Məhkəmə qərarları › İş №2(106)-1211/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1211/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1211/2024 03.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), X1 və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-353/2024 saylı, 22 aprel 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(073)-353/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh mərhum əri Həsənov Vəkil Hüseynağa oğlunun “Dağlı” kooperativinin təsisçiləri sırasından çıxarılması qət edilmişdir. İş materiallarının 76-cı vərəqində olan məhkəmə qəbzindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-353/2024 saylı qətnaməsinin surəti 05 mart 2024-cü il tarixində Cavabdeh məhkəmə qəbzinə imza etdirilməklə təqdim edilmişdir. Cavabdeh 22 aprel 2024-cü il tarixində Cəlilabad Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(073)-353/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Cəlilabad Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2(073)-353/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Elxan Əmirəliyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət vermiş, şikayətində Cəlilabad Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2(073)-353/2024 saylı qərardadının ləğv edilməsini, əks təqdirdə şikayətin 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2(073)- 353/2024 saylı qərardadı ona münasibətdə ədalətli olmamışdır. Belə ki, o, apellyasiya şikayətini Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna riayət etməklə tərtib edərək məhkəməyə təqdim etmiş və həmin şikayəti vermə müddətini ötürmədən məhkəməyə elektron kabinet vasitəsilə göndərmişdir. Məhkəmə isə qərardadında onun qətnaməni 05 mart 2024-cü il tarixində aldığını, şikayəti isə 22 aprel 2024-cü il tarixində verdiyini göstərmişdir. Bununla bağlı bildirir ki, mübahisəli məhkəmə qətnaməsi ona rəsmi qaydada elektron kabinet vasitəsilə təqdim edilməli idi. Belə ki, onun “ASAN imza”sı və şəxsi kabineti var. Ona görə də həmin qətnamə ona şəxsi kabinet vasitəsilə təqdim edilməli idi. Sözügedən məhkəmə qəbzi isə ona məhkəmə qətnaməsi qəbul edilməmişdən öncə boş olaraq imzalatdırılmışdır. Ona görə də onun apellyasiya şikayətinin geri qaytarılması üçün əsas yoxdur və məhkəmənin həmin qərardadı ləğv edilməlidir. Məhkəmənin həmin qərardadı cavabdehə münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması kimi qiymətləndirilməlidir. Cəlilabad Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(073)-353/2024 saylı qərardadı ilə Cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2(073)- 353/2024 saylı qərardadının ləğv edilməsinə dair şikayəti təmin edilməmiş və şikayətin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2(073)-353/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Cəlilabad Rayon Məhkəməsinin 22 fevral 2024cü il tarixli, 2(073)-353/2024 saylı qətnaməsinin surəti 05 mart 2024-cü il tarixində məhkəmə qəbzinə imza etdirilməklə Cavabdeh təqdim edilmişdir. Qətnamənin surətinin ona təqdim edilməsindən 1 ay 17 gün keçdikdən sonra isə cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, bununla da apellyasiya şikayətinin verilməsi üçün MPM-in 360-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti 17 gün ötürmüşdür. Cavabdeh onun qətnamənin surətini almasına dair olan məhkəmə qəbzinin ona qətnamə çıxarılmamışdan əvvəl boş şəkildə imzalatdırıldığını bildirsə də, məhkəmə kollegiyası cavabdehin bu dəlilini formal mülahizə hesab edir və bildirir ki, şəxsin hələ qətnamə çıxarılmazdan əvvəl məhkəmə qətnaməsinin alınmasına dair boş qəbzi imzalaması ağlabatan deyil və belə olan halda cavabdeh onu imzalamamaq imkanına da malik olmuşdur. Bundan əlavə, cavabdeh skan edilərək elektron kabinetə yüklədiyi apellyasiya şikayətində qətnamənin alınma tarixini 17 mart 2024-cü il, elektron sənəd şəklində yüklənilmiş apellyasiya şikayətində isə qətnamənin alınma tarixini 18 mart 2024-cü il olaraq göstərmişdir. Hər iki apellyasiya şikayətində fərqli tarixin göstərilməsinə baxmayaraq, hər iki tarix üzrə də qətnamənin alınmış olması nəzərə alınsa belə, yenə də cavabdeh apellyasiya şikayətini 22 aprel 2024-cü il tarixində verməklə apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti ötürmüşdür. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh öz şikayətində şəxsi elektron kabinetinin olduğunu və qətnamənin həmin kabinet vasitəsilə təqdim edilməli olduğunu bildirsə də, “Elektron məhkəmə” informasiya sistemindən Cavabdeh məxsus şəxsi kabinetin 18 aprel 2024-cü il tarixində qeydiyyata alındığı müəyyən olunur. Belə olan halda isə 22 fevral 2024-cü il tarixində qəbul edilmiş və 01 mart 2024-cü il tarixli məktubla tərəflərə göndərilmiş olan qətnamənin həmin tarixdə cavabdehin elektron kabinetinin mövcud olmaması səbəbindən onun elektron kabinetinə yüklənilməsi mümkünsüz olmuşdur. Ona görə də cavabdehin şikayətinin həmin dəlili əsaslı deyil. Cavabdeh apellyasiya şikayətini qanunla müəyyən edilmiş prosessual müddəti ötürməklə verməsinə baxmayaraq, ötürülmüş prosessual müddətin bərpasına dair hər hansı vəsatət təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin hazırda mübahisələndirilən 22 aprel 2024-cü il tarixli qərardadında da apellyasiya şikayətinin onun verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə verilməsinə baxmayaraq, ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətin verilmədiyi qeyd edilsə də, cavabdeh bu cür vəsatətlə məhkəməyə müraciət etməmiş, əksinə məhkəmənin sözügedən qərardadından şikayət vermişdir. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Beləliklə, göründüyü kimi, cavabdeh tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət əlavə olunmamışdır. MPM-in 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cəlilabad Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2(073)-353/2024 saylı qərardadı dəyişdirilmədən, Cavabdeh şikayəti isə təmin edilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2(073)-353/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar