Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1326/2024 22.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh H qarşı məzuniyyət pulu və əmək qabiliyyətinin olmamasına görə müavinətin verilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: məzuniyyət pulu və əmək qabiliyyətinin olmamasına görə müavinətin verilməsi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X12, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdehin nümayəndələri X5 və X2 iştirakları ilə, İddiaçı cavabdeh G publik hüquqi şəxsinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək, məzuniyyət pulu və əmək qabiliyinin olmamasına görə müavinətin verilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(036)-89/2023 saylı qətnaməsindən (hakim Ülvi Qənbərov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh İmişli rayon Mərkəzi Rayon Xəstəxanasına qarşı iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 407 saylı əmrin ləğv edilərək terapevt vəzifəsində əvvəlki işinə bərpa olunması, hamiləliyə və doğuşa görə məzuniyyət pulunun, əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinətin hesablanması və uşağı X6 üç yaşı tamam olanadək ona qulluq etməyə görə qismən ödənişli sosial məzuniyyətə buraxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2009-cu ildən İmişli RMX PHŞ-də Ailə həkimi-terapevt vəzifəsində fasiləsiz olaraq işləmiş, həmin müddətdə işə həmişə vicdanla yanaşmış, verilən tapşırıqları vaxtında yerinə yetirməyə çalışmış və vəzifəsini qüsursuz icra edərək heç bir intizam tənbehi almamışdır. İmişli MRX PHŞ üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 407 saylı əmr ilə tutduğu vəzifədən azad edilmişdir. İşdən azad edilməsi onun heç bir üzrlü səbəb olmadan işə çıxmaması ilə əlaqələndirilmişdir. Halbuki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə hamiləliyə və doğuşa görə (doğuş çətin olduğuna görə) 126 təqvim günü müddətində sosial məzuniyyətdə olmuşdur. Belə ki, doğuş çətin olduğuna görə onun sosial məzuniyyətdə olma müddəti 14 gün uzadılmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı uşağın üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətə buraxılması barədə ərizə ilə İmişli RMX PHŞ-yə müraciət edərək işə çıxmamış və əmək haqqı kartına pul köçürülmədiyini biləndən sonra xx.xx.2022-ci il tarixdə yenidən ərizə vermişdir. Onun Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə işdən çıxarılması qanunsuz olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh İmişli Mərkəzi Rayon Xəstəxanasının təmsilçisi iddia tələbini qəbul etməmiş, iddianın rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, İddiaçı heç bir üzrlü səbəb göstərmədən işə çıxmaması ilə əlaqədar xx.xx.2022-ci il tarixli, 407 saylı əmrlə AR ƏM-nin "ç” bəndinə əsasən vəzifəsindən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə hamiləliyə və doğuşa görə 126 təqvim günü müddətində sosial məzuniyyətdə olmuş və onun sosial məzuniyyətdə olma müddəti 14 gün uzadılmışdır. O, xx.xx.2022-ci il tarixdə işə başlamalı olduğu halda heç bir məlumat verməyərək işə gəlməmiş və edilən çoxsaylı xəbərdarlıqlara məhəl qoymayaraq xx.xx.2022-ci il tarixdən əsas iş yeri üzrə müdiriyyətin icazəsini almadan Bakı şəhərində yerləşən "VitaMed Tibb Mərkəzi” MMC-də əvəzçilik üzrə 0,25 ştat vahidi həcmində həkim-terapevt vəzifəsinə qəbul olunaraq işləmişdir. İmişli Rayon Məhkəməsinin (hakim Ü.Qənbərov) 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh İmişli Mərkəzi Rayon Xəstəxanasına qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa olunması, hamiləlik və doğuşa görə məzuniyyət pulunun, əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinətin hesablanması və uşağının üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətə buraxılması tələbinə dair iddiası təmin olunmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat. İşə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İlham Əsədov, Samir Mayılov, Zaur Allahyarov) 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(036)-89/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə İmişli Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsi üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 407 saylı əmrin ləğv edilməsi, İddiaçı İmişli Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsində ailə həkimi- terapevt vəzifəsinə işə bərpa edilməsi və onun hamiləliyə və doğuşa görə məzuniyyəti və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətinin təmin edilməsi, ona ödənilməmiş məzuniyyət haqqının və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə ödənilməmiş müavinətin müəyyən edilmiş qaydada hesablanmaqla ödənilməsi qət edilmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat. İşə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Vidadi Məmmədov, Zaur Əliyev və Aqil Abbasov) 14 may 2024-cü il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-988/2023 nömrəli iş üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddianın əmək müqaviləsinə xitam verilməsi barədə 12 iyul 2022-ci il tarixli, 407 nömrəli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və uşağın üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətin verilməsi tələblərinə dair hissədə iş üzrə yeni qərar qəbul edilməsi, eyni hissədə iddianın təmin edilməməsi, işin iddianın məzuniyyət pulunun və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinətin hesablanması tələblərinə dair hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, cavabdeh "İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin kassasiya şikayəti qismən təmin edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: ç) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, onun işə çıxmaması üzrsüz səbəbdən olmamışdır. Onun ikinci uşağı doğulmudur, doğuş çətin olmuşdur. İkinci uşağın üç yaşı tamam olmamışdır; ambulator müalicədən sonra əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqini və sosial məzuniyyətin verilməsi barədə ərizəni cavabdehə təqdim etmiş, ona müvafiq qaydada müavinət hesablanmamış, sosial məzuniyyət barədə ərizəsi isə qeydiyyata alınmamış və əmr verilməmişdir. İddiaçı apellyasiya şikayətində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işdən azad edilməyinə İmişli rayon X7 İttifaqı Şurasının etirazının olmaması barədə qərarının da əsassız olduğunu qeyd etmişdir. Belə ki, ona X10 tərəfindən heç bir şifahi və ya yazılı bildiriş göndərilməmiş, şuranın iclasına dəvət olunmamış və faktiki olaraq sosial məzuniyyətdə olduğu halda haqqında intizam tənbehinin tətbiq edilməsinə razılıq verilmişdir. d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı daxil olmamışdır. e) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndələri X8 və X4 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin yeni apellyasiya baxışına qaytarılan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndələri X8 əlavə olaraq bildirmişdir ki, cavabdeh təşkilatda mühasib vəzifəsində işləyir. Qeyd etmişdir ki, iddiaçıya “məzuniyyət pulunun və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinəti bu günədək hesablayaraq iddiaçıya verməmişlər. Çünki həmin müavinətın hesablanaraq iddiaçıya verilməsi üçün DSMF onlardan iddiaçının analıq məzuniyyətindən əvvəl 10 ay müddətində işləməsinə dair əmək haqqının hesabatını tələb edir. İddiaçı isə məzuniyyətdən əvvəl cəmi 2 ay işləyərək əmək haqqı almışdır. Buna görə də iddiaçıya indiyədək müavinəti hesablayaraq verə bilməmişlər. Göstərmişdir ki, əgər hesablamalar aparılsa iddiaçıya 126 gün analıq məzuniyyətinə və 14 günlük əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinət təxminən 1400 manat civarında ola biləcəyini qeyd etmişdir. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. İddiaçıya müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Ali Məhkəmə tərəfindən məzuniyyət pulu və əmək qabiliyyətinin olmamasına görə müavinətin hesablanmasına dair hissədə yeni apellyasiya baxışına göndərildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə iddianın rədd edilməsinə dair hissədə əsaslılığı yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ İ.Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması ... prinsiplərinə əsaslanır; Maddə 11. İşəgötürənin əsas hüquqları:
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; Maddə 125. Hamiləliyə və doğuşa görə məzuniyyətlər
1. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
2. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir: a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü); b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü); c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü). Maddə 126. Uşaqları övladlığa götürmüş qadınların məzuniyyət hüquqları İki aylığadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin bu Məcəllənin 117-ci maddəsi ilə müəyyən edilmiş əlavə və 127-ci maddəsində nəzərdə tutulmuş qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Maddə 127. Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydaları
1. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.
2. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.
Maddə 143. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi
1. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.
2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi
2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. KM3
3. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
4. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 noyabr 2008-ci il tarixli Qərarı: "Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.”
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsiməzuniyyət pulunun və əmək qabiliyyinin olmamasına görə müavinətə dair hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İşin hallarından görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixli əmək müqaviləsi ilə İmişli Mərkəzi Rayon Xəstəxanasında ailə həkimi- terapevt vəzifəsinə qəbul edilmişdir. İmişli MRX PHŞ üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 407 saylı əmrlə İddiaçı əmək nizamnaməsini ciddi şəkildə pozaraq xəbərdar olunduğu halda nəticə çıxarmadan və heç bir üzürlü səbəb göstərmədən işə gəlmədiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən vəzifəsindən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iş Ali Məhkəmə tərəfindən iş- iddianın məzuniyyət pulunun və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinətin hesablanması tələblərinə dair hissədə yenidən baxılmaq apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Cavabdehin nümayəndəsi X1 iclasında bildirmişdir ki, cavabdeh təşkilatda mühasib vəzifəsində işləyir. Qeyd etmişdir ki, “məzuniyyət pulunun və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinəti bu günədək hesablayaraq iddiaçıya verməmişlər. Çünki həmin müavinətin hesablanaraq iddiaçıya verilməsi üçün DSMF onlardan iddiaçının analıq məzuniyyətindən əvvəl 10 ay müddətində işləməsinə dair əmək haqqının hesabatını tələb edir. İddiaçı isə məzuniyyətdən əvvəl cəmi 2 ay işləyərək əmək haqqı almışdır. Buna görə də iddiaçıya indiyədək müavinəti hesablayaraq verə bilməmişlər. Göstərmişdir ki, əgər hesablamalar aparılsa iddiaçıya 126 gün analıq məzuniyyətinə və 14 günlük əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinət təxminən 1400 manat civarında ola biləcəyini qeyd etmişdir. Göründüyü kimi Kassasiya instansiyası “iddianın məzuniyyət pulunun və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinətin hesablanması tələblərinə dair hissədə” yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Göstərmişdir ki, ödənilməli olan məzuniyyət pulu və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinət iddiaçıya ödənilməmişdirsə, bu ödənişlərin həyata keçirilməsi qanunun tələbidir, lakin işin bu halları apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamədə konkret mötəbər sübutlara istinad edilməklə, əsaslandırılmalı idi ki, bu baş verməmişdir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, ödənilməli olan məzuniyyət pulu və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinət iddiaçıya ödənilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, 126 günlük ödənilməli olan məzuniyyət pulu və 14 günlük əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinət hesablanaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(036)89/2023 saylı qətnaməsi- İddiaçı ödənilməmiş məzuniyyət haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə ödənilməmiş müavinətə dair hissədə iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı və iddia həmin hissədə təmin edilməli, İddiaçı İmişli Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsi tərəfindən ödənilməmiş məzuniyyət haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə ödənilməmiş müavinət müəyyən edilmiş qaydada hesablanmaqla ona ödənilməlidir. Cavabdehin nümayəndəsi bildirmişdir ki, 126 günlük ödənilməli olan məzuniyyət pulu və 14 günlük əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə müavinət hesablanarsa bu məbləğ 1400 manat civarında ola bilər. Belə olan halda iddianın qiyməti 5000 manatdan çox olmadığından qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(036)-89/2023 saylı qətnaməsi - İddiaçı ödənilməmiş məzuniyyət haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə ödənilməmiş müavinətə dair hissədə iddianın təmin edilməməsi hisssədində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın və iddia həmin hissədə iddia təmin edilsin. İmişli Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsi tərəfindən məzuniyyət haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə ödənilməmiş müavinət müəyyən edilmiş qaydada hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.