Məhkəmə qərarları › İş №2(106)-1341/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1341/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1341/2024 28.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı "BMİD Grup” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC-nin) Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(073)- 571/2024 saylı qətnaməsindən (hakim Elxan Əmirəliyev) iddiaçı "BMİD Grup” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "BMİD Grup” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilmiş 6800 manat pulun geri qaytarılması, hüquqi yardımın göstərilməsi ilə əlaqədar Xırdalan Vəkil bürosuna ödənilmiş 100 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 88 manat dövlət rüsumunun, ümumilikdə 6988 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "BMİD Grup” MMC 16 aprel 2021-ci il tarixdə "AZFEN TTQ” MMC ilə xidmət müqaviləsi bağlayaraq Saatlı rayonunda söküntü işlərinin aparılması barədə razılığa gəlmişlər və həmin söküntü işlərinin aparılması üçün "AZFEN TTQ” MMC "BMİD Grup” MMC-yə 27000 manat pulun ödənilməsi barədə razılıq əldə etmişlər. Saatlı rayonunda yerləşən söküntü işlərinin aparılması üçün Cavabdeh 28 aprel 2021-ci il tarixdə ekspeditor vəzifəsinə təyin edilməsi barədə əmr verilmişdir. 27 aprel 2021-ci il tarixdə Cavabdeh 6800 manat kassa məxaric orderi ilə pul verilmişdir ki, Cavabdeh texnikanın söküntü yerinə gətirilməsinə və işin görülməsinə başlasın. Cavabdeh da öz növbəsində aldığı 6800 manat pulu texnikaya və orada işləyən işçilərin gördükləri işin müqabilində işçilərə paylamışdır. Lakin işlər bir qədər irəlilədikcə əslində tapşırılan işin dəyərinin 27000 manat yox, daha çox olduğu məlum olmuşdur. Ona görə də Saatlı rayonunda olan zaman "AZFEN TTQ” MMC ilə aralarında olan müqaviləyə, söküntü işləri müqavilədə nəzərdə tutulduğundan daha çox olduğu üçün xitam verilmişdir. Sonrakı müddətdə "BMİD Grup” MMC Əmək müfəttişliyi tərəfindən hər hansı iş yerinə yetirilmədiyi halda işçinin əməyinin mühafizəsi qaydalarının pozulmasına görə külli miqdarda cərimə edilmişdir. Hazırki iddia ilə məqsədləri Cavabdeh verilən 6800 manat pulu geri alıb "AZFEN TTQ” MMC-yə vermək və işi "AZFEN TTQ” MMC gördüyü üçün "BMİD Grup” MMC-ni məsuliyyətdən kənarda saxlamaqdır. Bundan sonra "BMİD Grup” MMC-nin rəhbərliyi Cavabdeh verdiyi 6800 manatı geri tələb edir. Lakin bu günə kimi cavabdeh hər dəfə bir bəhanə gətirərək ona borclu olduğu pulu qaytarmamışdır. Bu barədə Nərimanov rayon polis İdarəsində araşdırma aparılmış və cavabdehin izahatı alınmışdır. Cavabdeh verdiyi izahatında "BMİD Grup” MMC-nin rəhbərliyindən 6800 manat pul aldığını və tapşırılan işin yerinə yetirilməsinə görə xərclədiyini bildirmişdir. Cavabdeh "BMİD Grup” MMC-nin rəhbərliyindən aldığı pulu qaytarmadığı üçün onlar məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı MMC-nin direktoru X4 iddianı müdafiə edərək, verdiyi izahatında bildirmişdir ki, İddiaçı MMC 16 aprel 2021-ci il tarixdə "xxxx" MMC ilə xidmət müqaviləsi bağlayaraq Saatlı rayonunda söküntü işlərinin aparılması barədə razılığa gəlmişlər və həmin söküntü işlərinin aparılması üçün "AZFEN TTQ” MMC "BMİD Grup” MMC-yə 27000 manat pulun ödənilməsi barədə razılıq əldə etmişlər. Saatlı rayonunda yerləşən söküntü işlərinin aparılması üçün Cavabdeh 28 aprel 2021-ci il tarixdə ekspeditor vəzifəsinə təyin edilməsi barədə əmr verilmişdir. 27 aprel 2021-ci il tarixdə Cavabdeh 6800 manat kassa məxaric orderi ilə pul verilmişdir ki, Cavabdeh texnikanın söküntü yerinə gətirilməsinə və işin görülməsinə başlasın. Cavabdeh da öz növbəsində aldığı 6800 manat pulu texnikaya və orada işləyən işçilərin gördükləri işin müqabilində işçilərə paylamışdır. Lakin işlər bir qədər irəlilədikcə əslində tapşırılan işin dəyərinin 27000 manat yox, daha çox olduğu məlum olmuşdur. Ona görə də Saatlı rayonunda olan zaman "AZFEN TTQ” MMC ilə aralarında olan müqaviləyə, söküntü işləri müqavilədə nəzərdə tutulduğundan daha çox olduğu üçün xitam verilmişdir. Sonrakı müddətdə İddiaçı MMC Əmək müfəttişliyi tərəfindən hər hansı iş yerinə yetirilmədiyi halda işçinin əməyinin mühafizəsi qaydalarının pozulmasına görə külli miqdarda cərimə edilmişdir. Hazırki iddia ilə məqsədləri Cavabdeh verilən 6800 manat pulu geri alıb "AZFEN TTQ” MMC-yə vermək və işi "AZFEN TTQ” MMC gördüyü üçün "BMİD Grup” MMC-ni məsuliyyətdən kənarda saxlamaqdır. Bundan sonra "BMİD Grup” MMC-nin rəhbərliyi Cavabdeh verdiyi 6800 manatı geri tələb edir. Lakin bu günə kimi cavabdeh hər dəfə bir bəhanə gətirərək ona borclu olduğu pulu qaytarmamışdır. Bu barədə Nərimanov rayon polis İdarəsində araşdırma aparılmış və cavabdehin izahatı alınmışdır. Cavabdeh verdiyi izahatında "BMİD Grup” MMC-nin rəhbərliyindən 6800 manat pul aldığını və tapşırılan işin yerinə yetirilməsinə görə xərclədiyini bildirmişdir. Cavabdeh "BMİD Grup” MMC-nin rəhbərliyindən aldığı pulu qaytarmadığı üçün onlar məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı "BMİD Grup” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, verdiyi izahatında bildirmişdir ki, iddiaçı "BMİD Grup” MMC 16 aprel 2021-ci il tarixdə "AZFEN TTQ” MMC ilə xidmət müqaviləsi bağlayaraq Saatlı rayonunda söküntü işlərinin aparılması barədə razılığa gəlmişlər və həmin söküntü işlərinin aparılması üçün "AZFEN TTQ” MMC "BMİD Grup” MMC-yə 27000 manat pulun ödənilməsi barədə razılıq əldə etmişlər. Saatlı rayonunda yerləşən söküntü işlərinin aparılması üçün Cavabdeh 28 aprel 2021-ci il tarixdə ekspeditor vəzifəsinə təyin edilməsi barədə əmr verilmişdir. 27 aprel 2021-ci il tarixdə Cavabdeh 6800 manat kassa məxaric orderi ilə pul verilmişdir ki, Cavabdeh texnikanın söküntü yerinə gətirilməsinə və işin görülməsinə başlasın. Lakin Saatlı rayonunda olan zaman "xxxx" MMC ilə aralarında olan müqaviləyə, söküntü işləri müqavilədə nəzərdə tutulduğundan daha çox olduğu üçün xitam verilmişdir. Bundan sonra "BMİD Grup” MMC-nin rəhbərliyi Cavabdeh verdiyi 6800 manatı geri tələb edir. Lakin bu günə kimi cavabdeh hər dəfə bir bəhanə gətirərək ona borclu olduğu pulu qaytarmamışdır. Bu barədə Nərimanov rayon polis İdarəsində araşdırma aparılmış və cavabdehin izahatı alınmışdır. Cavabdeh verdiyi izahatında "BMİD Grup” MMC-nin rəhbərliyindən 6800 manat pul aldığın etiraf etmişdir. Cavabdeh "BMİD Grup” MMC-nin rəhbərliyindən aldığı pulu qaytarmadığı üçün onlar məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında bildirmişdir ki, iddiaçı "BMİD Grup” MMC ilə "AZFEN TTQ” MMC arasında bağlanmış 16 aprel 2021-ci il tarixli xidmət müqaviləsinə əsasən Saatlı rayonunda söküntü işlərinin aparılması barədə razılığa gəlmişlər. Söküntü işlərinin aparılması üçün "AZFEN TTQ” MMC "BMİD Grup” MMC-yə 27000 manat pulun ödənilməsi barədə razılıq əldə etmişlər. Bundan sonra 28 aprel 2021-ci il tarixdə Saatlı rayonunda yerləşən söküntü işlərinin aparılması üçün onunla əmək müqaviləsi bağlanılmış və 28 aprel 2021-ci il tarixdə ekspeditor vəzifəsinə təyin edilməsi barədə əmr verilmişdir. 27 aprel 2021-ci il tarixdə ona 6800 manat pul verilmişdir ki, o, texnikanın söküntü yerinə gətirilməsinə və işin görülməsinə başlasın. O, da öz növbəsində söküntü işlərinin aparılması üçün həmin 6800 manat məbləğin 150 manatını İmran Qaffarovla birlikdə xərcləmişlər, qalan 6650 manatını isə "BMİD Grup” MMC-nin dirktoru İmran Qaffarovla birlikdə Xalid adlı şəxsə vermişlər, Xalid də həmin vəsaiti Saatlı rayonunda yerləşən pambıq zavodunun söküntü işlərinin aparılmasına sərf etmişdir. Belə ki, onlar Saatlı rayonunda yerləşən söküntü işləri aparılması üçün 8 gün işləmişlər və həmin müddətdə 13000 manat məbləğində iş görmüşlər. Lakin 6800 manat vəsait az olduğundan söküntü işlərinin həcmi daha çox olduğundan başa çatdıra bilməmişlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(073)-571/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, tərəflər arasında hüquq münasibətinə baxanda pulun verilməsi tapşırıq müqavilənin olmasını göstərir. Birinci instansiya məhkəməsidə bunu haqlı olaraq tapşırıq müqaviləsi olaraq görüb. Onlar iddia ərizələrində qeyd etmişlər ki, pul verilib, ancaq iş görülməyib. İşin görülməsinə dair hər hansı sənəd, akt, hesabat, tikinti sahəsində istifadə edilən Forma 2 verilməyib. Hesab edirlər ki, hazırki qanunun norması pozulub və birinci instansiya bu maddənin pozulmasına lazımi hüquqi qiymət verməyib. Cəlilabad Rayon Məhkəməsinin hakimi sübutlara obyektiv qiymət verməmiş, qərəzli və birtərəfli yanaşmışdır. Belə ki, cavabdehin verdiyi izahat ilə ilə onların izahatları səhv nəzərə alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmalı olan əsas məsələ kassa məxaric orderi ilə cavabdehə verilən pulun xərclənməsinə dair hesabatın verilməsi idi. Amma təəssüf ki, bu məsələ üzərindən birinci instansiya sükutla keçmiş, cavabdehdən pulun xərclənməsinə dair hər hansı bir sübut daxil olmamamsına baxmayaraq verdiyi şifahi izahatı əsas götürmüşdür. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Əvvəlki apellyasiya baxışı iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Sonuncu apellyasiya baxışında məhkəməyə ərizə göndərərək, ailə vəziyyətilə əlaqədar olaraq məhkəmə iclasının iştirak edə bilməyəcəyinin nəzərə alınmasını, məhkəmə baxış iclasını iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiyanın əvvəlki iclasında iştirak edən "BMİD Grup” MMC-nin direktoru X4 da apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Əvvəli məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, 28 aprel 2021-ci il tarixdə Saatlı rayonunda yerləşən söküntü işlərinin aparılması üçün onunla iddiaçı arasında əmək müqaviləsi bağlanılmış və 28 aprel 2021-ci il tarixdə ekspeditor vəzifəsinə təyin edilməsi barədə əmr verilmişdir. İşlərin görülməsi üçün ona 6800 manat pul verilmişdir ki, o, texnikanın söküntü yerinə gətirilməsinə və işin görülməsinə başlasın. O, da öz növbəsində söküntü işlərinin aparılması üçün həmin 6800 manat məbləğin 150 manatını İmran Qaffarovla birlikdə xərcləmiş, qalan 6650 manatını isə İddiaçı MMC-nin dirktoru İmran Qaffarovla birlikdə Xalid adlı şəxsə vermişlər, Xalid də həmin vəsaiti Saatlı rayonunda yerləşən pambıq zavodunun söküntü işlərinin aparılmasına sərf etmişdir. Belə ki, onlar Saatlı rayonunda yerləşən söküntü işləri aparılması üçün 8 gün işləmişlər və həmin müddətdə 13000 manat məbləğində iş görmüşlər. Lakin 6800 manat vəsait az olduğundan söküntü işlərinin həcmi daha çox olduğundan başa çatdıra bilməmişlər. Tərəflərə və Kollegiyanın iclasında sonradan üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh kollegiyanın iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə o qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 777.1 -ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 781-ci maddəsinə əsasən vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir. Həmin Məcəllənin 786.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, işdə olan "AZFEN TTQ” MMC ilə "BMİD Grup” MMC arasında bağlanmış 16 aprel 2021-ci il tarixli Xidmət müqaviəsindən görünür ki, icraçı "BMİD Grup” MMC sifarişçi "AZFEN TTQ” MMC-nin özünə məxsus texnikaları ilə və öz gücü daxilində razılaşdırılmış xidmət haqqı ödənilməklə söküntü işlərinin aparılmasını öhdəsinə götürmüşdür. İşdə olan "BMİD Grup” MMC tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli, 02/21-K nömrəli əmrdən görünür ki, "BMİD Grup” MMC Cavabdeh 28 aprel 2021-ci ildə ekspeditor vəzifəsinə təyin etmişdir. İşdə olan "BMİD Grup” MMC tərəfindən verilmiş 27 aprel 2021-ci il tarixli kassa- məxaric orderindən görünür ki, "BMİD Grup” MMC-də ekspeditor olan Cavabdeh işin görülməsinə lazım olan 6800 manat pulu "BMİD Grup” MMC-dən almışdır. İşdə olan Bakı şəhər Nərimanov rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 22 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, "BMİD Grup” MMC-nin dirktoru X1 Cavabdeh barəsində şikayət ərizəsi əsasında Nərimanov rayon Polis İdarəsinin İstintaq Bölməsində araşdırma aparılmış, aparılmış araşdırma zamanı tərəflərin izahatları alınmış və Cavabdeh həmin izahatında "BMİD Grup” MMC-dən 6800 manat almasını etiraf etmiş, lakin həmin məbləğin 150 manatını İmran Qaffarovla birlikdə xərcləmişlər, qalan 6650 manatını "BMİD Grup” MMC-nin dirktoru İmran Qaffarovla birlikdə Xalid adlı şəxsə vermişlər, Xalid də həmin vəsaiti Saatlı rayonunda yerləşən pambıq zavodunun söküntü işlərinin aparılmasına sərf etmişdir. Lakin 6800 manat vəsait az olduğundan söküntü işlərini başa çatdıra bilməmişlər. İşdə olan 06 iyun 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "BMİD Grup” MMC hazırki iddianın verilməsinə görə 88 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı MMC 16 aprel 2021-ci il tarixində "AZFEN TTQ” MMC ilə xidmət müqaviləsi bağlayaraq Saatlı rayonunda söküntü işlərinin aparılması barədə razılığa gəlmişdir. Söküntü işlərinin aparılması üçün "AZFEN TTQ” MMC "BMİD Grup” MMC-yə 27000 manat pulun ödənilməsi barədə razılıq əldə etmişlər. Saatlı rayonunda yerləşən söküntü işlərinin aparılması üçün Cavabdeh 28 aprel 2021-ci ildə ekspeditor vəzifəsinə təyin edilməsi barədə əmr verilmişdir. 27 aprel 2021-ci ildə Cavabdeh 6800 manat kassa məxaric orderi ilə pul vermişdir ki, Vüqar texnikanın söküntü yerinə gətirilməsinə və işin görülməsinə başlasın. Cavabdeh da öz növbəsində aldığı 6800 manat pulu texnikaya və orada işləyən işçilərin gördükləri işin müqabilində işçilərə paylamışdır. Lakin işlər bir qədər irəlilədikcə iddiaçıya əslində tapşırılan işin dəyərinin 27000 manat yox, daha çox olduğu məlum olmuşdur. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi də izahatlarında həqiqətən Cavabdeh tərəfindən verilən 6800 manat pulu texnikaya və orada işləyən işçilərə zəhmət haqqı olaraq verildiyini və buna uyğun olaraq işçilərin bir qisminin görüldüyünü etiraf etmişlər. Sonradan Saatlı rayonunda olan zaman "xxxx" MMC ilə aralarında olan müqaviləyə söküntü işləri müqavilədə nəzərdə tutulduğundan daha çox olduğu üçün xitam verilmişdir. Bundan sonra İddiaçı MMC-nin rəhbərliyi Cavabdeh verdiyi 6800 manat pulu geri tələb edir. Birinci instansiya məhkəmə hesab etmişdir ki, Cavabdeh işlərin yerinə yetirilməsi istiqamətində üzərinə düşən öhdəliyi yerinə yetirmiş və İddiaçı MMC-nin müqaviləyə xitam verilməsi və işlərin vəsait çatışmazlığı və ya iş həcminin çoxluğu səbəbindən başa çatdırılmaması da cavabdehin hərəkətləri nəticəsində olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı MMC Cavabdeh qarşı Cavabdeh ödənilmiş 6800 manat pulun geri qaytarılması, hüquqi yardımın göstərilməsi ilə əlaqədar Xırdalan Vəkil bürosuna ödənilmiş 100 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 88 manat dövlət rüsumunun, ümumilikdə 6988 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi tələbində haqlı deyildir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. Belə ki, iş materiallarının 127-ci səhifəsində olan protokolda olan İddiaçı MMC-nin direktoru X2 izahatından görünür ki, o, izahatında qeyd etmişdir ki, iddiaçı “27 aprel 2021-ci il tarixdə Cavabdeh 6800 manat kassa məxaric orderi ilə pul verilmişdir ki, Cavabdeh texnikanın söküntü yerinə gətirilməsinə və işin görülməsinə başlasın. Cavabdeh da öz növbəsində aldığı 6800 manat pulu texnikaya və orada işləyən işçilərin gördükləri işin müqabilində işçilərə paylamışdır. Lakin işlər bir qədər irəlilədikcə əslində tapşırılan işin dəyərinin 27000 manat yox, daha çox olduğu məlum olmuşdur. Ona görə də Saatlı rayonunda olan zaman "AZFEN TTQ” MMC ilə aralarında olan müqaviləyə, söküntü işləri müqavilədə nəzərdə tutulduğundan daha çox olduğu üçün xitam verilmişdir. Hazırki iddia ilə məqsədləri Cavabdeh verilən 6800 manat pulu geri alıb "AZFEN TTQ” MMC-yə vermək və işi "AZFEN TTQ” MMC gördüyü üçün "BMİD Grup” MMC-ni məsuliyyətdən kənarda saxlamaqdır. Bundan sonra "BMİD Grup” MMC-nin rəhbərliyi Cavabdeh verdiyi 6800 manatı geri tələb edir”. Eyni izahat məhkəmə qətnaməsində də öz əksini tapmışdır. Göründüyü kimi iddiaçı cavabdehə pul verdikdən sonra cavabdehin söknütü işlərini gödüyünü, həmin pulların texnikanın söküntü yerinə gətirilməsinə və orada işləyən işçilərə paylanmasını etiraf etmişdir. İddiaçılar kollegiyanın iclasında qeyd edilən etirafla bağlı izahatları təkzib etsələr də, onlar məhkəmə iclas protokoluna hər hansı qeyd verməmişlər. Həmçinin cavabdeh də söküntü yerində 8 gün işlədiyini, 13000 manat dəyərində işlər gördüklərini bildirmişdir. Buna görə də iddiaçılar 6800 manat pulun cavabdehdən tələb etməkldə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(073)-571/2024 saylı qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş rüsum məbləği iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar