Məhkəmə qərarları › İş №2(106)-1362/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1362/2023

13.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1362/2023 13.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İmranov Orxan Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə barədə iddia ərizəsinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(036)- 1180/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh mərhum oğlu X7 ilə 2012-ci ildə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Əri vəfat edənədək onlar birlikdə İmişli rayonu Murğuzallı kəndində yerləşən evdə yaşamışlar. Birgə nikahdan 3 övladları olmuşdur. Uşaqlardan biri ərinin vəfatından sonra doğulmuşdur. Şöhrət Əliyev xx.xx.2020-ci il tarixdə baş beynin diffuz travması səbəbindən vəfat etmişdir. Bir müddət sonra qayınatası onları evdən çıxarmışdır. Hazırda iddiaçı həmin evə köçürülməsini tələb edir. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Cavabdeh qarşı İmişli Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, azyaşlı övladlırı ilə birlikdə qeydiyyatda olduqları İmişli rayonu, Murğuzallı kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X7 ilə2012-ci ildə faktiki nikaha girməklə evlənərək cavabdehə məxsus olan İmişli rayonu Murğuzallı kəndində yerləşən fərdi yaşayış evinə köçüb onunla ər-arvad kimi birlikdə yaşamışdır. Onların xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X3 adında uşaqları olmuş və indiyədək həmin ünvanda heç bir etiraz olmadan yaşayaraq ailənin digər üzvləri ilə birgə təsərrüfat aparmışdır. X7 24 aprel 2020-ci il tarixdə vəfat etdikdən sonra onun İmişli rayonu Murğuzallı kəndində yerləşən həmin fərdi yaşayış evində yaşamasına cavabdeh etiraz etmiş və ondan yaşayış sahəsini boşaltmağı tələb edərək mənzil hüquqlarını pozmuşdur. Ona görə də xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X3 ilə birlikdə Cavabdeh məxsus olan İmişli rayonu Murğuzallı kəndində yerləşən fərdi yaşayış evində yaşayış sahəsindən istifadə hüququnun tanınması haqqında iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: İmişli Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(036)-1180/2023 nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia rədd edilmişdir. İş materialında olan AZ-İ № 363472 saylı «atalığın müəyyən edilməsi» haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.2017-ci ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. İş materialında olan İmişli regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ciil tarixli 09/69-21 saylı arayışa əsasən İddiaçı doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 doğumu xx.xx.2021-ci il tarixli 786 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Atası kimi X8 qeyd olunmuşdur. İş materialında olan AZ-İİ 078053 nömrəli “ölüm haqqında” şəhadətnaməyə əsasən, X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti Başçısının Murğuzallı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 23 avqust 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Əliyev X2 rayonu, Murğuzallı kəndində 04 nömrəli təsərrüfatbaşına kitabın 636-cı səhifəsində 265 nömrəli şəxsi hesab nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh qeydiyyatda olduğu təsərrüfat, qeydiyyatda olduğu fərdi yaşayış evi özünə məxsusdur. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti Başçısının Murğuzallı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı İmişli rayonu, Murğuzallı kəndində yaşamaqla himayəsində üç azyaşlı uşağı var. Məhkəmə belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə İddiaçı Cavabdeh ailə üzvləri sırasında olmamış və ona məxsus olan İmişli rayonu Murğuzallı kəndində yerləşən fərdi yaşayış evində AR Mülki Məcəlləsinin 228.2-ci və AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan qaydada yaşayış sahəsindən istifadə hüququ əldə etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsini, Mənzil Məcəlləsinin 30.1-ci maddəsini tətbiq etməmiş və düzgün nəticəyə gəlməmişdir. Onun azyaşlı 3 uşağı ataları öləndən sonra cavabdehin himayəsində olmaqla onun tərəfindən evə köçürülüb, yaşayış hüququ verilib. Onun da uşaqların qanuni nümayəndəsi kimi onlarla birgə yaşamaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 8.1, 77.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, sübutları əsaslı olsa da məhkəmə tərəfindən qiymətləndirilməyib. İşə obyektiv, qərəzsiz və hərtərəfli məhkəmə baxışı təmin edilməyib. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək İmişli Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(036)-1180/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi; 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanması təşkil edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirilən yaşayış sahəsinə 2012-ci ildən faktiki köçdüyünü nəzərə almaqla düzgün olaraq hazırki mübahisəyə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin müddəalarını tətbiq etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara, tətbiq edilmiş maddi və prosessual hüquq normalarına və iş üzrə gəlinmiş qanuni nəticəyə əsaslanaraq məhkəmə tərkibi apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və həmçinin nəzərə alır ki, apellyasiya şikayətlərinin maddi və prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ümumi ifadələrdən ibarət olmaqla, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusunun nədə ifadə olunmasına dair konkret dəlillərə istinad olunmamışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, məhkəmən qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş İddiaçı özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(036)-1180/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar