Məhkəmə qərarları › İş №2(106)-1201/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1201/2023

14.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1201/2023 14.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X16 (sədrlik edən, məruzəçi), X12 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, qətnamə hüquq və maraqlarına toxunan şəxs X7 nümayəndəsi və vəkili Vəkil1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDKR publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(071)-1167/2017 saylı qətnaməsindən qətnamə hüquq və maraqlarına toxunan şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDKR publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Meyniman kənd Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli qərarına əsasən JN-176 KOD 91004018 saylı və JN-178 KOD 91004018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarında olan torpaq sahələrindən 9,89 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1964-cü ildə Sabirabad rayonunun Kalinovka (indiki Meyniman) kəndində anadan olmuşdur. Həmin kənddə böyüyüb başa çatmış və hal-hazırda da Meyniman kəndində qeydiyyatda olmaqla yaşayır. 1997- 1998-ci illərdə Aqrar İslahatları zamanı torpaq ayrılarkən o pay torpağı ala bilməmişdir. Buna görə də o, 2001-ci il tarixdə pay torpağın ayrılması ilə əlaqədar Meyniman kənd X21 Kommisiyasına ərizə ilə müraciət etdiş və ona orada bildirmişlər ki, yaxın zamanlarda torpaq payın ayrılması ilə bağlı müraciətini təmin edəcəklər. Meyniman kənd X21 Kommisiyasının araşdırması nəticəsində müəyyən olmuşdur ki, torpaq islahatları zamanı Meyniman İnzibata Ərazi Vahidliyində qeydiyyatda olaraq torpaq payı alan Özbəkistan Respublikasından məcburi köçüb gələn Mesxeti X1 Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə 5,75 ha və X9 Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə 7,27 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpaq sahəsi ayrılmışdır. Lakin, araşdırma zamanı müəyyən olunmuşdur ki, X10 və X15 onlara islahat zamanı ayrılmış torpaqdan ümumiyyətlə istifadə etməyiblər və uzun müddətdir ki, ailələri ilə birlikdə yenidən Özbəkistan Respublikasına köçüb getmişlər. Buna görə də 02 sentyabr 2001-ci il tarixdə Meyniman kənd X21 Kommisiyasının iclasında qərara alınmışdır ki, Torpaq İslahatı zamanı Meyniman İ.Ə.V-də qeydiyyatda olaraq torpaq payı alan və hal-hazırda Özbəkistan Respublikasına köçüb getmiş X4 adma verilmiş JN-176 KOD 91004018 saylı və X8 adma verilmiş JN-178 KOD 91004018 saylı Dövlət Aktları etibarsız hesab edilmiş və Meyniman kənd sakini İddiaçı, yəni onun ərizəsi nəzərə alınmaqla həmin etibarsız hesab edilmiş aktlarda göstərilən torpaqlardan 9,89 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. 05 sentyabr 2001-ci il tarixli Aktla mərz nişanları vurulmaqla 9,89 ha torpaq sahəsi ölşülüb ona təhvil verilmişdir. 15 avqust 2003-cü il tarixdə Hacıqabul Rayon Aqrar İslahat Komissiyası, Meyniman kənd X21 Kommisiyasının müraciətinə baxaraq Qərara almışdır ki, Meyniman kənd X21 Kommisiyasının 02 sentyabr 2001-ci il tarixli iclasında qəbul edilmiş, o cümlədən Meyniman kənd sakini İddiaçı ərizəsini nəzərə almaqla ona pay torpağı şəkilində 9,89 ha torpaq sahəsi mülkiyyətinə verilməsi təsdiq olunmuş, Hacıqabul rayon Torpaq və Xəritəçəkmə şöbəsinə bu məsələ ilə bağlı olan sənədlərin işlənib hazırlanması tapşırılmış və qəbul edilmiş qərarın icrasına nəzarət Aqrar Məsələlər üzrə şöbəyə həvalə edilmişdir. 2001-ci il tarixdən hal- hazırki günədək həmin ona ayrılmış 9,89 ha torpaq sahəsindən o istifadə edib orada əkin-biçin işlərini aparıb ailəsini dolandırır. 9,89 ha torpaq sahəsindən daimi və səmərəli istifadə edir. Həmin torpaqda əkdiyi məhsullara quluq edib bəhrəsini görür. Vaxtında olaraq həmin torpağın vergisini ödəyir. Hal-hazırda iş üzrə Cavabdeh həmin torpaq sahəsini mənimsəyərək onun həmin torpaq sahəsindən istifadə etməyinə maneçilik törədir. Bu səbəbdən də o məcbur olub bu barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də Meyniman kənd X21 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli, qərarına əsasən JN-176, KOD 91004018 saylı və JN-178, KOD 91004018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarında olan torpaq sahələrindən 9,89 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etmiş və məhkəmə iclasında bildirmişdir ki, həmin torpaq sahəsindən 3 ha hissəsini bu il öz şəxsi vəsaiti hesabına şumlamış və buna qədər isə bilməmişdir ki, həmin torpaq sahəsi İddiaçı mülkiyyətində olmaqla onun istifadəsindədir. Ona görə də iddianın təmin olunmasına heç bir etirazı yoxdur. Birinci instansiya məhkəməsində DƏDKR publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinin nümayəndəsi iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(071)-1167/2017 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Hacıqabul rayon Meyniman kənd Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli qərarına əsasən JN-176 KOD 91004018 saylı və JN- 178 KOD 91004018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarında olan torpaq sahələrindən 9,89 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ tanınmışdır. Həmin qətnamədən qətnamə hüquq və maraqlarına toxunan şəxs X11 apellyasiya şikayəti vermişdir. Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı torpaq sahəsini dövləti və məhkəməni aldadaraq əldə etmişdir. O, həmin torpağı pay torpağı kimi əldə etməmiş, nə də Aqrar İslahat Komissiyası tərəfindən mübahisəli ərazidə pay torpağı ayrılmamışdır. Mülkiyyətlərini başqasının qanunsuz istifadəsindən tələb etməkləri xeyli gecikmiş olsa da, buna iddia müddəti şamil olunmamalıdır. Məhkəmə işə baxarkən iddiaçının mülkiyyətində daşınmaz əmlakın olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış tələb etməmiş, sadəcə köhnə və etibarsız sənədlərə istinad etmişdir. Halbuki, ölkə ərazisində daşınmaz əmlakın vahid reyestri mövcuddur. İddiaçı iddia ərizəsində qabaqcadan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDKR publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinin müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi qoymuş və iddiasını cavabdehə və müstəqil tələb irəli sürməyən 3-cü şəxsə qarşı vermişdir. İddiaçı iddia ərizəsində qabaqcadan ƏMDX yanında DƏDRX publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi qoymaqla həmin qətnamə əsasında çıxarışın verilməsi öhdəliyini daşıyan qurumun işə dair iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin icrasını tələb etmək hüquqları məhdudlaşdırmışdır. Apellyasiya baxışında iştirak edən qətnamə hüquq və maraqlarına toxunan şəxs X7 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X5 çıxarılacaq yekun məhkəmə qərarını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdeh işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və izahatları, iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqənin surətindən görünür ki, Mürvətov X2 rayonunun Meyniman kəndində qeydiyyatdadır. İşə əlavə olunmuş JN-178 KOD 91004018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 mülkiyyətinə Hacıqabul rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə 7,27 ha torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş JN-176 KOD 91004018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 mülkiyyətinə Hacıqabul rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə 5,75 ha torpaq sahəsi verilmişdir. İşdə olan Meyniman kənd X21 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli iclas protokolundan çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, torpaq islahatı zamanı Meyniman İ.Ə.V-də qeydiyyatda olaraq torpaq payı alan və hal- hazırda Özbəkistan Respublikasına köçüb getmiş X4 adına verilmiş JN-176 KOD 91004018 saylı və X8 adına verilmiş JN- 178 KOD 91004018 saylı Dövlət Aktları etibarsız hesab edilmiş və Meyniman kənd sakini İddiaçı, yəni onun ərizəsi nəzərə alınmaqla həmin etibarsız hesab edilmiş aktlarda göstərilən torpaqlardan 9,89 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. İşdə olan 05 sentyabr 2001-ci il tarixli aktın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 9,89 ha torpaq sahəsi mərz nişanları vurulmaqla ölçülüb İddiaçı təhvil verilmişdir. İşdə olan Hacıqabul Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2003-cü il tarixli iclas ptokolundan çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Meyniman kənd X21 Kommisiyasının müraciətinə baxılaraq qərara alınmışdır ki, Meyniman kənd X21 Kommisiyasınm 02 sentyabr 2001-ci il tarixli iclasında qəbul edilmiş, o cümlədən Meyniman kənd sakini İddiaçı ərizəsini nəzərə almaqla ona pay torpağı şəklində 9,89 ha torpaq sahəsi mülkiyyətinə verilməsi təsdiq olunmuş, Hacıqabul rayon Torpaq və Xəritəçəkmə şöbəsinə bu məsələ ilə bağlı olan sənədlərin işlənib hazırlanması tapşırılmış və qəbul edilmiş qərarın icrasına nəzarət Aqrar Məsələlər üzrə şöbəyə həvalə edilmişdir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsələyə münasibət bildirilərək göstərilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apelyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 10 aprel 2015-ci il tarixli 4 saylı qərarında qeyd edilmişdir ki, ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-nin 153.2 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzaibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müaciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına görə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqan sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır (İPM-in 2.2.3-cü mad.). İnzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və hüquqi şəxsin ərizəsidir (İPM-in 28.1-ci mad.). Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə görə, işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə hüquq və maraqlarına toxunan şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(071)-1167/2017 saylı qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDKR publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair işə mülki mühakimə icraatında baxılmalı olmadığından xitam verilməli, Həmin mübahisənin həlli üçün aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 384.0.4., 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Qətnamə hüquq və maraqlarına toxunan şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(071)-1167/2017 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDKR publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair işə mülki mühakimə icraatında baxılmalı olmadığından xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində tələbləri təmin olunmayan şəxslər Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar