Məhkəmə qərarları › İş №2(106)-1324/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1324/2024

18.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1324/2024 18.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X2 ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilinin sökülməsi və kanalizasiya xəttinin çıxarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)-372/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(048)-372/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Atabəy Kiçibəyov) iddia qismən təmin edilərək, İddiaçı Fərzi oğluna məxsus ünvan 1 ünvanında yerləşən 0,15 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikilən tikilinin (toyuq hininin) 3,5 kv.m hissəsinin sökülərək həmin torpaq sahəsinin mülkiyyətçisi olan İddiaçı Fərzi oğlunun mülkiyyətinə verilməsi, iddiaçı tərəfindən məhkəməyə ödənilmiş 10 manat dövlət rüsumu, X3 ödənilmiş 250 manat ekspertiza xərci və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 311 manat, cəmi ümumilikdə 571 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı X1 ödənilməsi, əlavə olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2(106)-787/2024 saylı qərardadı ilə Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin Lerik Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh2 apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüş, lakin apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə olunmamışdır. Mülki iş materialları Lerik Rayon Məhkəməsinin 2(048)-372/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması üçün 06 may 2024-cü il tarixli göndəriş məktubu ilə Lerik Rayon Məhkəməsinə qaytarılmışdır. 03 iyun 2024-cü ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə Lerik Rayon Məhkəməsinə müraciət edərək, apellyasiya şikayəti üzrə müddətin buraxılmasının üzrlü hesab edilməsini, müddətin bərpasına dair ərizəni təmin etməklə, apellyasiya şikayətinin qəbul edilməsini və iş materialları ilə birgə apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Ərizədə qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin əvvəlki qərardadlarında göstərilmiş nöqsanlı hallar aradan qaldırılmış, apellyasiya şikayəti yenilənmiş və MPM-in tələblərinə tam uyğun olaraq tərtib edilmişdir. Lerik Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(048)-372/2023 saylı qərardadı ilə Lerik Rayon Məhkəməsinin 2(048)-372/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü səbəbdən baş verdiyinə görə bərpa edilməsi, apellyasiya şikayətinin 7 gün müddətində işlə birlikdə baxılmasından ötrü aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Lerik Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli göndəriş məktubu ilə mülki iş materialları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(048)-372/2023 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, mülki iş 10 iyul 2024-cü il tarixində Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən cavabdehlər tərəfindən verildiyi qeyd olunan apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. İlk olaraq məhkəmə kollegiyası onu qeyd etməyi zəruri sayır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2(106)-787/2024 saylı qərardadı ilə Lerik Rayon Məhkəməsinin 2(048)-372/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin Lerik Rayon Məhkəməsinə qaytarılması qərara alınmış olsa da və mülki iş materialları apellyasiya şikayətinin geri qaytarılması üçün Lerik Rayon Məhkəməsinə qaytarılsa da, birinci instansiya məhkəməsi sözügedən məqama diqqət yetirməmiş, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytarmamış, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 363.1.3-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin maddəyə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Apellyasiya instansiyası məhkəməsi 04 aprel 2024-cü il tarixli qərardadla həmin normaya uyğun olaraq apellyasiya şikayətini geri qaytarması üçün işi Lerik Rayon Məhkəməsinə qaytarmış olsa da, bununla bağlı məhkəmə tərəfindən hər hansı tədbir görülməmişdir. Daha sonra Lerik Rayon Məhkəməsi 07 iyun 2024-cü il tarixli, 2(048)-372/2023 saylı qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin 7 gün müddətində işlə birlikdə baxılmasından ötrü aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi nəticəsinə gəlmiş olsa da, MPM-in 133.3-cü maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, MPM-in 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Lakin hazırda müəyyən edilir ki, buraxılmış müddətin bərpasına dair ərizəyə cavabdehlər tərəfindən hər hansı apellyasiya şikayəti əlavə edilməmiş, ərizənin verilməsi tarixindən sonra “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə hər hansı bir apellyasiya şikayəti yerləşdirilməmişdir. Belə olan halda isə məhkəmənin cavabdehlər tərəfindən verildiyini qeyd etdiyi hansı apellyasiya şikayətini apellyasiya instansiyası məhkəməsinə göndərdiyi qeyri-müəyyən qalır. Həmçinin, iş materiallarından da görünür ki, birinci instansiya məhkəməsinin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2(106)-787/2024 saylı qərardadına uyğun olaraq geri qaytarmalı olduğu halda, qaytarmadığı apellyasiya şikayəti isə yalnız Cavabdeh2 tərəfindən verilmişdir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırda apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığından, cavabdehlər tərəfindən verildiyi qeyd olunan apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Lerik Rayon Məhkəməsinin 2(048)-372/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar