Məhkəmə qərarları › İş №2(106)-121/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-121/2022

21.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-121/2022 21.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mirzəyev Nüsrət Fətulla oğlundan ibarət tərkibdə, İrzayev Hüseyn Valeh oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin 2(020)-76/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarma və torpağın ona təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus və mülkiyyətində olan 3.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpağın ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 57 saylı qərarı ilə ona və ailə üzvlərinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon Şöbəsində xx.xx.1998-ci il tarixdə, JN:0007 saylı, kod 60708018 olan “Torpağa mülkiyyətə hüququna dair” dövlət aktı ilə mülkiyyətlərinə 3.87 ha pay torpaq sahəsi verilmişdir. Hazırda onun mülkiyyətindədir və həmin sənəd heç bir orqan tərəfindən ləğv və ya etibarsız hesab edilməmişdir. Torpaq onun tam xüsusi mülkiyyətindədir. Lakin həmin torpaq cavabdehlər tərəfindən tutulmuşdur. Dəfələrlə cavabdehlərdən torpaq sahəsini tələb etsə də, cavabdehlər torpaq sahəsini boşaldıb ona təhvil vermirlər, hər dəfə bir bəhanə gətirirlər. Ona məxsus torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilərək ona oradan istifadə etməyə imkan vermirlər. Cavabdehlər qeyri-qanuni olaraq mülkiyyətində olan torpağa sahiblənmişlər, könüllü olaraq mülkiyyətində olan torpaqdan çıxmırlar və həmin sahədən istifadə etməsinə imkan vermirlər. Beyləqan Rayon Məhkəməsinin 2(020)-76/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Seyfəli Seyfullayev) iddianın təmin edilməsi, Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən Beyləqan rayon Aqrar İslahat Komissiyasının noyabr 1998-ci il tarixli, 57 saylı qərarı ilə JN0007 saylı, kod 60708018 olan “Torpağa mülkiyyətə hüququna dair” dövlət aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 3,87 ha torpaq sahəsinin 0,64 ha hissəsindən Cavabdeh1 və 2,38 hissəsindən isə Cavabdeh2 çıxarılması, cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadə ilə bağlı iddiaçıya törədilən maneələrin aradan qaldırılması qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının sübutlarına əsaslanması, onun sübutlarını isə rədd etməsi üçün gətirdiyi dəlilləri göstərməmiş, onun sübutlarını qiymətləndirməmiş, işə əlavə etməmişdir. İstifadəsində olan torpaq sahəsi müvafiq Dövlət aktı əsasında ona verilmiş və sərhədləri aktdakı cizgilərlə tam olaraq uyğun gəlir. İş üzrə ekspertiza keçirilməmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, İddiaçı və digər Cavabdeh1 onun qardaşı uşaqlarıdır. Bir-birilə qohum olan kənd sakinləri arasında hər hansı torpaq mübahisəsi olmasa da, sonradan kənd ərazisində torpaq mülkiyyətçiləri arasında mübahisə yaranmış və nəticədə məlum olmuşdur ki, kənd sakinlərinin faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları ilə sənəd üzrə olan koordinatlar üst-üstə düşmür. O qeyd etdi ki, onun torpaq sahəsindən sonra kənd ərazisində torpaq sahəsi yoxdur və onun torpaq sahəsi kanalla sərhəddə yerləşir. Əgər iddiaçının tələbi təmin edilərsə, onun torpaq sahəsinin harada yerləşməsi qeyri-müəyyən olacaqdır. Çünki kanaldan o tərəfdə qonşu kəndin inzibati ərazisinə daxil olan torpaq sahələri yerləşir. Apellyasiya məhkəməsinin iclasında, iddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını, təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert rəyi verilməsə də, hazırkı işin işdə olan sübutlar və birinci instansiya məhkəməsi tərəfindən alınmış mütəxəssis rəyi əsasında yekunlaşdırılmasını xahiş etdi. İddiaçı çıxışında qeyd etdi ki, cavabdehlərdən Cavabdeh2 onun əmisi, digər Cavabdeh1 isə əmisi oğludur. Kənd əhalisi arasında pay torpaq sahələri Beyləqan rayon Aqrar İslahat Komissiyası tərəfindən bölünərək paylanmış və onların cizgiləri müəyyən edilmişdir. Sonradan kənd ərazisində torpaq mülkiyyətçiləri arasında mübahisə yaranmış və o, istifadə etdiyi torpaq sahəsindən məhkəmə qətnaməsi əsasında çıxarılmışdır. Bundan sonra, iddiaçı reyestr orqanına müraciət edərək, onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,87 ha torpaq sahəsinin koordinatlarının və yerləşdiyi yerin göstərilməsini xahiş etdikdə, hazırkı iş üzrə cavabdehlərin istifadə etdikləri torpaq sahələri göstərilmişdir. Apellyasiya məhkəməsinin iclasında, Cavabdeh1 bildirdi ki, iddiaçı onun əmisi oğlu, digər Cavabdeh2 isə əmisidir. Cavabdeh1 də göstərilənlərə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh2 apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, qətnamə Cavabdeh2 münasibətdə iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdəki Torpağa mülkiyyət hüququna dair JN 0007 kod 60708018 saylı Dövlət aktının surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 57 saylı qərarına əsasən 3,87 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Beyləqan rayonu Yuxarı Aran kənd sakinləri X14, X8, X13, X4 və İddiaçı mülkiyyətinə verilmişdir. İşdəki Torpağa mülkiyyət hüququna dair JN:0006 kod 60708018 saylı Dövlət aktının surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 57 saylı qərarına əsasən 4,25 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Beyləqan rayonu Yuxarı Aran kənd sakinləri X16, X9, Cavabdeh1, X10 və X1 mülkiyyətinə verilmişdir. İşdəki hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3,3993 hektar torpaq sahəsi xx.xx.2020-ci il tarixdə ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2, X15, X5 və X6 adlarına daşınmaz əmlakın dövlət reyestrində 102 saylı reyestr kitabının 4 saylı vərəqində qeydiyyata alınmışdır. İşdəki Torpağa mülkiyyət hüququna dair JN:0005 kod 60708018 saylı Dövlət aktının surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 57 saylı qərarına əsasən 0,82 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Beyləqan rayonu Yuxarı Aran kənd sakini X2 mülkiyyətinə verilmişdir. İşdəki hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4,2491 hektar torpaq sahəsi xx.xx.2021-ci il tarixdə ümumi birgə mülkiyyət hüququ üzrə X16, X7, Cavabdeh1, X11 və X1 adlarına daşınmaz əmlakın dövlət reyestrində 106 saylı reyestr kitabının 66 saylı vərəqində qeydiyyata alınmışdır. İşdəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Beyləqan Layihə Tədqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli, 57 nömrəli mütəxəssis rəyindən görünür ki, Beyləqan rayonunun Yuxarı Aran kəndində yerləşən İddiaçı Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 57 saylı qərarı ilə JN:0007 saylı, kod 60708018 olan “Torpağa mülkiyyətə hüququna dair” dövlət aktı əsasında mülkiyyətinə verilmiş 3,87 ha torpaq sahəsinin 0,64 ha hissəsi Cavabdeh1, 0,85 ha hissəsi X12 və 2,38 hissəsi isə Cavabdeh2 tərəfindən istifadə olunur. İşdəki sənədlərdən həmçinin görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2488/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X16, X7, Cavabdeh1, X11 və X1 ümumi birgə mülkiyyətində olan və faktiki istifadə etdikləri torpaq sahələrinin üst-üstə düşməsinin, onların istifadəsində müvafiq sənədlərlə mülkiyyətlərinə verilmiş torpaq sahəsindən əlavə torpaq sahəsinin olmasının, əlavə torpaq sahəsi varsa, həmin sahənin İddiaçı və onun ailə üzvlərinin Torpağa mülkiyyət hüququna dair JN 0007 kod 60708018 saylı Dövlət aktı ilə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsinin, xx.xx.2020-ci il tarixdə qeydə alınmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2, X15, X5 və X6 ümumi birgə mülkiyyətində olan və faktiki istifadə etdikləri torpaq sahələrinin üst-üstə düşməsinin, onların istifadəsində müvafiq sənədlərlə mülkiyyətlərinə verilmiş torpaq sahəsindən əlavə torpaq sahəsinin olmasının, əlavə torpaq sahəsi varsa, həmin sahənin İddiaçı və onun ailə üzvlərinin Torpağa mülkiyyət hüququna dair JN 0007 kod 60708018 saylı Dövlət aktı ilə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, Məhkəmə Ekspertizası Mərkəzi 10/5397 saylı, xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş vəsatətlə müraciət edərək, ekspertizanın aparılması üçün zəruri olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin rəyinin və müvafiq sənədlərin təqdim edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası müvafiq mütəxəssis rəyinin və sənədlərin verilməsi üçün 2(106)-2488/2021 saylı, xx.xx.2021-ci il tarixli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etmişdir. Sonuncu tərəflərin ərazinin ölçülməsində iştirak etməkdən imtina etmələri barədə 191 saylı, xx.xx.2021-ci il tarixli arayış təqdim etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi 10/514 saylı, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş vəsatətlə müraciət edərək, ekspertizanın aparılması üçün zəruri olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin rəyinin və müvafiq sənədlərin təqdim edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası müvafiq mütəxəssis rəyinin və sənədlərin verilməsi üçün 2(106)-121/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinə müraciət etmişdir. Sonuncu tərəflərin ekspertin iştirak etməməsinə etiraz etmələri və öz aralarında münaqişə yaratmaları səbəbindən tədqiqat işlərinin aparılmasının mümkün olmaması barədə **********17 saylı, xx.xx.2022-ci il tarixli məktub təqdim etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 121/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2488/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə nəzərdə tutulan sualların cavablandırılması üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsi **********73 saylı, xx.xx.2022-ci il tarixli məktubunda müvafiq mütəxəssis rəyinin hazırlandığını və rəyin verilməsinə dair çəkilən 339,70 manat xərcin ödənilməsini təsdiq edən sənədin təqdim ediləcəyi təqdirdə mütəxəssis rəyinin məhkəməyə göndəriləcəyini bildirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-121/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə mütəxəssis rəyinin verilməsi üçün tələb olunan 340 manat xərcin onun hesabına köçürülməsi barədə xx.xx.2022-ci il tarixli, 10698 saylı qəbz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinə göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi 10/3499 saylı, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş vəsatətlə müraciət edərək, ekspertizanın aparılması üçün zəruri olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tədqiq olunan sahənin koordinatları və baza məlumatlarının təqdim edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsi **********52 saylı, xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi konturun faktiki vəziyyəti ilə Beyləqan rayonu Yuxarı Aran qəsəbəsinə aid islahatın kompleks yerquruluşu xəritəsi arasında uyğunsuzluq olmaqla həmin konturda faktiki vəziyyətdə torpaq çatışmazlığının olması müəyyən edilmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 saylı Fərmanına əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı torpaqlara dair hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) aradan qaldırılmasını təmin etmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir. Həyata keçirilən tədbirlər başa çatdıqdan sonra mütəxəssis rəyinin verilməsi məsələsinin həllinə qanunamüvafiq qaydada baxılacaqdır. Məhkəmə Ekspertizası Mərkəzi də xx.xx.2022-ci il tarixdə ekspertizanın aparılmasından imtina etmiş və bu barədəki məlumatı 10/3499 saylı, xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə xx.xx.2022-ci il tarixli məktubunda göstərilən məlumatlar təkrar bildirilmişdir. X3 Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2488/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(106)-121/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadları ilə nəzərdə tutulan ekspertizaların keçirilməsi mümkün olmamışdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3,87 hektar torpaq sahəsi iddiaçının və onun ailə üzvlərinin, 4,25 hektar torpaq Cavabdeh1 və onun ailə üzvlərinin, 3,3993 hektar torpaq sahəsi Cavabdeh2 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İddiaçı tələbini cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olması ilə əsaslandırmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2488/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(106)-121/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadları ilə ekspertizalar təyin edilmiş və dəfələrlə icra edilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinə göndərilmiş, lakin sonuncunun rəyin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 saylı Fərmanının icrasından sonra verilə biləcəyi əsası ilə müvafiq mütəxəssis rəyini verməməsi səbəbindən Məhkəmə Ekspertizası Mərkəzi ekspertizanın aparılmasından imtina etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 saylı Fərmanının icrasının başa çatacağı müddət göstərilmədiyindən, qətnamənin məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında çıxarılmalı olduğu nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası eyni zamanda onu qeyd etməyi zəruri sayır ki, 2(106)- 2488/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(106)-121/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadlar üzrə mütəxəssis və ekspert rəylərinin olmaması iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Beyləqan Layihə Tədqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli, 57 nömrəli mütəxəssis rəyi ilə iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin 0,64 ha hissəsinin Cavabdeh1, 2,38 ha hissəsinin Cavabdeh2 istifadəsində olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası rəyi vermiş mütəxəssisin də mühəndislik sahəsində xüsusi biliyinin olmasını, eləcə də verilmiş rəyin yanaşı yoxlanılmış hər hansı sübutla təkzib edilmədiyini nəzərə alaraq, iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin 0,64 ha hissəsinin Cavabdeh1, 2,38 ha hissəsinin Cavabdeh2 istifadəsində olmasına dair xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilənləri işin hallarına uyğun sayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Bundan sonra TM-in) 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. TM-in 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. MM-in 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəldi ki, iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin 2,38 ha hissəsinin Cavabdeh2 tərəfindən zəbt olunması tam təsdiq olunduğundan, torpaqların özbaşına tutulması qanunla qadağan olduğundan, torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalı olduğundan, iddiaçının ümumi mülkiyyətdə olan torpaq sahəsini cavabdehlərin qanunsuz sahibliyindən geri tələb etmək hüququ olduğundan, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, eləcə də maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab etdi ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-76/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar