Məhkəmə qərarları › İş №2(106)-1344/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1344/2023

16.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1344/2023 16.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və X2 ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin azad edilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)20/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 16 oktyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşən, ailə üzvləri ilə birlikdə yaşadığı iki mərtəbəli yaşayış evinin ətrafında olan və Cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş 6 sot torpaq sahəsindən həmin evin yan hissəsində olan sahənin cavabdehin zəbtindən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Lənkəran rayonunun Nərimanabad qəsəbə sakinidir. 40 ilə yaxındır ki, ailə üzvləri ilə birlikdə Nərimanabad qəsəbəsində yerləşən iki mərtəbəli hökumət evində yaşayır. Bu kommunal ev əvvəllər Balıq Kombinatının balansıda olmuşdur. Mənzili bu evin ikinci mərtəbəsində yerləşir. Evin birinci mərtəbəsində mənzilinin altındakı qonşusu, Cavabdeh öz ailə üzvləri ilə yaşayır. Cavabdeh müxtəlif illərdə səmimiyyətlərindən və bir müddət başqa yerdə müvəqqəti yaşamaqlarından istifadə edərək evin ətrafında, qarşısında, arxasında və yan tərəfində olan təqribən 6 sotdan çox torpağı qanunsuz olaraq zəbt etmiş və daş hasara almışdır. O, zəbt etdiyi torpaqda artırma etmiş, su quyusu, kanalizasiya yeri, hamam və tualet tikmişdir. Onlara isə zəruri ehtiyacları üçün az bir yerdən istifadə etməyə imkan vermir. Sovet dövründə inşa edilmiş bu kommunal evin yaşayış üçün tam şəraiti yoxdur. Odur ki, qonşular öz aralarında razılaşaraq evin ətafında olan torpaqlarda yaşayış üçün zəruri olan bəzi tikililər tikmiş və artırmalar etmişlər. Onların ailəsi isə hələ tikili aparmamışdır. Bundan istifadə edən cavabdeh ailələrinin payına düşən hissəni də zəbt etmişdir. Hətta o, əvvəlki kanalizasiya quyularını da bağlamışdır. Dəfələrlə cavabdehə bu barədə bildirmiş, adət üzrə və qonşular arasında olan razılaşmaya uyğun haqlarını tələb etmişlər. Lakin, o, onlarla dalaşır və birinci mərtəbədə yaşadığını deyib ətraf torpağın ona aid olduğunu israr edir. Onlar isə çox çıxılmaz vəziyyətdə qalmışlar. Belə ki, mənzilləri çox kiçikdir, mətbəxi yoxdur, sanitar qovşaqdan istifadə etmək münasib deyil, kanalizasiya xəttinin keçməsi üçün yol və su quyuları yoxdur. Əvvəllər qonşulardan xahiş edib onlarla razılaşdırılmış qaydada kommunal xətlərdən istifadə etmişlər. Amma bu xahişləri daimi etmək mümkün olmur. Yaşadıqları evin sakinlərindən heç kimin, o cümlədən onun və cavabdehin bu evə və mənzilə, ətrafdakı torpaqlara dair sənədi yoxdur. Sakinlər aralarında razılığa gələrək şəraitə uyğunlaşmış və ev ətrafındakı torpaqda zəruri tikililər tikib özlərinə şərait yaratmışlar. Ailələrinə şərait və kommunal rahatlıq yaratmaq üçün onlara münasib olan yan tərəfdə torpağa ehtiyacları vardır. Bu torpaq da cavabdehin zəbt etdiyi 6 sota daxildir. Buna görə də onlara münasib olan yerdən, evin yan tərəfindən torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi vacibdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilən hallara uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. . İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)20/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim N.Ağabəyov) ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz zəbt olunmuş torpaq sahəsinin azad edilməsi» tələbinə dair iddiasının rədd edilməsi, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməklə, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamış, iş üçün mühüm əhəmiyyəti faktiki hallar tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırılmamış, gəlinən nəticə isə işin faktiki hallarına uyğun olmamışdır. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)20/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və izahatında, Lənkəran Rayon Məhkəməsinin 2(049)20/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin 2(049)20/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikası Mülki Məcəllənin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsində göstərilir ki, sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-in 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-in 180.4-cü maddəsinə əsasən özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Avropa İnsan Hüquqları Məhkəməsi 27 may 2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə, “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. X8 Hüquqları Məhkəməsinin qərarlarında qeyd edilir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir (Burdov Rusiya Federasiyasına qarşı və “ Yunanstan neftayırma zavodu” Strən və X1rşı işlər). Bunda əlavə “Akimova Azərbaycana qarşı” iş üzrə də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Məhkəmə xatırladır ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 67-68-ci maddələrinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, isttifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın təmin edilməməsini İddiaçı Cavabdeh qarşı hazırkı iddianı irəli sürməkdə subyektiv hüququnun olmaması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermiş və şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)20/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, birinci instansiya məhkəməsində toplanılmış və əlavə təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinin sübutları kimi göstərdiyi işin faktiki hallarını düzgün araşdırmayaraq, sübutları düzgün qiymətləndirməyərək işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün müəyyən etməmiş, nəticədə maddi və prosessual hüquq normalarını səhv tətbiq və təfsir etməklə gəldiyi nəticənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Buna görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış 02 dekabr 2021-ci il tarixli, **********13 №-li məktubdan görünür ki, vətəndaş İddiaçı müraciəti üzrə Xidmətin Lənkəran ərazi şöbəsi tərəfindən yerində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaş Cavabdeh və digər bina sakinləri tərəfindən dövlət mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyət, istifadə və ya icarə hüququ olmadan istifadə etməsi faktı öz təsdiqini tapmış, bununla bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məktub ünvanlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsi tərəfindən Lənkəran rayonunun Nərimanabad qəsəbəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, baza məlumatlarına əsasən Cavabdeh və digər vətəndaşlar tərəfindən əhatəyə alınaraq tikinti aparılan torpaq sahəsi dövlət mülkiyyətinə aid olan ümumi istifadəki torpaq sahəsidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 13 fevral 2023-cü il tarixli, 3-21-3-43/2-343/2023 №-li mütəxəssis rəyindən görünür ki, Lənkəran rayonu, Nərimanabad qəsəbəsi ərazisində, iki mərtəbəli yaşayış binasının ətrafında (qarşısında, arxasında və yan tərəfində) yerləşən Cavabdeh istifadəsində (hasara alınmış) olan 0,035 ha ölçüdə torpaq sahəsinin olması müəyyən edildi. Lənkəran rayonu, Nərimanabad qəsəbəsi ərazisində, iki mərtəbəli yaşayış binasının ətrafında (qarşısında, arxasında və yan tərəfində) yerləşən mübahisələndirilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən dövlət mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsinin olması müəyyən olundu. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1942 №-li, 25 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi 13 fevral 2023-cü il tarixli, 3-21-3- 43/2-343/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Nərimanabad qəsəbəsi ərazisində, iki mərtəbəli yaşayış binasının ətrafında (qarşısında, arxasında və yan tərəfində) yerləşən Cavabdeh istifadəsində (hasara alınmış) olan 0,035 ha ölçüdə torpaq sahəsinin olması müəyyən edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən dövlət mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsinin olması müəyyən olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 50 manat təşkil edir. xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmə iddia ərizəsi verilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı dövlətin mülkiyyətində olan və ümüumi istifadə üçün nəzərdə tutulmuş iki mərtəbəli çoxməmzilli binanın həyətyanı sahəsindən cavabdeh tərəfindən qanusuz olaraq torpaq sahəsi zəbt edilmiş və zəbt səbəbindən o, ümüumi istifadəçi kimi həmin sahədən istifadə edə bilmir. Bu səbəbdə də, dövlət mülkiyyətində olan torpaq sahsəinin cavabdehin cəbtindən azad edilməsini tələb edir. Hesab edir ki, tələbinin hüquqi əsasını Mülki Məcəllənin Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4, 239.2-ci və Torpaq Məcəlləsinin 84,111-ci maddələri təşkil edir. İddiaçının iddia tələbinin mahiyyətindən görünür ki, o, Lənkəran rayonunun Nərimanabad qəsəbə sakinidir. 40 ilə yaxındır ki, ailə üzvləri ilə birlikdə Nərimanabad qəsəbəsində yerləşən iki mərtəbəli hökumət evində yaşayır. Bu kommunal ev əvvəllər Balıq Kombinatının balansıda olmuşdur. Mənzili bu evin ikinci mərtəbəsində yerləşir. Evin birinci mərtəbəsində mənzilinin altındakı qonşusu, Cavabdeh öz ailə üzvləri ilə yaşayır. Cavabdeh müxtəlif illərdə səmimiyyətlərindən və bir müddət başqa yerdə müvəqqəti yaşamaqlarından istifadə edərək evin ətrafında, qarşısında, arxasında və yan tərəfində olan təqribən 6 sotdan çox torpağı qanunsuz olaraq zəbt etmiş və daş hasara almışdır. O, zəbt etdiyi torpaqda artırma etmiş, su quyusu, kanalizasiya yeri, hamam və tualet tikmişdir. Onlara isə zəruri ehtiyacları üçün az bir yerdən istifadə etməyə imkan vermir. Sovet dövründə inşa edilmiş bu kommunal evin yaşayış üçün tam şəraiti yoxdur. Odur ki, qonşular öz aralarında razılaşaraq evin ətafında olan torpaqlarda yaşayış üçün zəruri olan bəzi tikililər tikmiş və artırmalar etmişlər. Onların ailəsi isə hələ tikili aparmamışdır. Bundan istifadə edən cavabdeh ailələrinin payına düşən hissəni də zəbt etmişdir. Hətta o, əvvəlki kanalizasiya quyularını da bağlamışdır. Dəfələrlə cavabdehə bu barədə bildirmiş, adət üzrə və qonşular arasında olan razılaşmaya uyğun haqlarını tələb etmişlər. Sakinlər aralarında razılığa gələrək şəraitə uyğunlaşmış və ev ətrafındakı torpaqda zəruri tikililər tikib özlərinə şərait yaratmışlar. Ailələrinə şərait və kommunal rahatlıq yaratmaq üçün onlara münasib olan yan tərəfdə torpağa ehtiyacları vardır. Bu torpaq da cavabdehin zəbt etdiyi 6 sota daxildir. Buna görə də onlara münasib olan yerdən, evin yan tərəfindən torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi vacibdir. İddiaçı daha sonra MPM-in 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirmiş və dövlət mülkiyyətində olan ümumi istifadə üçün nəzərdə tutulmuş 0,035 ha ölçüdə torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nə birinci instansiya nə də, ki, apellyasiya məhkəmə baxışı iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Apellyasiya icraatı zamanı Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşən iki mərtəbəli çox mənzilli binanın dövlət mülkiyyətində olması nəzərə alınaraq, Lənkəran Rayon İcra Hakimiyyəti üçüncü şəxs kimi işə cəlb edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşən, iddiaçının ailə üzvləri ilə birlikdə yaşadığı iki mərtəbəli yaşayış evinin ətrafında olan və Cavabdeh tərəfindən 0,035 ha ölçüdə torpaq sahəsinin hasara alınaraq qanuni əsas olmadan istifadə edildiyi, mübahisələndirilən torpaq sahəsinin dövlət mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsinin olması müəyyən olunmuşdur. Hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Odur ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları apellyasiya şikayətinin dəlilləri ilə birlikdə müqayisəli tədqiq edərək müəyyən edir ki, birinci instansiya məhkəməsi iddia tələbini iddiaçının irəli sürməyə subyektiv hüququnun olmaması əsası ilə təmin etməməkdə haqlı olmamışdır. Belə ki, qeyd olunan mübahisə ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin mövcud hallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alan kollegiya hesab edir ki, İddiaçı mübahisə predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməldir. Çünki o, hazırki iddianı irəli sürərkən tələbinin əsası kimi mübahisəli iki mərtəbəli, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin dövlətin mülkiyyətində olması, həmin binanın yan və arxa tərəflərindən qonşuların hər birinin o, cümlədən iddiaçı olaraq onun da, zəruri ehtiyaclarının təmin etmək üçün istifadə etmək hüququnun olmasını, binanın fasadlarında nasazlıqlar aşkara çıxardıqda, həmin zədələrin aradan qaldırılması mümkün olan tədbirlərin (tavanların malalanması və ağardılması, rənglənməsi) görülməsi, həmçinin yanğından mühafizə tədbirlərinin görülməsinin mümkün olmamasını əsas göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya icraatı zamanı əldə olunmuş sübutlardan və iddiaçının verdiyi izahatından müəyyən etmişdir ki, Lənkəran Rayonu Nərimanabad qəsəbəsində bir bloklu iki mərtəbəli və hər mərtəbədə 4 mənzil olmaqla cəmi 8 mənzildən ibarət 1963-1964-cü illərdə Lənkəran Kommunal Təsərrüfatı idarəsi tərəfindən tikilmişdir. Binanın yerləşdiyi sahə 319 kv.m-dir. İddiaçı həmin binanın 2-ci mərtəbəsində 2 otaqlı mənzildə həyat ailə üzvləri ilə birlikdə yaşayır. Onların istifadəsində 44 kv.m dövlət torpağı vardır. X4 həmin binanın 1-ci mərtəbəsində 2 otaqlı mənzildə qızları X5 və Məlikova Aydan faiq qızı ilə birlikdə yaşayır. Onların istifadəsində 270 kv.m dövlət torpağı vardır. İddiaçı 1987-ci ildən cavabdeh isə 1966-cı ildən mübahisəli binada onlara ayrılmış mənzildə ailə üzvləri ilə birlikdə yaşayırlar. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında dövlət mənzil fonduna aid olan mənzilin əldə edilməsi və həmin mənzildə kirayə münasibətlərinin yaranması ilə bağlı hüquq münasibətinin yarandığı vaxt hazırkı Mənzil Məcəlləsi deyil, 1982-ci il redaksiyalı Mənzil Məcəlləsi qüvvədə olmuşdur. Mübahisəli fərdi yaşayış evi üzərində hər hansı şəxsin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mənzil fondundan istifadə olunmasına və onun qorunmasına dövlət nəzarətinin vəzifəsi mənzil sahəsini bölüşdürmək və vətəndaşlara yaşayış sahələri vermək qaydasına, mənzil fondundan istifadə və onu texniki cəhətdən saz halda saxlamaq qaydalarına bütün nazirliklər, dövlət komitələri, baş idarələr, dövlət, kooperativ müəssisələri və digər ictimai müəssisələr, idarələr, təşkilatlar, mənzil-tikinti kooperativləri, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən əməl olunmasını təmin etməkdir. Mənzil fondundan istifadə olunmasına və onun qorunmasına dövlət nəzarəti xalq deputatları Sovetləri, onların icra və sərəncam orqanları, habelə Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi və xüsusi səlahiyyətli digər dövlət orqanları tərəfindən, SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. (Maddə 27). Həmin məcəllənin 12-ci maddəsinin 8,9,10-cu bəndlərində yaşayış evlərinin texniki istismarı qaydalarını və normalarını, evyanı ərazilərdən istifadə qaydalarını müəyyən etmək; mənzil fondundan istifadə olunmasına və onun qorunmasına dövlət nəzarətini həyata keçirmək; mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində SSR İttifaqının səlahiyyətinə aid edilməmiş başqa məsələləri həll etmək, mənzil münasibətlərini tənzimləmək sahəsində Azərbaycan SSR-in səlahiyyəti müəyyən edilmişdir. Bu səlahiyyət daxilində Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il tarixli 2 mart tarixli 89 nömrəli qərarı ilə Yaşayış sahələrindən istifadə edilməsi, yaşayış evinin və evlərətrafı ərazinin saxlanılmsı qaydaları müəyyən edilmişdir. Həmin qaydalarda qeyd olunur ki, mübahisəli iki mərtəbəli, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin dövlətin mülkiyyətində olması, həmin binanın yan və arxa tərəflərindən binada yaşayan vətəndaşların zəruri ehtiyaclarının təmin etmək üçün istaifadə etmək hüququnun olmasını, binanın fasadlarında nasazlıqlar aşakara çıxardıqda, həmin zədələrin aradan qaldırılması mümkün olan tədbirlərin (tavanların malalanması və ağardılması, rənglənməsi) görülməsi, həmçinin yanğından mühafizə tədbirlərinin görülməsi kimi hüquq və vəzifələri müəyyən olunmuş, o, cümlədən vətəndaşlara qeyd olunanların yerinə yetirilməsinin qarşısını alan hərəkətlərə yol verilməsinin qadağan olması müəyyən edilmişdir. Göründüyü kimi həm iddiaçı həm də cavabdehin mənzilə hüququnun yarandığı vaxt qüvvədə olan mənzil məcəlləsi və yaşayış sahələrindən istifadə edilməsi, yaşayış evinin və evlər ətrafı ərazinin saxlanılması qaydaları Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il tarixli 2 mart tarixli 89 nömrəli qərarı ilə müəyyən edilmiş və həmin qanuna əsasən vətəndaşların dövlətin mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadəsi qadağan edilmişdir. Kollegiya onu da nəzərdən qaçırmır ki, həm iddiaçı həm də cavabdehin yaşadıqları mübahisəli mənzilə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən mənzilə dair ilkin hüquq müəyyən edici sənəd olan order və ZDSİK-in qərarının olması, ona dəlalət edir ki, tərəflərin yaşadıqları mənzilə gözlənilən mülkiyyət hüquqları mövcuddur. Mübahisə predmeti olan dövlətin mülkiyyətində olan torpaq sahəsinin 0.035 ha torpaq sahəsi cavabdehin zəbtində olmaqda iddiaçının hüquqlarının həyata keçirilməsini məhdudlaşdırmaqla davam edir. Bu səbəbdən də, yaşayış binasının mülkiyyətçiləri kimi iddiaçı ilə cavabdehin aralarında yaranan mübahisəsinə qüvvədə olan mənzil məcəlləsi, mülki məcəllə və torpaq məcəlləsinin normalarına uyğun hüquqi qiymət verilməsi məqsədəmüvafiq hesab olunmalıdır. Belə ki, Mənzil məcəlləsinin 35.1-ci maddəsində qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin məcəlləninn 35.2-ci maddəsinə əsasən isə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Yuxarıda qeyd olunan maddi hüquq normasının mənasından da, göründüyü kimi Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşən, iddiaçının ailə üzvləri ilə birlikdə yaşadığı dövlətin mülkiyyətində olan iki mərtəbəli yaşayış evinin ətrafında olan və Cavabdeh tərəfindən binanın yerləşdiyi yan və arxa hissəsindən 0,035 ha ölçüdə torpaq sahəsinin hasara alınaraq qanuni əsas olmadan zəbt edilərək istifadə edilməsi, bir neçə ailənin yaşadığı və birgə razılaşma olmadan istidadə qaydalarını pozması, hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün subyektiv hüquqa malik olmasına imkan verir. Məhz bu səbəbdən də, dövlətin adından iddiaya münasibəti öyrənilməsi üçün üçüncü şəxs kimi cəlb edilmiş Lənkəran Rayon İcra hakimiyyəyinin Şirvan Apellyasiya məhkəməsinə ünvanladığı məktubunda qeyd etmişdir ki, iddia olunan torpaq sahəsi dövlətin mülkiyyətində olan torpaq sahəsidir. Cavabdeh uzun müddət ərzində yaşadığı binanın qarşısında olan istifadəyə dair heç bir hüquq müəyyən edici sənəd olmadan həmin ərazidən qanunsuz olaraq metal şiferlə çəpərə alaraq istifadə edir. Həmin məktubda daha sonra qeyd olunur ki, Lənkəran Rayon Zəhmətkeş Deputatlar Soveti İcrayyə Komitəsinin 6 may 1966-cı il tarixli 30 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Nərimanabad qəsəbəsində Ramazanov Əbülfəz yeni tikilmiş 8 ailəlik binaya köçürülmüşdür. Hazırda Cavabdeh dövlət mülkiyyətində olan binanın yerləşdiyi ümumi istifadədə olan torpaq sahəsini qeyrı-qanuni zəbt edərək istifadə etməsi ilə bağlı Nərimanabad qəsəbə inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən ona xəbərdarlıq edilsə də, lakin onun tərəfindən torpaq sahəsindən qanunsuz istifadə halları aradan qaldırılmamışdır. İddiaçı iddia tələbinin məzmununda və apellyasiya icraatı zamanı izahatında göstərmişdir ki, “cavabdehin qanunsuz (0,035 ha ölçüdə torpaq sahəsini zəbt edərək istifadə etdiyi) hərəkəti nəticəsində o, dövlətin mülkiyyətində olan iki mərtəbəli çox mənzilli binanın həyatyanı sahəsində özünün zəruri ehtiyaclarını (ayaqyolu, hamam tikə bilmir) təmin edə bilmir. Kollegiya bununla əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hüquq müəyyənedici sənəd olmadan həm iddiaçı həmdə cavabdeh tərəfindən mübahisəli (bina və torpaq sahəsi dövlətin mülkiyyətindədir) binanın yerləşdiyi torpaq sahəsinin yanı və ətrafında hər hansı tikilinin aparılması və bu barədə razılığı gələ bilməmələri özü-özlüyündə əhəmiyyətsizdir. Məhkəmə bu barədə sübutlar tələb etməməlidir. Əks halda Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmuş olardı. Burada söhbət işin həlli üçün önəmli olmayan hallardan və faktlardan gedir. Yəni cavabdehin qanunsuz (0,035 ha ölçüdə torpaq sahəsini zəbt edərək istifadə etdiyi) hərəkəti nəticəsində o, dövlətin mülkiyyətində olan iki mərtəbəli çox mənzilli binanın həyatyanı sahəsində özünün zəruri ehtiyaclarını yəni ayaqyolu, hamam tikə bilməməsini bildirməsi, dövlətin mülkiyyətində olan və ümumi istifadə üçün nəzərdə tutulmuş torpaq sahəsinə hər hansı hüquq əldə etməsinin qanuni əsası kimi qəbul edilə bilməz. Başqa sözlə dövlətin mülkiyyətində olan iki mərtəbəli binanın yerləşdiyi torpaq sahəsinin cavabdehin qanunsuz zəbtindən azad edilməsi, iddiaçının həmin torpaq sahəsində hüquq müəyyən edici sənəd olmadan tikili aparılması üçün əsas ola bilməz. Yaşayış məntəqələrinin torpaqlarının onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi lahiyələrinə və eləcədə yerqurluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir. Ərazinin yerquruluşu-təsərrüfat planları tikinti işləri aparılmalı olmayan və tikinti işləri müvəqqəti aparılmayan şəhər torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Yaşayış məntəqələrinin ərazisindən torpaq sahələrinin yerquruluşu-təsərrüfat planları üzrə verilməsi və geri alınması qaydaları, habelə həmin sahələrdən istifadə edilməsi şərtləri bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilir. (Torpaq Məcəlləsi maddə 20). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. (Torpaq məcəlləsi maddə 16.2,111) Azərbaycan Respublikası MM-in 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-in 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-in 180.4cü maddəsinə əsasən özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tərəflərin qarşılıqlı münasibətinə uyğun hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, Lənkəran Rayon Nərimanabad qəsəbəsində yerləşən dövlət mülkiyyətində olan iki mərtəbəli yaşayış evinin ətarfında olan 0,035 ha ölçüdə torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunması, iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyinin pozulmasına gətirib çıxarmış və o, haqlı olaraq hazırkı iddia ilə məhkəməyə müraciət edərək pozulmuş hüququnun bərpasını tələb etmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə kollegiya yekun olaraq belə qənaətə gəlir ki, iddiaçı M. Quliyev tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)20/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi barədə iddiası təmin edilməli, Lənkəran Rayon Nərimanabad qəsəbəsində yerləşən dövlət mülkiyyətində olan iki mərtəbəli yaşayış evinin ətrafında olan və Cavabdeh tərəfindən zəbt olunmuş 0,035 ha ölçüdə torpaq sahəsi zəbtdən azad edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti əsaslı hesab edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)20/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, Lənkəran Rayon Nərimanabad qəsəbəsində yerləşən dövlət mülkiyyətində olan iki mərtəbəli yaşayış evinin ətarfında olan və Cavabdeh tərəfindən zəbt olunmuş 0,035 ha ölçüdə torpaq sahəsi zəbtdən azad edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)20/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi barədə iddiası təmin edilsin. Lənkəran Rayon Nərimanabad qəsəbəsində yerləşən dövlət mülkiyyətində olan iki mərtəbəli yaşayış evinin ətarfında olan və Cavabdeh tərəfindən zəbt olunmuş 0,035 ha ölçüdə torpaq sahəsi zəbtdən azad edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu olan 100 (yüz) manat və ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar