 1989-cu ildən Ağcabədi rayon Mənzil İstismar idarəsində iş icraçısı, 1993-cü ildən baş mühəndis, 2007-ci ildən Cavabdehndə baş mühəndis vəzifəsində işləmiş, Cavabdeh rəisinin 18 yanvar 2023-cü il tarixli 16 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı Cavabdeh rəisinin 18 yanvar 2023-cü il tarixli 16 nömrəli əmrini qanunsuz saymaqla işə bərpa edilməsini xahiş etmişdir. İddiaçı işdən azad edilməsinə əsas olaraq 18 yanvar 2023-cü il tarixli əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə istinad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Kollegiya qeyd edir ki, mübahisələndirilən əmrdə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə istinad edilsə də, işəgötürən işçinin əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulmasının konkret olaraq nədən ibarət olmasını göstərməmiş, bu halların hər hansı biri ilə əsaslandırmamışdır. Mübahisələndirilən əmrdə əmək müqaviləsinə xitam verilməsinin faktiki əsası olaraq, İddiaçı barəsində 09 yanvar 2023-cü il tarixli 5 saylı əmrlə verilmiş AR ƏM-nin 186-cı maddəsinin 2-ci bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi göstərilmişdir. Cavabdehin əsaslandırmasına görə, C.Cəbraylova 09 yanvar 2023-cü il tarixli 5 saylı əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Cavabdeh tərəf 09 yanvar 2023-cü il tarixli 5 saylı əmrin surətini təqdim etməmişdir. İddiaçının bildirdiyinə görə də belə əmrdən məlumatı olmamışdır. Halbuki, iş materiallarına 06 yanvar 2023-cü il tarixli 5 saylı əmrin surəti əlavə edilmişdir. Həmin əmrdə işçinin idarə rəisinin verdiyi tapşırıqları yerinə yetirmədiyinə ümumi şəkildə istinad edilsə də bu tapşırığın və həmin tapşırığın yerinə yetirilməməsinin konkret olaraq nədən ibarət olması müəyyən deyil. Cavabdehin izahatı və təqdim edilmiş sənədlərə görə uzun müddət İdarədə baş mühəndis işləmiş İddiaçı, xx.xx.2023-cü ildən vəzifəyə təyin edilmiş Ağcabədi rayon MXMİİ-nin rəisinin (X8) tapşırıqlarını yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixli əmrdən, əgər belə əmr mövcuddursa, belə çıxır ki, idarənin rəisinin tapşırığı xx.xx.2023-cü ildən 09 yanvar 2023-cü il tarixdə qədər olan müddətdə olmuşdur. Halbuki, cavabdehin təqdim etdiyi sənədlərə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət xx.xx.2023-cü il tarixdə elan edilmişdir. Bundan başqa, İdarənin rəis müavini A.İsmayılov, hüquqşünas D.Mövsümov və X6 adlı bir nəfərin tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktın surəti cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Həmin akta görə, baş mühəndis İddiaçı idarəyə məxsus traktor və LAC markalı avtomobili 2022-ci il ərzində idarənin saxlanc yerinə gəlmədən idarəyə aidiyyəti olmayan kənar işlərin görülməsinə şərait yaratmışdır. Lakin aktda istinad edilən sözü gedən faktın konkret olaraq hansı vaxtda baş verməsi, həmin vaxt kənar işlərin nədən ibarət olması, bu zaman baş mühəndisin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla hansı əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi, buna görə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasının nədən ibarət olması və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsinin nədən ibarət olması göstərilməmişdir. Bununla yanaşı, mübahisələndirilən əmrdə həmin akta da istinad edilməmişdir. Mübahisələndirilən əmrdə xx.xx.2023-cü il tarixli əmrlə verilmiş əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinə cəlb edilməsinə istinad edilmişdir ki, bununla bağlı da cavabdehin mövqeyinə görə, işçiyə əvvəlcə intizam tənbehi verilmişdir. Halbuki, Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci bəndinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Bu baxımdan, xx.xx.2023-cü il tarixli əmrdə intizam tənbehi verilməsinə dair əvvəlki əmrə əsaslanma halı özlüyündə qanunsuzdur. Bunlardan başqa, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, həmin Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Mübahisələndirilən əmrdə ilk həmkarlar təşkilatının xx.xx.2023-cü il tarixli qərarına istinad edilmişdir. Cavabdeh tərəfindən həmin qərarın surəti təqdim edilməmişdir. Halbuki, iş materiallarına ilk həmkarlar təşkilatının xx.xx.2023-cü il tarixli protokolunun surəti təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən bəlli olur ki, müəssisənin ilk Həmkarlar Komitəsinin iclasında İddiaçı iştirakı təmin edilməmiş, ümumiyyətlə hər hansı məsələ ilə bağlı, o, dinlənilməmişdir. Üstəlik, həmkarlar komitəsinin iclasında kimlərin iştirakı, konkret hansı məsələnin, İddiaçı hansı əməlinin müzakirə edilməsi müəyyən deyil. Həmkarlar komitəsinin iclas prorokolunda xx.xx.2023-cü il tarixli əmrlə verilmiş intizam tənbehi barədə məsələ müzakirə edilmiş və baş mühəndisin idarəyə məxsus maşın və mexanizmlərin qanunsuz olaraq idarədən kənar işlərə cəlb edilməsi kimi ümumi ifadələr qeyd edilmişdir. Lakin iclasda hansı əmələ görə İddiaçı işdən azad edilməsinə razılıq verilməsi müəyyən deyil. İntizam tənbehi verilməzdən əvvəl İddiaçı izahatı da alınmamışdır. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbinə görə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Göstərilənlər onu deməyə əsas verir ki, İddiaçıla əmək müqaviləsinə xitam verilməsi və onun işdən azad edilməsi barədə əmr əsassız olmuşdur. İddiaçının tələbi haqlıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh 18 yanvar 2023-cü il tarixli, 16 saylı əmri ləğv edilməli, İddiaçı Cavabdehndə baş mühəndis vəzifəsinə bərpa edilməli və ona məcburi iş buraxmaya görə əmək haqqı 18 yanvar 2023-cü il tarixdən hesablanaraq ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(017)-918/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh 18 yanvar 2023-cü il tarixli, 16 saylı əmri ləğv edilsin. İddiaçı Cavabdehndə baş mühəndis vəzifəsinə bərpa edilsin və ona məcburi iş buraxmaya görə əmək haqqı 18 yanvar 2023-cü il tarixdən hesablanaraq ödənilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar