Məhkəmə qərarları › İş №2(106)-1335/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1335/2023

31.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1335/2023 31.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X12 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X4, X8 və X2 qarşı “torpaq sahəsinin alqı-satqısına dair əqdin etibarlı hesab edilməsi” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(057)-148/2022 saylı qətnaməsindən (hakim M.Qasımov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X4, X8 və X2 qarşı “torpaq sahəsinin alqı-satqısına dair əqdin etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh və 3-cü şəxslərlə Salyan rayonu, Arbatan kəndi ərazisində yerləşən və onların ümumi birgə mülkiyyətlərində olan 0.96 ha pay torpaq sahəsinə dair aralarında bağlanmış 27 may 2003-cü il tarixli əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb etdiyi X4 və X5 oğlu, digər üçüncü şəxslərin isə qardaşıdır. Salyan rayon Arbatan kəndində yerləşən 0.96 ha torpaq sahəsi Salyan rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli qərarı cavabdeh və üçüncü şəxslərin ümumi birgə mülkiyyətlərinə verilmişdir. Bu barədə onlara 14 iyul 1999-cu il tarixdə JN-0083 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı da verilmişdir. 27 may 2003-cü il tarixdə cavabdeh və üçüncü şəxslər könüllü olaraq mülkiyyətlərində olan həmin torpaq sahəsini ona o vaxtki pulla ******* (bir milyon) manata faktiki olaraq satmılar və bu barədə “Rəsmi iltizam” adlanan əlyazmanı da imzalamışlar. Həmin iltizamda qeyd etmişlər ki, onların satdıqları torpaq sahəsinə dair iddiaları yoxdur və gələcəkdə də olmayacaqdır. Həmin iltizamdakı imzalar notarius tərəfindən təsdiq edilmişdir. Torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirilməsini cavabdeh və üçüncü şəxslər öz üzərilərnə götürmüş və ona vəd vermişlər ki, onun istədiyi vaxt alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklər. Lakin onun istəyindən sonra üçüncü şəxslər buna razı olsalar da, cavabdeh vədinə əməl etməmiş, alqı-satqını rəsmiləşdirməkdən yayınır. Cavabdehin qanunsuz hərəkətləri ucbatından faktiki olaraq aldığı torpaq sahəsini adına rəsmiləşdirə bilmir. Alıcı olaraq öz üzərinə düşən bütün öhdəllikləri yerinə yetirmiş, mülkiyyətçilərin tələb etdikləri pulu onlara vermiş, lakin cavabdeh öhdəliyinə əməl etməmiş, onun hərəkəti ucbatından alqı-satqının rəsmiləşdirilməsi baş tutmur. Qeyd edir ki, satın aldığı torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir. Bu müddət ərzində torpağa özü sahiblik edir. Cavabdehin hərəkətləri nəticəsində onun hüquqları pozulur. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etmədiyini, iddiaçının istinad etdiyi “Rəsmi iltizam”dakı imzanın onun tərəfindən icra edilmədiyini göstərib iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş X4, X9 və X3 ayrıayrılıqda mübahisələndirlən torpaq sahəsini üzün müddətə iddiaçıya icarə verdiklərini, onu iddiaçıya satmadıqlarını bildirərək iddianın təmin edilməməsini xahiş etmişlər. Salyan Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(057)-148/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, İddiaçı ilə Cavabdeh və üçüncü şəxslər X4, X8 və X3 arasında Salyan rayonu, Arbatan kəndi ərazisində yerləşən, cavabdehlə üçüncü şəxslərin birgə mülkiyyətlərində olan 0.96 ha pay torpaq sahəsinə dair bağlanmış 27 may 2003-cü il tarixli alqı-satqı əqdi etibarlı hesab edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Salyan rayon Arbatan kəndində 0.96 ha torpaq sahəsi Salyan rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinin ümumi birkə mülkiyyətinə verilmişdir. 27 may 2003-cü il tarixdə hərbi xidmətdə olduğu vaxt atası X4 əkib becərməyə imkanı olmadığı üçün torpaq sahəsini iş üzrə İddiaçı ilə öz aralarında icarəyə verməyə razılaşmışlar. İddiaçı atasının savadsız olmasından sui istifadə edərək icarəyə deyil, şəxsən özünün tərtib etdiyi alqısatqı əqdinə qol çəkdirib, atasını aldatmışdır. Aldadılmış əqd qanunsuzdur. İş üzrə cavabdeh olsa da, həmin əqdi atası bağlamışdır. Həmin vaxt hərbi xidmətdə olmuşdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Apellyasiya instansiyası məhkəməsində birinci icraat: İşə cavabdehin apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər T.Kərimov, T.Heydərov, Z.Zeynalov) 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(057)-148/2022 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunmuş, İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X4, X8 və X2 qarşı “torpaq sahəsinin alqısatqısına dair əqdin etibarlı hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. e) Kassasiya instansiyası məhkəmədə icraat: İşə iddiaçının kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kolllegiyasının (hakimlər Z.Əliyev, A.Abbasov, V.Məmmədov) 06 iyun 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1791/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. . f) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, apellyasiya şikayətinin yuxarıda şərh olunan məzmununa oxşar olan eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçının sübut kimi birinci instansiya məhkəməsinə təqdim etdiyi iltizamdakı imza ona məxsus deyildir, həmin zaman hərbi xidmətdə olmuşdur. Bildirmişdir ki, ola bilər ki, atası və digər ailə üzvləri qeyd edilən torpaq sahəsinin özlərinə münasibətdə olan paylarını satmışlar. Lakin o mübahisəli torpaq sahəsinin özünə düşən hissəsini satmamışdır. Bildirmişdir ki, 2001-ci ildən sonra həmin torpaq sahəsindən istifadə etməmişlər. Göstərmişdir ki, həmin torpaq sahəsi indiyədək faktiki olaraq iddiaçının sahibliyi və istifadəsində olmuş, hazırda da onun istifadəsindədir. Həmçinin göstərmişdir ki, üçüncü şəxslər X4, X8 və X3 onun ailə üzvləridirlər, onların məhkəmə iclasının yeri və vaxtı barədə məlumatları olmuşdur. Məhkəmədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X4, X8 və X2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə digər üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini və onun dəlillərini əsassız hesab edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin izahatında göstərdi ki, yaşadıqları kənddə mübahisəli torpaq sahəsi onun torpaqlarına yaxın ərazidə yerləşir. X11 Abbasov adlı bələdiyyə üzvünə demişdir ki, torpağını satır, müştəri tapsın. Sonra Yaşar ona Səhrəddinin torpağını satdığını demiş, o da qoyunlarını satıb pulunu Səhrəddinə vermişdir. Sonra aralarında iltizam yazılaraq Səhrəddin və ailə üzvləri tərərfindən imzalanmışdır. Həmin ərizə-iltizam notariusda yazılmış, daha doğrusu məzmununu notarius demiş, o da yazmışdır. Notariusa Yaşar, Səhrəddin və o, birlikdə getmişlər. Səhrəddinin ailə üzvləri notariata gəlməmişlər. Notariusun əməkdaşı avtomobillə gedərək Səhrəddinin evində ailə üzvlərinə iltizamı imzalatdırmışdır. Həmin zaman alqısatqı müqaviləsini rəsmiləşdirməkdən ötrü pulu yetərli olmadığından, cavabdehlərdən bu cür iltizam almışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir, odur ki, qətnamənin əsaslılığı cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 335.1 və 335.2. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir (Maddə 24 iyun 2005-ci il 949- İİQD nömrəli Qanunla çıxarılanadək olan redaksiya). Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından verdikləri apellyasiya şikayətlərində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan “Torpağa Mülkiyyət Hüququna dair” JN-083 saylı, 80903018 kodlu “Dövlət Aktı”ndan (əsli işə əlavə edilib) görünür ki, Salyan rayonu, Arbatan kənd sakinləri X4, Cavabdeh, X9 və X2 Salyan rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998ci il tarixli, 09 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Salyan rayonu Arbatan kəndində yaşayan İddiaçı həmin kənddə yaşayan torpaq mülkiyyətçisi X4 tərəfindən 27 may 2003-cü ildə verilmiş “Rəsmi iltizam”dan görünür ki, iltizamı verən şəxs ailə üzvlərinin razılığı ilə ailəsinə məxsus olmaqla Salyan rayonunun Arbatan kəndində yerləşən 0.96 ha (Dövlət Aktı JN-0083, Kod- 809030) torpaq sahəsini İddiaçı bir milyon manata satdıqlarını, həmin pulu bütövlükdə şəxsən aldığını, torpağa dair heç-bir iddialarının olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. İltizam onu verən X4 və ailə üzvləri X8, Cavabdeh və X3 tərəfindən imzalanmış, sonuncuların imzası 29 may 2003-cü ildə notariat qaydada təsdiq edilmişdir. İş materiallarında olan 29 may 2003-cü il tarixli ƏN-İ seriyalı 016927 saylı etibarnamədən görünür ki, X1 rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 09 saylı qərarı ilə ayrılmış Salyan rayonu Arbatan kəndində yerləşən 0.96 ha torpaq sahəsini satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı, pulunu almağı, bu barədə müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə 29 may 2006-cı il tarixədək qüvvədə olmuşdur. İş materiallarına əlavə edilmiş 11 may 2007-ci il tarixli ƏN-İ seriyalı 056912 saylı digər etibarnamədən görünür ki, X1 rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 09 saylı qərarı ilə ayrılmış Salyan rayonu Arbatan kəndində yerləşən 0.96 ha torpaq sahəsi barəsində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, bu barədə müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə 11 may 2022-ci il tarixədək qüvvədə olmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının 11 aprel 2022-ci il tarixli ekspert rəyindən görünür ki, 27 may 2003-cü il tarixli “Rəsmi iltizam”da “2” rəqəminin önündəki imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertiza təqdiqatının dəyəri 124 manat təşkil etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 335.2-ci maddəsi elə notarial qaydada bağlanmalı olan müqavilə həmin formada rəsmiləşdirilmədiyi halda bir tərəfin belə sənədləşmədən boyun qaçırması hallarını tənzimləyir. Odur ki, tərəflərin müqaviləni notarial qaydada bağlamaq imkanları olduğu halda da bunu etməmələri həmin normaya əsaslanan tələbin rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da İ.K.Rəcəbovun şikayəti üzrə xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, MM-in 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün: 1) əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi; 2) məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması; 3) əqdin özünün qanuna zidd olmaması və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olması tələb edilir. Birinci instansiya məhkəməsi baxılan işdə həmin halları müəyyən edərək iddianı təmin etmişdir. Göründüyü kimi müəyyən edilir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair ikitərəfli razılaşma baş tutmuş, bu razılaşma yazılı iltizamın tərtib edilməsi ilə sənədləşdirilmiş və torpaq mülkiyyətçiləri onu imzalamışlar. Yazılı sənədin mətnində digər tərəf - alıcı İddiaçı adı xüsusi olaraq göstərilmiş, daşınmaz əşyanın dəyərini satıcılar qəbul etmiş, alıcı sahəni təhvil almaqla hazırkı vaxtadək ona sahiblik etmiş və hazırda da edir. Sonradan iddiaçı notarial rəsmiləşdirməni satıcılardan tələb etmiş, bununla da iddiaçı İ.Qdirov alıcı olaraq iradəsini bəyan etmişdir. Məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM, § 32-34). Konstitusiya Məhkəməsinin Plenumu F.Nəcəfovanın şikayəti üzrə xx.xx.2023-cü il tarixli qərarında göstərmişdir ki, "notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir”. Konstitusiya Məhkəməsinin F.Nəcəfovanın şikayəti üzrə qeyd olunan qərarında o da qeyd olunmuşdur ki, "qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.” Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir (MM, § 27, 36- 38). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə vurğulamışdır ki, MM-in 560.3.4-cü maddəsi digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (B.Qasımovun şikayəti üzrə xx.xx.2019-cu il tarixli, N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli, F.Nəcəfovanın şikayəti üzrə xx.xx.2023-cü il tarixli qərarlar). Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri yuxarıda göstərilənlər baxımından əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Salyan Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(057)-148/2022 saylı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 385.2, 386, 392, 393 və 402.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(057)-148/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar