Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-120/2024 02.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı qarşlıqlı iddia üzrə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil1, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iştirakları ilə, ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2(022)-833/2023 saylı qətnaməsindən iddiaçı və cavabdeh İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 tərəfindən, iddiaçı və Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən vurulmuş 12000 manat zərərin, işin məhkəməyə verilməsinə görə ödənilmiş 127.50 manat dövlət rüsumunun, 500 manat vəkilin xidmət haqqı olmaqla, cəmi 12627.50 manat (on iki min altı yüz iyirmi yeddi manat əlli qəpik) pul vəsaitinin cavabdehlərdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 ilə aralarında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2499 saylı bağ sahəsinin (Yeni qaydalarla: AZ 1039, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şikar Şikarov küçəsi, 169 saylı bağ evi) tam təmiri məqsədilə 30 oktyabr 2022-ci il tarixdə podrat müqaviləsi bağlamış, bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətlər yaranmışıdır. Həmin müqavilənin şərtlərinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2499 saylı bağ sahəsində tikilmiş bağ evinin tam daxili təmirini görməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdələrinə götürmüşlər. Podratçı müqavilənin imzalandığı tarixdən başlayaraq 140 gün ərzində obyektin zirzəmi də daxil olmaqla bütün daxili sahəsi, veranda hissəsinin tavan və döşəməsi, həmçinin obyektin qabaq çöl pilləkənlərində elektrik, santexnik, malyar, kafel və laminat döşəmələrin vurulması da daxil olmaqla və bunlarla məhdudlaşmadan bütün təmiri həyata keçirməli, sifarişçi hazırki müqavilənin şərtlərinə əsasən görüləcək işlərin müqabilində müqavilədə göstərilən qaydada və məbləğlərdə podratçıya ödənişlər etməlidir. Müqaviləyə əsasən iş başlamış, “sifarişçi” ödənişləri etmişdir. O cümlədən evin pilləkən və qapılarının hazırlanması da həmin müqaviləyə daxil idi, buna görə də cavabdehlərdən “podratçı” Cavabdeh1 öz ustalarından olan iş üzrə digər Cavabdeh2 pilləkən və qapıların hazırlanmasını həvalə etmiş və onu İddiaçı ilə tanış etmişdir. Sırf pilləkən və taxta qapıların hazırlanıb quraşdırılması iddiaçı və Cavabdeh1 tərəfindən 26 dekabr 2022-ci il tarixdə və qeyd olunan bağ evində digər Cavabdeh2 tapşırılmışdır. Həmçinin tərəfər razılaşmışlar ki, qapı və pilləkənlər meşə ağacı olan materialdan - “göyrüş” ağacından hazırlanmalı idi. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə Cavabdeh2 həmin ünvanda yerləşən bağ evində göyrüş ağacından ümumilikdə 38 ədəd pilləkən (bütün aksessuarları ilə birlikdə) və göyrüş ağacından 2 ədəd taxta qapını ideal səviyyədə hazırlayaraq fevral ayının ilk həftəsində bağ evində quraşdırılmasını, o isə görüləcək işlərin əvəzində ümumilikdə 8500 (səkkiz min beş yüz) manat ödəniş etməsini üzərlərinə götürmüşlər. İddiaçı tərəfindən işə başlanılması üçün cavabdehə 26 dekabr 2023-cü il tarixində 2500 manat məbləğində ilkin ödəniş edilmiş və daha sonra da ümumi olaraq 1500 manat cavabdehə ödənilmişdir. Lakin cavabdeh tərəfindən işin görülərək təhvil veriliməsi 2 ay gecikdirilmiş və üstəlik iş tam yararsız və qüsurlu yerinə yetirilmişdir. Podratçı işin qüsurlarını aradan qaldırmaq və işi razılaşdırılmış keyfiyyətdə yerinə yetirmək üçün 1 həftə əlavə müddət istəmiş və razılaşdırılmış ümumi məbləğdən ona daha 2000 (iki min) manat ödənilməsini xahiş etmişdir. 17 aprel 2023-cü il tarixində iddiaçı cavabdehlərə işin qüsurlarını aradan qaldırmaq və işi razılaşdırılmış keyfiyyətdə yerinə yetirmək üçün 2 (iki) min manat ödəmişdir. Lakin 1 həftə sonra da cavabdehlər işi razılaşdırılmış keyfiyyətdə yerinə yetirə bilməmişlər. Bundan sonra iddiaçı bütün 38 pillənin aksessuarları ilə birlikdə və 2 taxta qapının təmir edilərək normal vəziyyətə gətirilməsi üçün başqa ustalarla 12000 (on iki min) manat məbləğinə razılaşmışdır. Həmin ustalar pillələr və qapıları təmirə aparmaq üçün demontaj etdikləri zaman məlum olmuşdur ki, cavabdehin quraşdırdığı pilləkən aksessuarları (balianslar) və qapılar razılaşdırılmış olduğu kimi taxtadan deyil, ondan qat-qat ucuz “mdf” adlı materialdan hazırlanmışdır. Həmçinin, cavabdehlər pillələri quraşdırdığı zaman bağ evinə ziyan vuraraq divarların malyar və rəng örtüyünü ciddi zədələmişdir ki, sonradan həmin qüsuru Cavabdeh1 yenidən təmir edib düzəltmişdir. Cavabdehlərə bütün bunlar barədə dəfələrlə etirazını bildirərək, dəymiş zərərin ödənilməsini tələb etsə də, cavabdehlər bundan imtina etmişlər. Ona görə də məcbur qalıb polisə şikayət etmiş və Cavabdeh2 14-cü polis bölməsində verdiyi izahatında etiraf etmişdir ki, iddiaçı tərəfindən işlərin görülməsi üçün sifariş verilmiş, 6000 manat iddiaçı tərəfindən ona ödənilmiş, lakin aralarında narazılıq olmuşdur. O cümlədən Cavabdeh2 bildirmişdir ki, iddiaçının verdiyi 6000 manatı geri qaytarıb oradakı malları geri götürə bilər. Bundan başqa, Cavabdeh1 da 14-cü polis bölməsində verdiyi izahatında etiraf etmişdir ki, iddiaçı ilə aralarında təmir işi ilə bağlı müqavilə bağlamışlar, qapı və pilləkənlərin düzəldilməsi üçün Azad adlı şəxsə işi təhvil vermiş və Azadı iddiaçı ilə tanış etmişdir, həmin iş üçün 8500 manatdan iddiaçı 6000 manatını Azada ödəmişdir. Həmin işlər Azad tərəfindən təhvil verilməyib, bütün iş yararsız olduğundan iddiaçı işi başqa ustalara həvalə etmişdir. Hesab edir ki, hazırki məsələnin obyektiv həlli üçün tikinti, təmir və qiymətləndirmə sahəsində mütəxəssis rəyinin verilməsi zəruri olmuşdur. Odur ki, qeyd olunan mübahisə üzrə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2499 saylı bağ sahəsində podratçı və onun ustaları tərəfindən pilləkən və qapıların hansı keyfiyyətdə quraşdırılması, həmin pilləkən və qapıların yararlı olub-olmaması, əgər yararsızdırsa hansı səbəbdən yararsız olması, o cümlədən yararsız olduğuna görə qapıların və pilləkənlərin sökülməsi zamanı divarlara hansı zərər vunırlması və bütün bu yararsız işlərin nəticəsində vurulmuş ziyanın məbləği barədə mütəxəssis rəyinin verilməsi üçün “X5 və Ekspertiza Mərkəzi” MMC-yə tərəfindən müraciət edilmişdir. Həmin sorğuya cavab olaraq MMC tərəfindən 15 may 2023-cü il tarixli 71 nömrəli mütəxəssis rəyi verilmişdir. Göründüyü kimi onun sifarişinə əsasən işlərin qüsurlu görülməsi və nəticədə ona zərər vurulması həm tərəflərin polisdə verdiyi ifadələri, həm müətəxəssis rəyi, həm də onun digər ustalarla işin görülməsi üçün bağladığı müqavilə ilə təsdiq olunduğundan və cavabdehlər vurulmuş zərəri ödəmədiklərindən, hazırki iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi il Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3000 (üç min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, yaşayış və qeyri-yaşayış sahələrində təmir işləri görən ustadır. Həmçinin iddiaçının evində də təmir işləri görərək pilləkən və iki qapı hazırlamışdır. Lakin nə iddiaçı, nə də podratçı olan digər cavabdeh ilə rəsmi müqaviləsi olmamışdır. Belə ki, podratçı olan digər cavabdeh sosial şəbəkədə yerləşdirdiyi reklam vasitəsi ilə onun əlaqə nömrəsini tapmış və ona zəng vuraraq şifahi olaraq bu işi ona tapşırmışdır. O, iddiaçı ilə həm telefon əlaqəsi saxlamış, həmdə görüşərək razılığını almış, görəcəyi iş barəsində ətraflı məlumat verərək işə başlamışdır. Artıq fevral ayında bütün mal-material və tikinti konstruksiyalarını iddiaçının evinə gətirmiş, aprel ayında isə 1 aya yaxın müddətdə pilləkənin yığılması və qapıların quraşdırlması ilə bağlı bütün işləri görmüşdür. Orada işlədiyi müddətdə İddiaçı özü birneçə dəfə orada olmuş, işlərin görülməsi vəziyyəti ilə yaxından maraqlanmış, heç bir əlavə irad və təklifi olmamışdır. Əgər onun hər hansı bir işə iradı olsa idi, bu barədə ona məlumat verə bilərdi. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı özü də iddia ərizəsində görülən işlərin ümumi dəyərinin 8500 manat məbləğində olduğunu, lakin 5500 manat pul ödədiyini etiraf etmişdir. Yəni hətta iddiaçı ona 3000 manat borclu qalmışdır. İddiaçı bütün bu məhkəmə proseslərini həmin 3000 manatı ona verməkdən imtina etmək üçün təşkil edir. Belə ki, onun iddia tələbində qeyd etdiyi kimi pilləkənlərin aksessuarları göyrüş materialından razılaşdırılsa da, 2 ədəd qoşa laylı taxta qapının göyrüş materialından hazırlanması üçün aralarında heç bir razılıq olmamışdır. Həmin qapılar "MDF" materialından hazırlanmalı idi. İddiaçının evində 37 pillə pilləkən tərəfindən hazırlanmışdır. Həmin pilləkənin yığılması üçün görülən işlər və lazım olan materialın miqdarı və qiymətləri belədir: 2.2 kub/metr göyrüş ağacından taxta materialıın 1 kub/metrinin orta bazar qiyməti 2000 manat olduğu üçün 2.2 kub/metrin qiyməti 4400 manat, 5 x 5 ölçüdə 80 ədəd pilləkən aksessuarın (balians) 1 ədədinin orta bazar qiyməti 8 manat olduğu üçün ümumi 640 manat, pilləkən sinəliyinin hazırlanması üçün 4 list "MDF" materialın 1 listinin orta bazar qiyməti 80 manat olduğu üçün ümumi 160 manat, 37 pillə pilləkənin rənglənməsi üçün 1 ədədin rənglənməsinin orta bazar qiyməti 40 manat olduğu üçün ümumi 1480 manatdır. Beləliklə taxta qapılar olmadan tək pilləkənin hazırlanması üçün lazım olan materiallar üçün 6680 manat məbləğində pul tələb olunur. Növbəti olaraq isə 2 ədəd qoşa laylı taxta qapının həm göyrüş materialından, həm də "MDF" materialından hazırlandıqda orta bazar qiyməti - əgər 2 ədəd qoşa laylı taxta qapı göyrüş materialından hazırlansa, tələb olunan işlərin və materialın qiyməti belədir: 2.70 metr uzunluqlu göyrüş materialının 1 kub/metrinin qiyməti 2700 manat təşkil edir. 2 ədəd qoşa laylı taxta qapının hazırlanması üçün 1 kub/metr material kifayət edir. Ümumi dəyər 2700 manatdır. Həm iddiaçının iddia etdiyi kimi, həm də onun göstərdiyi aralarında olan razılaşma əsasında mal, materialın və görülən işlərin orta bazar qiymətinin təhlilini təqdim edir. Bu qiymətlərdən də göründüyü kimi iddiaçının iddia tələbi əsassızdır. Belə ki, iddiaçının iddia etdiyi kimi taxta qapıların da hazırlanması üçün göyrüş materialından istifadə olunmalı idisə, bütün işin qiyməti pilləkənin hazırlanması üçün 6680 manat və göyrüş materialından 2 ədəd qoşa laylı taxta qapı 3200 manat, ümumilikdə 9880 manat təşkil edir. Hələ bu onun öz xidmət haqqı olmadan hesablanan məbləğdir. Necə ola bilər ki, o, usta olaraq xidmət haqqı almadan ümumi mal, materialı 10000 manata yaxın olan bir iş üçün 8500 manata razılaşma etsin? İddiaçının evinin təmiri üçün cibindən pulunu xərcləməli idi? Qeyd olunan məbləğlər iddia tələbinin tam əsassız olduğunu göstərir. Əvəzində isə onun qeyd etdiyi kimi qapılar "MDF" materialından hazırlanmalıdırsa, bütün işin qiyməti pilləkənin hazırlanması üçün 6680 manat və "MDF" materialından 2 ədəd qoşa laylı taxta qapı 1560 manat, ümumilikdə 8240 manat təşkil edir. Bu məbləğ isə reallığa daha yaxındır. Çünki onlar iddiaçı ilə ümumi işin görülməsi üçün məbləği 9000 manat danışmış və polis orqanında verdiyi izahatda da qeyd etdiyi kimi həmin məbləğin yalnız 6000 manatı ona verilmişdir. Qeyd etdiyi kimi arada qalan 700 manat fərq isə onun xidmət haqqı idi. Lakin iddiaçı əsassız olaraq müxtəlif bəhanələr gətirərək ona qalan pulunu verməkdən imtina edir, hətta onu və ona köməklik etmək istəyən ağsaqqallarını təhdid edərək ondan pul istəyir. Ona görə də iddiaçının iddiasını tam şəkildə qəbul etmir. Belə ki, bu barədə foto-şəkillər, həmçinin Rəşid Bədirov tərəfindən onun işinin təhvil alınmasını təsdiq edən səs yazıları, whatsapp danışıqları mövcuddur. Onun İddiaçı evində pilləkən və 2 ədəd qoşa laylı taxta qapının hazırlanması üçün tələb olunan mal, materiala və görülən işlərə (rəngsaz) çəkdiyi xərc təkcə 8300 manat təşkil edir. Onun orada işlədiyi 1 ay ərzində iddiaçı dəfələrlə gəlib-getdiyi müddətdə əgər işində nöqsan olsa idi, bu barədə ona deyərdi. O, bu gün də iddiaçıya təklif edir ki, ona verdiyi 6000 manatı ona qaytarır, lakin əvəzində quraşdırdığı pilləkəni və qapıları geri tələb edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, İddiaçı iddiasının rədd olunması, İddiaçı 3000 (üç min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qarşılıqlı iddiasının təmin olunmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Biləsuvar Rayon Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2(022)-833/2023 saylı qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 386.1, 752, 21-ci, MPM-in 76-cı maddələrinə istinadla gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər iddianın əsaslarına dair mötəbər sübutlar vermədiyindən hər iki iddia rədd edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilk iddia üzrə İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək ləğv olunmasını və ilk iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilk iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən ilk iddianın rədd edilməsi hissəsində işin hallarına obyektiv qiymət verilməmiş, gəldiyi nəticə işin hallarına uyğun olmamış, nəticədə prosessual və maddi hüquq normalarının kobud pozuntusuna yol verilmişdir. Məhkəmə ilk iddianı rədd edərkən öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı sifarişçi olaraq podratçı Cavabdeh1 ilə aralarında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2499 saylı bağ səhəsinin (Yeni qaydalarla: AZ 1039, Bakı şəhəri, Sabunçurayonu, Kürdəxanı qəsəbəsi, Şikar Şikarovpsi, 169 saylı bağ evi) tam təmiri məqsədilə 30 oktyabr 2022-ci il tarixdə podrat müqaviləsi bağlamış, evin pilləkən və qapılarının hazırlanmasını “podratçı” Cavabdeh1 öz ustalarından olan iş üzrə digər Cavabdeh2 həvalə etmiş və onu İddiaçı ilə tanış etmişdir. Yalnız pilləkən və taxta qapıların hazırlanıb quraşdırılması iddiaçı və Cavabdeh1 tərəfindən 26 dekabr 2022-ci il tarixdə və qeyd olunan bağ evində digər Cavabdeh2 tapşırılmışdır. Lakin iş materallarına əlavə edilmiş nə podrat müqaviləsindən, nə də tərəflərin izahatları ilə podratçı olaraq Cavabdeh2 iş həcminə daxil olan bağ evinə pilləkən aksessuarının və iki ədəd qapının hansı materialdan hazırlanması, podratçının mal-materiallarından hazırlandığı halda sifarişçinin mal-materiallarının dəyərinin hansı qaydada ödəməli olması, yerinə yetirilmiş işə görə muzdun miqdarı barədə razılaşma müəyyən olunmur.” Məhkəmənin qeyd olunan mövqeyinə qarşı bildirir ki, tərəflər podrat müqaviləsi üzrə əlavə olaraq razılığa gəlmişlər ki, cavabdehlər göyrüş ağacından ümumilikdə 38 ədəd pilləkən (bütün aksessuarları ilə birlikdə) və göyrüş ağacından 2 ədəd taxta qapının ideal səviyyədə hazırlayaraq fevral ayının ilk həftəsində bağ evində quraşdıracaqlar. Həmin razılığın olması və iddia ərizəsində yazılanların tam-tamına düzgün olmasını cavabdehlərdən Cavabdeh1 məhkəmənin 2-ci iclasında iştirak edərkən bildirmiş, iddianı qəbul etmiş, lakin məhkəmə ilkin iddianı rədd etmək üçün Cavabdeh1 məhkəmə iclasında iştirak etmədiyini qeyd etmişdir. Bu hal prosessual hüquq normalarının tələblərinin kobud pozuntusudur. Bundan başqa tərəflər arasında şifahi razılaşmanın olması müqavilənin bağlanması deməkdir. Belə ki, Mülki Məcəlləyə əsasən əqd şifahi də bağlana bilər və müqavilə də əqddir. O cümlədən tərəflər arasında bağlanmış müqaviləyə əsasən işin qüsurlu yerinə yetirilməsi, lazımi keyfiyyətdə təhvil verilməməsi cavabdehlərin 14-cü polis bölməsində verdiyi izahatlardan və mütəxəssis rəyindən məlumdur. Həmçinin qeyd edirik ki, bağ evinə pilləkən aksessuarının və iki ədəd qapının göyrüş ağacından hazırlanması barədə razılaşmanı Cavabdeh1 məhkəmənin 18 iyul tarixli iclasında izahat verərkən etiraf etmiş, həmçinin digər Cavabdeh2 da göyrüş ağacından yalnız pilləkənlərin hazırlancağı barədə razılaşmalarını etiraf etmiş, qapının mdf materialından hazırlanması barədə razılığın olmasını bildirmişdir. Lakin məhkəmə ümimiyyətlə hansı material olmasının məlum olmadığı barədə özündən fərziyyələr uydurmuşdur. O cümlədən podratçının malmateriallarından hazırlandığı halda sifarişçinin mal-materiallarının dəyərinin hansı qaydada ödəməli olması, yerinə yetirilmiş işə görə muzdun miqdarı barədə razılaşmanın müəyyən olunmaması barədə məhkəmənin mövqeyinə qarşı bildirirlər ki, iddia ərizəsində qeyd olunmuşdur ki, pilləkən və qapıların hazırlanması mal-material daxil 8500 manata razılaşdırılmış, cavabdeh Azada həmin məbləğdən 6000 manat dənilmişdir ki, bunu cavabdehlər həm polisə verdikləri izahatlarında, həm də, məhkəmə iclasında verdikləri izahatlarında etiraf etmişlər. Halbuki məhkəmə özü qətnamənin 6-cı səhifəsinin, 2-ci abzasının 4-cü cümləsində qeyd etmişdir: “Halbuki, işin mübahisə doğurmayan halı olaraq müəyyən olunur ki, Cavabdeh2 və Cavabdeh1 Sabunçu RPİ-nin 14-cü PB-nə verdiyi izahatında Cavabdeh2 podrat işinə sərf etdiyi mal-materialların ona qaytarılmasi şərti ilə iddiaçıdan aldığı 6000 manat pulu ona qaytarmağa razı olduğunu bildirmiş və bunu İddiaçı təklif etməsinə baxmayaraq, iddiaçı buna razı olmamışıdır.” Göründüyü kimi işə görə, mala görə və muzda görə qiymət müəyyən olunmuş və həmin halı məhkəmə özü də təkzib etmişdir. Məhkəmə «X5 və Ekspertiza Mərkəzi» MMC-nin 15 may 2023-cü il tarixli 71 saylı mütəxəssis rəyini də sübut kimi qəbul etməmiş, buna dair mövqeyini belə əsaslandırmışdır: “Məhkəmə belə hesab edir ki, «X5 və Ekspertiza Mərkəzi» MMC-nin 15 may 2023-cü il tarixli 71 saylı mütəxəssis rəyi Cavabdeh2 pilləkən aksessuarının və bağ evinin iki ədəd qapısının keyfiyyətsiz hazılanması səbəbindən iddiaçıya 12000 manat zərər vululmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, mütəxəssis rəyində Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 2499 saylı bağ evində qapıların və pilləkənlərin yığılmasınını texnologiyaya uyğun aparılmadığı göstərilsə də, bağ evinin qapı və pilləkənlərinin hansı texnologiya üzrə quraşdırılmalı olduğu halda quraşdırılmaması göstərilməmiş, yalnız işlərin vizual görüntüsünə əsaslanaraq qiymətləndirmə aparılmışdr. Bundan başqa, pilləkən aksessuarlarının və qapıların quraşdırılması və yerinə bərkidilməsinə işlədilmiş materiallarla birlikdə dəyərləndirmə aparılmaqla qiymət verilmişdir. Halbuki, işin mübahisə doğurmayan halı olaraq müəyyən olunur ki, Cavabdeh2 və Cavabdeh1 Sabunçu RPİ-nin 14-cü PB-nə verdiyi izahatında Cavabdeh2 podrat işinə sərf etdiyi mal-materialların ona qaytarılmasi şərti ilə iddiaçıdan aldığı 6000 manat pulu ona qaytarmağa razı olduğunu bildirmiş və bunu İddiaçı təklif etməsinə baxmayaraq, iddiaçı buna razı olmamışıdır. İşin qeyd olunan halı belə nəticəyə gəlməyə əsas verir ki, əgər sifariş olunan iş yenidən görülmüşdürsə, həmin işlər Cavabdeh2 mal-materiallarından istifadə edilməklə görülmüşdür. Belə olan halda pilləkən aksessualarının və qapıların cavabdehin materiallarından istifadə edilməklə yenidən qurulması iddiaçının 12000 manat ziyana məruz qalmasını istisna edir.” Məhkəmənin qeyd olunan mövqeyinə qarşı bildirirk ki, əgər məhkəmə mütəxəssis rəyini sübut kimi qəbul etmirdisə, o zaman öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər, yaxud mütəxəssisin iştirakını məhkəmə iclasında təmin edər, mütəxəssisin gəldiyi qənaətin əsaslarını araşdıra bilərdi ki, bunu etməmişdir. Həmçinin məhkəmənin mövqeyinə qarşı bildiririk ki, sifariş olunan işlər Cavabdeh2 mal-materiallarından istifadə edilməklə görülsə də, İddiaçı həmin materialın və görülən işə görə pulunu ödəmiş, həmin material keyfiyyətsiz və iş qüsurlu olduğuna görə əlavə xərc çəkib həmin işi başqa ustalara gördürmüş, nəticədə həmin iş cavabdehlərlə razılaşdığından artıq qiymətə başa gəldiyinə görə əlavə xərci çıxmış və razılaşdırıldığından da uzun müddətə başa gəlmişdir. Göründüyü kimi iddiaçının cavabdehlərlə razılaşdığı işin nəticəsinə görə və onların işi keyfiyyətsiz və qüsurlu yerinə yetiriməsi səbəbindən məcbur qalıb başqa ustalara iş gördürmüş, həm artıq xərci çıxmış, həm buna görə ailəliklə güclü stress keçirmişlər, həm də cavabdehlərin vəd etdiyi vaxta - 1 aya yox, 6 aya başa gəlmişdir. Bütün qeyd olunanları məhkəmənin 2-ci iclasında, 18 iyul 2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmiş, iddianı qəbul etmişdir. Bundan başqa məhkəmə belə qənaətə gəlmişdir: “Belə olan halda pilləkən aksessualarının və qapıların cavabdehin materiallarından istifadə edilməklə yenidən qurulması iddiaçının 12000 manat ziyana məruz qalmasını istisna edir.” Məhkəmənin bu mövqeyinə qarşı bildirirlər ki, əgər məhkəmə hesab edirdisə ki, iddiaçının 12000 manat ziyana məruz qalması istisna olunur, o halda hansı məbləğdə ziyana məruz qalmasının müəyyən olunması və obyektiv araşdırma aparılması üçün ekspertiza təyin edər, mütəxəssis cəlb edər və ziyanın məbləğini müəyyənləşdirə bilərdi. Yaxud məhkəmə hesab edirdisə ki, material Cavabdeh2 olmuşdur, o halda materialın pulunun da iddiaçının ödəməsini, həmçinin materialın pulundan əlavə iddiaçının çəkdiyi xərcləri nəzərə alıb iddianı qismən təmin edə bilərdi. Lakin məhkəmə tərəfindən kifayət qədər sübut təqdim edilməsinə, cavabdehlərin polisdəki izahatlarına, Cavabdeh1 məhkəmədə iddianı etiraf etməsinə baxmayaraq, iddianı əsassız olaraq rədd etmişdir. Beləliklə hesab edirlər ki, məhkəmə tərəfindən özünün sadaladığı hüquq normaları düzgün tətbiq edilməmiş, Mülki Məcəllənin 324.1, 329.2, 406.1, 762.1-7, 762.3, 765, 771, 772.1, 385.2, 443.1, 443.2, 442, 451-ci maddələri tətbiq olunmalı olduğu halda, olunmamışdır. Qeyd etdiyimiz müddəaları işin faktiki halına tətbiq etdikdə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqaviləyə görə podratçı sifarişçinin sifarişinə əsasən, 2023-cü ilin fevral ayına kimi pillə və taxta qapının hazırlanması və quraşdırılması ilə bağlı işləri yerinə yetirməli və sifarişçi də müqabilində 8500 manat ödəniş etməli idi. Lakin göründüyü kimi tərəflər arasındakı müqaviləyə əsasən sifarişçi qanunla nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmiş, podratrçı isə öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməmiş, həmçinin qüsurlu icra etməklə sifarişçinin əmlakına ziyan vurmuşdur. Bundan başqa sifarişçi həmin işləri başqa ustalara təhvil vermiş və həmin usatalarla işin təhvil verilməsi üçün 12000 (on iki min) manata razılaşmışlar. İlkin iddianın rədd edilərək, bu dərəcədə ədalətsiz qətnamə çıxarılması həqiqətən də insanlarda ədalət mühakiməsinə olan inamın azalmasından başqa bir şey deyil. Yuxarıda qeyd etdikləri hallar - tələblərinin həm qanuni olduğu, həm də sübutlarla təsdiq olunması onu göstərir ki, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Qətnamədən həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv olunması, qarşılılqlı iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə bir sıra maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işi tam araşdırmamış, işin hallarını düzgün qiymətləndirməmişdir. Məhkəmə kollegiyasının üzvlərinin nəzərinə çatdırmaq istəyir ki, yaşayış və qeyri-yaşayış sahələrində təmir işləri görən ustadır. Həmçinin iddiaçının evində də təmir işləri görərək pilləkən və iki qapı hazırlamışdır. Lakin nə iddiaçı, nə də podratçı olan digər cavabdeh ilə rəsmi müqaviləsi olmamışdır. Belə ki, podratçı olan digər cavabdeh sosial şəbəkədə yerləşdirdiyi reklam vasitəsi ilə əlaqə nömrəsini tapmış və zəng vuraraq şifahi olaraq bu işi ona tapşırmışdır. İddiaçı ilə də həm telefon əlaqəsi saxlamış, həmdə görüşərək razılığını almış, görəcəyi iş barəsində ətraflı məlumat verərək işə başlamışdır. Artıq fevral ayında bütün mal material və tikinti konstruksiyalarını iddiaçının evinə gətirmişdir. Aprel ayında isə 1 aya yaxın müddətdə pilləkənin yığılması və qapıların quraşdırlması ilə bağlı bütün işləri görmüşdür. Orada işlədiyi müddətdə İddiaçı özü bir neçə dəfə orada olmuş, işlərin gedişatı ilə yaxından maraqlanmış, heç bir əlavə irad və təklifi olmamışdır. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı özü də iddia ərizəsində görülən işlərin ümumi dəyərini 8500 manat məbləğində olduğunu, lakin 5500 manat pul ödədiyini etiraf edir. Həm iddia ərizəsinə etiraz ərizəsində, həm də polisdə verdiyi ifadəsində qeyd etmişdir ki, işlərin görülməsi üçün 9000 manat məbləğində ödəniş ediləcəyi razılaşdırılmışdır. Lakin o puldan 6000 manat verilib. Yəni hər ikisinin də təsdiq etdikləri ifadələrinə görə aralaırnda 3000 manat pul haqq-hesabı qalmışdır. İddiaçı işlərin tam yararsız olduğunu və tərəfindən təhvil verilmədiyini iddia etməyə çalışsa da, işləri tam şəkildə görməyi və təhvil verməyi barədə sübutları var. Belə ki, bu barədə foto-şəkillər, həmçinin Rəşid Bədirov tərəfindən işinin təhvil alınmasını təsdiq edən səs yazıları, whatsapp danışıqları mövcuddur. Məhkəmə ilkin iddiayaya münaisbət bildirərkən qanuni və ədalətli olsa da, bir növ iddiaçının "xətrinə" dəyməmək üçün qarşılıqlı iddianı da rədd etmişdir. Halbuki qarşılıqlı iddia tələbi üzrə cavabdeh ilə aralarında mübahisə belə yoxdur. Yəni burada məhkəmənin nəisə araşdırmasına və ya iddiaçı kimi onun nəisə sübut etməyinə ehtiyac belə yoxdur. Qarşılıqlı iddia tələbi ondan ibarətdir ki, İddiaçı oa 3000 manat pul verməlidir. Bu ifadəni həm polis orqanında izahat yazarkən, həmdə məhkəmə iclasında təsdiq etmişdir və qeyd etmişdir ki, işlərin görülməsi üçün sonrakı xərclərlə birlikdə ümumilikdə İddiaçı ona 9000 manat verməli idi, amma 6000 manat pul verib. Həmçinin İddiaçı özü də iddia ərizəsində qeyd edir ki, işlərin görülməsini ilkin olaraq 8500 manata danışmışlar, o isə 5500 manat pul verib. Hətta onun nümayəndəsi də məhkəmə iclasında bu faktı bir daha təsdiqlədi və buna heç bir etiraz etmədi. Yalnız pulu verməməklərinə səbəb kimi guya işin düzgün təhvil verilmədiyini göstərmişdir. Onlar isə cavab olaraq bildirmişlər ki, təhvil verilmiş işi bəyənməyibsə, bütün mal-materialı oradan götürməyə şərait yaratsınlar. Onlar isə buna da razı olmadılar. Yəni, İddiaçı ona 3000 manat verməli olduğu işin mübahisəsiz halıdır. Hətta məhkəmə də öz qətnaməsində bu faktı araşdırma zamanı müəyyən edilmiş fakt kimi təqdim edir. Lakin əsassız olaraq işin İddiaçı tərəfindən qəbul edilməsi müqavilə şərtlərinə tərəfindən tam əməl edilməsinə dair mötəbər sübut təqdim etmədiyini bildirmişdir. Bu mövqeylə razı deyil. Əvvəla aralarında hər hansısa bir yazılı müqavilə olmamışdır ki, onun müəyyən edilmiş şərtləri də olsun. Burada yalnız bir öhdəlik var. İşin tam təhvil verilməsini isə məhkəmə sənədlərinə əlavə edilmiş foto-şəkillərdən və səs yazılarından tam aydın görmək olur. Məhkəmə əlavə olaraq bildirir ki, iş tam təhvil verilsə idi, İddiaçı ona qarşı iddia qaldırmazdı. Halbuki məhkəmə ilkin iddianı rədd edərkən işin tam təhvil verilməməsi məsələsini də cəfəngiyyat olduğunu sübut edir. Ona görə də hesab edir ki, məhkəmə qarşılıqlı iddia tələbini rədd edərkən düzgün qərar qəbul etməmişdir. Beləliklə, qanunla nəzərdə tutulmuş zərər, real zərər və əldən çıxmış faydadan ibarətdir. Məhkəmə öz araşdırması zamanı İddiaçı 3000 manat borclu olduğunu və bu pulu vermədiyini müəyyən etsə də, ona dəymiş bu zərəri təmin etməkdən çəkinmişdir. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi qarşı tərəfin bu faktı təsdiq etməsi onu sübutetmə vəzifəsindən azad edir. İddiaçı 3000 manat borclu olması həm özünün, həm onun və nümayəndəsinin izahatlarında məhkəmə tərəfindən müəyyən edilmişdir. Bu fakt işin mübahisəsiz halıdır və məhkəmə tərəfindən tam təmin olunmalı idi. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə idiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, cavabdehlərdən Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin isə əsassız olmasından dolayı rədd edilməsini xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, ekspert qüsurların aradan qaldırılması üçün müəyyən etdiyi məbləğə 2 ədəd qoşa laylı qapının qüsurlarının aradan qaldırılması üçün tələb olunan məbləğ daxil edilməmişdir. Bununla belə iddiaçı əlavə ekspertizanın keçirilməsini tələb etmir. Məhkəmədə Cavabdeh2 və onunun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə əsassız olduğunu bildirib rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər Cavabdeh1 məhkəmədə iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə qabaqcadan məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxsin iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Bununla belə əvvəlki apellyasiya baxışında iştirak edən ilk iddia üzrə digər Cavabdeh1 ilk iddia üzrə apellyasiya şikayətinin dəlillərinin qismən əsaslı olduğunu, Cavabdeh2 tərəfindən işlərin qüsurlu görüldüyünü bildirib, mübahisəyə hüquqi qiymət verilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda ilk iddia üzrə iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddianın təmin olunmaması hissədə, qarşılıqlı iddia üzrə iddiaçının isə qarşılıqlı iddianın təmin olunmaması hissələrdə mübahisələndirmələrini nəzərə alan məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, ilk iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmaqla mübahisələndirilən qətnamənin ilk iddianın təmin olunmaması hissədə apellyasiya qaydasında ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə ilk iddianın təmin olunmaması hissədə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından tərəflərin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aşağıdakılar müəyyən olunur: Sifarişçi (iddiaçı) İddiaçı ilə podratçı (cavabdeh) Cavabdeh1 arasında 30 oktyabr 2022-ci ildə bağlanmış podrat müqaviləsindən görünür ki, podratçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2499 saylı bağ sahəsində (obyekt) tikilmiş bağ evinin tam daxili təmirinin görülməsi, sifarişçi tərəfindən isə razılaşdırılmış muzdun ödənilməsi müqavilənin predmetini təşkil etmişdir; Müqavilənin 3.1-ci bəndinə əsasən podratçı müqavilənin imzalandığı tarixdən başlayaraq 140 gün ərzində obyektin zirzəmisi də daxil olmaqla bütün daxili sahəsi, veranda hissəsinin tavan və döşəməsi, həmçinin obyektin qabaq çöl pilləkənlərində elektrik, santexnik, malyar, kafel və laminat döşəmələrin vurulması da daxil olmaqla və bunlarla məhdudlaşmadan bütün təmiri həyata keçirəcək; Müqavilənin 3.3-cü bəndinə əsasən tərəflər işlərin təhvili və ödənişin nəğd şəkildə ödənilməsini təsdiq edən akt imzalamalıdırlar; Tərəflərin öz imzaları ilə təsdiq etdikləri 2 noyabr 2022, 10 noyabr 2022, 18 noyabr 2022, 23 noyabr 2022, 3 dekabr 2022, 10 dekabr 2022, 24 dekabr 2022, 19 yanvar 2023, 25 yanvar 2023, 22 fevral 2023, 2 mart 2023, 10 mart 2023, 16 mart 2023, 20 mart 2023 tarixli “ödənişin təsdiqi və təhvil-təslim aktları”na əsasən görülmüş işlər təhvil alınmış və muzd ödənilmişdir və qeyd olunan hissələrdə podratın icrası ilə bağlı tərəflər arasında mübahisə mövcud deyildir. Tərəflər arasında mübahisə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2499 saylı bağ sahəsindəki (Yeni qaydalarla: AZ 1039, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şikar Şikarov küçəsi, 169 saylı bağ evi) bağ evində göyrüş ağac materialından ümumilikdə 38 ədəd pilləkənlərin (bütün aksessuarları ilə birlikdə) və göyrüş ağacından 2 ədəd taxta qapının ideal səviyyədə hazırlayaraq fevral ayının ilk həftəsində quraşdırılması ilə bağlı hissədə mövcuddur. Belə ki, iddiaçı qeyd olunan işlərin görülməsini podratçı X3 həvalə etmiş, sonuncu internet resurslarında bu cür işlərin görülməsini təklif edən saytlardan digər Cavabdeh2 elanını görüb onunla əlaqə saxlamış, işlərin görülməsini ona həvalə edərək, onu sifarişçi İddiaçı ilə tanış etmişdir. Qeyd olunan hissədə işin mübahisəsiz müəyyən olunan halları ondan ibarətdir ki, podratçı Cavabdeh2 şərtləşdirilmiş müddət pozulmaqla bağ evində göyrüş ağacından ümumilikdə 38 ədəd pilləkən (bütün aksessuarları ilə birlikdə) və 2 ədəd “MDF” materialından qapı hazırlayaraq quraşdırmış, işlərin gedişatında istifadə olunan malmateriallara görə 2500 və 1500 manat olmaqla 4000 manat ödəniş almışdır. İşlərin qüsurlu görülməsindən dolayı sifarişçi podratı qəbul etməmiş, qüsurların aradan qaldırılması üçün əlavə 2000 manat ödəniş etməklə vaxt vermiş, lakin verilən müddət ərzində də, qüsurlar aradan qaldırılmamışdır. Sifarişçi qüsurların aradan qaldırılmasını başqa ustalara həvalə etmiş və işlər həmin ustalar tərəfindən pilləkənlərin quraşdırılması üçün Cavabdeh2 aldığı göyrüş ağac materiallarından istifadə edilməklə yenidən görülərək təhvil verilmişdir. İşin mübahisəli halı isə ondan ibarətdir ki, iddiaçı 2 ədəd qapının da göyrüş ağac materiallarından hazırlanmalı olduğunu, Cavabdeh2 isə işlərin görülməsi üçün istifadə olunmalı mal-materialların qiymətləri üzrə təhlil təqdim edərək 2 ədəd qapının göyrüş ağac materiallarından hazırlanmasının razılaşdırılmasının mümkünsüz olduğunu bildirir. Həmin təhlil aşağıdakı kimidir: 2.2 kub/metr göyrüş ağacından taxta materialın 1 kub/metrinin orta bazar qiyməti 2000 manat olduğu üçün 2.2 kub/metrin qiyməti 4400 manat, 5 x 5 ölçüdə 80 ədəd pilləkən aksessuarın (balians) 1 ədədinin orta bazar qiyməti 8 manat olduğu üçün ümumi 640 manat, pilləkən sinəliyinin hazırlanması üçün 4 list "MDF" materialın 1 listinin orta bazar qiyməti 80 manat olduğu üçün ümumi 160 manat, 37 pillə pilləkənin rənglənməsi üçün 1 ədədin rənglənməsinin orta bazar qiyməti 40 manat olduğu üçün ümumi 1480 manatdır. Beləliklə taxta qapılar olmadan tək pilləkənin hazırlanması üçün lazım olan materiallar üçün 6680 manat məbləğində pul tələb olunur. Növbəti olaraq isə 2 ədəd qoşa laylı taxta qapının həm göyrüş materialından, həm də "MDF" materialından hazırlandıqda orta bazar qiyməti - əgər 2 ədəd qoşa laylı taxta qapı göyrüş materialından hazırlansa, tələb olunan işlərin və materialın qiyməti belədir: 2.70 metr uzunluqlu göyrüş materialının 1 kub/metrinin qiyməti 2700 manat təşkil edir. 2 ədəd qoşa laylı taxta qapının hazırlanması üçün 1 kub/metr material kifayət edir. Ümumi dəyər 2700 manatdır. İddiaçının iddia etdiyi kimi taxta qapıların da hazırlanması üçün göyrüş materialından istifadə olunmalı idisə, bütün işin qiyməti pilləkənin hazırlanması üçün 6680 manat və göyrüş materialından 2 ədəd qoşa laylı taxta qapı 3200 manat, ümumilikdə 9880 manat təşkil edir. Hələ bu onun öz xidmət haqqı olmadan hesablanan məbləğdir. Necə ola bilər ki, o, usta olaraq xidmət haqqı almadan ümumi mal, materialı 10000 manata yaxın olan bir iş üçün 8500 manata razılaşma etsin? Daxili İşlər Nazirliyi Sabunçu Rayon polims İdarəsinin 14-cü Polis Bölməsində İddiaçı şikayəti əsasında araşqdırma aparılmış, tərəflər yuxarıda qeyd olunanlarla oxşar məzmunlu izahatlar vermişlər. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş «X5 və Ekspertiza Mərkəzi» MMC-nin 15 may 2023-cü il tarixli 71 saylı mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 2499 saylı bağ evində qapıların və pilləkənlərin yığılması texnologiyaya uyğun aparılmamışdır, bunun nəticəsində dəymiş zərərin məbləği təqribən 12000 (on iki min) manat müəyyən edilir. Mübahisəyə apellyasiya baxışı zamanı təyin olunmuş kompleks məhkəmə mühəndis tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının 14 iyun 2024-cü il tarixli 3-16- 16/2-10/9873-9/9970 saylı rəyinə əsasən ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışlar: Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2499 saylı bağ sahəsindəki (Yeni qaydalarla: AZ 1039, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şikar Şikarov küçəsi, 169 saylı bağ evi) bağ evində göyrüş ağac materialından quraşdırılmalı 38 ədəd, eni 1.2 metr, hündürlüyü 0.17 metr olan pilləkən və aksessuarların yığılması texnologiyaya uyğun aparılmışdır. Belə ki, pilləkənin sütunların əsas möhkəmliyini yaradan faktiki olaraq meşə materialı (razılaşmaya əsasən göyrüş ağacı materialı) istifadə olunmadan müxtəlif ölçülü MDF lövhələrdən hazırlanmış sütunların yerində sancaqlar vasitəsi ilə bərkidildiyi, həmçinin quraşdırılmış pillələr bütöv materialdan deyil, müxtəlif ölçülü, taxta materialların yapışqan vasitəsi ilə birləşdirilməsi yolu ilə hazırlanmışdır. Müəyyən edilmiş qüsurlar istehsal və quraşdırılma prosesi zamanı yaranmasına xarakterik olduğu müəyyən edilir; Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2499 saylı bağ sahəsindəki (Yeni qaydalarla: AZ 1039, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şikar Şikarov küçəsi, 169 saylı bağ evi) bağ evində “MDF” materialından quraşdırılmalı olan 2 ədəd qoşa laylı qapının hazırlanması texnologiyaya uyğun aparılmamışdır. Belə ki, 2 laylı framuqalı qapının, şüşələnməsi zamanı şüşənin ağırlığı nəticəsində yapışqan vasitəsi ilə bir-birinə yapışdırılmış MDF lövhələr bir-birindən ayrılmış, şüşələnmə çərçivələrin kənarı keyfiyətlə cilalanmamış və rənglənməmişdir; Pilləkən və aksessuarlarının quraşdırılmasında yol verilmiş qüsurların aradan qaldırılmasına çəkilən xərcin dəyəri 1 pillə üçün dəyəri bazar qiymətlərinə uyğun təqribən 180-230 manat təşkil edir. Tədqiq olunan evdə 38 ədəd pillkənin pilləkənin quraşdırılmalı olduğunu nəzərə alaraq, yol verilmiş qüsurların aradan qaldırılmasına çəkilən xərcin dəyəri 7790.0 manat (38 ədəd x 205 manat) təşkil etdiyi müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1 - Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1 - Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə - 425.1 - Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 442 - Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1 - Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 443.2 - Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; Maddə 445.1- icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 448.1 - Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 752 - Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırlımış muzd ödəməyi öhdəsinə götürür; Maddə 759.1 - Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir; Maddə 759.2 - Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun; Maddə 762.1 - Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; Maddə 762.2 - Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; Maddə 763.1 - Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər; Maddə 763.2 - Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər; Maddə 764.1 - Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər; Maddə 765 - Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur Maddə 21.1 və 21.2 - Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında formalaşan hüquqi mövqeyə görə podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi podrat müqaviləsi üzrə tərəflərin öz öhdəliklərini tam icra edib-etməmələrini lazımınca araşdırmamış və bu səbəbdən öhdəliyin icra edilməməsi üçün hansı tərəfin məsuliyyət daşıması barədə qənaətini kifayət qədər əsaslandırmamışdır. Kollegiya hesab edir ki, ilk iddia üzrə cavabdehlərin podrat müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etməməsi cavabdehlərdən Cavabdeh1 həm polis bölməsində aparılan araşdırmalar zamanı, həmdə məhkəmə baxışlarında qismən etirafı, təqdim edilmiş foto şəkillər, video çəkilişlər, mütəxəsis və ekspert rəyləri ilə təsdiqini tapır. Cavabdeh2 subpodratçı olaraq podratı şərtləşdirilmiş keyfiyyətə uyğun, qüsurlardan azad şəkildə icra etməli olduğu, Cavabdeh1 isə podratçı olaraq işlərin vaxtında və keyfiyyətlə görülməsinə nəzarət etməli olduğu halda, qüsurlu məmulat hazırlanmış, sifarişçinin əlavə icra tələbi isə təmin edilməmişdir. Sifarişçi qüsuru özü aradan qaldırdığından, çəkdiyi xərclərin əvəzini ödəməyi hər iki cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Bununla belə iddiaçının birinci instansiya məhkəməsinə təqdim etmiş olduğu «X5 və Ekspertiza Mərkəzi» MMC-nin 15 may 2023-cü il tarixli 71 saylı mütəxəssis rəyini mülki işin apellyasiya baxışı zamanı təyin olunan kompleks məhkəmə mühəndis tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının 14 iyun 2024-cü il tarixli 3-16- 16/2-10/9873-9/9970 saylı rəyi ilə müqayisəli təhlil edən kollegiya hesab edir ki, ekspert rəyi daha inandırıcı olmaqla, qüsurların aradan qaldırılması üçün rəylə müəyyən olunan zərərin məbləği daha realdır. Bundan başqa iddiaçı bağ evində quraşdırılmalı olan 2 laylı framuqalı qapının göyrüş ağacı materialından hazırlanmasının podratçı ilə razılaşdırılmasına dair sübut təqdim edə bilmədiyindən, həmin qapının “MDF” materialından hazırlanması ilə bağlı yetirilən zərərin əvəzinin ödənilməsini tələb edə bilməz. Qarşılıqlı iddia üzrə iddiaçı podrat müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, sifarişçidən razılaşdırlımış muzdu da tam məbləğdə ödəməyi tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması əsası ilə ilk iddianın təmin olunmaması hissədə ləğv olunaraq, ilk iddia qismən təmin olunmalı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikaəyti isə təmin olunamamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Kollegiya hesab edir ki, mülki işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət nəfinə keçirilməlidir. Həmçinin ilk iddia ərizəsinin verilməsinə görə ödənilmiş 127.5 manat dövlət rüsumu və vəkilin xidmət haqqına görə ödənilmiş 500 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 apellyasiya şikayəti qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 3 avqust 2023-cü il tarixli e-2(022)-833/2023 saylı qətnaməsi ilk iddianın rədd olunması hissədə ləğv edilsin. İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetirilmiş zərərin əvəzi olaraq 7790 (yeddi min yeddi yüz doxsan) manat, ödənilmiş dövlət rüsumuna görə 127.5 (bir yüz iyirmi yeddi manat, 50 qəpik) manat, vəkilin göstərmiş olduğu hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə ekspertizaları tədqiqatının dəyərini təşkil edən 150 manat ekspertiza xərci ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-120/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-120/2024
02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver