Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1314/2023 28.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə; Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil və cavabdehlər X6 ,Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X8 qarşı yaşayış evinə köçürülmə və digər yardımçı tikililərdən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)869/2023 saylı, 26 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 avqust 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək onun 3 azyaşlı uşağı ilə birlikdə Beyləqan rayonun Kəbirli kəndində yerləşən evə köçürülməklə yaşayış hüququnun verilməsi, evin yerləşdiyi həyətyanı torpaq sahəsi, torpaq sahəsində yerləşən yardımçı tikililər və kommunal xidmət sahələrinin ümumi istifadələrində saxlanılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə etdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh ilə nikahlarını 22 aprel 2008-ci il tarixdə Beyləqan rayon İHB-nin Kəbirli kəndi ərazi dairəsi üzrə icra nümayəndəliyində qeydə aldırmaqla evlənmişlər. Birgə nikahlarından 08 avqust 2008-ci ildə Nurəddin, 26 may 2011-ci ildə Nərmin, 05 noyabr 2013-cü ildə isə Mail adlı üç uşaqları doğulmuşdur. Hazırda uşaqları onun yanında yaşayırlar. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 13 mart 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında 22 aprel 2008-ci il tarixdə Beyləqan rayon İHBnin Kəbirli kənd ərazi dairəsi üzrə icra nümayəndəliyində qeyd edilmiş nikah pozulmuş, uşaqları 08 avqust 2008-ci ildə anadan olan X9, 26 may 2011-ci ildə anadan olan X10 və 05 noyabr 2013-cü ildə anadan olan X12 onun yanında qalmaları müəyyən edilmişdir. O, cavabdehlə ailə qurduqları zaman qaynatasının evinə gəlin köçmüşdür. Orada bir neçə il yaşamışlar. Həmin ev kərpicdən olduğundan həyətdə yeni ev inşa edib orada yaşamışlar. Uşaqları da həmin evdə böyümüşdür. Qaynatasıgil isə Beyləqan şəhərinə köçmüşlər. O, cavabdehlə 2020-ci ildə məhkəmə yolu ilə ayrılsalar da, son 6 aya kimi sözügedən evdə yaşamışdır. Cavabdehdən ayrıldıqdan sonra ondan aliment tələb etməmişdir ki, cavabdeh evdə rahat yaşamalarına maneçilik törətməsin. Sonradan cavabdehlə mübahisələri olmuş, cavabdeh onu uşaqları ilə birlikdə evdən çıxarmışdır. Hazırda 3 uşağı ilə birlikdə qalır, yaşamağa evi yoxdur. Odur ki, 3 azyaşlı uşağı ilə birlikdə Beyləqan rayonun Kəbirli kəndində yerləşən qaynatası Nurəddin Əsədova məxsus evə köçürülməklə yaşayış hüququnun verilməsi, evin yerləşdiyi həyətyanı torpaq sahəsi, torpaq sahəsində yerləşən yardımçı tikililər və kommunal xidmət sahələrinin ümumi istifadələrində saxlanılması tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı ilə ailə quraraq, nikahlarını 22 aprel 2008-ci il tarixdə Beyləqan rayon İHB-nin Kəbirli kəndi ərazi dairəsi üzrə icra nümayəndəliyində rəsmiləşdirmişlər. Onların birgə nikahlarından üç uşaqları doğulmuşdur. İddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. İddiaçının tələb etdiyi ev onun deyil, həmin ev atasına məxsusdur. İddiaçı ilə ailə qurduqdan sonra iddiaçı atasına məxsus çiy kərpicdən tikilən evə gəlin köçmüş, orada bir neçə il yaşamışlar, uşaqları da orada anadan olmuşdur. Sonradan atasının razılığı ilə müvəqqəti olaraq həyətdə tikilən atasına məxsus başqa evə köçüb orada yaşamışlar. İddiaçı sosial yardım düzəltmək adı ilə ondan boşanmışdır. Bundan sonra iddiaçı onunla yola getməmişdir. Boşandığını əsas gətirərək ondan ayrılmışdır. İddiaçını qonşu kişi ilə tutmuş, səhəri işdən evə gələndə iddiaçının evdən getdiyini görmüşdür. O, iddiaçını evdən qovmamış, iddiaçı özü evdən getmişdir. İddiaçı əmlaklarını da evdən aparmışdır. Ona məlum olmuşdur ki, iddiaçı həmin qonşusu ilə birlikdə Beyləqan şəhərində yaşayır. Onun iddiası əsassızdır. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində dəvət edilib izahat verən X13 iddianı qəbul etmədi və göstərdi ki, İddiaçı oğlu Şamillə evlənmiş və ona məxsus Beyləqan rayonu Kəbirli kəndində çiy kərpicdən tikilmiş köhnə evə gəlin gəlmişdir. İddiaçı cavabdehlə həmin evdə yaşayarkən birgə nikahlarından üç uşaqları anadan olmuşdur. İddiaçının tələb etdiyi evi o, 1995-ci ildə tikdirmişdir. İddiaçı ailəsi ilə birlikdə köhnə evdə bir müddət yaşadıqdan sonra oğlunun evi olmadığından sözügedən evdə müvəqqəti yaşamağa icazə vermişdir. İddiaçı özü 10 aydan artıqdır ki, əşyalarını da ona məxsus evdən çıxarmışdır. İddiaçı başqa şəxsə qoşularaq getmiş və Beyləqan şəhərində həmin şəxslə yaşayır. Onun həmin evə köçməsinə bir mülkiyyətçi kimi etiraz edir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 2(020)869/2023 saylı, 26 may 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: R.Nurullayev), iddianın təmin edilməməsi, İddiaçı cavabdehlər Cavabdeh və X8 qarşı yaşayış evinə köçürülmə və digər yardımçı tikililərdən istifadə hüququnun tanınması tələbinə dair iddiası əsasız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2 və Mənzil Məcəlləsinin 30-cı maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı, Beyləqan Rayon Məhkəməsinin 2(020)869/2023 saylı, 26 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Beyləqan Rayon Məhkəməsinin 2(020)869/2023 saylı, 26 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X13 apellyasiya icraatı zamanı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Beyləqan Rayon Məhkəməsinin 2(020)869/2023 saylı, 26 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya icraatı zamanı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Beyləqan Rayon Məhkəməsinin 2(020)869/2023 saylı, 26 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Beyləqan Rayon Məhkəməsinin 2(020)869/2023 saylı, 26 may 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində deyililir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində nəzərdə tutulur ki, hər kəsin mülkiyyət hüququ var. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİ nəzərdə tutulur ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci maddəsinə əsasən On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə kollegiyası qeyd edilə maddi hüquq normasını müqayisəli təhlil edərək qeyd edir ki, iddiaçının bir övladı azyaşlı olmaqla onların yaşayış yeri valideynlərinin yaşayış yeri onların yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 8 oktyabr 2013-cü il tarixli qərarında isə göstərmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi 27 may 2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə, “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. X17 Hüquqları Məhkəməsinin qərarlarında qeyd edilir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir (Burdov Rusiya Federasiyasına qarşı və “ Yunanstan neftayırma zavodu” Strən və X1rşı işlər). Bunda əlavə “Akimova Azərbaycana qarşı” iş üzrə də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Məhkəmə xatırladır ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmaması barədə hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh X6 mübahisəli ev üzərində mülkiyyət hüququ üzrə gözlənti hüququ olmuş, həmçinin İddiaçı cavabdeh X6 ailə üzvü olmamış və ona məxsus yaşayış sahəsinə köçürülməklə yaşayış hüququnun verilməsi, evin yerləşdiyi həyətyanı torpaq sahəsi, torpaq sahəsində yerləşən yardımçı tikililər və kommunal xidmət sahələrinin ümumi istifadələrində saxlanılması ilə bağlı tələb hüququ yaranmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)869/2023 saylı, 26 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hazırki mübahisənin spesifikasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi həqiqi hallar və tətbiq etdiyi maddi hüquq normalarına apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla işə aşağıdakı hallar üzrə hüquqi qiymət verilməlidir: İ İddiaçı ailə münasibətlərinə əsaslanaraq cavabdeh Nurəddin Əsədova məxsus yaşayış sahəsinə istifadə hüququnun tanınması ilə köçürülməsini tələb etməkdə haqlıdırmı? İddiaçı Cavabdeh ilə ailə münasibətlərinə istinad edərək, məhkəmədən 22 aprel 2008ci il tarixdən cavabdehlə rəsmi nikah münasibətin girməklə Beyləqan rayonu Kəbirli kəndində yerləşən digər cavabdeh X8 məxsus evə üç azyaşlı uşaqları ilə birlikdə köçürülməklə yaşayış sahəsinə hüququn verilməsi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi, torpaq sahəsində yerləşən yardımçı tikililər və kommunal xidmət sahələrinin ümumi istifadələrində saxlanılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrdən çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 08 avqust 2008-ci ildə Nurəddin, 26 may 2011-ci ildə Nərmin, 05 noyabr 2013-cü ildə isə Mail adlı üç uşaqları doğulmuşdur. İş materiallarında olan Beyləqan rayon İHB-nın Kəbirli kənd İƏD üzrə nümayəndəsinin arayışından görünür ki, Əsədova X2 rayonunun Kəbirli kəndində yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əsədov X4 rayonu, Kəbirli kəndində qeydiyyatdadır. İş materiallarında olan Beyləqan rayon məhkəməsinin 13 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 22 aprel 2008-ci il tarixdə Beyləqan rayon İHB-nin Kəbirli kənd ərazi dairəsi üzrə icra nümayəndəliyində qeyd edilmiş nikah pozulmuş, uşaqları 08 avqust 2008-ci ildə anadan olan X9, 26 may 2011-ci ildə anadan olan X10 və 05 noyabr 2013-cü ildə anadan olan X12 analarının yanında qalmaları müəyyən edilmişdir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1997-ci il tarixli 31 saylı qərarına əsassən X13 və ailə üzvlərinin mülkiyyətinə 0,28 ha torpaq sahəsi verilmişdir. Beyləqan rayon İHB-nın Kəbirli kənd İƏD-si üzrə nümayəndəsinin Beyləqan rayon məhkəməsinə təqdim etdiyi 12 may 2023-cü il tarixli arayışından görünür ki, X6 Beyləqan rayonunun Kəbirli kəndində özünə məxsus, 0,20 ha həyətyanı torpaq sahəsində ötən əsrin 40cı illərində çiy kərpicdən tikilmiş, hal-hazırda qəzalı vəziyyətdə, yaşayış üçün tam yararsız, ümumi sahəsi 70 kv.m olan köhnə ev və 1995-ci ildə mişar daşından tikilmiş ümumi sahəsi 80 kv.m, yaşayış sahəsi 40 kv.m olan 2 otaqlı fərdi yaşayış evi var. X13 hal-hazırda özünə məxsus olan həmin evdə yaşayır. İddiaçı tərəfin izahatlarından və apellyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, iddiaçı birgə yaşadıqları dövrdə üç uşaqlarının dünyaya gəlməsinə, 2009-cu ilin 1 oktyabrdan əvvəl yəni 22 aprel 2008-ci ildə Beyləqan Rayonu Kəbirli kəndində yerləşən X8 məxsus 1995ci ildə mişar daşından tikilmiş ümumi sahəsi 80 kv.m, yaşayış sahəsi 40 kv.m olan 2 otaqlı fərdi yaşayış evində yaşamasına istinad edərək həmin evdə istifadə hüququnun yarandığını və ora köçürülməli olmasını iddia edir. İddiaçının qeyd edilən yaşayış evində yaşaması ilə bağlı dəlillərinə məhkəmə kollegiyası işin ikinci halı ilə bağlı hüquqi mövqeyində geniş aydınlıq gətirəcək. İddiaçının birgə yaşadıqları dövrdə üç uşaqlarının olması əsası ilə istifadə hüququnun tanınmasını tələb etməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mövcud qanunvericilikdə bu əsasla iddiaçının istifadə hüququnun tanınması üçün heç bir maddi hüquqi əsas yoxdur. Bununla belə qeyd olunmalıdır ki, qanunverici həm birgə nikahdan doğulmuş uşaqlara, həm də nikahdan kənar doğulmuş uşaqlar üçün eyni hüquqları tanınmışdır. Buna əsas səbəb uşaqların hüquqlarının təminatı və sosial müdafiəsi ilə bağlıdır. İşin araşdırılan hallarından görünür ki, tərəflərin birgə nikahdan doğulmuş üç uşağı iddiaçının yanında qalmışdır. İddiaçının uşaqların olmasına istinad edərək istifadə hüququ tələb etməsi qanunvericiliklə yolverilməzdir. Çünki uşaqların yaşayış yeri valideynin yaşayış yeri üzrə müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci maddəsinə əsasən On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə kollegiyası qeyd edilə maddi hüquq normasını müqayisəli təhlil edərək qeyd edir ki, iddiaçının bir övladı azyaşlı olmaqla onların yaşayış yeri valideynlərinin yaşayış yeri onların yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə kollegiyası göstərilənlərə əsasən işin birinci halı ilə bağlı yekun qənaətə gəlir ki, İddiaçı Cavabdehla ailə-nikah münasibətlərində olması və digər cavabdeh keçmiş qayınatası Nurəddin Əsədovun ailə üzvü olmasına istinad edərək Beyləqan rayonu Kəbirli kəndində yerləşən , X8 məxsus 1995-ci ildə mişar daşından inşa edilmiş, ümumi sahəsi 80 kv.metr, yaşayış sahəsi 40 kv.metr olan 2 otaqlı evə üç azyaşlı uşaqları ilə birlikdə köçürülməklə yaşayış sahəsinə hüququn verilməsi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi, torpaq sahəsində yerləşən yardımçı tikililər və kommunal xidmət sahələrinin ümumi istifadələrində saxlanılmasını tələb etməsi üçün heç bir maddi hüquqi əsası yoxdur. Yəni iddiaçının tələb hüququ yaranmamış, iddianın təmini üçün heç bir maddi hüquqi əsas yoxdur. İİ İddia tələbi cavabdeh (torpağa münasibətdə mülkiyyətçi, evə münasibətdə gözlənilən mülkiyyətçi) Nurəddin Əsədovun mülkiyyət hüquqlarına toxunurmu? Məhkəmə kollegiyası qeyd edir ki, mənzilə və ya fərdi yaşayış evindən çıxarılma və köçürülmə barədə mübahisələrə hüquqi qiymət verilərkən başlıca olaraq aşağıdakı əsas iki meyar tədqiq edilməlidir. mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu; iddiaçının və cavabdehin mübahisə obyekti ilə bağlı yaranan hüquq münasibətlərinin əsasları; Məhkəmə kollegiyası bu mübahisənin spesifikasını nəzərə alaraq tələbi mülkiyyət baxımından da araşdırmağı zəruri hesab edir. Ona görə ki, tərəflərin nikah münasibətləri olduğu halda, özbaşına tikililərə münasibətdə məhkəmələr eyni tələblər üzrə bir sıra iddia tələbinin təmini (köçürülmə) ilə bağlı qətnamələr qəbul etmişlər. Ancaq, Hazırki mübahisədə araşdırılan hallardan müəyyən edilir ki, qeyd edilən mənzil özbaşına tikili hesab edilə bilməz. İşə əlavə olunmuş Beyləqan rayon İHB-nin Kəbirli kənd Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən X8 verilmiş xx.xx.2023-cü il tarixli, 492 nömrəli arayışdan görünür ki, N.İ.Əsədovun icra nümayəndəliyinin təsərrüfatbaşına kitabına əsasən 1995-ci ildə mişar daşından tikilmiş ümüumi sahəsi 70 kv.metr, yaşayış sahəsi 40 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi var. Həmçinin Beyləqan rayon İHB-nin Kəbirli kənd Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Cavabdeh verilmiş xx.xx.2023-cü il tarixli, 366 nömrəli arayışdan müəyyən edilmişdir ki, o, həqiqətən Beyləqan rayon Kəbirli kənd İƏD-i üzrə nümayəndəliyində ayrı təsərrüfat kimi qeydiyyatdadır. Apellyasiya instansiyası məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, JN-799A kod 60707018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X6, ailə üzvləri ilə birlikdə - X7, X11, X3 adına 0,28 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi ev, cavabdeh X6 xüsusi mülkiyyətində olan torpaq sahəsində tikilmiş 2 otaqlı yaşayış evidir. Yaşayış evi köhnə tikili olmaqla (1995-cı il) təsərüffatbaşına kitabda qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2-ci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların qeydə alınması üçün əsasdır. Göründüyü kimi, cavabdeh Nurəddin Əsədovun yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən mənzil onun xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilməklə təsərrüfatbaşına kitabda qeydiyyata alınmışdır. Dövlət isə cavabdehin yaşayış sahəsi üzərində ilkin mülkiyyət hüquqlarının yaranmasını qanuni hesab edir, həmin qeydiyyatı (təsərrüfatbaşına kitabdakı qeydiyyatı) tam mülkiyyət hüququnun qeydə alınması üçün ilkin hüquqmüəyyənedici sənəd kimi tanımışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh X6 yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən mənzil onun xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edildiyi üçün özbaşına tikili kimi qəbul edilə bilməz. Həmçinin yaşayış evinin təsərrüfatbaşına kitabda qeyd edilməsi ona hüquqlarını qeydə aldırmaq üçün əsas verir. Yəni qeyd edilən tikili üzərində Nurəddin Əsədovun gözlənilən mülkiyyət hüququ mövcuddur. Həmçinin yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi cavabdeh Nurəddin Əsədovun xüsusi mülkiyyətindədir. Cavabdehlə iddiaçı arasında isə torpağın istifadəsi ilə bağlı heç bir qanuni razılaşma yoxdur, hal-hazırda cavabdeh oğlu ilə ailə münasibətlərinin pozulması səbəbindən iddiaçını qəbul etmir. Yəni tərəflərin birgə yaşamaqla bağlı könüllü razılaşması da mümkün deyildir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, əgər, yuxarıda göstərilən halları nəzərə almadan məhkəmə iddiaçını qeyd edilən yaşayış sahəsinə köçürmüş olsa, bu halda cavabdehin yaşayış sahəsi ilə bağlı hüquqlarından əlavə yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı hüquqlarını da pozmuş olacaq. Ona görə ki, torpaq sahəsindən istifadə edilmədən (cavabdehin torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarına toxunmadan) yaşayış sahəsindən istifadə qeyri-mümkündür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-nə dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsi). Konstitusiyada nəzərdə tutulmuş hər kəsin məhkəmədə müdafiə hüququnun həyata keçirilməsi mövcud qanunvericiliklə müəyyən olunur. Hər hansı bir məhkəmə işinə mahiyyəti üzrə baxılarkən maddi və prosessual qaydalara riayət edilməməsi Konstitusiyanın müddəalarının pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilə bilər (N.Musayevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2010-cu il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq, həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etməklə ədalət mühakiməsini də nəzərdə tutur. Hər hansı şəxs məhkəməyə müraciət edərək onun tələbi üzrə araşdırma aparılaraq yekun hüquqi nəticəyə gəlinən zaman maddi və prosessual hüquq normaları fərqli qaydada tətbiq edilir. Belə ki, mübahisə predmeti üzrə tərəflər arasında mübahisəyə hüquq münasibəti baş verən zaman qüvvədə olan maddi hüquq norması tətbiq edilməli olduğu halda, işin faktiki halları müəyyən edilməsindən ötrü sübutlar qiymətləndirilən zaman isə işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normaları tətbiq edilməlidir. Tərəflər arasında hüquq münasibəti yaranan zaman qüvvədə olan maddi hüquq normasının tətbiq edilməsini qanunverici ona görə zəruri hesab etmişdir ki, mülki hüquq münasibətlərinin müəyyənliyi və sabitliyi təmin edilsin. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013cü il tarixli qərarı). Kollegiya qeyd edir ki, mübahisəli ev cavabdeh N.Əsədovun mülkiyyət hüququ ilə adına qeydə alınmış torpaq sahəsi üzərində yerləşir və onun gözlənilən mülkiyyətidir. Hazırkı mübahisənin düzgün həlli üçün tərəflər arasında yaranan münasibətə, hüquq münasibəti yaranan vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. Kollegiya qeyd edir ki, İddiaçı cavabdeh Nurəddin Əsədovun ailə üzvü olmamışdır. İddiaçı həmin şəxsə münasibətdə də “digər qohumlar” kimi aid edilən şəxslər kateqoriyasına da aid edilə bilməz. Belə olan halda iddiaçının həmin mənzildən istifadə hüququnun yaranmasından ötrü mülkiyyətçi ilə, iddiaçı arasında Mülki Məcəllənin 228. 2-ci maddəsinə əsasən razılaşması olmalıdır. Lakin iddiaçının nə Cavabdeh ilə, nə də hazırkı torpağın mülkiyyətçi, həmçinin həmin torpaq üzərində yerləşən evin gözlənilən mülkiyyətçisi N.Əsədov ilə mənzildən istifadə edilməsinə dair aralarında hər hansı bir razılaşma olması da, müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyasının işin ikinci halı ilə bağlı yekun hüquqi mövqeyi ondan ibarətdir ki, iddia tələbinin təmini cavabdehin mülkiyyət hüquqlarına toxunur. Bütün yuxarıda qeyd olunanları apellyasiya şikayətinin dəlilləri və iddia tələbi üzrə əldə olunmuş sübutları müqayisəli tədqiq edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin olunmaması qanuni və əsaslı olmuş, Birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Beyləqan Rayon Məhkəməsinin 2(020)869/2023 saylı, 26 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyasıı; QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)869/2023 saylı, 26 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1314/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1314/2023
28.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver