Məhkəmə qərarları › İş №2(106)-1185/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1185/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1185/2025 17.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X28 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının vəkili eyni zamanda nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 10 saylı Ərazi İdarəsinə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Lənkəran Regional “ASAN xidmət” mərkəzində notoriat ofisinə qarşı “etibarnamənin və müqavilənin etibarsız hesab edilməsi, reyestrdə aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 8 may 2025-ci il tarixli 2(049)-625/2025 saylı qətnaməsindən (hakim M.Qasımov) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Lənkəran Regional “ASAN xidmət” mərkəzində Notoriat ofisinin notariusu X10 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlkin olaraq İddiaçı cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 10 saylı Ərazi İdarəsinə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Lənkəran Regional “ASAN xidmət” mərkəzində notoriat ofisinə qarşı “bağışlama müqavilənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixdə Lənkəran regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş “bağışlanma miiqaviləsi”nin və onun əsasında Cavabdeh1 adına verilmiş **********21 daşınmaz əmlakın reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı hazırlıq mərhələsində tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsini cavabdehlər sırasından xaric etməklə, cavabdeh X3 reyestrdə 7E-13592 nömrə ilə qeyd edilməklə verilmiş etibarnamənin, cavabdeh X11 ilə aralarında 1 noyabr 2024-cü ildə Lənkəran regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş “bağışlanma miiqaviləsi”nin etibarsız hesab edilmələri və onun əsasında verilmiş **********21 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslanmışdır ki, 1 yanvar 1930-cu il tarixdə Lənkəran rayonu Narbağı kəndində doğulmuşdur. Hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 10 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətlərinə Lənkəran rayonunun Narbağı kəndi ərazisindən 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə adlarına JN-0048 Kod nömrəsi 80217038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı da verilmişdir. Yaşlı adam olmaqla 94 yaşı vardır. Bu yaxınlarda qardaşı qızları olan Cavabdeh1 və onun doğma bacısı olan X11 onun yanına gələrək demişilər ki, yuxarıda qeyd etdiyi torpaq sahəsinə dair çıxarış almaq lazımdır və o, yaşlı adamdır, get-gəl edə bilməz, o, onların adlarına etibarnamə versin, onlar da həmin torpaq sahəsinə dair çıxarış alsınlar. Onlara inanmışdır, çünki, həmin dövlət aktında Cavabdeh1 da adı vardır. Xanımnaz əvvəllər oğlu X5 arvadı olmuş və oğlu Firudin 20 ildən artıqdır ki, ondan ayrı yaşayır. Cavabdeh1 və onun doğma bacısı X11 29 oktyabr 2024-cü il tarixdə onu avtomaşınla Lənkəran rayonu, Qurunba kəndində yerləşən Lənkəran regional "ASAN xidmət" mərkəzinə aparıb əl arabasında yuxarı qaldırıb, şəklini çəkdirmiş və etibarnaməyə görə onun əvəzinə imza etmişlər. Yaşlı adam olduğu üçün bilməmişdir ki, nəyə görə onun şəklini çəkmişlər. Lakin sonradan bilmişdir ki, onlar onu aldadıb etibarnamə almışlar. Həmin etibarnamədən də istifadə edib, Cavabdeh1 doğma bacısı X11 onun və ailə üzvlərinin birgə mülkiyyətində olan Lənkəran rayonu, Narbağı kəndi ərazisində 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona düşən hissəsini bağışlama yolu ilə Cavabdeh1 adına rəsmiləşdirmişlər. Notarius onun şəklini çəkəndə ona izah etməmişdir ki, nəyə görə onun şəklini çəkir. Əgər qardaşı qızları ona torpaq sahəsinin özünə düşən hissəsinin bağışlmasına görə notariusa getmək olduğunu desəydilər, razı olmazdı. Belə olan halda hesab edir ki, yuxarıda qeyd olunan bağışlama müqaviləsi və onun əsasında verilmiş çıxarış etibarsız hesab edilməlidir. Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında tərcüməçi X17 vasitəsilə izahatı alınmış İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək göstərmişdir ki, Çernobıl əlilidir, gözlərizəif görür, qulaqları zəif eşidir. İddiaçı onun anasıdır. Anası əl arabası ilə hərəkət etdiyindən, məhkəmə iclasına gələ bilməmişdir. Cavabdeh Xanımnaz anasını notariat ofisinə aparmış, orada kamera qarşısında onun anasına bildirmişdir ki, anası ilə birgə mülkiyyətlərində olan torpaq sahəsini almaq istəyən şəxs var, anası ona etibarnamə versin ki, o da DƏDRX-nə gedib mülkiyyət hüquqlarını təsdiqləyən Çıxarış alsın. Anası Xanımnaza inanaraq ona etibarnamə vermiş, lakin sonuncu onun anasının verdiyi etibarnamədən istifadə edərək anasının torpağını öz adına keçirmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında isə əlavə olaraq bildirmişdir ki, cavabdeh Xanımnazla 3-cü şəxs doğma Gülnar bacılar olmaqla bərabər, həm də qudadırlar. xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasına gətirilmiş və tərcüməçisi X15 vasitəsilə izahatı alınmış İddiaçı iddiasını müdafiə edərək göstərmişdir ki, 3-cü şəxs X11 və cavabdeh Xanımnaz onun qardaşı qızlarıdır. Bununla yanaşı, sonuncu onun gəlini olmuşdur. O, hazırki mübahisənin predmeti ilə bağlı notariat ofisində olmamışdır. Bir cavan yaşlı kişi onun evinə gəlmiş və həmin şəxs orada ona bildirmişdir ki, birgə mülkiyyətdə olan torpaqla bağlı sənəd hazırlayıblar, onu imzalamaq lazımdır. O da həmin şəxsə inanaraq bilmədiyi həmin sənədi imzalamışdır. Əslində indi başa düşür ki, onu aldatmışlar. O, torpaq sahəsini Xanımnaza bağışlamamışdır. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, onun yerinə kimsə imza atıb. O, Gülnara deməmişdir ki, onun torpağını bacısı Xanımnaza bağışlasın. O, öz torpaq sahəsini və həmin torpaq sahəsinə dair alınmış sənədlərini onlardan tələb edir. Özü sərbəst olaraq imza ata bilir. xx.xx.2025-ci il tarixdə, məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs Lənkəran regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyib göstərmişdir ki, İddiaçı notariat ofisində etibarnamə verdiyi zaman, orada 3-cü şəxslər Gülnar Məmmədova və Roman Babazadə də olmuşlar. Bu barədə müvafiq çəkiliş aparılmış və onların videogörüntüləri də vardır. Həmin görüntüləri notariat ofisi deyil, “ASAN xidmət” təqdim edə bilər. Yəqin ki, X25 Yəhyayevanın “adamı” olmuşdur. Balabəgim savadsız olduğu üçün Roman onun yerinə etibarnaməni imzalamışdır. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, etibarnamə verilən zaman sistemdə iştirak etmiş bütün şəxslərin şəkilləri görünür. Lakin etibarnamədə yalnız etibar edilənin şəkili yerləşdirilir. İddiaçı notariat ofisində görmüş, həmin şəxs yaşlı olmaqla tam sərbəst hərəkət edə bilməmişdir. Etibarnamə verməmişdən əvvəl İddiaçı savadsız olduğu üçün soruşmuşlar ki, niyə etibarnamə verir, həmin etibarnamənin verilməsi nə ilə bağlıdır və s. Balabəgim notariat ofisinə gəldiyi zaman artıq bilmişdir ki, nə məqsədlə ora gəlmişdir. Əvvələr notariuslar evlərə gedərək bir sıra notariat əməliyyatlarını həyata keçirsələr də, “ASAN xidmət”də bunu etmək mümkün deyildir. İddianın təmin edilməməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə, məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X18 iddianı qəbul etməyib göstərmişdir ki, Lənkəran regional “ASAN xidmət” regional mərkəzində işləyir. xx.xx.2024-cü il tarixdə notariat ofisinin operatoru Aydan xanım məlumat verərək bildirmişdir ki, bir xanım sənədi imzalaya bilmir. Buna görə də o, notarius Səfər İsmayılova yaxınlaşmış, sonuncu ona bildirmişdir ki, vətəndaş kordursa və savadsızdırsa, onun yerinə o, imza ata bilər. Buna görə də o, “Notariat əməliyyatlarının aparılması haqqında” Təlimatın 34-cü maddəsini əldə rəhbər tutub, xanımın gözləri görmədiyi üçün onun yerinə etibarnaməni imzalamışdır. Etibarnamə bir tərəfli mülki sənəd olduğundan, etibarnamədə yalnız etibar edənin şəkili göstərilir. Həmin etibarnaməni özü imzaladığı üçün, etibarnamədə onun şəkili əks olunmuşdur. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, İddiaçı görmə qabiliyyətinin olub-olmadığını araşdırmaq onun səlahiyyətində olmamışdır. Onu notarius araşdırmalıdır. O, etibarnaməni imzalamamışdan əvvəl onun mətnini İddiaçı oxumuşdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 8 may 2025-ci il tarixli 2(049)-625/2025 saylı qətnaməsi ilə iddia təmin olunaraq İddiaçı adından X3 verilmiş və Lənkəran regional “ASAN xidmət” mərkəzi notariat ofisində təsdiq edilmiş 29 oktyabr 2024-cü il tarixli AR-İİİ 512376 nömrəli etibarnamə və onun əsasında Lənkəran regional “ASAN xidmət” mərkəzi notariat ofisində təsdiq edilmiş İddiaçı adından Cavabdeh1 ilə 1 noyabr 2024-cü il tarixdə bağlanmış bağışlanma müqaviləsi etibarsız hesab edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 10 saylı Ərazi İdarəsi tərəfindən 10 noyabr 2024-ci il tarixdə qeydiyyata alınmış reyestr nömrəsi **********21 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarış ləğv edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Lənkəran regional “ASAN xidmət” mərkəzində notoriat ofisinin xüsusi notariusu X10 apellyasiya şikayəti verərək ləğv edilməsi, işin faktiki halları tam və hərtərəfli araşdırılmaqla iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini, həmçinin 8 may 2025-ci il tarixli xüsusi qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, həmin etibarnamənin təsdiq edilməsi zamanı qanunvericiliyin tələbinə tam riayət edilməsi hallarını nəzərə almamış, iddiaçının həqiqətən də görmə qabiliyyətinin olub-olmamsı, eləcə də savadsızlığının müəyyən edilməsindən ötrü iddiaçının şəxsən məhkəmə iclasında iştirakını təmin etmədən, xüsusi bilik tələb edən mütəxəssisin iştirakı ilə iddiaçını müayinə etmədən onun savadsız olmasının müəyyən edilməsinin qeydri mümkün olması hallarını araşdırmamaqla, eyni zamanda iddiaçının özünmün məhkəmə iclasına gəlməsi barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olaraq tərəfimizdən verilmiş vəsatətlər təmin edilməmiş, iddiaçının həqiqətən savadsızlığı və görmə qabiliyyətinin sübutu yalnız onun fiziki olaraq məhkəmə iclasında iştirak etməklə, eyni zamanda onun həkim və mütəxəsis müayinəsindən keçirilməklə müəyyən edilməli olması məhkəmə tərəfindən nəzərə alınmamış, həmin halların araşdırılması üçün isə heç bir tədbir görülməmişdir. Bundan başqa həmin etibarnaməni imzalayan şəxsin məhkəmə iclasında etibar edənin etibar edən şəxsi şəxsən tanımaması, eyni zamanda həmin şəxsi ilk dəfə olaraq Lənkəran regional “ASAN xidmət” mərkəzxində görməsi onun əvəzinə imza etməyini isə notariat ofisinin mütəxəssisinin ona yaşlı bir qadının imza edə bilməməsini bildirdikdən sonra notariusa şəxsən yaxınlaşaraq bu barədə bildirməklə notariusun ona təlimatı izah etməklə qadının savadsız və ya görmə qabiliyyətinin olmamasını yoxlamaqla onun tərəfindən etibarnamənin imzalana biləcəyini və yalnız bundan sonra həmin şəxsin qadına izah etdikdən sonra onun əvəzinə imza etməsini də məhkəmə nəzərə almamamış, qətnaməni yalnız iddiaçının nümayəndəsi qismində çıxış edən Nümayəndə1 özünün də məhkəmə iclasında tam sərbəst fikrini ifadə edə bilməməsi, loqoped kimi tərcüməçi qismində məhz onun oğlunun məhkəmə iclaslna buraxılması, həmin şəxsin loqoped olmasını təsdiq edən heç bir sənədin olmamasına baxmayaraq həmin şəxsin iddiaçının özünün və ya nümayəndəsinin deyil, şəxsən öz fikirlətini bildirməsinə belə məhkəmə əsassız olaraq şərait yaratmışdır. Bütün bunlardan məhkəmə aidiyyət qaydalarını da pozmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı da ləğv etmişdir ki, həmin tələbə isə rayon məhkəməsi olaraq həmin məhkəmədə deyil, məhkəmə aidiyyəti ilə inzibati məhkəmədə baxılmalı idi. Lənkəran Rayon Məhkəməsi iddia tələbini qanunsuz və əsassız olaraq təmin etməklə yanaşı, guya notariusun əməllərində cinayət tərkibinin əlamətləri olması qənaətinə gələrək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələbini rəhbər tutaraq notariusun barəsində xüsusi qərardad çıxarmaqla araşdırılma aparılmasından ötrü Lənkəran rayon prokurorluğuna göndərmişdir. Halbuki, həmin qərardadda da konkret olaraq hansı əməlin, hərəkət və ya hərəkətsizliyin cinayət əməli olmasını göstərməmiş və bununla da bağlı heç bir ilkin araşdırma aparmadan həmin nəticəyə gəlməsini belə qərardaddda əsaslandırmamışdır. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə qanunsuz və əsassız olduğundan, həmin qətnamə əsasında qəbul edilmiş xüsusi qərardad da qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Lakin xüsusi qərardadlardan ayrıca şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından hazırki şikayət ərizəsində qərardadın da ləğv edilməsi barədə qeyd etmək məcburiyyətində qalmışlar. Bütün bunlara baxmayaraq məhkəmə həm işin fakriniki hallarını araşdırmadan, eyni zamanda qanunla qadağan edilmiş məhkəmə aidiyyətini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Halbuki məhkəmə qeyd edilən halları tam və hərtərəfli araşdırmaqla iddia tələbinin təmin edilməsi barədə qanuni və əsaslı qətnamə qəbul etməli idi. Məhkəmə Mülki Məcəllənin 19, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1-339.6-cı maddələrinin tələblərini pozaraq sözügedən etibarnamənin qanunvericiliyin tələblərinə uyğun olaraq tsədiq edildiyini, etibar edən şəxsin şəxsən Lənkəran regional “ASAN xidmət” Mərkəzinə gəlməsini, orada ona hüquq və vəzifələrinin izah olunması hallarını araşdırmamış, etibarnaməni etibar edən şəxsin adından imzalayan şəxsin nə notariat kontorunun əməkdaşı olmamasını, nə də xeyrinə həmin etibarnamə əsasında əmlakın bağışlandığı şəxsin yaxını və ya tanışı olmaması, onların hər ikisinə tamamilə yad adam olması hallarını araşdırmamış, eyni zamanda iddiaçının şəxsən məhkəmə iclasına dəvət edilərək və ya gəritirilərək onun səhhətinin müəayinə edilməsinin yoxlanılmasının mümkünlüyü hallarını da araşdırmadan iddiaçının xeyrinə işin tez tələsik yekunlaşmasından ötrü hərəkətsizlik nümayiş etdirmişdir. Beləlikdə işə baxan məhkəmə işin fatiki hallarını araşdırmamaqla, düzgün olmayan nəticəyə gəlməklə, həmin etibarnamə əsasında imzalanmış bağışlama müqaviləsinin əhəmiyyətsiz əqd olmasına baxmayaraq qanunvericiliyin tələbini işin halları üzrə deyil, hərfi mənada tətbiq etmiş və bununla da Konstitusiya məhkəməsinin analoji iş üzrə qərarına istinad etməmiş və həmin qərarda göstərilən halları nəzərə almadan heç bir araşdırma aparmamışdır. İddiaçının həqiqətən də görmə qabiliyyətinin olub-olmamsı, eləcə də savadsızlığının müəyyən edilməsindən ötrü iddiaçının şəxsən məhkəmə iclasında iştirakını təmin etmədən, xüsusi bilik tələb edən mütəxəssisin iştirakı ilə iddiaçını müayinə etmədən onun savadsız olmasının müəyyən edilməsinin qeyri-mümkün olması hallarını araşdırmamaqla, eyni zamanda iddiaçının özünün məhkəmə iclasına gəlməsi barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olaraq tərəflərindən verilmiş vəsatətlər təmin edilməmiş, iddiaçının həqiqətən savadsızlığı və görmə qabiliyyətinin sübutu yalnız onun fiziki olaraq məhkəmə iclasında iştirak etməklə, eyni zamanda onun həkim və mütəxəsis müayinəsindən keçirilməklə müəyyən edilməli olması məhkəmə tərəfindən nəzərə alınmamış, həmin halların araşdırılması üçün isə heç bir tədbir görülməmiş, notariat əməliyyatı aparılarkən tam təlimata riayət edilməsi nəzərə alınmamışdır. Lənkəran rayon məhkəməsi iş materiallarında olan iddiaçı tərəfindən verilmiş sübutların həqiqiliyini yoxlamadan mötəbər sübut növünə aid olmamasına baxmayaraq həmin sübutları, mötəbər sübut olaraq qiymətləndirmişdir. Eyni zamanda həmin etibarnaməni imzalayan şəxsin məhkəmə iclasında etibar edənin etibar edən şəxsi şəxsən tanımaması, eyni zamanda həmin şəxsi ilk dəfə olaraq Lənkəran regional “ASAN xidmət” mərkəzində görməsi, onun əvəzinə imza etməyini isə notariat ofisinin mütəxəssisinin ona yaşlı bir qadının imza edə bilməməsini bildirdikdən sonra notariusa şəxsən yaxınlaşaraq bu barədə bildirməklə notariusun ona təlimatı izah etməklə qadının savadsız və ya görmə qabiliyyətinin olmamasını yoxlamaqla onun tərəfindən etibarnamənin imzalana biləcəyini və yalnız bundan sonra həmin şəxsin qadına izah etdikdən sonra onun əvəzinə imza etməsini də məhkəmə nəzərə almamamış, qətnaməni yalnız iddiaçının nümayəndəsi qismində çıxış edən Nümayəndə1 özünün də məhkəmə iclasında tam sərbəst fikrini ifadə edə bilməməsi, loqoped kimi tərcüməçi qismində məhz onun oğlunun məhkəmə iclaslna buraxılması, həmin şəxsin loqoped olmasını təsdiq edən heç bir sənədin olmamasına baxmayaraq həmin şəxsin iddiaçının özünün və ya nümayəndəsinin deyil şəxsən öz fikirlətini bildirməsinə belə məhkəmə əsassız olaraq şərait yaratmışdır. Bu kimi hallarının araşdırılmsı və onlara obyektiv qiymət verilməsi iş üzrə idda tələbinin qanuni və əsaslı olmaqla təmin edilməsinin əsasıdır. Bütün bunlardan məhkəmə aidiyyət qaydalarını da pozmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı da ləğv etmişdir ki, həmin tələbə isə rayon məhkəməsi olaraq həmin məhkəmədə deyil, məhkəmə aidiyyəti ilə inzibati məhkəmədə baxılmalı idi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının vəkili eyni zamanda nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi iddiaçı oğlu Balamirin yanında qalır, ağır çəkili yaşlı bir qadındır. Onun harasa aparıla bilməsi üçün bir-neçə nəfərin köməyi lazımdır. Etibarnamə verilən zaman qadın nəinki notariata, heç bir yerə aparılmayıb, evdə olub. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Cavabdeh1 məhkəmə iclaısnda iştirak etməmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Lənkəran regional “ASAN xidmət” mərkəzində notoriat ofisi nümayəndəsi vasitəsi ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının vəkili eyni zamanda nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar sübut olunur: Vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı X6 1930-cu ildə doğulmuşdur. xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış JN-0048 saylı, 80217038 kodlu “Torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı”nın surətindən görünür ki, Lənkəran rayonu, Narbağı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,39 hektar torpaq sahəsi X7, X19, X4, X12, X13 və X16 olmaqla 06 nəfərin adına xüsusi mülkiyyət hüququ əsasında rəsmiləşdirlimişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 10 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-ci il tarixdə qeydiyyata alınmış reyestr nömrəsi **********21 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Narbağı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,3865 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X16, X13, X12, Cavabdeh1, İddiaçı və X19 olmaqla 06 nəfərin ümumi birgə mülkiyyətindədir. Qeydiyyat tarixi xx.xx.2024-cü il olan “Elektron notariat” X1 edilmiş Çıxarışdan görünür ki, etibar edən (mülkiyyətçi) İddiaçı etibar edilən X3 reyestrdə 7E-13592 nömrə ilə qeyd olunmuş etibarnamə verərək Azərbaycan Respublikasının ərazisində yerləşən özünə məxsus olan bütün daşınar və daşınmaz dair sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamağı etibar etmişdr. Etibarnaməni cismani qüsurlu olan şəxsin əvəzinə imza edən şəxs X18 imzalamışdır. Həmin etibarnamənin fotoşəkillər bölməsində etibar edən və etibar edillən şəxslərin adları yazılsa da, yalnız etibar edənin əvəzinə imza atmış X8 şəkili əks olunmuşdur. Reyestrdə 7E-13592 nömrə ilə qeyd olunmuş xx.xx.2024-cü il tarixdə verilmiş AR-İİİ 512376 nörəli etibarnamənin surətindən görünür ki, etibar edən İddiaçı etibar edilən X3 özünə məxsus olan bütün daşınar və daşınmaz dair sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamağı etibar etmişdr. Etibarnaməni əlləri əsməsi səbəbindən İddiaçı tapşırığı ilə X18 notariusun yanında imzalamışdır. Qeydiyyat tarixi xx.xx.2024-cü il olan “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin təqsdiq olunmuş surətindən görünür ki, mülkiyyətçi İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 rayonu, Narbağı kəndində yerləşən 0,3865 hektar torpaq sahəsinin birgə mülkiyyət üzrə İddiaçı məxsus hissəsini hədiyyə alan Cavabdeh1 bağışlamışdır. Həmin müqaviləni İddiaçı əvəzinə X11 və Cavabdeh1 imzalamışlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 10 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-ci il tarixdə qeydiyyata alınmış reyestr nömrəsi **********21 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Narbağı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,3865 hektar torpaq sahəsi X16, X13, X12, X19 və Cavabdeh1 olmaqla 05 nəfərin adına xüsusi mülkiyyət hüququ əsasında rəsmiləşdirlimişdir. Qeydiyyat tarixi xx.xx.2024-cü il olan “Elektron notariat” X1 edilmiş Çıxarışdan görünür ki, İddiaçı notariat ofisinə müraciət edərək göstərmişdir ki, xx.xx.2024 tarixdə Lənkəran regional "ASAN xidmət" mərkəzində notariat ofisində Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olan X3 reyestrdə 7E-13592 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. O, həmin etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini təmin edilməsini xahiş etmişdir. Lənkəran Regional "ASAN xidmət" mərkəzinin Lənkəran regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusuna ünvanladığı 2 aprel 2025-ci il tarixli cavabdan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 25 mart 2025-ci il tarixli, 159 nömrəli sorğusunda qeyd etdiyi xx.xx.2024-cü il tarixdə vətəndaşlar İddiaçı və Cavabdeh1 arasında Lənkəran regional “ASAN xidmət” mərkəzində bağlanmış bağışlama müqaviləsi ilə bağlı qeydə alınmış videogörüntülər müəyyən edilmiş müddət bitdiyi üçün sistemdən silindiyindən təqdim edilməsi mümkün deyildir. “ASAN xidmət” mərkəzlərində audio səs yazılarının qeydiyyatı həyata keçirilmir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3 - Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2 - Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.1. və 14.2.1. - Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 560.1 - Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 324.1 - əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. - Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4 - Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5 - İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 324.6. - Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 337.1 - Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2 - Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 359.1. - Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 362.1. - Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.2. - Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 389.1-ci və 389.2 - Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 390.1 - Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2 - Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Maddə 404.1 - müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2 - Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz yuxarıda qeyd olunan normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Məhkəmə kollegiyası qeyd edir ki, əqdlərin etibarlılıq şərtləri içərisində tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi qədər, onların həqiqiliyi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əqdin iştirakçılarının qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyini pozulması əqdin mübahisələndirilməsinə səbəb olacaqdırsa, əqd bağlanarkən bəyan edilən qarşılıqlı iradə ifadələrinin qeyri-həqiqi olması əqdin yalan və ya uydurma xarakterdə olması səbəbindən əhəmiyyətsizliyi ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadında qeyd olunur ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinin “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci hissəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2025-ci il tarixli qərardadında formalaşan hüquqi mövqeyə görə: Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir, Etibarnamə təmsil səlahiyyətini müəyyən etməklə etibarnaməni verən (təmsil olunan) adından əqd bağlayıb həmin əqddən irəli gələn haqq və öhdəliklərlə bağlı hüquqi nəticələrin məhz etibarnaməni verən (təmsil olunan) üçün əmələ gətirilməsinə yönəlik sərbəst iradə ifadəsidir, Daşınmaz əşya üzərində sərəncam verilməsi ilə bağlı təmsilçiliyin mülkiyyət sahibi (etibarnamə verən) üçün ciddi hüquqi nəticələr doğurduğu nəzərə alınarsa, təmsil edilənin və mülki münasibətlərin digər subyektlərinin hüquqlarının qorunması, mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi baxımından belə etibarnamələrin verilməsi halında şəxsin iradə ifadəsinin həqiqiliyinin, qanunauyğunluğunun yoxlanılması zəruridir. Eləcə də təmsilçi vasitəsilə bağlandığı təqdirdə həmin əqdin həqiqətən təmsil edilənin iradə ifadəsi olduğunu təsdiq edən sənəd etibarnamə olduğundan, bu etibarnamələrdə onu verən şəxsin iradə ifadəsinin məzmununun aydın şəkildə ifadə olunması vacibdir, Qeyd edilənlər baxımından notariusların fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Belə ki, “Notariat haqqında” Qanunun 9-cu maddəsinin İ və İİ hissələrinə görə, notariuslar fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməli, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir, Həmin Qanunun 45-ci maddəsinin ikinci hissəsində müəyyən edilmişdir ki, notariuslar təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Bu isə onu da ehtiva edir ki, notarius etibarnaməni təsdiqləməzdən əvvəl onun məzmununun qanuniliyinin, etibar edənin həqiqi niyyətinin və iradə ifadəsinin dəqiq və aydın müəyyənləşdirilməsi üçün bütün zəruri məlumatları aydınlaşdırmalı və etibarnamədə əks etdirilmiş olmasını təmin etməli, eləcə də etibarnamənin hüquqi nəticələrini etibarnamə verən şəxsə izah etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 22-ci bəndinə əsasən şəxs əqdi, ərizəni və ya başqa sənədi fiziki çatışmazlığına, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun eləcə də xüsusi notariusun köməkçisinin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə alda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs görmə qabiliyyəti tam məhdud və savadsızdırsa, notarius ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş eşitmə, görmə və eşitmə-nitq qabiliyyəti tam məhdud olan şəxs savadsızdırsa, notariat hərəkəti aparılarkən onu başa salmağı bacaran savadlı şəxs mütləq iştirak etməli və öz imzası ilə təsdiq etməlidir ki, əqdin, ərizənin və ya digər sənədin məzmunu əqddə, ərizədə və digər sənəddə iştirak edən eşitmə, görmə və eşitmə-nitq qabiliyyəti tam məhdud olan şəxsin iradəsinə uyğundur. İddiaçı 1930-cu il təvəllüdlü olmaqla 95 yaşında yaşlı bir insandır. İddiaçı etibarnamə verilərkən ümumiyyətlə notariata getmədiyini, bir yaşlı kişinin onun evinə gələrək birgə mülkiyyətdə olan torpaqla bağlı sənəd hazırlandığını, onu imzalamaq lazım olduğunu, o da, həmin şəxsə inanaraq bilmədiyi həmin sənədi imzaladığını, əslində aldadıldığını bildirir. O, torpaq sahəsini Xanımnaza bağışlamamış, Gülnara deməmişdir ki, onun torpağını bacısı Xanımnaza bağışlasın. İş materialları ilə iddiaçının etibarnamə verilən gün notariatda olması müəyyən olunmur. Birinci instansiya məhkəməsi tərəfindən verilən sorğularla bağlı nə videogörüntülər, nədəki audio yazılar təqdim edilməmişdir. Etibarnamənin özündə etibar edən şəxs kimi fotosu çəkilməmiş, onun əvəzində etibarnaməni imzalayan şəxsin fotosu çəkilmişdir. Hətta iddiaçının həmin gün notariatda olması müəyyən olunsa belə, “Notariat haqqında” Qanunun 9-cu maddəsinin İ və İİ hissələrinə görə notariusun hüquqi məlumatsızlığın iddiaçıya vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə ona xəbərdarlıq etməsi, təsdiq etdiyi əqdin məzmununun iddiaçının həqiqi niyyətinə uyğunluğunu yoxlaması, etibar edənin həqiqi niyyətinin və iradə ifadəsinin dəqiq və aydın müəyyənləşdirilməsi üçün bütün zəruri məlumatları aydınlaşdırması müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 382, 384.0.1, 385.2., 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 8 may 2025-ci il tarixli 2(049)-625/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov İlham Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar