Məhkəmə qərarları › İş №2(106)-1342/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1342/2024

22.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1342/2024 22.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İddiaçı maraqlı şəxs V qarşı «mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə» ərizəsinə dair mülki iş üzrə Açar sözlər: daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi X22 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə və maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi İddiaçı mV qarşı «mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə» ərizəsinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 16 may 2024-cü il tarixli e-2(032)- 449/2024 saylı qətnaməsindən (hakim Aydan Məmmədli) maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə» ərizə ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, Şirvan şəhəri, S.Vurğun küçəsi, 26 saylı evin 3 saylı mənzilinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ərizəsinin təmin edilərək müvafiq mənzil barəsində sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 17 avqust 1957-ci il tarixdə anadan olmuşdur və ünvan 2-də yaşayır. Əvvəllər həmin mənzildə valideyinləri ilə birlikdə yaşamış, sonradan ailə quraraq ailə üzvləri ilə birlikdə yaşayır. Artıq 30 ildən çoxdur ki, həmin mənzildə yaşayır, mənzilə fasiləsiz və etirazsız olaraq sahiblik edir. Lakin mənzilə dair heç bir hüquqmüəyyənedici sənədi olmadığından mənzil üzərində mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilmir. O, həmin sənədləri əldə edə bilmir. Müvafiq orqanlara müraciət etsə də, həmin mənzilə dair heç bir hüquqmüəyyənedici sənəd müəyyən olunmamışdır. Mənzilin bütün kommunal xidmətləri onun adına ödənilir və heç bir borcu da yoxdur. Həmçinin ərizəçi həmin mənzildə pasport qeydiyyatındadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X11 ərizəçi tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı ərazi dairəsinə müraciət olunmuşdur. Lakin sənədlərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 8-ci maddəsi ilə müəyyən olunmuş nə order, nə də kirayə müqaviləsi təqdim olunmadığından icrası mümkün olmamışdır. Ərizəyə baxılmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Şirvan Şəhər Məhkəməsinin 16 may 2024-cü il tarixli e-2(032)-449/2024 saylı qətnaməsi ilə ərizə təmin olunmuş, Şirvan şəhəri S.Vurğun küçəsi 26 saylı evin 3 nömrəli mənzilinə İddiaçı sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən (təsdiq) edilməsi, Şirvan şəhəri S.Vurğun küçəsi 26 saylı evin 3 nömrəli mənzilin faktiki ölçülər üzrə İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınıb adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın. xx.xx.2002-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan RespublikasıMülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair Plenum qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Belə ki, mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir. 30 illik müddətin təsbit olunduğu 178.6-cımaddədə həmin müddətin 2000-ci il sentyabrın 1-dən əvvəl yaranmış münasibətlərə tətbiqi ilə bağlı birbaşa göstəriş mövcud deyildir. Lakin məhkəmə tərəfindən göstərilən müddəalar nəzərə alınmayaraq 2000-ci il sentyabrın 1-i tarixindən əvvəl yaranmış mülki münasibətlərə istinadən ərizə təmin olunmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən maraqlı şəxsin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ərizənin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin maraqlı şəxsə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli Qərarının 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 7-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Həmin qərarın 7.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Həmin qərarın 7.2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır Mülki Prosessual Məcəllənin 4.1-ci və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası izahatları və məruzəni dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə üzrə nəticəyə gələrkən tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarında olan : İİİ-JQ seriyalı 268995 nömrəli "nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X17 ilə X8 ilə nikahı nikahın bağlanması haqqında akt qeydləri kitabında 3 iyun 1983-cü ildə 203 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriyalı 484500 nömrəli "ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2011 -ci ildə qan dövranı çatmamazlığı səbəbindən Şirvan şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2011 -ci ilin noyabr ayının 28 günündə 427 nömrə ilə qeyd edilmişdir. Şirvan şəhəri Mənzil Təsərrüfat İdarəsinin xx.xx.2024-cü il tarixli 479 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı Zahid qızının xx.xx.2024-cü il tarixə kommunal xidmət borcu yoxdur. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X25 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 3783 saylı arayışından görünür ki, Ədilova X16 şəhəri S.Vurğun küçəsi ev 26 mənzil 3 ünvanında qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X25 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Şirvan Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-8-1/2-509/2023 saylı məktubundan görünür ki, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X25 Ərazi Dairəsi üzrə Nümayəndəliyində olan məlumata əasən ünvan 2 ünvanında İddiaçı, X17, X18 və X14 yaşayırlar. Şirvan şəhər İcra Hakimiyyətinin Şirvan Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-8/2-1282/2023 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin X5 adına verilməsi barədə Əli-Bayramlı (indiki) şəhər X10 Sovetinin İcraiyyə Komitəsinin 1960-l970-ci illərə aid protokolları (order, qərar və s.) verilməsinə əsas olan sənədlər Şirvan şəhər İcra Hakimiyyətində aşkar olunmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-38/2-ə-0oxx-xx/2023 saylı məktubundan görünür ki, ünvan 2 ünvandan yerləşən mənzilə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamının, orderin və ya mənzil kirayə müqaviləsinin əlavə olunmaması müəyyən edildiyindən ünvan 2 ünvandan yerləşən mənzilə dair hüquqlarının qeydiyyatına alınması mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Şirvan Regional Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanmış xx.xx.2023-cü il tarixli 2432 saylı məktubundan görünür ki, Daşınmaz əmlakın dövlət reyestrinin mövcud arxiv materialları və elektron məlumat bazasına əsasən İddiaçı adına hər hansı bir daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı məlumat yoxdur. Həmçinin, Şirvan şəhəri S.Vurğun küçəsi 26 saylı evin 3 nömrəli mənzili üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatında qeydiyyata alınmamışdır. "X13 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının Şirvan Regional Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanmış 487/08 saylı , xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X9 şirkətdə işləməmişdir, habelə şirkətdə Şirvan şəhəri S.Vurğun küçəsi 26 saylı evin 3 nömrəli mənzilinin Z.F.Lütfəliyevə verilməsi barədə heç bir məlumat və ya sənəd mövcud deyil. Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının xx.xx.2023-cü il tarixli 3-48- DA-14F/2-421/2023 saylı məktubundan görünür ki, 10 il (1960-1970) müddətində arxiv araşdırması aparılması Azərbaycan Respublikası dövlət arxivlərinin əsas İş Qaydalarının tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında arxiv araşdırması elektron deyil, original kitablarda aparıldığından, vətəndaş arxivə müraciəti zamanı dəqiq tarix (il, ay, gün) qeyd etməli, əks təqdirdə, arxiv araşdırması üçün maksimum 3 il göstərməlidir. Həmçinin bildiririk ki, qeyd olunan sorğu ilə bağlı vətəndaş İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə "mərhum atası X5 adına 1962-1964-cü illərdə mənzil verilib-verilməməsi” barədə arxivə ərizə təqdim etmiş və arxiv araşdırması zamanı qeyd olunan illərdə heç bir qərar aşkarlanmaması barədə vətəndaşa 19 aprel 2023-cü il tarixli, 3-48-DA-14F/2-178/2023 qeydiyyatlı arxiv arayışı verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-48-DA-14F/2-178/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında mühafizə olunan Əli- Bayramlı (indiki Şirvan) X7 (ZDS) İcraiyyə Komitəsinin 1964-cü ilə aid protokollarında mərhum həyat yoldaşınız X5 mənzil almağı barədə qərar aşkarlanmamışdır. Şirvan şəhəri S.Vurğun küçəsi 26 saylı evin 2 nömrəli mənzilində yaşayan X6, Şirvan şəhəri S.Vurğun küçəsi 26 saylı evin 9 nömrəli mənzilində yaşayan Şahid2 Mursəl qızının, Şirvan şəhəri S.Vurğun küçəsi 26 saylı evin 19 nömrəli mənzilində yaşayan X2 iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı 1957-ci ildə Şirvan şəhəri S.Vurğun küçəsi 26 saylı evin 3 nömrəli mənzilində dünyaya gəlmiş və hal-hazırda həmin mənzildə yaşayırlar. Həyat yoldaşı və onun evladı ilə birlikdə mənzilə dair ödənilmiş kommunal xidmətləri də İddiaçı Zayid qızı tərəfindən öz adına ödənilir. Akt 1 saylı MİS-in rəisi Şahid1 tərəfindən və onlar tərəfindən imzaları ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən, hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarın 7-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Həmin qərarın 7.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Həmin Qərarın 7.2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Qərarın 7.1-ci maddəsində isə qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Müəyyən edilir ki, hazırkı mübahisəli əmlakın hüquqmüəyyənedici sənədləri yoxdur, daşınmaz əmlak mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmamış, bunu təsdiq edən sənədlər itirilməmişdir. Məhkəmə Kollegiyası maraqlı şəxsin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Odur ki, maraqlı şəxsin apellyasiya şikayəti əsaslı hesab edilərək təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, ərizənin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Maraqlı şəxs V apellyasiya şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 16 may 2024-cü il tarixli e-2(032)-449/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi İddiaçı maraqlı şəxs V qarşı «mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar