Məhkəmə qərarları › İş №2(106)-1343/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1343/2025

23.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1343/2025 23.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Əsədov (sədrlik edən və məruzəçi), X15 və Tale Suliddin oğlu Kərimovdan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı torpağın qanunsuz zəbt edilməsinə qadağa qoyulması və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Maraqlı şəxs 24 mart 2003-cü il tarixli, 12 saylı sərəncamı ilə rayonun inzibati ərazisində yerləşən Kuratan Qobu adlanan qış otlağında 53 ha torpaq sahəsi beş il müddətinə Laçın rayonunun Şeylanlı kənd sakini İddiaçı1 Firidun oğlunun icarəsinə verilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı, istifadələrinə verilmiş, Ağcabədi rayonu, 12-ci sahə, X23 otlaq sahəsində aparılan şumlama işlərinin dayandırılması və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə 2021-ci ilin yanvar ayında məhkəməyə müraciət etmişlər. İddiaçılar tələbini belə əsaslandırmışlar ki, mübahisəli sahə icra qaydasında onların istifadələrinə verilmişdir. Cavabdeh 06 yanvar 2021-ci il tarixdə traktorla gəlib onların istifadəsində olan torpaqları özbaşına şumlamışdır. Qanunazidd olduğu üçün bu hərəkətə son qoyulmasını tələb edirlər. İddiaçılar ərizəsində göstərmişlər ki, 1990-cı ildən istifadə etdikləri Ağcabədi rayon Nəcəfqulubəyli kəndi ərazisində yerləşən 12 saylı X23 otlaq sahəsində məskunlaşaraq 10 ailə heyvandarlıq təsərrüfatı ilə məşğul olub dövlətin iqtisadi və ərzaq siyasətinə bacardıqları qədər yardım edirlər. Ağcabədi rayonu ərazisində fermerlərin ərzaq bölgüsü yaratmaq toplantılarında iştirak edir, gördükləri təsərrüfat işləri rayon rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək təriflənirlər. 2001-ci ildə onların istifadə etdikləri torpaq sahələri Maraqlı şəxs başçısının 16 avqust 2001-ci il tarixli sərəncamı ilə X7 icarəsinə verilmişdir. Ağcabədi rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçıların hazırkı yaşadıqları və istifadə etdikləri torpaq sahəsindən çıxarılmaları təmin edilsə də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 01 iyul 2002-ci il tarixli qətnaməsi ilə Ağcabədi rayon Məhkəməsinin 29 yanvar 2002-ci il tarixli qətnaməsi dəyişdirilmiş, 140 hektar torpaq sahəsinin X9 icarəyə verilməsinə dair Maraqlı şəxs başçısının 16 avqust 2001-ci il tarixli sərəncamı qismən etibarsız hesab edilmişdir. Həmin torpaq sahəsinin 70 hektarı Ə.Q.İsmayılovun icarəsində saxlanılmış və İddiaçı3 və İddiaçı1 həmin 70 hektar torpaq sahəsindən çıxarılmışlar. Torpaq sahəsinin İddiaçı3 və İddiaçı1 məcburi köçkün kimi müvəqqəti məskunlaşdıqları çoban evlərinin ətrafında olan hissəsindən 70 hektar torpaq sahəsinin onlara icarəyə verilməsi Maraqlı şəxsnə həvalə edilmişdir. Həmin qətnamə icra edilmiş, onların istifadələrində olan torpaq sahələri ayrılmışdır. 2020-ci ilin əvvəllərində hazırkı iş üzrə Cavabdeh iddiaçılara verilmiş 53 ha torpaq sahəsinin yarısını şumlayaraq əkin üçün yararlı olub-olmamasını, şoran torpaqda mədəni bitkilərin bitibbitməməsini yoxladığını bildirərək, iddiaçıları aldadıb həmin sahədə pambıq əkmiş, torpaq şoran olduğundan pambıq orda-burda bitərək məhsul verməmişdi. Cavabdeh iddiaçılara bu torpaqlar əkinə yararsızdır və burada əkin əkmək olmaz deyib getmişdir. İddiaçılar yenə də öz torpaqlarından istifadə edəcəklərini düşündükləri vaxt Cavabdeh 06 yanvar 2021-ci il tarixdə traktorla gəlib iddiaçıların istifadədə olan qalan torpaqlarını da şumlamaq istəmişdir. Ağcabədi rayon 12-ci sahə X23 otlaq sahəsi məhkəmə qətnaməsi ilə 70 ha iddiaçıların istifadələrinə verilmişdir. Həmin məhkəmə qərarı hazırda qüvvədədir və ləğv edilməmişdir. Məhkəmə qətnaməsi ilə iddiaçılara ayrılmış 70 ha torpaq sahəsinin iddiaçılara verilərək icra edilməsindən sonra, Cavabdeh iddiaçılara məhkəmə qərarı ilə ayrılmış torpaq sahəsini özbaşına şumlayaraq, hədə-qorxu və güclə iddiaçıların istifadəsindən çıxarması qanuna ziddir və cavabdehin qeyri-qanuni hərəkətləri dayandırılmalıdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçılara məxsus əmlaka müdaxilə olmamışdır. İddiaçılara aid torpaq sahəsini zəbt etməmiş və istifadə etmir. Mübahisəli ərazidən dostu X14 15 il müddətinə rayon İcra Hakimiyyəti tərəfindən 55 ha torpaq sahəsi verilib. O, X20 ilə birlikdə torpaqdan istifadə edir və əkir. Birinci instansiya məhkəməsində Maraqlı şəxs nümayəndəsi X17 göstərmişdir ki, Maraqlı şəxs 24 mart 2003-cü il tarixli sərəncamı ilə rayonun inzibati ərazisində yerləşən Kuratan qobu adlanan qış otlağında 53.0 ha torpaq sahəsi beş il müddətinə Laçın rayonunun Şeylanlı kənd sakini İddiaçı1 Firidun oğlunun icarəsinə verilmişdir. 24 mart 2008-ci il tarixdə həmin icarə müqaviləsinin müddəti bitmişdir. Müqavilənin müddətinin bitməsindən 11 il keçməsinə baxmayaraq İddiaçı1 Firidun oğlu və X4 tərəfindən icarə müqaviləsinin onların adına yenilənməsi barədə Maraqlı şəxsnə rəsmi və ya şifahi formada müraciət edilməmişdir. Lakin İddiaçı1 Firidun oğlu məskunlaşdığı ərazi ilə birlikdə qanunsuz olaraq 25 ha dövlət fonduna aid qış otlaq sahəsindən istifadə edir. Ağcabədi Rayon Məhkəməsinin (hakim Sulduz Ləzimov) 13 aprel 2021-ci il tarixli 2(017)-235/2021 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı torpağın qanunsuz zəbt edilməsinə qadağa qoyulması və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiaları təmin edilməmişdir. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişlər. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər T.Heydərov, M.Əsədli və A.Novruzova) 10 fevral 2025-ci il tarixli, 2(106)-7/2025 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(017)- 235/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Z.Əliyev, V.Baxışova və Z.Babayev) 02 iyul 2025-ci il tarixli, 2(102)-1870/2025 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-7/2025 nömrəli iş üzrə 10 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67.1, 84-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 saylı qərarı ilə təsdiq edilmiş «Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi» qaydalarına istinad etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı3 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işin faktiki halları tam araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. İddiaçılar apellyasiya şikayətində göstərmişlər ki, Maraqlı şəxs Başçısının 24 mart 2003-cü il tarixli, 97 saylı sərəncamına görə Maraqlı şəxs başçısının 04 fevral 2003-cü il tarixli, 29 saylı və 20 sentyabr 2002-ci il tarixli, 239 saylı sərəncamlarında qismən dəyişiklik edilmiş, Ağcabədi şəhər sakini X2 Maraqlı şəxs başçısının 04 fevral 2003-cü il tarixli, 29 saylı sərəncamı ilə 12 saylı qış otlaq sahəsindən verilmiş 33.0 hektar qış otlaq sahəsi beş il müddətinə Laçın rayon sakinləri İddiaçı3 və İddiaçı1 icarəyə verilmişdir. Ağcabədi şəhəri sakini X1 Ağcabədi rayonu ərazisində yerləşən 12 saylı “Kuratan Qobu” adlı qışotlaq sahəsindən Ağcabədi rayon İHB-nin 20 sentyabr 2002-ci il tarixli, 239 saylı sərəncamı ilə verilmiş 92.0 hektar qış otlaq sahəsinin 20.0 hektarı beş il müddətinə Laçın rayon sakinləri İddiaçı3 və İddiaçı1 verilmişdir. Şikayətə görə, Maraqlı şəxs başçısının 24 mart 2003-cü il tarixli, 97 saylı sərəncamında icarə müqaviləsi bitdikdən sonra tərəflərin müqavilə üzrə öhdəliklərinə xitam verilməsi barədə heç bir müddəa yoxdur, bu səbəbdən də müqavilə tamam olarkən tərəflərin razılığı ilə (tərəflər hər hansı bir etiraz bildirməmiş) yenidən 5 il uzadılmış hesab edilmişdir. Maraqlı şəxs başçısının 97 saylı sərəncamından görünür ki, orada müddət bitəndən sonra öhədliyin xitam edilməsi göstərilməmişdir. Şikayətdə qeyd edilir ki, iddiaçılar həmin torpaq sahəsinin təyinatı üzrə qış otlaq sahəsi kimi maldarlıq və qoyunçuluq təsərrüfatının saxlanılması üçün istifadə edirlər. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İzahatlar Apellyasiya baxışında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 01 iyul 2002-ci il tarixli qətnaməsi ilə iddiaçıların məcburi köçkün kimi müvəqqəti məskunlaşdıqları çoban evlərinin ətrafında olan hissəsindən 70 hektar torpaq sahəsinin onlara icarəyə verilməsi Maraqlı şəxsnə həvalə edilmişdir. Qətnamənin icrası ilə bağlı torpaq sahələri ayrılmışdır. İcra hakimiyyəti tərəfindən 70 ha torpaq sahəsindən onlara 53 ha hissəsi verilmişdir. Qalan 17 ha torpaq sahəsinin verilməsi üçün İcra hakimiyyətinə şikayət etmişlər. Əvvəl Ağcabədi rayonunda icraata xitam verilmişdir. Sonra xitam qərarı ləğv edilmişdir. Xocavənd Rayon Məhkəməsinin qərardadı ilə Ağcabədi Rayon Məhkəməsinin icra icraatına xitam verilməsi haqqında xx.xx.2003-cü il tarixli qərardadı ləğv edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli icra sənədi üzrə icra işinin davam etdirilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Xocavənd Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Nümayəndə qeyd etmişdir ki, torpaq sahəsinin qalan hissəsi Habil adlı şəxsdən alınıb onlara verilmişdir. Belə ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs iddiası təmin edilmiş, Ağcabədi rayonu Taxta körpü ərazisi yaxınlığında yerləşən 12 saylı qış otlaq sahəsindən 113 ha torpaq sahəsinin icarəyı verilməsinə dair Maraqlı şəxs və icarəçi X10 arasında bağlanmış 28 avqust 2018-ci il tarixli icarə müqaviləsinə 17 ha torpaq sahəsinin icarəyə verilməsinə aid hissədə xitam verilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Nümayəndə bildirmişdir ki, hazırda iddia ondan ibarətdir ki, 2020-2021-ci illərdə və hazırda iş üzrə Cavabdeh iddiaçılara verilmiş 53 ha torpaq sahəsinə özbaşına daxil olaraq orada şumlama işləri aparmışdır. Prosessual məsələlər İddiaçı2 və Cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Kollegiya məruzəni, iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməlidir. İşin aşağıdakı faktiki halları müəyyən edilir: Mübahisəli əraziyə dair başqa məhkəmə mübahisələri olmuşdur. 140 hektar torpaq sahəsinin X9 icarəyə verilməsinə dair Maraqlı şəxs başçısının 16 avqust 2001-ci il tarixli sərəncamı Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 1 MK-1479/2002 nömrəli qətnaməsi ilə qismən etibarsız hesab edilmiş, həmin torpaq sahəsinin 70 hektarı Ə.Q.İsmayılovun icarəsində saxlanılması, İddiaçı1 və İddiaçı3 həmin 70 hektar torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin İddiaçı1 və İddiaçı3 məcburi köçkün kimi müvəqqəti məskunlaşdıqları çoban evlərinin ətrafında olan hissəsindən 70 hektar torpaq sahəsinin onlara icarəyə verilməsi Maraqlı şəxsnə həvalə edilmiş, icra vərəqəsi 31 oktyabr 2002-ci il tarixdə verilmiş və icraya yönəldilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 oktyabr 2002-ci il tarixli, 6K-1443 saylı qərarı ilə Azərbaycan Respublikası Məhkəməsi MİÜMK-nın 01 iyul 2002-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsinini icrası qaydasında Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları 12 saylı «Kuratan qobu» torpaq sahəsində yerləşən çoban evlərinin ətrafında olan torpaq sahəsindən 53 ha torpaq sahəsi tələbkarlara təhvil verilmişdir. Müəyyən edilir ki, Maraqlı şəxs başçısının xx.xx.2003-cü il tarixli, 29 saylı və xx.xx.2002-ci il tarixli 239 saylı sərəncamlarında qismən dəyişiklik edilmiş, Ağcabədi şəhər sakini X2 Maraqlı şəxs başçısının xx.xx.2003-cü il tarixli 29 saylı sərəncamı ilə 12 saylı qış otlaq sahəsindən verilmiş 33,0 hektar qış otlaq sahəsi 5 il müddətinə, Laçın rayon sakinləri İddiaçı3 və İddiaçı1 Firidun oğluna icarəyə verilmiş, Ağcabədi şəhər sakini X1 Ağcabədi rayon ərazisində yerləşən 12 saylı «Küratan qobu» adlı qış otlaq sahəsindən Ağcabədi rayon İHB-nın xx.xx.2002-ci il tarixli 239 saylı sərəncamı ilə verilmiş 92,0 hektar qış otlaq sahəsinin 20,0 hektarı 5 il müddətinə Laçın rayon sakinləri İddiaçı3 və İddiaçı1 Firidun oğluna icarəyə verilmiş, bu sərəncamla 12 saylı otlaq sahəsindən cəmi 53,0 hektar qış otlaq sahəsi İddiaçı3 və İddiaçı1 Firidun oğluna 5 il müddətinə icarəyə verilmiş və bağlanmış icarə müqaviləsi təsdiq edilmişdir. Təqdim edilmiş sənədlərdən o da görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli 1MK-1479/2002 saylı icra sənədinə uyğun olaraq, Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları 12 saylı «Kuratan Qobu» torpaq sahəsində yerləşən çoban evlərinin ətrafında olan torpaq sahəsindən 53 ha torpaq sahəsi faktiki olaraq ölçülüb tələbkarlara təhvil verilmiş və bu barədə akt tərtib edilmişdir. Məhkəmə icraçısı G.S.Alıyev təqdimatla Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 01 iyul 2002-ci il tarixli qətnaməsi üzrə başlanmış icra icraatının icra sənədi tam icra edildiyinə görə xitam verilmişdir. Tələbkarlar Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin qətnaməsinin tam icra edilməsindən ötrü müxtəlif dövlət orqanlarına şikayətlər etmişlər. Belə ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli 1MK-1479/2002 saylı icra vərəqəsinə əsasən 70 ha torpaq sahəsi tələbkarlara təhvil verilməli olmasına baxmayaraq, onlara faktiki olaraq 53 ha torpaq sahəsi verilmiş, bununla da icra sənədi tam icra edilməmişdir. Eyni zamanda, izahatlardan müəyyən edilir ki, sözügedən torpaq sahəsi faktiki olaraq tələbkarların istifadəsindədir. Bunu İcra hakimiyyətinin nümayəndələri də izahatlarında təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz əslakın Dövlət reyestri xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı2 Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisindən 354.64 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyətinə verilmişdir. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 aprel 2018-ci ildir. Bununla yanaşı, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 01 iyul 2002-ci il tarixli icra sənədi üzrə icra icraatına xitam verildiyindən, bunu tələbkarlar mübahisələndirmişlər. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli 1MK- 1479/2002 saylı icra vərəqəsinə əsasən 70 ha torpaq sahəsi tələbkarlara təhvil verilməli olmasına, lakin faktiki olaraq 53 ha torpaq sahəsi verildiyinə, bununla da icra sənədinin tam icra edilmədiyinə, sözügedən torpaq sahəsinin faktiki olaraq tələbkarların istifadəsində olmasına baxmayaraq, Maraqlı şəxs başçısı tərəfindən sözügedən ərazidə olan torpaq sahəsinin başqa şəxslərin icarəsinə verilməsi barədə sərəncam imzalanmışdır. Nəticədə kənar şəxslərlə, torpağın faktiki istifadəçiləri olan İddiaçı1, İddiaçı3 arasında, eləcə də rayon İcra hakimiyyəti arasında məhkəmə çəkişmələri olmuşdur. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı1 və İddiaçı3 ərizəsi təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin “başlanmış icra icraatına xitam verilməsi haqqında” xx.xx.2003-cü il tarixli qərardadı ləğv edilərək Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi “torpaq sahəsinin İddiaçı3 və İddiaçı1 məcburi köçkün kimi müvəqqəti məskunlaşdıqları çoban evlərinin ətrafında olan hissəsindən 70 hektar torpaq sahəsinin onlara icarəyə verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi” hissəsində icra olunması üçün xx.xx.2002-ci il tarixdə verilmiş 1MK-1479/2002 nömrəli icra sənədi üzrə icra işinin davam etdirilməsi qərara alınmışdır. Maraqlı şəxs şikayəti əsasında işə baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2022-ci il tarixli qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş, tələbkarlar (ərizəçilər) İddiaçı1 və İddiaçı3 maraqlı tərəf Ağcabədi rayon İcra və probasiya şöbəsinə qarşı Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardadın ləğv edilməsi, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi üzrə icraatın təzələnməsi barədə ərizəyə yenidən hüquqi qiymət verilməsi üçün iş Ağcabədi Rayon Məhkəməsinə qaytarılmışdır. Etiraz əsasında iş baxılmaq üçün Xocacənd Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı1 və İddiaçı3 ərizələri əsasında işə yenidən baxılmış, Xocavənd Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin «başlanmış icra icraatına xitam verilməsi haqqında» xx.xx.2003-cü il tarixli qərardadının ləğv edilməsi, Azərbaycan Respublikası Apellvasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 1 MK-1479/2002 nömrəli icra sənədinin «torpaq sahəsinin İddiaçı3 və İddiaçı1 məcburi köçkün kimi müvəqqəti məskunlaşdıqları çoban evlərinin ətrafında olan hissəsindən 70 hektar torpaq sahəsinin onlara icarəyə verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi» hissəsində icra olunması üçün icra sənədi üzrə icra işinin davam etdirilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cüil tarixli qərardadı ilə Xocavənd Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 8(069)-3/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa müəyyən edilir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs cavabdeh X5 qarşı verdiyi “icarə müqaviləsinin hissəvi ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Ağcabədi rayonu Taxta körpü ərazisi yaxınlığında yerləşən 12 saylı qış otlaq sahəsindən 113 ha torpaq sahəsinin icarəyə verilməsinə dair icarəyə verən Maraqlı şəxs və icarəçi X10 arasında bağlanmış 28 avqust 2018-ci il tarixli icarə müqaviləsinə 17 ha torpaq sahəsinin icarəyə verilməsinə aid hissədə xitam verilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavabdeh X3 nümayəndəsi X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmiş edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1580/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, müəyyən edilir ki, Azərbaycan Respublikası Apellvasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli icra sənədinin «torpaq sahəsinin İddiaçı3 və İddiaçı1 məcburi köçkün kimi müvəqqəti məskunlaşdıqları çoban evlərinin ətrafında olan hissəsindən 70 hektar torpaq sahəsinin onlara icarəyə verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi» hissəsində tam icra olunmamışdır, icra mərhələsindədir. Hazırki tələbində iddiaçılar Ağcabədi rayonu, 12-ci sahə, X23 otlaq sahəsində onların icarəsinə verilmiş və faktiki istifadəsində olan 53 ha torpaq sahəsinin Cavabdeh tərəfindən aparılan şumlama işlərinin dayandırılmasını və onun torpaq sahəsindən çıxarılmasını iddia edirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mahiyyətcə ona əsaslanmışdır ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının 2003-cü ildə bağladığı 5 illik icarə müqaviləsinin müddəti 2008-ci ildə bitmiş və sonradan uzadılmamışdır. Bundan əlavə, həmin ərazidə 55 ha torpaq sahəsinin 15 il müddətinə X12 icarəsinə verilməsi haqqında müqavilə bağlanmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçılar torpaq üzərindəki sahibliyinin özbaşınalıqdan qorunması üçün iddia qaldırmışlar. İddiaçılar tələbində cavabdehin özbaşınalıqlarına son qoyulmasını və çıxarılmanı tələb etmişdir. Bu tələb sahibliyin özbaşınalıqdan müdafiəsinə dair iddiadır. Mülki Məcəllənin 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Sahiblik hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Heç kəsə icazə verilmir ki, (hətta əşya üzərində hüquq sahibi olsa belə) cəmiyyətdəki hüquq qaydasını və nizamı pozaraq, başqasının hakimiyyəti altında olan bir əşyanı özbaşına qəsb etsin, yaxud sahibliyə maneə törətsin. Başqa sözlə, heç kəs əşyanı sahibliyində saxlayan şəxsin əslində buna haqqı olmadığını irəli sürərək, özbaşına şəkildə onun əlindən ala və ya sahibliyini poza bilməz. Bu səbəbdən Mülki Məcəllənin 164.1-ci maddəsində sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Normanın məzmunundan göründüyü kimi, özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür. Məhrumetmə və pozulma özbaşınalığın iki ayrı formasını təşkil edir. Birincisində sahib əşya üzərindəki faktiki hakimiyyətini itirirərək ondan məhrum olur. İkinci halda isə şəxs əşya üzərindəki sahibliyini itirməsə də, özbaşınalıq nəticəsində əşyadan sərbəst və təyinatı üzrə istifadə edə bilmir, onun sahibliyinə əngəl törədilir. Özbaşınalığın əsas əlamətlərindən biri müdaxilənin qanunazidd olmasıdır. Müdaxilənin qanuniliyi və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olubolmaması ilə deyil, onun hərəkətinin sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür. Qanunverici, cəmiyyətdəki nizam və sosial sülhü qorumaq məqsədilə, əşya üzərində hüquq sahibi olsun və ya olmasın, hər bir şəxsə özbaşınalıqdan operativ şəkildə müdafiə olunmaq imkanı tanıyır. Hətta qanunsuz sahibin əşya üzərindəki sahibliyi özbaşınalıqdan qorunur. Bu baxımdan, qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək hüququnun kimlərə aid olduğunu göstərən MM-in 164.1-ci maddəsində “hər bir sahib” ifadəsindən istifadə edilməsi təsadüfi deyil. Odur ki, belə iddialara baxılarkən əşya üzərindəki mübahisəli subyektiv hüquqlar (mənfəətlər) araşdırılmadan və onlara hüquqi qiymət verilmədən özbaşınalığa məruz qalmış sahibin tələbi əsasında öncəki faktiki vəziyyət (status-kvo) sürətli şəkildə bərpa edilir. Bununla da özbaşınalığın, yəni üçüncü şəxslərin başqasının sahibliyinə qanunsuz müdaxilə etməsinin qarşısı alınır və cəmiyyətdəki sosial nizam təmin olunur. Sahiblik iddialarının təyinatı özbaşınalığın qarşısını almaq olduğu üçün belə tələblərə baxılarkən hüquq haqqında mübahisəli halların, o cümlədən əşyaya sahiblik hüququ verən əsasların sübut edilməsinə, yaxud cavabdehin əşyaya daha üstün bir hüquqa malik olması barədə etirazların dinlənilməsinə və bu dəlillərin araşdırılmasına gərək yoxdur. Çünki əşya üzərindəki mülki hüquqlar sahiblik iddiasının predmeti xaricində qalmaqla mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Yəni sahiblik iddiasını həll etmiş məhkəmə aktı mübahisənin obyekti üzərində tərəflərdən hansınınsa hüququnu tanımış və ya təkzib etmiş olmur. Bu qərar yalnız özbaşınalıqla pozulmuş sahiblik vəziyyətini bərpa edir, onu ilkin vəziyyətə qaytarır. Ona görə də, sahibliyin müdafiəsinə dair iddianın həllindən (nəticəsindən) asılı olmayaraq, hər bir tərəfin həmin əşya barəsində ayrıca icraatda hüquq haqqında mübahisə açmaq imkanı var. MM-in 164.2-ci maddəsində nəzərdə tutulan geriqaytarma tələbi rədd edilən şəxs, sonradan mülkiyyətçi kimi əşyanın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi barədə vindikasiya iddiası qaldıra bilər (MM, m.157.2). Yaxud əksinə, - şəxs özbaşınalıqla qəsb etdiyi əşyanı MM-in 164.2-ci maddəsi çərçivəsində qaytardıqdan sonra mülkiyyət hüququna söykənərək eyni əşyanı vindikasiya qaydasında geri istəyə bilər (MM, m.157.2). Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Bu norma məhrumetmə halında özbaşınalıqdan müdafiəni təmin edir. Mülki Məcəllənin 165.1-ci maddəsinə görə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Bu norma isə sahibliyin pozulması halında özbaşınalıqdan müdafiəni təmin edir. Mülki Məcəllənin 166.3-cü maddəsində göstərilir ki, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Özbaşınalıq edən tərəfin əşya üzərində hüququnun olması və ya təqsirin dərəcəsi iddianın həlli üçün əhəmiyyət kəsb etmir. Hətta əşyanın mülkiyyətçisi müdaxiləni ehtiyatsızlıqdan etsə belə, yuxarıda göstərilən məqsədlər naminə özbaşınalığa məruz qalan tərəf müdafiə olunur. Baxılan işdə iddiaçılar ərizələrində açıq şəkildə bildirmişdilər ki, sahiblik etdikləri torpaq sahəsi cavabdeh tərəfindən onların iradəsinə zidd və özbaşına şəkildə şumlanmış, torpaq üzərindəki sahibliklərinə müdaxilə edilmişdir. Belə olan halda iddiaçıların özbaşınalıqdan müdafiə olunmaq üçün sahiblik iddiasını irəli sürməyə subyektiv hüquqları olmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi yuxarıda şərh olunan normaları tətbiq etməyərək, iddiaçılarla bağlanmış icarə müqaviləsinin müddətinin keçməsinə istinad etmişdir. Bununla da məhkəmə maddi hüquq normalarını pozmuş və səhv tətbiq etmişdir. İddiaçılar Mülki Məcəlləsinin 164.2 və 165.1-ci maddələri əsasında iddia ilə müraciət etmişdir. Məhkəmə tərəfindən iddianın bu normalar əsasında təmin edilməsi üçün aşağıdakı şərtlər müəyyən edilməlidir: 1) İddiaçı əvvəlki və ya mövcud sahib olmalıdır. Əvvəlki sahib dedikdə, əşya üzərindəki faktiki hakimiyyətdən tamamilə məhrum edilmiş, mövcud sahib dedikdə isə sahibliyini itirməsə də, əşyadan istifadəsinə maneçilik törədilən şəxs nəzərdə tutlur. 2) İddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törədilməlidir. Özbaşınalıq əməli, sahibin iradəsi xaricində, qanunvericiliyə zidd şəkildə, insan tərəfindən edilən bir davranışdır. 3) Cavabdehin hazırkı sahibliyi və ya təcavüzü qanunsuz olmalıdır. Əgər cavabdehin əşya üzərindəki sahibliyi qazanması və ya ona müdaxiləsi keçərli bir hüquqi əsasa söykənmirsə, özbaşınalıq onun tərəfindən edilmişdirsə, qanunsuz sayılır. Keçərli hüquqi əsaslara zəruri müdafiə, son zərurət, özünəyardım, qanuni səlahiyyətin həyata keçirilməsi və digər bu kimi halları misal göstərmək olar. 4) Sahiblik iddiasının təmin edilməsini istisna edən hallar olmamalıdır. Bu şərt MM-in 164.2-ci və 165.1-ci maddələrinin ikinci cümləsində və 165.2-ci maddəsindəki qaydaları özündə ehtiva edir. Belə ki, sahibliyinin pozulmasına istinad edən iddiaçının özü cavabdehə münasibətdə qüsurlu sahibdirsə (məsələn, iddiaçı həmin əşyanı daha əvvəl cavabdehdən özbaşına şəkildə qəsb etmişsə və bu hərəkətin törədilməsindən bir il müddət keçməyibsə) və ya iddiaçıya qarşı pozuntunun üzərindən bir ildən artıq müddət ötmüşsə, sahibiyin müdafiəsinə dair iddianın təmin edilməsi istisna olunur. Onlardan hər hansı birinin müəyyən edilməməsi sahibliyin müdafiəsi çərçivəsində iddianın rədd edilməsinə əsas verir və sonrakı şərtlərin yoxlanılmasına gərək qalmır. Kollegiya hesab edir ki, iddiaçıların tələbinin təmin edilməsi üçün göstərilən şərtlər ödənilir. Belə ki, iddiaçılar sözügedən torpaq sahəsinin əvvəldən (və hazırda) sahiblik edən şəxslərdir. Mübahisə edilən ərazi iddiaçıların faktiki sahibliyindədir, onlara torpaq sahəsinin məhkəmə qətnaməsinə əsasən tam olaraq təhvil verilməsi başa çatmamışdır. Cavabdeh iddiaçıların faktiki sahibliyində olan sahəyə heç bir əsas olmadan, iddiaçıların iradəsinə zidd, qanunsuz olaraq müdaxilə etmiş, orada şumlama işləri görmüşdür. Cavabdehin hərəkətləri keçərli hüquqi əsaslara söykənmir. İddiaçıların tələbinin təmin edilməsini istisna edən hallar (MM-in 164.2-ci və 165.1-ci maddələrinin ikinci cümləsində və 165.2-ci maddəsindəki hallar) mövcud deyil. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddianın mahiyyətini və ona tətbiq edilməli olan hüququ düzgün müəyyən etməmiş, iddiaya yuxarıda göstərilən maddi hüquq normalarına uyğun hüquqi qiymət verməmiş, qətnaməni müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Odur ki, Kollegiyanın qənaətinə görə qətnamə ləğv edilməli və iddia təmin edilməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, İddiaçı1, İddiaçı3 və İddiaçı2 istifadələrinə verilmiş, Ağcabədi rayonu, 12-ci sahə, X23 otlaq sahəsində Cavabdeh tərəfindən özbaşına aparılan şumlama işləri dayandırılmalı və o, həmin torpaq sahəsindən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(017)-235/2021 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. İddiaçı1, İddiaçı3 və İddiaçı2 istifadələrinə verilmiş, Ağcabədi rayonu, 12-ci sahə, X23 otlaq sahəsində Cavabdeh tərəfindən özbaşına aparılan şumlama işləri dayandırılsın və o, həmin torpaq sahəsindən çıxarılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar