Məhkəmə qərarları › İş №2(106)-1274/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1274/2025

01.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1274/2025 01.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X16 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavadbehlərdən Cavabdeh3 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhər 51 saylı Notariat Ofisinə qarşı alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 14 may 2025-ci il tarixli 2(032)-144/2025 saylı qətnaməsindən (hakim A.Məmmədli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlkin olaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı, Cavabdeh3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “alğısatqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ əsası ilə ona məxsus Şirvan şəhəri H.Cavid küçəsində yerləşən 78 saylı evə dair Cavabdeh3 adına cavabdeh tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və üçüncü şəxslə keçmiş həyat yoldaşı Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı bir-neçə dəfə tələbini dəqiqləşdirməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin cavabdeh siyahısından çıxarılaraq, üçüncü şəxs qismində cəlb etdiyi Cavabdeh3 üçüncü şəxs siyahısından çıxarılaraq cavabdeh qismində, Bakı şəhər 51 saylı Notariat Ofisi və Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi və ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan Şirvan şəhəri, 11.Cavid küçəsində yerləşən 78 saylı ev üzərində mülkiyyət hüququ əldə etmişdir. Şirvan şəhəri, H.Cavid küçəsində yerləşən mülkiyyətində olan 78 saylı ev onun mülkiyyətində olmuşdur. Lakin Cavabdeh3 adı çəkilən ev üzərində qanunsuz saxta xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ əldə etmişdir. Bu barədə isə sonuncu ona və digər şəxslərə qarşı “mənzildən istifadə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbi ilə məhkəmədə iddia qaldırdıqdan sonra məlumatlı olmuşdur. 2023-cü ilin may ayının əvvəllərində keçmiş həyat yoldaşı Cavabdeh2 yaşadığı ünvana gələrək mülkiyyətində olan mübahisəli evi banka girov qoyaraq pul götürüb birgə nikahdan doğulmuş uşaqları üçün ticarət obyekti almağı təklif etmişdir. O həmin təklifə razılaşırıq kredli götürmək və bunun üçün evi girov qoymaqdan ötrü adından çıxış etmək üçün Cavabdeh2 notariat kontorunda etibarnamə vermişdir. Bu zaman elə zənn etmişdir ki, keçmiş hayat yoldaşı ona vermiş olduğu etibarnamə ilə kredit götürəcəkir. Lakin o, etibarnamə ilə bankdan kredit götürməniş və ondan xəbərsiz mülkiyyətində olan Şirvan şəhəri, Bayramlı qəsəbə, H.Cayid küçəsində yerləşən mühahisəli 78 saylı evi Hüseynov lşən Əlağa oğluna xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə satmışdır. Adı çəkilən ev xx.xx.2023-cü il tarixində satilsa da, bu barədə yaxın günlərdə məlumatlı olmuşdur. Qeyd etdiyi əsasa görə hesab edir ki, adı çəkilən ev üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair Cavabdeh3 verilmiş çıxarış qanunsuzdur. Hazırda mülkiyyətində olan Şirvan şəhəri, H.Cavid küçəsində yerləşən 18 saylı ev üzərində mülkiyyət hüququnu itirmişdir. Göründüyü kimi ona məxsus olan Şirvan şəhəri, H.Cavid küçəsində yerləşən 78 saylı ev sənədlərin saxtalaşdırılması səbəbindən qanunsuz olaraq mülkiyyətindən çıxarılmış və bununla da onun Konstitusiyada və digər qanınlarda nəzərdə tutlmuş hüquqları kobud şəkildə pozmuşdur. Sonradan iddia ərizəsinə verilmiş əlavə onunla əsaslandırılmışdır ki, keçmiş həyat yoldaşı olmuş Cavabdeh2 ilə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh3 arasında mənzil mübahisəsi olmuşdur. Belə ki, Cavabdeh2 mənzil almaq istəyən Cavabdeh3 Bakı şəhər sakinləri olan İlham Məmmədov, Şaiq Qəhrəmanov, Ələmşah və Rauf adlı şəxslərlə tanış etmiş, Cavabdeh3 ev almaq məqsədi ilə həmin şəxslərə 54000 manat pul vermişdir. Lakin evi ala bilməmiş, pul isə həmin şəxslərdə qalmışdır. Cavabdeh3 aldadılması ilə bağlı Cavabdeh2 Bakı şəhəri Nəsimi rayon Polis Şöbəsinə şikayət etmişdir. Bundan sonra razılaşmaya uyğun olaraq İlham Məmmədov, Şaiq Qəhrəmanov, Ələmşah və Rauf adlı şəxslər 54000 manat pulu 4-5 aya qaytaracaqlarını, Cavabdeh2 ona məxsus Şirvan şəhəri, H.Cavid küçəsində yerləşən mülkiyyətində olan 78 saylı evi 54000 manat pulun əvəzində müvəqqəti olaraq Cavabdeh3 verəcəyini və Cavabdeh3 pulu aldıqdan sonra adı çəkilən evi geri qaytaracağını öhdələrinə götürmüşlər. Bunun üçün notariat kontorunda uydurma əqd tərtib edərək müqaviləni təsdiq etmişlər. Uydurma əqd imzalanarkən ev alqı-satqısı ilə məşğul olan Rasim adlı şəxs 1500 manat pulun qarşılığında özünə məxsus 54000 manat pulu depozit hesaba yükləmiş və dərhal da geri götürmüşdür. Qeyd olunmuş əsaslar səbəbəbindən Cavabdeh3 şikayətini geri götürmüş və nəticədə şikayət üzrə Bakı şəhəri, Nəsimi rayon Polis Şöbəsinin İŞ-nin müstəntiqi Zaur Tağıyevin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə iş üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edrək təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, keçmiş əri ondan xəbərsiz mülkiyyətində olan əmlakı satmışdır. Cavabdeh3 onun evinə baxmağa gəldikdə o, evdə olmuşdur, lakin evin satılacağını bilməmiş, dediyi kimi Arifin evi banka qoyub pul götürməsi üçün evə baxdıqlarını bilmişdir. O, evin satılacağından xəbərsiz olmuşdur. İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 iddianın əsaslı olduğunu bildirib izahatında göstərmişdir ki, İlham, Şahin, Ələmşah və Rauf adlı şəxs Cavabdeh3 alqısatqı yolu ilə ev satırlar. Evin dəyəri kimi 54000 manat məbləğində pul alırlar. Alqı-satqı aparılan vaxt məlum olur ki, ev başqa adamın adınadır və həmin şəxslərin evi satmalarına səlahiyyətləri yoxdur. Evin tamamilə başqa şəxsə aid olduğu məlum olur. Nəticədə alqı-satqı baş tutmur. Lakin 54000 manat pul həmiş şəxslərdə qalır. İş üzrə cavabdeh olan Cavabdeh3 pulunu tələb edir. Verilmədiyi halda onlardan şikayət edəcəyini bildirir. Cavabdeh3 adını çəkdiyi şəxsləri əvvəllər tanımayıb. X27 Hüseynov tanış edib. Elşən Cavabdeh2 Nəsimi rayon Polis Şöbəsinə və prokrorluğuna şikayət edir. Şikayət əsasında araşdırma aparılır. Cavabdeh2 adın çəkdiyi şəxslərə yaxınlaşır və məsələni onlara danışır. Onlar isə Arifə 4-5 aya pulu qaytaracaqlarını deyir. Daha sonra Arif evə gələrək Kamaləyə evi banka qoyub pul götürməyi, uşaqları üçün biznes qurmağı təklif edir. Əvvəllər də bu barədə evdə söhbət olduğuna görə iddiaçı Ariflə razılaşır və ona etibarnamə verir. Etibarnamə aldıqdan sonra formal olaraq alqı-satqı bağlanılır. Arifin tanışı olan Rasim adlı makler 1500 manat pulun qarşılığında Elşənin əvəzinə pulu banka qoyur, daha sonra özü həmin pulu götürür, nəticədə Cavabdeh3 adına ev rəsmiləşdirilir. X28 arasında olan razılaşmaya əsasən Arif pulu vermədiyindən, Elşən artıq onun adına rəsmiləşdirilmiş evin onda qalacağını bildirir. Onlar arasında razılaşmanın olması, alqı-satqı müqaviləsinin formal bağlanması həmçinin ondan müəyyən olunur ki, alqı-satqı müqaviləsi 2023-cü ilin iyun ayında bağlanmış, həmin müqavilədə 2-3 ay ərzində evdə yaşayan şəxslərin evdən çıxacaqları göstərilmiş, lakin Elşən bu qədər müddəti gözləyərək, yanlız 1 ildən sonra 2024-cü ilin iyun ayında məhkəməyə evdən çıxarılma tələbi ilə müraciət etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin olunmasını xahiş edib izahatında göstərmişdir ki, atası Cavabdeh2 ev almaq istəyən Elşənə Bakı şəhəri Yasamal rayonunda satışda ev olduğunu demiş və onlar həmin evə baxmışlar. Atası digər şəxslərlə əlbir olaraq Elşəni aldatmış, ondan 54000 manat pul almışdır. Atası həmçinin onları da aldadaraq bildirmişdir ki, mübahisəli evi girova qoyaraq pul götürəcək və onun üçün ticarət obyekti açacaqlar. Anası atasının dediyi sözlərə inanaraq onunla razılaşmışdır. Belə ki, atası onlara demişdir ki, hərbçi tapıb gətirəcək, hərbiçi evə gələrək evi çəkəcək, banka girov kimi qoyacaq onun adına kredit götürüləcək, ev həmin hərbiçinin adına rəsmiləşdiriləcək. Onların yaşadığı evə Elşən hərbçi adı ilə gəlmiş, evə baxmış, həmin vaxt özü evdə olmamışdır. Elşənin də anasının evin satılmasından xəbəri olmadığını bilmiş, evə baxmağa gələndə özünü ona hərbçi kimi tanıtmışdır. Onların yalnız məhkəməyə çağırıldıqdan sonra məlumatları olmuşdur. 2024-cü ilin may və ya iyun ayında Elşənin atası Əliağa ona zəng edərək bildirmişdir ki, yaşadıqları ev onlarındı, evdən çıxmaq lazımdır, ona görə də söhbət etmək üçün onunla görüşsün. O, anası ilə birlikdə Ağa deyilən şəxsin ofisinə getmişlər. Həmin vaxt orada Elşən, Əliağa və Əzizağa da orada olmuşdur. Onlar ona bildirmişlər ki, belə bir yol tapmışlar, belə ki, evi “Bank of Baku” ya girova qoysunlar, aylıq 1000 manat ödəmək şərti ilə kredit götürsünlər, lakin həmin kreditdən 62000 manat onlara çatacaq, ona görə ki, Bakı şəhərində olan evin almaq üçün 54000 manat pul vermiş, həmin pulu tamamlamaq üçün 30000 manat kredit götürmüş, əlavə 8000 manat faiz hesablanmışdır. Onlar ona 62000 manat pul versinlər, o da onların evini qaytarsın, atası həmin evi ona 5 ay gözləməsi üçün girov kimi vermişdir. O, bacısı və qardaşı atalarının sözünə inanaraq atasına etibarnamə vermişdir. Qardaşı İmamhəsənin evin satılmasına razılıq verməsindən xəbərsiz olmuşdur. Hesab edir ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi uydurma əqd olmuş, hansısa niyyəti qanunsuz olaraq həyata keçirmək məqsədi ilə tərəflər arasında razılaşma olmuşdur. Cavabdeh2 izahatında göstərmişdir ki, İddiaçı ilə 1990-cı ildə evlənmişlər, nikahları 2004-cü ildə pozulmuşdur. Mübahisəli Şirvan şəhər H.Cavid küçəsində yerləşən 78 saylı ev İddiaçı şəxsi evi olmuş, birgə nikah dövründə əldə edilməmişdir. Həmin evi iddiaçı anası ilə birlikdə 18-20 il müddətində pambıq əkmiş, bundan sonra həmin evi tikmək üçün ona torpaq verilmiş, ev onların illərlə çəkdiyi zəhməti hesabına tikilmişdir. Onların nikahı pozulsa da, övladlarına daim baxmışdır. Onlar ona pul lazım olduğunu bildirdikdə bankdan pul götürüb onlara vermək istəmişdir. Bu məqsədlə iddiaçıdan etibarnamə almışdır ki, bankdan pul götürə bilsin. Lakin kredit götürə bilməmişdir. Belə ki, onun vasitəçiliyi ilə Cavabdeh3 ev satılmalı idi, lakin Elşən 54000 manat pul ödəsə də, evin satılması baş tutmadığından, İlhamgil Elşənə həmin pulu qaytarmadığından və Elşən onun barəsində şikayət etdiyindən, o tutulmuşdur. Elşənin ödədiyi 54000 manat puldan ona heç bir məbləğdə pul çatmamış, Elşən pulu ofisdəki kassaya ödəmişdir. Elşən ona bildirmişdir ki, Bakı şəhərində yerləşən evi onlara satmaq üçün vasitəçi odur, ona görə də məsələni o həll etməlidir. O, Şirvan şəhər H.Cavid küçəsində yerləşən 78 saylı evi Elşənə girov vermişdir ki, Elşən onun barəsində olan şikayəti geri götürsün. Elşən evə baxmağa gedən zaman evin sahibi Kamalə və oğlu Haldun evdə olmuş, lakin Kamalənin bu məsələdən xəbəri olmamışdır. O, Elşənə girov müqaviləsi bağlamağı təklif etsə də, Elşən bununla razılaşmamışdır. Onda ailə üvzləri tərəfindən ona verilmiş etibarnamə olduğundan o, Elşənlə alqı-satqı müqaviləsi bağlamışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman pul lazım olduğundan Elşən bu işlə məşəğul olan müxtəlif qrup insanlar olur ki, onlardan bir nəfər Rasim adlı şəxsə zəng edərək ondan pul gətirməsini istəmiş, Rasim pulu gətirmiş, Elşənlə birlikdə notariusun kassasına pulu qoymuşlar, bunun müqabilində Elşən Rasimə 1500 manat pul vermişdir. O, alqı-satqı müqaviləsini imzalamışdır. Müqavilədə evdən çıxılması üçün nəzərdə tutulmuş 4 ay müddətində Elşənə verilməli olan 54000 manat pul ödənilməli idi, lakin pulu Elşəndən alan şəxslər tutulduğundan bu mümkün olmamışdır. Oğlu İmamhəsən Azərbaycan Respublikasından kənarda yaşayır, onun evin satılmasından xəbəri olmamışdır, onun adından saxta sənəd düzəltdirərək evin satılmasına razı olduğu kimi göstərilmişdir. Cavabdeh3 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, ev almaq istədiyindən ilkin olaraq makler kimi Bakı şəhərində 3-cü mikrorayonda fəaliyyət göstərən Xəlilov Ağaya yaxınlaşmışdır. Daha sonra Cavabdeh2 yanında olmuşlar, o, Bakı şəhəri Yasamal rayonunda satışda ev olduğunu demiş və onlar həmin evə baxmağa getmişlər. Həmin vaxt evdə beş altı nəfər adam olmuşdur. Yasamal rayonunda yerləşən evə baxmışlar və evi bəyənmişdir. Sonra ona evin sahibi İlham adlı şəxs olduğunu, yoldaşından evin satılması ilə bağlı icazə sənədinin alınmalı olduğunu bildirmişlər. 10 gündən sonra ona zəng etmişlər və özlərinə məxsus ofisə yaxınlaşmağını bildirmişlər. O, onların zəngindən sonra ofislərinə yaxınlaşmış və 54000 manat məbləğində pulu Arifin göstərdiyi kassada əyləşən şəxsə ödədikdən sonra evi alqı-satqı etmişlər. Alqı-satqı etdikdən sonra evin açarını istəmiş, onlar ona açarın MTKnın mühafizəsində olduğunu və ondan götürə biləcəyini demişlər. Ofisindən çıxdıqdan sonra MTK-nın binasına yaxınlaşıb mühafizəçini tapmış və mühafizəçiyə müqaviləni göstərərək evin açarını istəmişdir. Mühafizəçi ona alqı-satqı müqaviləsinin düzgün olmadığını bildirdiyindən geri qayıtmışdır, lakin ofisin bağlı olduğunu və reklam plakatlarının söküldüyünü görmüşdür. Aldandığını başa düşdükdən sonra 102 çağırış mərkəzinə zəng etmiş, onu polis şöbəsinə dəvət etmişlər, polis şöbəsində yazılı formada şikayət ərizəsini yazmışdır. Polis əməkdaşları Cavabdeh2 4-5 aydan sonra tapdıqdan sonra onu yenidən polis şöbəsinə dəvət etmişlər. Arif ona şikayətini geri götürməsini, ona ev verəcəyini və evin qiymətinin 100000 manatdan çox olduğunu demişdir. O da Ariflə razılaşmış, lakin evin qiyməti çox olduğundan o, əlavə olaraq Arifə 62000 manat vermiş və Şirvan şəhərində yerləşən evi alqı-satqı yolu ilə almışdır. Şirvan şəhərində yerləşən evin Kamaləyə məxsus olmasından məlumatlı olmuş, lakin həmin gün evə baxanda Kəmalə də orda iştirak etdiyindən, onları qarşıladığından və evin satılmasından məlumatlı olduğunu və buna razı olduğunu hesab etmişdir. Cavabdeh3 vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iddianın əsassız olduğunu bildirib izahatında göstərmişdir ki, Cavabdeh2 etibarnaməni ev alqı-satıqısı mübahisəsindən əvvəl kredit götürmək üçün götürdüyünü bildirir. Lakin baxdıqda müəyyən olunur ki, Cavabdeh2 etibarnaməni xx.xx.2023-cü ildə götürmüş, tərəflər arasında ev alqı-satıqısı mübahisəsi isə 2022-ci ilin axırlarında olmuşdur. Bu isə onu göstərir ki, Arif etibarnaməni məhz evin alqı-satqısı üçün götürmüşdür. Əlavə olaraq iddiaçının vəkilinin “nə üçün Şirvan şəhərində yerləşən evin alqı-satqısı zamanı müqavilədə əvvəlki 54000 manat göstərilməmişdir?” sualına cavab olaraq bildirir ki, əgər müqavilədə 62000 manatdan əlavə 54000 manat göstərilsəydi banka 54000 manat pul da əlavə qoyulmalı idi. Həmin pul olmadığına görə müqavilədə yalnız 62000 manat göstərilmişdir. Şirvan Şəhər Məhkəməsinin 14 may 2025-ci il tarixli 2(032)-144/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, keçmiş həyat yoldaşı etibarindan sui-istifadə edərək evini ondan xəbərsiz olaraq digər şəxsə satmışdır. Maraqlı hal oldur ki evinin qiyməti 165000 manat olduğu halda, ev 54000 manata satılmışdır, yəni yari qiymətdən də az məbləğə. Əslində bu hal alqı-satqı müqaviləsini təsdiqliyən və rəsmləşdirən Baki şəhər 51 saylı Notariat ofisinin diqqətini cəlb etməli idi. Lakin məlum olmayan səbəbdən bu edilməmişdir. Bu hal bir daha göstərir ki, alqı-satqlı müqaviləsi formal olaraq imzalanmışdır. Evin alqı-satqısından xəbəri olmayıb. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi öz vəsaiti hesabına tikilib başa çatdırılıb. Cavabdeh2 bu evin tikilməsində heç bir rolu və vəsaiti olmayıb. Bu qətnamə mülkiyyət hüququnu məhdudlaşdırır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə Cavabdeh3 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayətininin əsassəz olduğunu bildirib, təmin olunmamasını xahiş etdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmədə iştirak etməmiş, Bakı şəhər 51 saylı Notariat Ofisi isə nümayəndəsi vasitəsi ilə təmsil olunmamışdır və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvin xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadə verib bildirmişdir ki, İlham adlı şəxsi tanımır, lakin Elşən Hacıyevi tanıyır, onların yanında saatsaz işləyir. O, ev alqı-satqısı ilə məşğul olur. Elşən ev almaq məqsədi ilə onun ofisinə yaxınlaşmışdır. Həmin vaxt Sübhan və Arif adlı şəxs də evin satılması üçün ona müraciət etmişdir. Onların satmaq istədikləri ev Bakı şəhərində Yeni Yasamal adlanan ərazidə yerləşirdi. Həmin ev Arifin bacısına aid idi. Onlarla birlikdə həmin evə getmişlər və evə baxmışlar. Aralarında razılıq olduqdan sonra sənədlərin hazırlanmasını gözləmişlər. Daha sonra ofisə yaxınlaşaraq 54000 manat məbləğində pulu kassaya ödəmişlər və müqavilə bağlamışlar. Evin açarını əldə etmək üçün MTK-nın mühafizəçisinə yaxınlaşmışlar. Mühafizəçi onlara müqavilənin düzgün olmadığını demişdir. Həmin vaxt ofisə getmişlər və ofisin artıq fəaliyyət göstəmədiyini görmüşlər. Daha sonra Bakı şəhəri 20-ci polis şöbəsinə gedib şikayət etmişlər. Bir neçə aydan sonra Arif polis əməkdaşları tərəfindən tutulmuşdur. Arif tutulduqdan sonra onlara ev verəcəyini, onun qarşılığında şikayət ərizəsinin geri götürülməsini bildirmiş, onlar Ariflə razılaşdıqdan sonra Şirvan şəhərindəki evə baxmışlar. Həmin vaxt Kəmalə də evdə olmuş, Kamalənin və övladlarının evin satılmasından xəbəri olmuş, hətta Kamalə onları çay süfrəsinə də dəvət etmişdir. Evin qiyməti baha olduğu üçün 62000 manat pul əlavə ödəyərək alqı-satqı etmişlər, həmin alqı-satqı əsasında çıxarış almışlar, alqı-satqı müqaviləsi bağlanan zaman o, Elşənin yanında olmuşdur. Elşənin Arifə 62000 manat pul verməsini şahidi olmuş, 54000 manat pulu ilkin olaraq ofisdəki kassaya ödəmişdir. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: Əli-Bayramlı şəhər X17 Rəyasət Heyətinin 21 aprel 1995-ci il tarixli 02 nömrəli iclasının protokolundan çıxarışdan görünür ki, Hüseyn Cavid küçəsi 78 saylı evdə yaşayan İddiaçı uzun müddət istifadəsində olmuş 600 kv.m torpaq sahəsi onun adına sənədləşdirilməsinə, ona həmin sahəsə yaayış sahəsi 90 kv.m yardımçı sahəsi 35 kv.m və eyvan sahəsi 18 kv.m olan ev tikməyə icazə verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 32 nömrəli vərəqəində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Həmin fərdi yaşaşış evinin texniki göstəricilərindən görünür ki, ünvan 3 fərdi yaşayış evi 2009-cu ildə inşa edilmişdir. Məhkəmə sorğusu əsasında Bakı şəhər 51 saylı Notariat Ofisindən əldə edilmiş fərdi yaşayış evinin alqı-satqı müqaviləsinə aid sənədlərdən görünür ki; xx.xx.2023-cü il tarixli AR-İİ № 936486 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək və digər s. vermişdir. Etibarnamə xx.xx.2033-cü il tarixədək qüvvədə olmuşdur. Bakı şəhər 51 saylı Notariat Ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş reyestrdə 4Ə-997 nömrə ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli AN-İ № ******* alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh2 (İddiaçı əvəzinə Abşeron rayon 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə verilmiş 1128 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 164.85 kv/m, yaşayış sahəsi 84.27 kv/m, yardımçı sahəsi 80.58 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən tam hissəni (164.85 kv/m), ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən tam hissəni (0.06 ha) alıcı Cavabdeh3 62.000 (altmış iki min) manata satmışdır. Həmin müqavilənin 11-ci və 13-cü bəndlərinə əsasən satıcı İddiaçı xx.xx.2023-cü il tarixinədək daşınmaz əmlakı alıcıya təhvil verilməsini və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür; xx.xx.2023-cü il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, Cavabdeh3 tərəfindən alqı-satqı müqaviləsinə əsasən Bakı şəhər 51 saylı Notariat Ofisinin hesabına 62000 manat pul ödənilmişdir; Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı, xx.xx.1993-cü il təvəllüdlü X10, xx.xx.1996-cı il təvəllüdlü X12, xx.xx.1996-cı il təvəllüdlü X15 qeydiyyatdadır; “Elektron notariat” X2 vasitəsi ilə “X5” AQİS-dən çıxarışın surətindən görünür ki, Cavabdeh2 ilə X13 ilə nikahı Əli-bayramlı şəhər Nikah evində xx.xx.1990-cı ildə qeydə alınmışdır; “Elektron notariat” X2 vasitəsi ilə “ X5” AQİS-dən çıxarışın surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı ilə nikahı Əli-bayramlı şəhər Nikah evində xx.xx.2004-cü ildə pozulmuşdur; xx.xx.2023-cü il tarixli “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, X10 qeydiyyatda olduğu Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində yerləşən torpaq sahəsi ilə birgə satılmasına, bağışlanmasına, dəyişdirilməsinə etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürür.; xx.xx.2023-cü il tarixli notariat qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh2 (X4 əvəzinə) Şirvan şəhər 1 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə verilmiş 7E-838 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına və istifadə hüququna xitam verilməsinə razıdır. Habelə müqavilə rəsmiləşdirildikdən sonra və həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürür; xx.xx.2023-cü il tarixli notariat qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh2 ( X11 əvəzinə) Şirvan şəhər 1 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə verilmiş 7E-1128 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına və istifadə hüququna xitam verilməsinə razıdır. Habelə müqavilə rəsmiləşdirildikdən sonra və həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Məhkəmə sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Ləğv prosesində olan "xxxx" ASC-nin məktubundan görünür ki, 24 dekabr 2024-cü il tarixli 12/242950121 saylı sorğuya cavab olaraq bildirilmişdir ki, LPO "xxxx" ASC-nin Azadlıq filialından götürülən yaddaş diskindəki məlumatlar xx.xx.2023-xx.xx.2025-cü il tarixləri əhatə etdiyindən qeyd olunan görüntüləri təqdim etmək mümkün deyil. Cavabdeh2 tərəfindən MUĞ 711093 saylı, 61.640 (altmış bir min altı yüz qırx ) manat məbləğində pulun alınması barədə çekin surəti Sizə təqdim olunur. Həmin məktuba əlavə olunmuş xx.xx.2023-cü il tarixli MUĞ 711093 saylı çekin surətindən görünür ki, 61.640 (altmış bir min altı yüz qırx ) manat məbləğində pul Cavabdeh2 verilmiş, Cavabdeh2 tərəfindən çekə imza edilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın suətindən görünür ki, Cavabdeh3 müraciəti Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 32 nömrəli vərəqəində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 5.3-cü maddə - mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddə - fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələr - mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 560.1-ci maddə - mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 324.1-ci maddə - əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddə - müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddə - iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəs - bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddə - əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 389.1-ci və 389.2-ci maddələr - mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir; 390.1-ci maddə - fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.2-ci maddə - müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir; 404.1-ci maddə - müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddə - bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 421.1-ci maddə - müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddə - tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 651-ci maddə - tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650ci maddələri müvafiq surətdə tətbiq edilir. 567-ci maddə - alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz yuxarıda qeyd olunan normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Məhkəmə kollegiyası qeyd edir ki, əqdlərin etibarlılıq şərtləri içərisində tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi qədər, onların həqiqiliyi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əqdin iştirakçılarının qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyini pozulması əqdin mübahisələndirilməsinə səbəb olacaqdırsa, əqd bağlanarkən bəyan edilən qarşılıqlı iradə ifadələrinin qeyri-həqiqi olması əqdin yalan və ya uydurma xarakterdə olması səbəbindən əhəmiyyətsizliyi ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadında qeyd olunur ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki mübahisə əqdə əsaslanan bir iddialar üzərində qurulduğundan, verilən iddianın düzgün hüquqi həlli üçün ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, əqdin keçərsiz olmasına təsir edən səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlığın aşağıdakı növləri fərqləndirilir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıbyaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur. O da, nəzərə alınmalıdır ki, bəzi növ əqdlər üçün daha sərt forma tələbləri müəyyən etməklə faktiki olaraq həmin əqdlərlə bağlı mübahisələr zamanı onların məzmununun reallığı əks etdirmədiyini sübut etmək yükünü də əhəmiyyətli dərəcədə artırmışdır. Bu baxımdan yazılı və notariat qaydada təsdiq edilmiş əqdlərin etibarsızlığı barədə mübahisələrdə iddianın təmin olunması üçün daha mötəbər, yetərli və bilavasitə sübutların təqdim olunması tələb edilir. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülkiyyətçi olaraq iddiaçı və mübahisəli evdə qeydiyyatda olan şəxslər ev üzərində sərəncam verilməsini səlahiyyətləndirən etibarnaməni Cavabdeh2 vermişlər, sonuncu da onların adından çıxış edərək əmlak üzərində sərəncam vermişdir. Yazılı və notariat qaydada təsdiq edilmiş əqdin etibarsız hesab olunması üçün iş materiallarında mötəbər, yetərli və bilavasitə sübutlar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 14 may 2025-ci il tarixli 2(032)-144/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərinldən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar