Məhkəmə qərarları › İş №2(106)-1318/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1318/2024

18.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1318/2024 18.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “azyaşlı uşaqları ilə birlikdə evə köçürülməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1490/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(041)-1490/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Müseyib Bayramov) iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə birlikdə Cavabdeh1 məxsus Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 254,5 kv.metr, yaşayış sahəsi 104 kv.metr, yardımçı sahəsi 150,5 kv.m olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(041)-1490/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyünü yoxlayan məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onların qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:

1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;

2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;

3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;

4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;

5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;

6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;

7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayətinin forması MPM-in 2 nömrəli Əlavəsində göstərilmişdir və apellyasiya şikayəti verilən zaman həmin formaya riayət edilməsi tələb olunur. Lakin Cavabdeh1 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilən apellyasiya şikayəti MPM ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun deyil. Belə ki, apellyasiya şikayətində “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” və “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” ilə bağlı hissələrə apellyasiya şikayətində tələb olunan formada yer verilməmişdir. Belə ki, həmin hissələrdə cədvəldə sıra ilə göstərilməli olan hər bir normanın qarşısında onun pozulmasının və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olmasına dair mövqe bildirilməmişdir. Həmçinin, cavabdeh apellyasiya şikayətində qətnamə çıxarılarkən onun Mülki Məcəllədə nəzərdə tutulan maddi hüquq normalarının pozulduğunu qeyd etsə də, hər hansı bir maddi hüquq normasına istinad etməmiş, hansı normanın pozulduğunu göstərməmişdir. Bundan başqa, apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Hazırkı apellyasiya şikayətində isə apellyator öz tələbini dəqiq göstərməmiş, Kürdəmir Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(041)-1490/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsini tələb etdiyini qeyd etməmişdir. Cavabdeh1 yenidən apellyasiya şikayəti vermək istədikdə apellyasiya şikayətini MPM-in 361-ci maddəsinin tələblərinə uyğun olaraq MPM-in 2 saylı Əlavəsində göstərilmiş formada tərtib etməsi tövsiyə olunur. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan onları əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, onun MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1490/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar