Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1221/2024 28.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Mayılov Samir İlham oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Kürdəmir rayon Məhkəməsinin 2(041)-428/2023 saylı 30 dekabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Nizami rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, CQBKG (X1 Kəmərinin Genişləndirilməsi) layihəsinin təsiri altına düşən, Kürdəmir rayonu Sığırlı kəndi ərazisində faktiki istifadəsində olan 0.15 ha torpaq sahəsi üçün 110 000 manat məbləğində kompensasiya məbləğinin cavabdeh “BP Eksploreyşn (Şah Deniz) Limited” şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyindən tutularaq ona ödənilməsini xahiş etmişdir. Kürdəmir rayon Məhkəməsinin 2(041)-428/2023 saylı 13 iyun 2023-cü il tarixli (Hakim: Xaliq İmanov) qətnaməsi ilə, iddia tələbi təmin edilməmişdir. İddiaçı prosessual müddətin bərpası barədə ərizə verərək, buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kürdəmir rayon Məhkəməsinin 2(041)-428/2023 saylı 30 dekabr 2023-cü il tarixli (Hakim: Xaliq İmanov) qərardadı ilə, apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan İddiaçı şikayət vermişdir. Kürdəmir rayon Məhkəməsinin 2(041)-428/2023 saylı 04 iyun 2024-cü il tarixli qərardadı ilə, şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə ərizənin təmin edilməməsini qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Birinci instansiya məhkəməsinə İddiaçı müddətin bərpası barədə ərizə vermiş, ərizəni onunla əsaslandırmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-428/2023 saylı xx.xx.2023cu il tarixli qətnaməsini xx.xx.2023- cü il tarixdə yaşadığı ünvana təqdim olunmuş, səhhəti ilə əlaqədar daima Bakı şəhərində müayinə və müalicə olunduğu üçün qətnamə ilə tanış ola bilməmişdir. Dekabr ayında evə qayıtmış, qətnamə ilə tanış olandan sonra ondan apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ cavabdehin konstitusion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifadə edə bilər. İş materiallarından görünür ki, iddiaçı müddətin bərpası barədə ərizəsində özü də Kürdəmir rayon Məhkəməsinin 2(041)-428/2023 saylı 13 iyun 2023-cü il tarixli qətnaməsinin xx.xx.2023-cü tarixdə poçt vasitəsi ilə yaşadığı ünvana təhvil verildiyini və həmin qətnamənin evə təqdim edildiyini bildirmişdir. Lakin iddiaçı vaxtında apelyasiya şikayəti verilməməsinin əsası kimi səhhəti ilə bağlı problemlərin olduğunu, Bakı şəhərində müalicədə olduğunu, ona görə də vaxtında şikayət verə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi məhkəmə qətnaməsi tərəflərə göndərildikdən xeyli müddət sonra iddiaçı müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı qanunvericiliyin ona verdiyi imkanlardan qanunla müəyyən olunmuş qaydada və müddətdə istifadə etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası iddiaçının qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsinin (vəsatətin) dəlillərini araşdıraraq və işi nəzərdən keçirərək hesab edir ki, qeyd edilən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilməsinə dair ərizə (vəsatət) rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi ərizəni müzakirə edərək, iş materiallarında olan müvafiq sənədləri araşdıraraq hesab etmişdir ki, ərizə əsassızdır. Belə ki, iddiaçı apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin ötürülməsini səhhətində olan problemlərlə əlaqələndirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının ərizəsində göstərdiyi hallar apelyasiya şikayətinin verilməsi üçün müddətin bərpası üçün üzrlü hal hesab oluna bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunla müəyyən edilmiş prosessual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə bərpa edir. Sadalanan qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən və həm də üzrsüz səbəbdən ötürüldüyündən, iddiaçının qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 363.1.3cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Kürdəmir rayon Məhkəməsinin 2(041)-428/2023 saylı 30 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1221/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1221/2024
28.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver