Məhkəmə qərarları › İş №2(106)-1258/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1258/2024

15.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1258/2024 15.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X4 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil2ğa oğlunun, üçüncü şəxs nümayəndəsi X8, cavabdehin nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması, qanunsuz inşa edilmiş tikili və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi, iddiaçının tərəfində mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (əvvəl X3 İstismarı İdarəsinin) Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi, qanunsuz inşa edilmiş tikili və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(049)-112/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayonu Kosalar kəndi ərazisində yerləşən, onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,04 hektar torpaq sahəsinə gedən və X3 İstismarı İdarəsinin balansında olan gedişgəliş yolunun zəbtdən azad edilməsi, həmin gediş-gəliş yolunda cavabdeh tərəfindən qanunsuz inşa edilmiş daş hasarın və yolun başlanğıcında qoyulmuş dəmir darvazanın cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesinin gedişində X3 İstismarı İdarəsi məhkəməyə ərizə verərək mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində işə qoşulmuş və hazırkı iş üzrə Cavabdeh qarşı tələb irəli sürməklə, cavabdeh tərəfindən zəbt edilmiş Lənkəran rayonu Kosalar kəndi ərazisində yerləşən və X3 İstismarı İdarəsinin balansında olan torpaq sahəsinin zəbtdən azad edilməsi, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş daş hasarın və yolun başlanğıcında qoyulmuş dəmir darvazanın cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu Kosalar kəndi ərazisində onun və ailə üzvlərinin mülkiyyətində olan 0,04 hektar torpaq sahəsi olmaqla, həmin torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmişdir. Onların qonşuluğunda Cavabdeh torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində bir ədəd yeni və bir ədəd köhnə ev mövcuddur. Araşdırma zamanı mövcud baza məlumatlarına əsasən həmin torpaq sahəsinin şimal və şərq tərəfdən həyətyanı torpaq sahələri ilə, cənub və qərb tərəfdən isə kanal (su arxı) ilə həmsərhəd olması müəyyən edilmişdir. Onun tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsi baza məlumatlarında ümumi istifadədə üçün nəzərdə tutulan gediş-gəliş yolu kimi təsvir edilməmişdir. Həmin torpaq sahəsi kanal (su arxı) ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin arasında yerləşən, təxminən 3,5 metr enində olmaqla cavabdehin faktiki istifadəsindədir. Qeyd olunan ərazi cavabdehin sənəd üzrə mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Torpaq sahəsinin başlanğıcında qanunsuz olaraq dəmir darvaza, sonunda isə daş hasar inşa edilmiş, həmin darvaza və daş hasarın cavabdeh tərəfindən inşa edildiyi müəyyən edilmişdir. X3 İstismarı İdarəsinin müvafq məktubu ilə müəyyən edilmişdir ki, Nüvədi arxının sahil mühafizə zolağı hər iki tərəfdən 5 metr olmaqla adı çəkilən idarənin balansındadır. Belə olan halda hesab edir ki, qeyd olunan torpaq sahəsində yerləşən yol cavabdehin istifadəsində olan torpaq sahəsinə aid olmadığından həmin yolun bağlanması hüquqdan sui-istifadə hesab edilərək yol açılmalı və ona gedişgəliş yolu kimi istifadəyə verilməlidir. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 İstismarı İdarəsi öz iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmetinə aid olan ərazi X3 İstismarı İdarəsinə aid olan ərazidir. Nüvədi arxının sahil mühafizə zolağı hər iki tərəfdən 5 metr olmaqla X3 İstismarı İdarəsinin balansındadır. Həmin ərazidən arxın mühafizə zolağında hər hansı tikinti və qazıntı işləri aparılmadan, arxın en kəsiyi ölçüləri dəyişdirilmədən və arxın həmin hissəsində su rejiminə müdaxilə etmədən gediş-gəliş yolu kimi istifadə edilməsinə icazə verilə bilər. Lakin cavabdeh həmin şərtlərə əməl etmədiyinə və onların tələbinə əhəmiyyət vermədiyinə görə məhkəməyə müraciət edilmişdir. Nüvədi arxının sahil mühafizə zolağı hər iki tərəfdən 5 metr olmaqla adıçəkilən idarənin balansındadır. Belə olan halda hesab edir ki, qeyd olunan torpaq sahəsində yerləşən yol cavabdehin istifadəsində olan torpaq sahəsinə aid olmadığından həmin yolun bağlanması hüquqdan sui-istifadə hesab edilərək yol açılmalı və ümumi gediş-gəliş yolu kimi istifadəyə verilməlidir. İddiaçı iddia tələbini dəqiqləşdirərək X3 İstismarı İdarəsinin balansında olan torpaq sahəsindən Lənkəran rayonu Kosalar kəndi ərazisində yerləşən, onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,04 hektar torpaq sahəsinə gediş-gəliş yolu kimi istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş daş hasarın və yolun başlanğıcında qoyulmuş dəmir darvazanın cavabdehin vəsaiti hesabına sökülməsi, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 100,40 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-112/2024 saylı qətnaməsi ilə (hakim Nicat Ağabəyov) İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması, qanunsuz inşa edilmiş tikili və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi barədə iddia tələbinin rədd edilməsi, iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddia tələbinin təmin edilməsi, Lənkəran rayonu Kosalar kəndi ərazisində yerləşən X3 İstismarı İdarəsinin balansında olan Nüvədi arxının sahil mühafizə zolağının (hər bir tərəfdən 5 metr olmaqla 10 metr enində) Cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin zəbtdən azad edilməsi, həmin torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş daş hasar və yolun başlanğıcında qoyulmuş dəmir darvazanın cavabdehin vəsaiti hesabına sökülməsi, İddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq X3 İstismarı İdarəsinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3İstismarı İdarəsi tamamilə əsassıziddia irəli sürmüş, həmin ərazinin gediş-gəliş yolu kimi istifadə olunmasının qeyri-mümkünlüyü nəzərə alınmamışdır. Belə ki, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evi ilə sözügedən su arxı arasında cəmi 5 metr məsafə mövcuddur. Həmin ərazidə hər hansı tikinti-texniki işlərin aparılması, gediş-gəliş yolu kimi istifadə olunması cavabdehin evinin dağılmasına səbəb olacaqdır. Bundan əlavə, məhkəməyə sübut qismində təqdim etdiyi sənədlər də onu deməyə əsas verir ki, gedişgəliş yolu su arxının cavabdehin həyətyanı torpaq sahəsinə bitişik olan tərəfdə deyil, əks tərəfdə mövcud olmasıdır. Məhkəmə mübahisələndirilən torpaq sahəsinin X3 İstismarı İdarəsinin balansında olmasını mötəbər sübutlarla deyil, həmin idarənin məktubuna istinad etməklə müəyyən etmişdir. Eləcə də, X3 İstismarı İdarəsi əgər əsaslı mövqeyə malikdirsə, onda həmin su arxının sol və sağ tərəfi digər kənd sakinləri tərəfindən tamamilə zəbt olunmuş olduğundan onlara qarşı da eyni məzmunlu iddia qaldırmalı idi. Birinci instansiya məhkəməsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş **********60-10301 nömrəli Çıxarışı və texniki pasportu sübut qismində təqdim edərkən məhkəmənin nəzərinə çatdırmışdır ki, həmin texniki pasporta əlavə olunmuş torpaq sahəsinin planı və situasiya planından görünür ki, mübahisəli ərazidə mövcud olan su arxının digər tərəfi avtomobil yolu kimi nəzərdə tutulmuşdur. Lakin avtomobil yolu digər qonşular tərəfindən qanunsuz şəkildə zəbt olunmuşdur. Sözügedən avtomobil yolu cavabdehin fərdi yaşayış evinin yerləşdiyi tərəfdə deyil, əks tərəfdə nəzərdə tutulmuşdur. Belə olan halda, iddia məhz həmin avtomobil yolunu zəbt etmiş şəxslərə qarşı qaldırılmalı idi. Məhkəmə iddiaçının və üçüncü şəxs X3 İstismarı İdarəsinin hüquqdan sui-istifadəsi ilə bağlı hərəkətlərinə düzgün hüquqi qiymət verməmiş, cavabdehin həyətyanı ərazisinə bitişik olan torpaq sahəsini gediş-gəliş yolu kimi istifadə olunmasından ötrü boşaldılmasını ehtiva edən qətnamə qəbul etmiş, torpaq sahəsinin təyinatından kənar istifadə olunmasına şərait yaratmış, bununla da iddiaçının sui-istifadə hallarına gətirib çıxaran nəticəyə varmışdır. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli ərazi iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 İstismarı İdarəsinə lazım deyil, bu əslində iddiaçının arzu və istəkləridir və cavabdehə ziyan vuracaq hüquqdan sui-istifadəsidir. Eləcə də, hazırkı iş üzrə iddia qaldırılmalı olan şəxslərin dairəsi məhz avtomobil yolunu zəbt etmiş iddiaçının qonşularıdır. İddiaçı apellyasiya şikayətinə Etiraz təqdim edərək bildirmişdir ki, o, cavabdehə qarşı gediş-gəliş yolunun açılması və daş hasarın və dəmir darvazanın sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspertin müvafiq rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəydə qeyd edilmişdir ki, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan və Lənkəran rayonu Kosalar kəndi ərazisində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmişdir. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinin şimal və şərq istiqamətlərindən həyətyanı torpaq sahələri ilə, cənub və qərb istiqamətlərindən isə kanal (su arxı) ilə sərhəd olması müəyyən olunmuşdur. İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin baza məlumatlarında ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin baza məlumatlarında ümumi istifadə kimi nəzərdə tutulmuş gediş-gəliş yolu kimi təsvir edilməməsi müəyyən olunmuşdur. Həmin gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin kanal (su arxı) ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin arasında yerləşən eni orta hesabla 3,5 m olan torpaq sahəsi olması və gediş-gəliş yolu kimi iddia edilən (iddia edilən torpaq sahəsinin Cavabdeh faktiki istifadəsində olması müəyyən olunmuşdur) torpaq sahəsinin kanal kənarı torpaq sahəsi olmaqla Cavabdeh xüsusi mükiyyətində olan torpaq sahəsinin sərhəd hüdudlarından kənarda yerləşməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin başlanğıc hissəsində dəmir darvazanın, sonunda isə daş hasarın olması müəyyən olunmuş və həmin dəmir darvaza, daş hasarın Cavabdeh tərəfindən quraşdırılması müşahidə edilmişdir. Qeyd olunan rəy aralarında yaranmış mübahisənin həlli üçün yetərli olmadığından o vəsatətlə məhkəməyə müraciət edərək təkrar ekspertizanın keçirilməsini xahiş edərək məhkəmə tərəfindən mübahisəli ərazinin kimin mülkiyyətində olması sualının qoyulmasını xahiş etdi. Sonradan məlum oldu ki, mübahisəli ərazi Lənkəran X3 İstismar İdarəsinin balansındadır. Bununla bağlı həmin İdarəyə tərəfindən müraciət edilmişdir ki, Nüvədi arxının sahil mühafizə zolağı hər iki tərəfdən 5 metr olmaqla X3 İstismarı İdarəsinin balansındadır. Vətəndaş İddiaçı torpaq sahəsinə gediş-gəliş yolundan istifadə etməyə aşağıdakı şərtlər daxilində icazə verilir: Arxın mühafizə zolağında hər hansı tikinti və qazıntı işlərinin aparılması qadağandır. Nüvədi arxının en kəsiyinin ölçülərinin dəyişdirilməsi yolverilməzdir. Arxın həmin hissəsində su rejiminə müdaxilə etmək qəti qadağandır. Həmçinin məhkəmə araşdırması zamanı da onun gediş-gəliş yolu kimi iddia etdiyi mübahisə predmetinə aid olan ərazi sənəd üzrə X3 İstismarı İdarəsinin mülkiyyətinə aiddir. Qeyd olunan ərazidə yol və yağıntı sularının axıdılması üçün nəzərdə tutulmuş kanal mövcuddur. Onun yaşadığı evə aid həyətyanı torpaq sahəsi kanalın kənarında yerləşir. Həmin kanalın şimal tərəfində cavabdehə məxsus fərdi yaşayış evi yerləşir. Evin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 0.12 hektar, faktiki olaraq 0, 15564 hektar təşkil edir. Nüvədi arxının sahil mühafizə zolağı 10 metr (hər tərəfdən 5 metr) olmaqla X3 İstismarı İdarəsinin balansındadır. Nüvədi arxının sahil mühafizə zonasının ölçüləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 56 saylı qərarı ilə də təsdiq edilmişdir. Göründüyü kimi, həmin ərazi X3 İstismarı İdarəsinin balansındadır və həmin İdarə qeyd olunan ərazidən ona məxsus torpaq sahəsinə gediş-gəliş yolundan istifadə etməyə icazə verir və şərtlərini də ona ünvaladığı məktubunda qeyd etmişdir. Lakin cavabdeh onların bu tələblərinə əhəmiyyət vermir və cavabdehə təsir etmək mümkün deyildir. Cavabdehin nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil, həmin ərazinin yerləşdiyi yerquruluşu planına əsasən drenaj-kanalın hər iki tərəfində mühafizə zolağı var. Avtomobil yolunun qarşısında dəmir darvaza qoyulmuş, həmin yolun darvazanın əsasında yol bağlanmışdır. Həmin kanalın eni elə də böyük həcmdə olmadığından həmin kanalın təmizlənməsi üçün ağır texnika lazım deyil. Ona görə də, iddiaçılar tərəfindən qaldırılmış bu iddia tamamilə əsassızdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, bildirmişdir ki, kanal təmizlənəndə texnika onun bir tərəfində qalırsa, digər tərəfinə oradan çıxarılan zibili tökür. Ona görə də, kanalın hər iki tərəfində mühafizə zolağı olur. İddiaçı vəkili ilə razı olduğunu bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi X2 Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(049)- 112/2024 saylı qətnaməsinin qüvvədə qalmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(049)-112/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: xx.xx.2023-cü il tarixli 10/5583 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, mövcud baza məlumatlarına əsasən araşdırma zamanı iddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,04 hektar torpaq sahəsinin şimal və şərq tərəfdən həyətyanı torpaq sahələri ilə, cənub və qərb tərəfdən isə kanal (su arxı) ilə həmsərhəd olması müəyyən edilmişdir. İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin baza məlumatlarında ümumi istifadədə üçün nəzərdə tutulan gediş-gəliş yolu kimi təsvir edilmədiyi müəyyən edilmişdir. Gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsi kanal (su arxı) ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin arasında yerləşən, təxminən 3,5 metr enində olmaqla cavabdehin faktiki istifadəsindədir. Qeyd olunan ərazi cavabdehin sənəd üzrə mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Torpaq sahəsinin başlanğıcında qanunsuz olaraq dəmir darvazanın, sonunda isə daş hasarın inşa edildiyi, həmin darvaza və daş hasarın cavabdeh tərəfindən inşa edildiyi müəyyən edilmişdir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən iddiaçının adına verilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış, xx.xx.2018-ci il tarixli inventar nömrəsi 55 olan Texniki pasport, Lənkəran Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli A-139-148 nömrəli və xx.xx.2022-ci il tarixli A-116- 148 nömrəli məktubları, Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 2(049)- 493/2023 nömrəli mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/5583 nömrəli rəyi, X3 İstismarı İdarəsinin xx.xx.2023-cü il tarixli 154 nömrəli və xx.xx.2024-cü il tarixli 38 nömrəli məktubları, X3 İstismarı İdarəsinin balansında olan hidrotexniki qurğuların kadastr hesabatı, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş qəbzləri ilə müəyyən edilmişdir ki, iddiaçı Lənkəran rayonu Kosalar kəndində yaşayır. İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində Lənkəran rayonu Kosalar kəndi ərazisində yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsi vardır. İddiaçının gediş-gəliş yolu kimi iddia etdiyi, mübahisə predmetinə aid olan ərazi sənəd üzrə X3 İstismarı İdarəsinin mülkiyyətinə aiddir. Qeyd olunan ərazidə yol və yağıntı sularının axıdılması üçün nəzərdə tutulmuş kanal mövcuddur. İddiaçının yaşadığı evə aid həyətyanı torpaq sahəsi kanalın kənarında yerləşir. Həmin kanalın şimal tərəfində cavabdehə məxsus fərdi yaşayış evi yerləşir. Evin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 0,12 hektar, faktiki olaraq 015564 hektar təşkil edir. Nüvədi arxının sahil mühafizə zolağı 10 metr (hər bir tərəfdən 5 metr) olmaqla X3 İstismarı İdarəsinin balansındadır. Nüvədi arxının sahil mühafizə zonasının ölçüləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 56 saylı qərarı ilə təsdiq edilmişdir. Mübahisə predmetinə aid olan ərazinin dövlət mülkiyyətinə aid olmaqla X3 İstismarı İdarəsinin balansında olması iş materialları ilə təsdiq edilmişdir. Həmin ərazidə iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin kanal (su arxı) ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin arasında yerləşən təxminən, 3,5 metr enində hissəsinin cavabdehin faktiki istifadəsində olduğu, qeyd olunan ərazinin cavabdehin sənəd üzrə mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi, torpaq sahəsinin başlanğıcında dəmir darvaza, sonunda isə daş hasarın inşa edildiyi, həmin darvaza və daş hasarın cavabdeh tərəfindən inşa edildiyi də işin qeyd edilən faktiki halları ilə sübuta yetirilmiş, cavabdeh özü də qeyd olunan faktları inkar etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1 və 95.1.1-ci maddələrinə əsasən tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi sökülür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər, həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal və əsassızdır. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üzrə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, əksinə işdə olan sübutlarla iddianın təmini imkanı tamamilə istisna edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə əsaslanır. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, qanuni və əsaslı nəticəyə gəlmişdir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(049)-112/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(049)-112/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar