Məhkəmə qərarları › İş №2(106)-1284/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1284/2025

01.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1284/2025 01.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-454/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpaq sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-454/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən əmlakları ilə məcburi qaydada çıxarılma tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, 50 (əlli) manat ekspertiza xərcinin iddiaçı X1 tutularaq Məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-454/2023 saylı qərardadı ilə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan verdiyi şikayətində onun ardıcıl olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə, Məhkəmə-Hüquq Şurasına, Əmlak Məsələləri Dövlət Xidmətinə və digər dövlət orqanlarına müraciətlər etməsini, savadsızlığı nəticəsində hüquqlarını bilmədiyindən, buraxılmış müddətdə əməliyyat olunduğu və halhazıra kimi müalicə olunduğunu üzrlü səbəblər kimi qəbul edilərək qərardadın ləğv edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli qərardadla İddiaçı Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(041)-454/2023 saylı qərardadından şikayəti təmin edilməmiş, şikayət baxıldıqdan sonra işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılmışdır. Şikayətə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-454/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən əmlakları ilə məcburi qaydada çıxarılma” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-454/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin qaytarılması qərara alınmışdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-454/2023 nömrəli qərardadından narazı qalan İddiaçı tərəfindən şikayət verilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-454/2023 nömrəli qərardadı ilə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-454/2023 saylı xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı şikayətinin təmin edilməməsi, şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 396-cı maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin maddənin tələbinə əsasən verilmiş şikayətin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, qərardaddan verilmiş şikayətin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmamışdır. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-454/2023 nömrəli qərardadı xx.xx.2025-ci il tarixdə İddiaçı elektron kabinetinə yerləşdirilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-454/2023 nömrəli qərardadından şikayət isə 14 iyul 2025-ci il tarixdə elektron kabinet vasitəsilə verilmişdir. Beləliklə, müəyyən olunur ki, qərardaddan şikayət iddiaçı tərəfindən 10 günlük prosessual müddət ötürülməklə məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçı Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-454/2023 nömrəli qərardadından verilmiş şikayətin prosessual müddət ötürülməklə verilməsini nəzərə almadan şikayətə mahiyyəti üzrə baxaraq iş materiallarını şikayətlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-454/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Kürdəmir Rayon Məhkəməsinə qaytarılmalıdır. Şikayətin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir; 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-454/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. İş materialı şikayətin yuxarıda qeyd olunan prosessual məcəllənin tələblərinə uyğun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar