Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1201/2025 10.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X7 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(053)-888/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15.000 manat məbləğində pulun, ödənilmiş 135 manat dövlət rüsumunun, hüquqi yardım üçün nümayəndəyə etibarnamə verilməsinə görə ödənilmiş 17 manat dövlət rüsumunun, ümumilikdə, 15.152 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 2023-cü ilin sentyabr ayında birlikdə işlədiyi X3 gözəllik salonu açmağı təklif etmişdir. Həmçinin Səbinə rəfiqəsi kimi təqdim etdiyi Cavabdeh da həmin salona işə götürməyini ondan xahiş etmişdir. Həmin vaxt o, Aygünlə də tanış olmuşdur. Sonra Səbinə və Aygünü lazer aparatından istifadə qaydalarını öyrənmələri üçün şəxsi vəsaiti hesabına kursa göndərmişdir. Lakin kursu bitirdikdan sonra Aygün ona bildirmişdir ki, “mən əvvəllər gül dükanında işləmişəm və bu sahəni yaxşı bacarıram, həm də gül biznesində gəlir daha çoxdur. Sən mənə bir az pul ver, gül dükanı açım, qazancdan sənə də verərəm”. Aygündən ona nə qədər pul lazım olduğunu soruşmuşdur. O da ondan alacağını işin başlanğıcı üçün 5000-6000 manat, sonra da nə qədər lazım olarsa, alacağını bildirdi. O də ona inanmış və sentyabr ayının sonuncu həftəsində hissə-hissə Aygünə 6.000 manat pul vermişdir. 02 oktyabr 2023-cü il tarixdə Aygün gül dükanını açıb, fəaliyyətə başlamış və noyabr ayı ərzində gül və sair mallar almaq adı ilə ondan hissə-hissə 9.000 manat da əlavə pul almışdır. 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar aylarında cavabdeh işləsə də ona pul verməmişdir. O, cavabdehdən pulunu tələb etdikdə bildirmişdir ki, “səbrli ol 14 fevralda yaxşı alver olacaq sənin pulunun çox hissəsini qaytaracam”. Lakin 14 fevralda da ona heç bir ödəmə etməmişdir. Sonra söz vermişdir ki, “8 Mart bayramı da işləyim 15.000 manatını birdəfəlik qaytaracam”. Lakin yenə də pul məbləğini qaytarmamışdır. Nəhayət mart ayının 26-da onun ofisinə gəlmiş və bildirmişdir ki, “pulu qaytarmıram, sənin məndə pulun yoxdur. Pulun dükandadır, get götür”. O da Aygünə demişdir ki, o, dükana pul qoymamışdır, pulu ona vermiş, o da 5 aydır pulu qaytaracağını deyib onu aldadır və ona dərhal pulunu qaytarmasını bildirmişdir. Aygün də ona demişdir ki, “vermirəm, get nə edirsən et.” Bundan sonra o, polisə şikayət etmək qərarına gəlmişdir. Qeyd edilən bu xüsusatların əksər hissəsi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin təhqiqatçısı Kənan Hacıyevin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 27 aprel 2024-cü il tarixli qərarında öz əksini tapmışdır. Cavabdeh ondan aldığı məbləğin 15.000 manat deyil, 13.500 manat olmasını polis bölməsində etiraf etsə də, əslində aralarında mübahisə yaranmazdan əvvəl özü şəxsən yazılı qəbz verərək 15.000 manatı da ondan almasını etiraf etmişdir. Cavabdeh həmçinin ona mənəvi zərər də vurmuşdur. Çünki bu neçə müddət ərzində dəfələrlə onu aldatmış, hər dəfə qaytaracağına söz vermiş, vədinə əməl etməmiş, bu isə onun əsassız olaraq əsəb və stres keçirməsilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli, 7 saylı Qərarının 1-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitutsiyasını, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanı, bu konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habele Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Əlavə olaraq qeyd etmişdir ki, o özü İkinci Qarabağ müharibəsi veteranıdır. Əziyyətlə topladığı pulları cavabdeh onu aldadaraq mənimsəmiş və sonda qaytarmaqdan imtina etmişdir. Bundan əlavə cavabdehin təqsiri üzündən o, məhkəmədə iddia qaldırmaq üçün nümayəndəyə etibarnamə verilməsinə görə 17 manat, iddia ərizəsinin verilməsi görə 135 manat dövlət rüsumu ödəmiş, cəmi 152 manat vəsait xərcləmişdir. Qanunvericiliyin tələbinə görə həmin xərclər də cavabdehdən alınaraq ona qaytarılmalıdır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək iddia tələbi üzrə hazırlıq iclasının 20 avqust 2024-cü il tarixə təyin edildiyini, həmin iddia ərizəsində hüquqi yardıma görə çəkilən xərclərin cavabdehdən alınması qeyd edilmədiyindən hazırda iddia tələbində dəqiqləşdirmə aparmaq və tələbin həcmini artırma zərurəti yarandığını və yekun məhkəmə aktı qəbul edilərkən hüquqi yardım üçün ödənilmiş 200 manat pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsinin tədqiq edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı iclasına iddiaçı və onun nümayəndəsi, vəkil Nümayəndə gəlməmiş, elektron kabinet vasitəsilə ərizə göndərərək məhkəmə baxış iclasının xx.xx.2024-cü il tarixə, saat 16:40-a təyin edildiyini, indiyə kimi beş dəfə məhkəmə iclası keçirildiyini, üç dəfə iddiaçı tərəf olaraq məhkəmə iclasında iştirak etsələr də, lakin cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq hər hansı üzürlü səbəb olmadan heç bir məhkəmə iclasında iştirak etmədiyini bildirmişdir. Qeyd etmişdir ki, iddiaçı tərəf olaraq hesab edirlər ki, iddianın əsaslarını təşkil edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmiş, məhkəmə iclasında şahidlər də dindirilmiş və onlar da ifadələrində iddiada qeyd edilən xüsusatları təsdiq etmişlər. Əlbəttə ki, bütün təqdim edilən sübutlar və işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və sair tədqiq olunaraq məhkəmə tərəfindən iddiaya hüquqi qiymət veriləcəkdir. Lakin hazırda məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, dəfələrlə Abşeron rayonundan Neftçala rayonuna gəlib qayıtmaq iddiaçıya həm maddi, həm də fiziki çətinliklər yaradır. Odur ki, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçıxəstə oldğu üçün, nümayəndəsi olaraq o isə digər məhkəmədə iclası olduğu üçün iştirak edə bilmir. Ona görə də məhǝkəmədən bugünkü məhkəmə iclasında işə iddiaçı tərəf olaraq onların iştirakları olmadan və iddia ərizəsinə əlavə edilmiş və məhkəmə prosesində təqdim edilmiş sübutlar əsasında baxaraq iddianın təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişlər. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının nümayəndəsinin isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşin məhkəmə hazırlıq iclası zamanı İddiaçı idda ərizəsinin məzmununa uyğun məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclası zamanı İddiaçı nümayəndəsi, vəkli Nümayəndə idda ərizəsinin məzmununa uyğun məzmunlu izahat verərək növbəti məhkəmə iclasında şahidlərin də iştirak edəcəyini bildirmişdir. İşin 30 avqust 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti ilə şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, tərəflərin öz aralarında anlaşması var idi ki, iş görsünlər. Cavabdeh İddiaçı iş qurmaq adı ilə 15.000 manat pul almışdır. Cavabdeh İddiaçı pulu hissə-hissə aldığı üçün o da bəzi vaxtlarda pul məbləğinin verilməsi zamanı iddiaçının yanında olmuşdur. İddiaçı salon açmaq istəyirdi. Sonra isə işin gedişatı zamanı cavabdeh ona gül biznesindən səriştəsi olduğunu və gül dükanı açmasını təklif etdi. Belə də oldu, yaxşı da qazanc əldə edilirdi. Dükan açılışına İddiaçı cavabdehə 5.000-7.000 manat pul verdi. Məqsəd gül dükanı açmaq idi. Dükan Sumqayıt şəhərində açılmalı idi. İddiaçı gül dükanını icarəyə götürəcəkdi. O özü təxminən 1.500- 1.700 manat iddiaçıya aid pulu 2023-cü ilin oktyabr ayında əlbəəl cavabdehə vermişdir ki, mağazanın işləməsi üçün təbii gül alınmalı idi. Cavabdeh açılışdan sonra mərhələli şəkildə iddiaçıdan pul almışdır. 14 fevral 2024-cü ildə İddiaçı Cavabdeh pulunu istəmiş, Aygün isə aprel ayının 30-a kimi 15.000 manat pulu qaytaracağını, lakin dükandan çıxmayacağını bildirmiş və elə orada bununla bağlı əlyazma ilə qəbz yazaraq vermişdir. Bəzi vaxtlarda Əli kart vasitəsilə pulları atmışdır. Cavabdeh hətta ondan da əl ilə aldığı 1.700 manat pulu qaytarmamışdır. İşin 30 avqust 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti ilə şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, özü fərdi sahibkarlıqla məşğul olur. Cavabdeh Səbinə xanımın vasitəsi ilə tanımışdır. İddiaçı ilə uşaq vaxtlardan dostdur. Aygün özünü onların yanında doğrultmuşdur. Ona inanmışlar. O, ilk vaxtlar Əlinin etibarını qazanmışdır. İş birliyi əsnasında o, 8 X6 Bayramı günündə gül biznesindən yaxşı qazanc olduğunu bildirmiş, Əli onun yanında ona bir-iki dəfə 3.000- 5.000 manat pul verib. Eşitdiyinə görə Əli Aygünə ayrı vaxtlarda da pul məbləğləri vermişdir. Lakin Aygün ona verilmiş 15.000 manat pulu hələ də iddiaçıya qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(053)-888/2024 saylı qətnaməsi ilə (Hakim: Samir Quliyev) iddia təmin edilmiş, Cavabdeh 15.000 (on beş min) manat məbləğində pul, 200 manat hüququ yardım üçün vəkilə ödənilən xərc, nümayəndəyə etibarnamə verilməsi üçün ödənilmiş 17 manat və ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək bildirmişdir ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(053)-888/2024 saylı qətnaməsindən aşağıda qeyd etdiyi səbəb və hallara görə narazıdır, onu əsaslı qəbul etmir. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, o, dəfələrlə məhkəmə iclaslarına rəsmi qaydada dəvət olunmuş və lakin heç bir üzrlü səbəb göstərmədən bu iclaslarda iştirak etməmişdir. Lakin ona heç bir bildiriş və məlumat verilməmişdir. Qeydiyyatda olduğu ünvanda da yaşamır. Bu barədə müvafiq araşdırma aparılaraq məlumat əldə edilə bilərdi. Hansı ki artıq elektron xidmətlər dövrüdür və onun əlaqə nömrəsi iddia ərizəsində qeyd olunmuşdur. Həmçinin bu barədə məhkəmə tərəfindən ona digər vasitələrlə və ya telefon vasitəsilə məlumat verilə bilərdi. Demək ki, hansısa səbəblərdən onun məhkəmə iclaslarında iştirak etməyi istənilməmişdir. Məlumdur ki, qeydiyyatda olduğu, lakin yaşamadığı ünvana göndərilən bildirişlər məhkəməyə geri qayıtmışdır və onun tərəfindən qəbul edilməmişdir. Məhkəmədə bu barədə məlumat olaola onun hansısa səbəbdən məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İddiaçı tərəf onunla tanış olarkən birlikdə iş qurmağı, gül mağazası açmağı və bu işdən əldə edilən gəlirə ortaq olacaqlarını, zərər baş verərsə həmin zərərin ona - iddiaçıya aid olması barədə aralarında razılıq əldə edilmişdir. Lakin bir müddət sonra zərər olan zaman hədəqorxu gələrək, təzyiq göstərərək, şantaj edərək ona iradəsindən kənar sənəd yazdıraraq bunu məhkəməyə təqdim edərək, törətdiyi cinayətin üstünü ört-bas etmiş, bununla öz xeyrinə qətnamə çıxmasına məharətlə nail olmuşdur. Halbuki qüvvədə olan MPM-nin tələblərinə əsasən qanunsuz yolla əldə edilmiş heç bir dəlil sübut sayıla bilməz. Görünür ki, birinci instansiya məhkəməsi bu faktdan məlumatsızdır və buna görə də qəbul edilmiş qətnamə birtərəfli formada olmuşdur. Baş vermiş hadisə iddiaçı tərəf və onun yalançı şahidinin dedikləri kimi deyil, həqiqətdə baş vermiş hadisələrin və təsir-təzyiq altında yazdırılmış qəbzin necə olması barədə əsl həqiqətləri üzə çıxaracaq sübutları vardır. Bununla həmçinin qanunları və məhkəmədə şahid qismində deyəcəklərinə görə ona edilmiş xəbərdarlıqları pozmuş, yalançı şahidin məsuliyyət məsələsi də ortaya çıxacaqdır. İddiaçının iddialarının isə əsassız və qanunsuz olması da məhkəmə araşdırması zamanı üzə çıxacaqdır. O, iddiaçı tərəfindən aldadılaraq ortaqlığa cəlb edilmiş, onun sözlərinə etibar edərək onun dedikləri əsasında bu işə razı olmuş, iddiaçının xeyirə ortaq, zərərə isə tək iddiaçının özü olması vədi ilə razılaşaraq bu işə razılaşmışdır. Amma bilməmişdir ki, onu aldadaraq zərər olan zaman hədə-qorxu gələrək, şantaj edərək, psixoloji təsir və təzyiq göstərərək qəbz yazdıracaq və sonra da məhkəməni aldadaraq ondan pul istəyəcək. Qeyd etdiyi halları polis araşdırması zamanı da bildirmiş, bu barədə izahat vermişdir. Lakin iddiaçı tərəf məhkəmə kimi polis orqanını da aldatmağa çalışmışdır. Amma onu dələduzluqda ittiham edən şəxsin bu niyyəti baş tutmamışdır. Birinci instansiya məhkəməsində iştirakı təmin edilmədiyindən bu barədə məsələnin tam və hərtərəfli araşdırılması mümkün olmamışdır. Apellyasiya şikayətinin təmin edilməsini, Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(053)-888/2024 saylı qətnaməsinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya icraatı zamanı izahatında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri həddində Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(053)- 888/2024 saylıqətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən hesab etmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, iddiaçı cavabdehə müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə borc pul vermiş, cavabdeh həmin pul vəsaitini qəbul etməklə iddiaçıya aldığı borc pulu qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən hallar iş materialları ilə öz təsdiqini tapmaqdadır. Məhkəmə tərəflər arasında mövcud olan mülki hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq norması kimi qüvvədə olan Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi ilə razılaşmamış, apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, işin faktiki halları tərəflərin qarşılıqlı münasibətlərinə uyğun düzgün əsaslandırılmamış, bununla əlaqədar maddi və prosessual hüquq normaları səhv təfsir və tətbiq edilmiş və bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri, Pİ-nin 4-cü PB-nın təhqiqatçısı X1 icraatında olmuş NK-1/1125 nömrəli yoxlama materialının nəticələri üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış təhqiqat materialında cinayət tərkibinin əlamətləri olmadığından həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, 4 ilə yaxın müddətdir ki, Sumqayıt şəhəri 45-ci məhəllə ilə 5-ci mkr. arasında yerləşən Viktoriya gül salonunda florist işləyirmiş. 2023-cü ilin sentyabr ayında Əli ona zəng edərək gözəllik salonu açmasını bildirmişdir. Əli onun rəfiqəsi Səbinənin müdiridir. O, həmin ərəfədə Əliyə gözəlik salonundan anlayışı olmadığını, gülçülük sahəsində təcrübəsi olduğunu bildirmişdir. Əli ona ziyana yox, xeyirə şəriksən demiş, bundan sonra Sumqayıt səhəri, 10-cu məhəllə ərazisində obyekt tapıb orada gül dükanı açmaq qərarına gəlmişdir. Həmin dükanın açılışı üçün 13.500 manat ilkin olaraq xərc çəkilmiş, dükan açıldıqdan sonra o, gündəlik olaraq hesabat aparmış, 2024-cü ilin mart ayının 25-dən alver getmədiyi üçün dükanı bağlamaq qərarına gəlmiş, Əli həmin dükana 15.000 AZN xərcləməsini bildirərək həmin pulu ondan tələb edir. Əlidən 15.000 pul almamış, Əlinin iddiaları şər-böhtan xarakterlidir. İş materiallarına əlavə edilmiş tarixi qeyd edilməyən əlyazmadan görünür ki, Heybətova X2 Əli Saleh oğlundan 02 oktyabr 2023-cü ildə almış olduğu 15.000 manat pulu aprel ayının 30-da qaytarmağı öhdəsinə götürmüş və Səbinə Maxsudovanın iştirakı ilə əlyazma yazaraq imzalamışdır. Birinici instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı izahatı və şahid ifadələri, eyni zamanda, işdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı 2023-cü ilin sentyabr ayının sonlarından başlayaraq cavabdehin təklifi ilə ona gül dükanı açmaq üçün hissə-hissə 6.000 manat, 02 oktyabr 2023-cü ildə gül dükanı açılıb fəaliyyətə başladıqdan sonra noyabr ayı üzrə gül və sair malları alması üçün hissə-hissə 9.000 manat da əlavə pul vəsaiti vermiş, cavabdeh 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayları üzrə işləsə də iddiaçıya aldığı pulu qaytarmamış, ondan vaxt istəmiş, verilmiş müddət tamam olduqdan sonra cavabdeh iddiaçıya borclu olduğunu inkar etmişdir. Beləliklə işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, cavabdehin iddiaçıdan gül dükanı açmaq məqsədi ilə qabaqcadan razılaşaraq ondan hissə-hissə, ümumilikdə, 15.000 manat pulu aldığı və qaytarmadığı müəyyən olunur. Yuxarıda qeyd olunanları və işin sair faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməsə də, yuxarıda qeyd olunan əsaslarla cavabdehin iddiaçıya 15.000 manat borcunun yaranması halı sübuta yetirilmiş hesab olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki hüquqi mübahisələrin həllində məhkəmənin üzərinə düşən vəzifə “kimin, kimdən, nəyi və hansı əsasla” tələb etməsini aydınlaşdırmaqdır. Bu baxımdan, ilk növbədə, bu qayda üzrə ardıcıl yoxlama nəticəsində iddiaçının tələb hüququ, iddianın yönəldiyi şəxsin həmin tələb üzrə cavabdehliyi, iddiaçının tələbinin nədən ibarət olması və sonda həmin tələbin qanuni əsasları tapılmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məlum olduğu kimi, müqavilə azadlığı prinsipi həm də onu ifadə edir ki, mülki hüquq subyektləri müqavilə növünü seçməkdə tam müstəqilliyə malikdirlər. Başqa sözlə desək, mülki (əmlak) dövriyyə iştirakçılarına şans verilir ki, onlar öz istəyinə uyğun gələn müqavilə növünü bağlasınlar. Subyektlər həm MM-də nəzərdə tutulan, həm də nəzərdə tutulmayan müqavilələr bağlaya bilərlər. Elə müqavilələr var ki, Mülki Məcəllədə nəzərdə tutulmamışdır və subyektlər bu cür müqavilələrdən də istifadə edə bilərlər. Lakin bu cür hüquqi konstruksiyalar MM-ə zidd olmamalıdır. İddiaçı tərəf cavabdehin gül dükanı işlətmək məqsədilə iddiaçıdan 15000 manat borc almasını və bu barədə qəbz yazmasını əsas gətirərək həmin məbləği tələb etsə də, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə qazanc əldə etmək məqsədilə gül dükanı açmaq barədə razılığa gəlmiş, birgə fəaliyyətin təşkili üçün iddiaçı tərəfindən cavabdehə, ümumilikdə, 15000 manat pul verilmişdir. Kollegiya onu da nəzərdən qaçırmır ki, Cavabdeh təqdim etdiyi videogörüntülərdən də görünür ki, İddiaçı gül dükanının açılışından iştirak edərək bu layihənin cavabdehin təşəbbüsü ilə baş tutduğunu bildirmiş və cavabdehi nəzərdə tutaraq “İnşallah böyük uğurlar əldə edəcəyik” ifadəsini işlətmişdir. Hətta cavabdeh özü də apellyasiya şikayətində iddiaçı ilə ortaq iş gördüklərini təsdiq etmişdir. Göründüyü kimi, tərəflər arasında birgə fəaliyyət müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuşdur. Müqavilənin predmeti isə tərəflərin gül dükanının istifadəsini həyata keçirərək birgə fəaliyyət göstərməsi təşkil etmişdir. Birinci instansiya məhkəməsi isə maddi hüquq normasının təbiqində səhvə yol verərək tərəflər arasında borc münasibətlərinin olmasına istinad etmişdir. Cavabdeh həm apellyasiya şikayətində, həm də apellyasiya baxışı zamanı izahatında sözügedən qəbzdəki imzanın ona məxsus olduğunu, lakin həmin qəbzi iddiaçının təhdidlərindən qorxub imzaladığını göstərmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə cavabdehin göstərdiyi yuxarıda qeyd olunan hallara münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda, cavabdeh iddiaçı tərəfindən qanunsuz hərəktlərə məruz qalması barədə hüquq-mühafizə orqanlarına da şikayət etməmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq, varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Hazırkı işdən də göründüyü kimi, birgə fəaliyyət məqsədilə cavabdehin pulu iddiaçıdan alması, daha sonra yekun olaraq iddiaçıya 15000 manat pul qaytarılması barədə qəbz tərtib olunması, bundan sonra cavabdehin həmin pulları qaytarmaqdan imtina etməsi və nəticədə əsassız varlanması faktı təsdiq olunur. Cavabdeh gül dükanının ziyanla işləməsini, nəticədə zərərə məruz qalmasını və iddiaçıya hər hansı məbləğdə pul qaytarmalı olmamasını göstərsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda da iddiaçının iddia tələbi əsaslı və yolverilən hesab edilməlidir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, o, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan çıxarışlardan görünür ki, Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə SMS bildirişlər göndərilmişdir. Odur ki, apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Cavabdehin apellyasiya şikayətinin digər dəlili iş üzrə dindirilmiş şahidlərin ifadələrinin mötəbər sübut kimi qəbul edilə bilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, MPM-in 76.2-ci maddəsinin tələbindən göründüyü kimi, şahid ifadələri ilə müəyyən edilən məlumatlar mülki prosesdə əsas sübut növlərindən biri hesab olunur. Digər sübutlar kimi şahid ifadələrinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. Lakin MPM-in 88-ci maddəsinə əsasən əgər məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmirsə, bununla bağlı mövqeyini əsaslandırmalıdır. Şahid ifadələri qiymətləndirilərkən, ilk növbədə, şahidlərin tərəflərlə faktiki münasibətləri, qohumluq əlaqələrinin olub-olmaması, işin nəticəsində maraqlı olubolmamaları və s. hallar yoxlanılmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə iclasında şahid qismində ifadə verməyə razılıq vermiş şəxslər MPM-in 194.1-ci maddəsinə əsasən digər şahidlər kimi bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar edilirlər və onlardan bu barədə iltizam alınır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi şahidlər isə tərəfləri yaxından tanımaqla prosesin birbaşa iştirakçısı olmuşlar. Odur ki, məhkəmə kolegiyası hazırki mübahisə üzrə şahidlərin ifadələrinin obyektivliyinə və inandırıcılığına şübhə ilə yanaşmağa əsas verən halları, həmin ifadələrə tənqidi yanaşmaq üçün əsasları müəyyən etməməklə hesab edir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırkı dəlilini də əsassız hesab edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməməklə səhv təfsir etmiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(053)-888/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, Cavabdeh 15.000 (on beş min) manat məbləğində pul, 200 manat hüququ yardım üçün vəkilə ödənilən xərc və ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(053)-888/2024 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 15.000 manat məbləğində pul, 200 manat hüquqi yardım üçün vəkilə ödənilən xərc və ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1201/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1201/2025
10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver