Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1262/2025 25.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və mülkiyyətdən istifadə hüququna maneçilik törədilməsinin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-38/2025 saylı, 30 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və mülkiyyətdən istifadə hüququna maneçilik törədilməsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0.0273 ha torpaq sahəsi üzərində yerləşən DƏDRX tərəfindən keçmiş **********31 reyestr nömrəli çıxarışla mülkiyyət hüququ üzrə iddiaçıya məxsus fərdi yaşayış evinə Hacıqabul şəhəri, H.Həmidov küçəsi, ev 49 binası istiqamətində olan giriş-çıxışın bərpa olunması, Cavabdeh tərəfindən Hacıqabul şəhəri, H.Həmidov küçəsi, ev 49 binası istiqamətində yoluna qoyulmuş fərdi-yaşayış evindən küçəyə çıxış hissəsində olan maneənin aradan qaldırılması və mülkiyyətindən istifadəsinə maneəçilik törədən bütün hallar cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə Qazı-Məmməd şəhərində (hazırki Hacıqabul rayonu) anadan olmuşdur. Uzun illər AR DİN orqanlarında polis zabiti olaraq xidmət edərək veteran polis kimi xidmətini başa vuraraq təqaüdə çıxmışdır. Hazırda ailəsilə birlikdə yaşayır. xx.xx.2020-ci ildə ünvan 2 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0.0273 ha torpaq sahəsi almış və müvafiq olaraq DƏDRX-dən qeydiyyatdan keçərək **********31 reyestr nömrəli çıxarışla mülkiyyət hüququnu rəsmiləşdirmişdir. Hazırda həmin torpaq sahəsi üzərində ev inşa edərək orada yaşayır. Lakin qonşusu Cavabdeh Ələddin oğlu onun mənzilinə giriş qapısını tutaraq həmin mənzilə giriş-çıxışına mane olur. Məsələ ilə bağlı cavabdehin özünə və rayondaxili bütün orqanlara müraciət etsə də, hər hansı bir nəticə əldə edə bilməmişdir. Hətta məsələnin məhkəmədən kənar həlli ilə bağlı mediasiya şurasına müraciət etsə də, nəticə əldə olunmamışdır. Cavabdeh Ələddin oğlu qanunsuz tikili aparmasına baxmayaraq öz yük maşınını da qapısında qəsdən saxlayaraq giriş-çıxışına mane olur. Odur ki, aidiyyatı üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, qonşusu Cavabdeh Ələddin oğlu onun mənzilinə giriş qapısını tutaraq həmin mənzilə giriş-çıxışına mane olur. Məsələ ilə bağlı cavabdehin özünə və rayondaxili bütün orqanlara müraciət etsə də, hər hansı bir nəticə əldə edə bilməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh onun qapı qonşusudur. Qədim onun öz evinə əlavə qapı açmağına mane olur. Onun evinə açdığı qapı cavabdehə heç bir maneçilik törətmir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı onun qapı qonşusudur. O, avtomobilini öz qapısının qarşısında saxlayır. İddiaçı əlavə olaraq evindən həyətə ayrı qapı açmışdır. Həmin açdığı qapı onun avtomobilini saxladığı yerə açılır. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-38/2025 saylı, 30 may 2025-ci il tarixli qətnaməsi (X4) ilə, iddia tələbinin rədd edilməsi, Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən apelyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 noyabr 2013-cü il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı qənaətə gələrkən qeyd etmişdir ki, yerində baxış protokolu, fotoşəkillər, ekspertiza rəyi və inzibati orqanın rəsmi məktubu əsasında iş üzrə aşağıdakı faktiki hallar müəyyən edilmişdir. Belə ki, iddiaçı Əmişov X1 şəhəri, H. Həmidov küçəsi 88 A ünvanında yerləşən və onun mülkiyyətində olan fərdi yaşayış sahəsində 2020-ci il tarixindən etibarən istifadə edir və həmin əmlak üzrə qanuni çıxarışa malikdir. Lakin, bu mülkiyyət hüququndan irəli gələn səlahiyyətlərini həyata keçirərkən iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş tikinti və planlaşdırma prosedurlarını pozmaqla, yaşayış evinin küçəyə baxan fasad divarından qonşu Cavabdeh məxsus həyətyanı sahəyə açılan əlavə giriş qapısı quraşdırmışdır. Məhkəməyə təqdim olunmuş fotoşəkillərdə həmin qapının birbaşa qonşunun sahəsinə – konkret olaraq cavabdehə məxsus nəqliyyat vasitəsinin (** MN *** dövlət qeydiyyat nişanlı avtomobil) saxlanıldığı yerə açıldığı, avtomobilin isə qapıya bitişik vəziyyətdə yerləşdiyi müşahidə olunur. Əlavə olaraq, həmin qapının alt hissəsində daş və kərpiclərdən ibarət müvəqqəti pilləkən düzəldilmiş, daha sonra sökülsə də, qapının yerləşdiyi mövqe qonşunun həyətdə sərbəst hərəkətini, xüsusən də nəqliyyat vasitəsinin girişçıxış imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, qapının eni 0,9 m, hündürlüyü 2,2 m olmaqla, tikinti norma və qaydalarına zidd şəkildə, heç bir layihələndirmə və ya icazə sənədi olmadan quraşdırılmışdır. Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 22 avqust 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, hər iki tərəf – həm iddiaçı, həm də cavabdeh – öz sahələrində qanunvericiliyin tələblərinə zidd olaraq tikinti işləri aparmış, bu da onların qarşılıqlı istifadəsinə və sərbəst qonşuluq münasibətlərinə ciddi maneələr yaratmışdır. Ancaq məhz iddiaçının açdığı əlavə qapı cavabdehin real istifadə imkanlarını bloklaşdıran əsas səbəb kimi çıxış edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu yoxlanılarkən müəyyən etmişdir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən prosessual hüquq normalarının tələblərinə əməl olunmamış, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində, həmçinin iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Əgər təqdim edilmiş iddia ərizəsində cavabdeh kimi qeyd olunmuş işdə iştirak edən şəxsə münasibətdə istinad olunan maddədə sadalanan hallardan biri və ya bir neçəsi göstərilməyibsə, yaxud ümumiyyətlə iş üzrə hər hansı şəxsin cavabdeh kimi göstərilməsi açıq-aşkar formaldırsa (həmin şəxsin mübahisəyə aidiyyəti iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə təsdiq olunmursa), məhkəmə iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 152.1.1 -ci maddəsinə əsasən geri qaytarılması barədə məsələni müzakirə etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddianı icraata qəbul edərkən prosessual hüquq normaları pozulmuş, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (iddia ərizəsi icraata qəbul edilərkən qüvvədə olan prosessual məcəllə başa düşülür) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 151.3-ci maddəsinə əsasən, iddia ərizəsi, əgər onun daxil olmasından 5 gün müddətində məhkəmə qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi məhkəmə iddia ərizəsinin mümkünlüyünü yoxlayarkən Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğuna riayət olunub-olunmaması yoxlanılmalı və yalnız MPM-nin tələbləri nəzərə alınmaqla məhkəmə icraatı mümkün hesab edilməlidir. Əks təqdirdə MPM-nin tələblərinə uyğun olaraq iddia ərizəsinin prosessual məcəllənin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırarkən daha sonra müəyyən etmişdir ki, iddia ərizəsi icraata qəbul edilərkən MPM-in 149-cu maddələrinin tələblərinə əməl olunmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində, həmçinin iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Əgər təqdim edilmiş iddia ərizəsində cavabdeh kimi qeyd olunmuş işdə iştirak edən şəxsə münasibətdə istinad olunan maddədə sadalanan hallardan biri və ya bir neçəsi göstərilməyibsə, yaxud ümumiyyətlə iş üzrə hər hansı şəxsin cavabdeh kimi göstərilməsi açıq-aşkar formaldırsa (həmin şəxsin mübahisəyə aidiyyəti iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə təsdiq olunmursa), məhkəmə iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 152.1.1 -ci maddəsinə əsasən geri qaytarılması barədə məsələni müzakirə etməlidir. Lakin birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, Hazırda ailəsilə birlikdə yaşayır. xx.xx.2020-ci ildə ünvan 2 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0.0273 ha torpaq sahəsi almış və müvafiq olaraq DƏDRX-dən qeydiyyatdan keçərək **********31 reyestr nömrəli çıxarışla mülkiyyət hüququnu rəsmiləşdirmişdir. Hazırda həmin torpaq sahəsi üzərində ev inşa edərək orada yaşayır. Lakin qonşusu Cavabdeh Ələddin oğlu onun mənzilinə giriş qapısını tutaraq həmin mənzilə girişçıxışına mane olur. Məsələ ilə bağlı cavabdehin özünə və rayondaxili bütün orqanlara müraciət etsə də, hər hansı bir nəticə əldə edə bilməmişdir. Hətta məsələnin məhkəmədən kənar həlli ilə bağlı mediasiya şurasına müraciət etsə də, nəticə əldə olunmamışdır. Cavabdeh Ələddin oğlu qanunsuz tikili aparmasına baxmayaraq öz yük maşınını da qapısında qəsdən saxlayaraq giriş-çıxışına mane olur. Odur ki, aidiyyatı üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, iddiaçı iddia tələbində mülkiyyətində olan yaşayış sahəsindən istifadə edilməsinə cavabdeh tərəfindən maneə yaradıldığını, həmin maneənin isə cavabdeh tərəfindən onun yaşayış sahəsinə girib-çıxması üçün nəzərdə tutulan qapıda maşın saxlanılmasından ibarət olduğu göstərilmişdir. Lakin iddiaçı ümumiyyətlə bununla bağlı hər hansı sübut, yəni qapının quraşdırılmasına dair müvafiq təşkilatlardan icazə sənədləri və texniki şərtlərə dair zəruri sənədlər iddia ərizəsinə əlavə etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1422 nömrəli rəyi tədqiq edilən zaman müəyyən olunmuşdur ki, tədqiq olunan qapının eninin 0,9 metr, hündürlüyünün isə 2,2 metr olduğu müəyyən edilmişdir. Tədqiq olunan qapının quraşdırılmasına dair müvafiq təşkilatlardan icazə sənədləri və texniki şərtlərə dair zəruri sənədlər mülki iş materiallarında olmadığından, həmin qapının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun quraşdırılıb-quraşdırılmadığının müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Apellyasiya icraatı zamanı iddiaçı, onun nümayəndəsi və vəkili verdikləri izahatlarında göstərmişdir ki, iddia ərizəsi məhkəməyə təqdim olunarkən iddiaçının tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı məhkəməyə təqdim edilməməsinin səbəbi həmin sübutların mövcud olmaması, hazırda isə həmin sübutları əldə etməsi, apellyasiya icraatı zamanı sübutların təqdim edilməsinin prosessual qanunvericiliyin tələblərinə görə mümükün olmamasını (sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2).nəzərə alaraq yeni iddia ilə məhkəməyə müraciət etmək fikirlərində olduqlarını və bunun məhkəmə kollegiyası tərəfindən nəzərə alınmasını xahiş edir. Göründüyü kimi iddiaçının cavabdehə qarşı iddia ərizəsi Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinə uyğun olmamışdır. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almadan iddia ərizəsini geri qaytarmalı olduğu halda qaytarmamış, iddia ərizəsi icraata qəbul etməklə prosessual qanunvericiliyin tələblərini pozmuş, nəticədə qətnaməni apellyasiya qaydasında ləğvi üçün əsaslar yaratmışdır. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə uyğun olaraq, iddia ərizəsində iddiaçının tələbi, habelə tələbini əsaslandırdığı hallar göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır. Eyni zamanda, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Yuxarıda qeyd olunan prosessual hüquq normasında göstərilən tələb imperativ xarakterli olub, tərəflərin istinad etdikləri sübutları vaxtında məhkəməyə təqdim etməklə həm işdə iştirak edən şəxslər, həm də məhkəmələr tərəfindən prosessual qənaət prinsipinə riayət edilməsinə yönəldilmiş tədbirdir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi bütün yuxarıda qeyd olunanları nəzərə almamış, iddia tələbinin icraata qəbul edilməsi üçün prosessual əsasların olmadığı halda icraata qəbul etməsi, yekunda isə iddia tələbi üzrə nəticəyə gəlinməklə prosessual qanunvericiliyin tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunanlara əsasən yekun olaraq hesab edir ki, iddia ərizəsi MPM-in 149.2.3-cü maddəsinin tələblərinin pozulması ilə qəbul edildiyindən, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-38/2025 saylı, 30 may 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Mülki Prosessual Məcəllənin 260.4-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsassdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.3, 384.0.5, 385.1.1, 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-38/2025 saylı, 30 may 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və mülkiyyətdən istifadə hüququna maneçilik törədilməsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hal aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1262/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1262/2025
25.08.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver