Məhkəmə qərarları › İş №2(106)-124/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-124/2023

17.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-124/2023 17.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Əsədov (sədrlik edən, məruzəçi), Samir İlham oğlu Mayılov və X6 ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, cavabdeh (digər cavabdehin nümayəndəsi) Cavabdeh1 və onun vəkili X3 iştirakı ilə, Cəbrayıl Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin qaytarılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən onun istifadəsinə “Bəhrəmtəpə-Biləsuvar” magistral yolunun cənub-qərb, kanalın cənub-şərq tərəfində iaşə obyekti üçün 120 kv.m., torpaq sahəsi ayrılmışdır. O, həmin torpaq sahəsində iaşə obyekti inşa etmiş və bir müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Uzun müddət keçdikdən sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı istifadəsində verilmiş həmin torpaq sahəsinə qeyri-qanuni daxil olaraq, iaşə obyekti inşa etmişlər. Bütün bunların nəticəsində iddiaçı istifadəsinə verilmiş torpaq sahəsindən istifadə edə bilmir. . Birinci instansiya məhkəməsində cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, o, ailəsi iə birlikdə ünvan 2 ünvanında yaşayır. Hüquqlarını təmsil etdiyi digər Cavabdeh2 onun arvadıdır. Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən arvadı Cavabdeh2 istifadəsinə “Bəhrəmtəpə-Biləsuvar” magistral yolunun cənub-qərb, kanalın cənub-şərq tərəfində yeməkxana binası üçün 1800 kv.m., (0.18 ha.) torpaq sahəsi ayrılmışdır. O, həmin torpaq sahəsində iaşə obyekti inşa etmiş və bir müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Onlar həmin torpaq sahəsində tikinti işləri aparmışlar. Onlar İddiaçı istifadəsində verilmiş torpaq sahəsinə qeyri-qanuni daxil olmamış və iaşə obyekti inşa etməmişlər. Birinci instansiya məhkəməsində üçüncü şəxs Cəbrayıl Rayon icra Hakimiyyətinin nümayəndəsi X10 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən İddiaçı istifadəsinə “Bəhrəmtəpə- Biləsuvar” magistral yolunun cənub-qərb, kanalın cənub-şərq tərəfində iaşə obyekti üçün 120 kv.m., torpaq sahəsi və cavabdeh X2 istifadəsinə Bəhrəmtəpə-Biləsuvar” magistral yolunun cənub-qərb, kanalın cənub-şərq tərəfində yeməkxana binası üçün 1800 kv.m., (0.18 ha.) torpaq sahəsi ayrılmışdır. Həm iddiaçı, həm də cavabdeh tərəf onlara verilmiş həmin torpaq sahəsində iaşə obyekti inşa edərək, bir müddət istifadə etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Cəlilabad Layihə Tədqiqat İdarəsinin C-244 saylı, 15 dekabr 2021 -ci il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə dair 10/645 saylı, 12 may 2022-ci il tarixli ekspert rəyindən məlum olmuşdur ki, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən İddiaçı ilkin torpaqayırma cizgisinə və “Bəhrəmtəpə-Biləsuvar” magistral yolunun əvvəlki yerləşmə vəziyyətinə görə yolun cənub-qərb, kanalın cənub-şərq tərəfindəki iaşə obyekti üçün ayrılmış 120 kv.m., torpaq sahəsinin cənub-qərb istiqamətində 14.5 kv.m.,- dək (sökülmüş tikilinin uzununa sınıq xətt perimetri boyunca 15.5 m.,-dək mişar daşından hörülmüş divarın) hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsindədir. Üçüncü şəxs Cəbrayıl Rayon İcra Hakimiyyətinin digər nümayəndəsi X11 və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin nümayəndəsi X1 Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 izahatı ilə eyni məzmunlu izahat vermişlər. Cəbrayıl Rayon Məhkəməsinin (hakim T.Nüsrətov) 12 avqust 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən İddiaçı ayrılmış ilkin torpaqayırma cizgisinə və “Bəhrəmtəpə-Biləsuvar” magistral yolunun əvvəlki yerləşmə vəziyyətinə görə yolun cənub-qərb, kanalın cənub-şərq tərəfindəki iaşə obyekti üçün ayrılmış 120 kv.m., torpaq sahəsinin cənub-qərb istiqamətində 14.5 kv.m.,dək (sökülmüş tikilinin uzununa sınıq xətt perimetri boyunca 15.5 m.,-dək mişar daşından hörülmüş divarın) hissəsindən çıxarılması və həmin hissədə sökülmüş tikilinin uzununa sınıq xətti perimetri boyunca 15.5 m.,-dək mişar daşından hörülmüş divarın cavabdehlərin hesabına sökülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada mülki iş üzrə mütəxəssis rəyinin əldə edilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 312 (üç yüz on iki) AZN məbləğində pul vəsaitinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada mülki iş üzrə ilkin məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) AZN məbləğində pul vəsaitinin tutularaq Dövlət nəfinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin kadastrı yoxdur. Şikayətə görə, İddiaçı istifadəsinə ayrılmış torpaq sahəsinin sərhədləri (naturada) və xəritədə müəyyən edilməmişdir. Əgər edilmiş olsaydı bu, yerquruluşu işlərinin aparılmasına hüququ olan müvafiq təşkilatlar tərəfindən həyata keçirilərdi və yerində yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilərdi. Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh2 apellyasiya şikayətinin məzmunu digər cavabdehin apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edir. İzahatlar P r o s e s s u a l məsələlər Apellyasiya baxışında iştirak edən cavabdeh, eyni zamanda digər cavabdehin nümayəndəsi Cavabdeh1 və onun vəkili X12 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaçıya torpaq sahəsinin ayrılması barədə cizginin tarixinin olmadığını, torpaq sahəsinin koordinatlarının müəyyən edilmədiyini də qeyd etmişdir. Bununla yanaşı, Cavabdeh1, İddiaçı də 120 kv.m. torpaq sahəsinin onunla eyni vaxtda ayrıldığını təsdiq etmişdir. İddiaçı apellyasiya şikayətlərinin dəlillərinə qarşı öz etirazını bildirmiş, apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı sonuncu apellyasiya baxışı iclasında iştirak etməmişdir. Üçüncü şəxs Cəbrayıl Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslərin nümayəndələri apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 376.2-ci maddəsinə əsasən üçüncü şəxs Cəbrayıl Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin qərarı ilə ilkin torpaqayırma cizgisi üzrə İddiaçı istifadəsinə “Bəhrəmtəpə-Biləsuvar magistral yolunun cənub-qərb, kanalın cənub-şərq tərəfində iaşə obyekti üçün 120 kv.m torpaq sahəsi ayrılmışdır. Bundan başqa, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 07 oktyabr 2008-ci il tarixli qərarı ilə Cavabdeh2 istifadəsinə “Bəhrəmtəpə- Biləsuvar” magistral yolunun cənub-qərb, kanalın cənub-şərq tərəfində yeməkxana binası üçün 1800 kv.m., (0.18 ha.) torpaq sahəsi ayrılmışdır. Cavabdeh1 Cavabdeh2 həyat yoldaşıdır. İddiaçı, istifadəsinə ayrılmış torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz tutulduğunu, hasara alındığını bildirməklə, cavabdehlər tərəfindən inşa edilmiş hasarın sökülməsini tələb etmişdir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İş üzrə müvafiq ekspert rəyi alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Cəlilabad Layihə Tədqiqat İdarəsinin C-244 saylı, 15 dekabr 2021 -ci il tarixli mütəxəssis arayışın əsasən verilmiş iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının 12 may 2022-ci il tarixli rəyinə görə:

1. Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilmiş, İddiaçı ilkin torpaqayırma cizgisinə və “Bəhrəmtəpə- Biləsuvar” magistral yolunun cənub-qərb, kanalın cənub-şərq tərəfində iaşə obyekti üçün 120 kv.m., torpaq sahəsinin hüdudlarının (sərhədlərinin) naturada yerləşmə vəziyyəti, ölçüləri, döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş yerquruluşu planında və Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış torpaq sahəsinin yerquruluşu layihəsindən çıxarışda öz əksini tapmışdır.

2. Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilmiş Cavabdeh2 ilkin torpaqayırma cizgisinə və “Bəhrəmtəpə- Biləsuvar” magistral yolunun cənub-qərb, kanalın cənub-şərq tərəfində yeməkxana binası üçün 0.18 ha. (1800 kv.m.,) torpaq sahəsinin hüdudlarının (sərhədlərinin) naturada yerləşmə vəziyyəti, ölçüləri, döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş yerquruluşu planında və Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış torpaq sahəsinin yerquruluşu layihəsindən çıxarışda öz əksini tapmışdır.

3. Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilmiş sözügedən torpaq sahələri ilkin torpaqayırma cizgisinə və “Bəhrəmtəpə-Biləsuvar” magistral yolunun əvvəlki yerləşmə vəziyyətinə görə İddiaçı ayrılmış torpaq sahəsinin naturada Cavabdeh2 istifadə etdiyi ərazi kimi plana alınmış torpaq sahəsinin müəyyən edilmiş hissəsi ilə üst-üstə düşür.

4. Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilmiş torpaq sahəsinin ilkin torpaqayırma cizgisinə və “Bəhrəmtəpə-Biləsuvar” magistral yolunun əvvəlki yerləşmə vəziyyətinə görə ayrılmış torpaq sahəsinin naturada Cavabdeh2 istifadə etdiyi ərazi kimi plana alınmış torpaq sahəsinin hüdudları (sərhədləri) daxilində, şimal-qərb istiqamətində sökülmüş tikilinin sınıq xətti perimetri boyunca 37.6 m.,-dək mişar daşından hörülmüş divarın mövcud olduğu müəyyən edilmişdir.

5. Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamenti tərəfindən İddiaçı ilkin torpaqayırma cizgisinə və “Bəhrəmtəpə-Biləsuvar" magistral yolunun əvvəlki yerləşmə vəziyyətinə görə yolun cənub-qərb, kanalın cənub-şərq tərəfindəki iaşə obyekti üçün ayrılmış 120 kv.m., torpaq sahəsinin cənub-qərb istiqamətində 14.5 kv.m.,-dək (sökülmüş tikilinin uzununa sınıq xətt perimetri boyunca 15.5 m.,-dək mişar daşından hörülmüş divarın) hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Kollegiya iş üzrə alınmış məhkəmə tikinti-texniki ekspertizasının 12 may 2022-ci il tarixli, 10/645 saylı rəyini sübut mənbəyi kimi qəbul edir. Beləliklə, təqdim edilmiş sübutlarla cavabdehlərin, iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsindən faktiki istifadə etməsi müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, iddiaçı tərəf öz tələbini əsaslandıra və sübuta yetirə bilmişdir. Cavabdeh tərəf etirazında iddiaçıya torpaq sahəsinin ayrılması barədə cizginin arxivdə olmadığına, tarixinin olmadığına, torpaq sahəsinin koordinatlarının müəyyən edilmədiyinə əsaslanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini, məcburi köçkünlər İddiaçı və Cavabdeh2 istifadəsinə torpaq sahələrinin ayrılması barədə cizgi-sxemin təsdiq olunmuş surətlərini təqdim etmişdir. Ayrılmış torpaq sahələrinin koordinatlarının olmadığına münasibətdə Kollegiya qeyd edir ki, həm iddiaçıya, həm də cavabdehə ayrılmış torpaq sahəsinin koordinatları yoxdur. Lakin təqdim edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Cəlilabad Layihə Tədqiqat İdarəsinin C-244 saylı, 15 dekabr 2021-ci il tarixli mütəxəssis arayışındakı cizgisxemdən görünür ki, torpaq sahələrinin planı tərpənməz nöqtələrə istinadən çəkilmişdir və həmin sxemdə iddiaçıya ayrılmış 120 kv m torpaq sahəsinin (düzbucaqlı formada) ölçüləri, cavabdehə ayrılmış sahənin təsviri və ölçüləri və iddiaçının istifadəsinə ayrılmış sahəyə müdaxilə (sınıq xətt formasında) aşkar görünür. Odur ki, ekspert rəyinin əsaslandırdığı həmin mütəxəssis rəyi məqbul hesab edilir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏTETDİ:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(072)-007/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlham Əsədov

Hakimlər: Samir Mayılov

Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar