Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1374/2023 25.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, Cavabdeh1, onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi istifadədə olan gediş-gəliş yolunun zəbtdən azad edilməsi və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)86/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)86/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: M.Aslanov), iddianın qismən təmin edilməsi, JN-445A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Lənkəran rayon, Kərgəlan kəndində yerləşməklə İddiaçı və ailə üzvlərinə məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.07 ha torpaq sahəsinə gediş-gəliş yoluna Cavabdeh1 və Cavabdeh2 tərəfindən qoyulmuş qapı, həmin gediş gəliş yolunun üzərində cavabdelər tərəfindən qoyulmuş dəmir armaturdan qapın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nurədddin oğlunun hesabına sökülməsi, iddianın qalan hissədə isə rədd edilməsi, ödənilmiş 11 manat dövlət rüsumu və məhkəmə-tikinti texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nurədddin oğlundan müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı «Ümumi istifadədə olan gediş-gəliş yolunun zəbtdən azad edilməsi və cavadehlərin qanunsuz hərəkətlərinə son qoyulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavbdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş Lənkəran rayon, Kərgəlan kəndində yerləşməklə ona və ailə üzvlərinə məxsus fərdi yaşayış evinə evin yerləşdiyi 0.07 ha torpaq sahəsinə gediş-gəliş yolunun və evin yerləşdiyi 0.07 ha torpaq sahəsinin bir hissəsinin zəbtdən azad edilməsi, cavabdelər tərəfindən həmin gediş-gəliş yolunun ortasında qanunsuz qoyulmuş dəmir armaturdan qapının cavabdehin hesabına sökülməsi,həmin yolun ortasında qoyulmuş su çəlləyinin, dəmir boruların və 500 ədəd mişar daşının götürülməsi və cavadehlərin qanunsuz hərərkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, O, xx.xx.1956-cı il tarixdə Lənkəran rayonı Kərgəlan kəndində anadan olmuş, Lənkəran rayon XDS icraiyyə komitəsinin xx.xx.1986-cı il tarixli 12 nömrəli qərarı ilə atasının 0.18 ha torpaq sahəsindən ona verilmiş 0.07 ha torpaq sahəsində yeni fərdi yaşayış evi tikmək haqqında Kərgəlan kənd XDS icraiyyə komitəsinin xx.xx.1986-cı il tarixli 6 nömrəli qərar nəzərə alınaraq PİK-nin memarlıq şöbəsinin layihəsi əsasında fərdi yaşayış ev tikməyə icazə verilmişdir. Bundan sonra həmin fərdi yaşayış evi və evin yerləşdiyi 0.07 ha torpaq sahəsi X4 Komissiyasının 20 dekabr 1997-c il tarixli 12 saylı qərarı ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Buna baxmayaraq iş üzrə cavabdehlər ona və ailə üzvlərinə məxsus evə və evin yerləşdiyi torpaq sahəsinə gedən gedişgəliş yolunu zəbt edərək yolun ortasında qeyri-qanuni dəmir armaturdan qapı qoymuş, həmin yolun ortasına su çəlləyi və dəmir boruları qoyaraq 500 ədəd mişar daşını yol boyu düzmüş, eyni zamanda mülkiyyətində olan 0.07 ha torpaq sahəsinin bir hissəsini zəbt edərək yaşayış evimin girəcəyində giriş darvazası qoymağa maneçilik törədir. Əvvəllər uzun müddət həmin gediş-gəliş yolundan istifadə etmişlər. Hazırda həmin yolun açılmasını cavabdehlərdən tələb etdikdə isə onlar, söyüb, təhqir edir, dfələrlə cavabdehlərə xəbərdarlıq etmiş ki, qanunsuz hərəkətlərinə son qoysun. Lakin cavabdehlər bu tələbə əhəmiyyət verməyərək qanunsuz hərəkətlərini davam etdirməkdə davam edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki iddianı qəbul etmir, o heç kimin torpağından istifadə etməmişdir, gediş gəliş yoluna mane olmamışdır, buna görə də iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 vermiş olduğu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, ilkin iddia tələbi üzrə yekun nəticəyə gəlsə də, vermiş olduqları qarşılıqlı iddia tələbi üzrə ümumiyətlə araşdırma aparmamış, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 vəkili və nümayəndəsi Əhmədov X2 Rayon Məhkəməsinin 2(049)86/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, oğlu Lənkəran Rayon Məhkəməsinin 2(049)86/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi X1 məhkəmə kollegiyasından Lənkəran Rayon Məhkəməsinin 2(049)86/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini və Lənkəran Rayon Məhkəməsinin 2(049)86/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 noyabr 2013-cü il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçı tərəfindən təqdim edilmiş sübutların iddianın qismən təmin olunması üçün kifayət etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)86/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu yoxlanılarkən müəyyən etmişdir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən prosessual hüquq normalarının tələblərinə əməl olunmamış, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində, həmçinin iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Əgər təqdim edilmiş iddia ərizəsində cavabdeh kimi qeyd olunmuş işdə iştirak edən şəxsə münasibətdə istinad olunan maddədə sadalanan hallardan biri və ya bir neçəsi göstərilməyibsə, yaxud ümumiyyətlə iş üzrə hər hansı şəxsin cavabdeh kimi göstərilməsi açıq-aşkar formaldırsa (həmin şəxsin mübahisəyə aidiyyəti iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə təsdiq olunmursa), məhkəmə iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 152.1.1 -ci maddəsinə əsasən geri qaytarılması barədə məsələni müzakirə etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddianı icraata qəbul edərkən prosessual hüquq normaları pozulmuş, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (iddia ərizəsi icraata qəbul edilərkən qüvvədə olan prosessual məcəllə başa düşülür) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 151.3-ci maddəsinə əsasən, iddia ərizəsi, əgər onun daxil olmasından 5 gün müddətində məhkəmə qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi məhkəmə iddia ərizəsinin mümkünlüyünü yoxlayarkən Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğuna riayət olunub-olunmaması yoxlanılmalı və yalnız MPM-nin tələbləri nəzərə alınmaqla məhkəmə icraatı mümkün hesab edilməlidir. Əks təqdirdə MPM-nin tələblərinə uyğun olaraq iddia ərizəsinin prosessual məcəllənin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırarkən daha sonra müəyyən etmişdir ki, iddia ərizəsi icraata qəbul edilərkən MPM-in 149-cu maddələrinin tələblərinə əməl olunmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində, həmçinin iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Əgər təqdim edilmiş iddia ərizəsində cavabdeh kimi qeyd olunmuş işdə iştirak edən şəxsə münasibətdə istinad olunan maddədə sadalanan hallardan biri və ya bir neçəsi göstərilməyibsə, yaxud ümumiyyətlə iş üzrə hər hansı şəxsin cavabdeh kimi göstərilməsi açıq-aşkar formaldırsa (həmin şəxsin mübahisəyə aidiyyəti iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə təsdiq olunmursa), məhkəmə iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 152.1.1 -ci maddəsinə əsasən geri qaytarılması barədə məsələni müzakirə etməlidir. Lakin birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etməmişdir. Daha sonra iş materiallarında müəyyən olunur ki, ilkin iddia üzrə Cavabdeh1 tərəfindən 13 sentyabr 2021-ci il tarixdə qarşılıqlı iddiası məhkəməyə təqdim edilmiş, lakin məhkəmə tərəfindən qarşılıqlı iddianın icraata qəbul edilib (qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir) edilməməsi ilə bağlı hər hansı prosessual hərəkət edilməmiş, yalnız iddia tələbi üzrə nəticəyə gəlinmişdir. Halbuki qarşılıqlı iddianın ilkin iddia ilə bağlılığı müəyyən edilməsi üçün mühüm olan şərtlər yəni, qarşılıqlı tələb ilkin tələbin ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilkin iddianın tam və ay qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilkin iddia arasında qarşılıqlı əlaqə vardırsa və onların birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılması ilə nəticələnirsə, qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada o, da nəzərə alınmalıdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterə görə oxşar olsunlar. Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılqlı iddia bilavasitə ilkin iddianın mahiyyəti üzrə təsib etməsə də, onun təmin edilməsini imkansız edir. İlkin iddia təmin olunduğu halda qarşılıqlı iddia təmin oluna bilməz. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması və onlara birlikdə baxılması mübahisələrin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən məqsədə müvafiq hesab edildikdə mümkün olur. Burada nəzərə alınmalıdır ki, əsas və qarşılıqlı iddiaya ayrı-ayrılıqda baxıldıqda daha əvvəl baxılan iş üzrə qəbul olunmuş qətnamə sonra baxılan iş üzrə qəbul olunmuş qətnamə üzrə baxılan iş üçün preyudisial əhəmiyyət daşıyır. (MPM-in 82-ci maddəsi) L.İ.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, ilkin və ya qarşılıqlı iddia tələbləri işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddı-hüquq tələbləri isə mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Qarşılıqlı iddia ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil. Məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilməsi mümkündür. Yuxarıda qeyd olunduğu kimi prosessual qanunvericilik həm ilkin həm də, qarşılıqlı iddianın icraata qəbul edilməsi üçün müəyyən etdiyi prosessual tələblər, mülki prosessual hüquq normalarının ümumi prinsiplərinə uyğun olmaqla yanaşı, iş üzrə tələbə cavab verməli olan şəxsin ona qarşı yönələn tələbin hansı sübutlara əsaslandığını işin icraata qəbul edildiyi vaxtdan etibarən bilməsinə, bununla da özünün həmin tələbə qarşı yarana biləcək etiraz və vəsatətlərini qanunauyğun şəkildə sistemləşdirib məhkəməyə vaxtında təqdim etmək imkanlarına xidmət edir. Qeyd olunan prosessual hüquq normasında göstərilən tələb imperativ xarakterli olub, tərəflərin istinad etdikləri sübutları vaxtında məhkəməyə təqdim etməklə həm işdə iştirak edən şəxslər, həm də məhkəmələr tərəfindən prosessual qənaət prinsipinə riayət edilməsinə yönəldilmiş tədbirdir. Göründüyü kimi birinci instansiya məhkəməsi bütün yuxarıda qeyd olunanları nəzərə almamış, ilkin iddia tələbinin icraata qəbul edilməsi üçün prosessual əsasların olmadığı halda icraata qəbul etməsi, qarşılıqlı iddianın isə ümumiyyətlə ilkin iddiaya qarşı verilməsinin mümkün şərtləri müzakirə olunmamış, yalnız iş materiallarına əlavə etməklə kifayətlənərək, yekunda isə ilkin iddia tələbi üzrə nəticəyə gəlinməklə prosessual qanunvericiliyin tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunanlara əsasən yekun olaraq hesab edir ki, iddia ərizəsi MPM-in 149.2.3, 155.1, 155.3, 156-cı maddələrin tələblərinin pozulması ilə qəbul edilldiyindən, qarşılıqlı iddia isə ümumiyyətlə müzakirə olunmadan iş materiallarına əlavə edildiyindən Lənkəran Rayon Məhkəməsinin 2(049)86/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Mülki Prosessual Məcəllənin 260.4-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsassdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.3, 384.0.5, 385.1.1, 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)86/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi istifadədə olan gediş-gəliş yolunun zəbtdən azad edilməsi və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hal aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1374/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1374/2023
25.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver