Məhkəmə qərarları › İş №2(106)-1331/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1331/2025

15.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1331/2025 15.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(018)-902/2025 saylı qətnaməsindən X1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehə, üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran- Astara Regional Təhsil İdarəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Lənkəran-Astara regional şöbəsini qarşı «işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və sair» tələblərə dair iddia ərizəsi ilə müraciət edərək cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəb tərəfindən İddiaçı işdən azad olunması ilə bağlı xx.xx.2025-ci il tarixli, 17 saylı “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinin ləğv edilməsi; İddiaçı həmin məktəbdə psixoloq vəzifəsinə – əvvəlki işinə bərpa edilməsi; İddiaçı işdən azad olunmasına dair yuxarıda göstərilən əmr ləğv edilməklə, onunla yeni əmək müqaviləsi bağlanmadan, 12 may 2020-ci il tarixli əvvəlki əmək müqaviləsinin şərtləri əsasında əvvəlki vəzifəsinə bərpa edilməsi; İddiaçı qanunsuz işdən çıxarılma tarixindən işə bərpa ediləcəyi günədək işləmədiyi müddət üçün əmək haqqı və digər məcburi ödənişlərin ödənilməsi; mediasiya prosesinə dair İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbdən tutulmaqla iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il il tarixli 2(018)-902/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı işdən çıxarılması ilə bağlı Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbin direktor müavini X2 "əmək müqaviləsinə xitam verilməsi barədə" 30 yanvar 2025-ci il tarixli, 17 nömrəli əmrin ləğv edilməsi, İddiaçı Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbində psixoloq vəzifəsinə işə bərpa edilməsi, İddiaçı qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək əmək haqqlarının və bununla bağlı digər məcburi ödənişlərin- məcburi iş buraxma müddəti üzrə əmək haqqının ödənilməsi, mediasiya prosesinin tətbiqi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun, cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbindən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən fiziki şəxs- məktəbinin direktoru X1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Hazırki iş üzrə tərəflər İddiaçı və cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam ortaməktəbidir. Apellyasiya şikayəti iş üzrə tərəf olmayan fiziki şəxs- məktəbinin direktoru X1 tərəfindən verilmişdir. MPM-in 364-cü maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məcəllənin 363.1.1, 363.1.1-1, 363.1.2-ci maddələrininin tələblərinə əsasən 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 361.1.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayətində şikayəti verən hüquqi şəxsin adı, digər zəruri məlumatlar, ünvanı, yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti göstərilməlidir. Qanun tələbinə görə, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı da şikayətdə göstərilməlidir. MPM-in 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. “Təhsil haqqında” Azərbaycancan Respublikasının Qanununun 14.5.-ci maddəsinə əsasən təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir: 14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər) Həmin Qanunun 14.15.-ci maddəsinə əsasən təhsil müəssisəsi hüquqi şəxsdir və müstəqil balansa malikdir. Təhsil müəssisəsinin müvafiq qanunvericiliyə uyğun olaraq banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Təhsil müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir. Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəb dövlət müəssisəsi kimi hüquqi şəxs statusuna malikdir. MPM-in 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Bu halda, apellyasiya şikayətini məktəbin öz adından vermək tələb olunur. Göründüyü kimi, Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəb dövlət müəssisəsi kimi hüquqi şəxs statusuna malikdir. Lakin məktəbin direktoru X1 apellyasiya şikayətini prosessual nümayəndəlik çərçivəsində, yəni məktəbin adından deyil, öz şəxsi məlumatlarını göstərməklə birbaşa olaraq öz adından təqdim etmişdir. Halbuki o, yalnız məktəbi təmsil etmək səlahiyyətinə malikdir. Direktorun fərdi şəxs qismində şikayət verməsi hüquqi baxımdan düzgün hesab olunmur, çünki mübahisəli hüquq münasibətlərində tərəf şəxsən o deyil, məktəbin özüdür. Bundan əlavə, apellyasiya şikayətinə məktəbin rəsmi rekvizitləri (tam adı, hüquqi ünvanı, VÖEN-i və digər identifikasiya məlumatları) əlavə olunmalı idi. Onların əvəzinə direktor öz şəxsi məlumatlarını daxil etmişdir. Bu, şikayətin subyekt tərkibinin yanlış göstərilməsi deməkdir. Nəticədə, məhkəmə qarşısında tərəf məktəb yox, fərdi şəxs kimi görünür. Beləliklə, müəyyən edilir ki, apellyasiya şikayəti daxil olduqdan sonra, birinci instansiya məhkəməsi MPM-in 361-ci maddəsinin tələblərinə cavab vermədiyini nəzərə almadan mülki işi apellyasiya baxışına göndərmişdir. Halbuki, apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin tələblərinə cavab verməmişdir. Belə olan halda işə apellyasiya qaydasında baxılması mümkün deyildir. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırki şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 366.2, 366.3, 366.4 və 402ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Astara Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar