Məhkəmə qərarları › İş №2(106)-1376/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1376/2023

18.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1376/2023 18.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və X7 ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X4 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 2(049)317/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 sentyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (iddia ərizəsində və qətnamədə soyadı Xudaverdiyeva qeyd olunsa da, əslində nikaha daxil olduqdan sonra Ağayeva soyadını qəbul etmişdir) ailə üzviləri ilə birlikdə mülkiyyət hüququ ilə ona mxsus olan Lənkəran rayonu, Göyşaban kəndində yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, O, xx.xx.1981-ci il tarixdə Lənkəran rayonu, Göyşaban kəndində anadan olmuşdur. Hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. İş üzrə cavabdeh olan Cavabdeh1 onun həyat yoldaşı olmuşdur. Onunla rəsmi nikaha daxil olaraq evlənmişlər. Onların birgə nikahlarından Emil və Əkbər adlı uşaqları anadan olmuşdur. Sonradan onların münasibətləri pozulduğundan sonra ondan ayrılmış və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 30 mart 2019-cu il tarixli 72 nömrə ilə qeyd edilmişdir. Sonradan o, Lənkəran rayonu, Göyşaban kəndində fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsi almış və həmin torpaq sahəsində özü üçün 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi tikmişdir. İş üzrə cavabdeh olan Cavabdeh1 digər cavabdeh X2 ilə ailə qurub onun evində yaşayırlar. O isə məcbur qalıb anasının evində uşaqları ilə yaşayır. O uşaqları ilə birlikdə anasının evində yaşadığından cavabdehlər bundan istifadə edərək onun mülkiyyətimdə olan fərdi yaşayış evinə girərək orada yaşayırlar. O, bu barədə onlara dəfələrlə bildirmişdir ki, ona məxsus torpaq sahəsindən və həmin torpaq sahəsində inşa etdiyi evdən çıxsınlar. Lakin cavabdehlər ona məxsus torpaq sahəsini və həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi ilə birlikdə ona təhvil verməkdən imtina edirlər. Həmin torpaq sahəsinin ona məxsus olması barədə adına çıxarış da verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, münahisə predmeti olan torpaq sahəsini ona 2005-ci ildə atası Lənkəran rayon, Göyşaban bələdiyyəsindən almışdır. Həmin torpaq sahəsində ev tikmişlər və 2005-2014- cü illərdə həmin evdə hazırkı Cavabdeh1 ilə birlikdə yaşamışlar. Həmin evin sənədi olmamış, lakin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə çıxarış almışdır. Hesab edir ki, həmin torpaq sahəsi çıxarışa əsasən ona məxsus olduğundan cavabdehlərin həmin torpaq sahəsində yaşaması onun mülkiyyət hüquqlarını pozur və buna görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhhəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, İddiaçı ilə 1998-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan iki övladları olmuş və həmin uşaqlar yetkinlik yaşına çatmışdır. Hazırda mübahisəyə səbəb olan və Lənkəran rayonu, Göyşaban kəndində yerləşən fərdi yaşayış evi tikintisi üçün ayrılan 0.06 ha həyətyanı torpaq sahəsi Göyşaban Bələdiyyəsinə müraciəti əsasında alqı-satqı yolu ilə birgə nikah dövründə əldə edilmişdir. Belə ki, məsələ ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin müvafiq rəyi alınmaqla cavabdeh İddiaçı adına Göyşaban Bələdiyyəsi tərəfindən 0.06 ha torpaq sahəsinin satılması qərara alınmış və tərəfindən bank vasitəsilə müvafiq ödəniş edilərək torpaq sahəsi mülkiyyətə verilmişdir (müvafiq sənədlər əlavə edilir). Aramızda olan nikah isə məhkəmə qaydasında 2014-cü il tarixdə pozulmuşdur. Hazırda mübahisəyə səbəb olan Göyşaban kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi onların birgə nikahları dövründə əldə olunan əmlakdır və qanuni əsaslara görə onların birgə mülkiyyəti hesab edilir. Həmçinin həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi də tərəfindən birgə nikah dövründə tikilmişdir. Belə ki, həmin yaşayış evi cavabdehin heç bir zəhməti olmadan öz əməyi və vəsaiti hesabına tikilmişdir. Yəni birgə nikah dövründə tikilsə də, bunu təkbaşına işləyərək qazandığı vəsaiti hesabına etmişdir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, Cavabdeh1 ilə evlənmiş və hazırda mübahisə olunan evə gəlin köçmüşdür. Həmin evi onun əri tikmişdir, hazırda da həmin evdə yaşayırlar. Məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. a) Birinci instansiya məhkəməsində icraat; Lənkəran Rayon Məhkəməsinin 2(049)317/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsi (hakim M.Aslanov) ilə, İddiaçı X8 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən və evdən çıxarılma» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyət kəsb edən bütün faktiki halları araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüququ normalarının pozulması ilə nəticələnən qətnamə çıxarılmışdır. Odur ki, kollegiyadan Lənkəran Rayon Məhkəməsinin 2(049)317/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnəmə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 nümayəndəsi və vəkili X9 apellyasiya icraatı zamanı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi Lənkəran Rayon Məhkəməsinin 2(049)317/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, keçirilən iclasda iştirak etməmişlər. İddiaçı iştirak etməməsinin səbəbləri barədə qabaqcadan məlumat verməmişdir. Lakin Cavabdeh2 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin 2(049)317/2023 saylı, 17 may 2023-cü il tarixli qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 178.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.3-ci maddəsinə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 32.1-ci maddəsinin tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 37.1-ci maddəsinə əsasən müvafiq olaraq ərlə-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia təbinin Cavabdeh1 münasibətdə təmin edilməməsini, çıxarılması tələb olunan əmlakın ümumi birgə mülkiyyət hüququ əsasında birgə nikah dövründə və birgə vəsait hesabına əldə olunmasına, mülkiyyətçilərin payının bərabər olmasına, digər Cavabdeh2 münasibətdə isə mülkiyyətçi kimi Cavabdeh1 öz ailə üzvü olan arvadı Afətin birgə mülkiyyətində olan yaşayış evinə köçürmək hüququnun olması, həmçinin birgə mülkiyyətdə olan əmlak üzərində tərəflərin payları müəyyən edilmədiyindən iddiaçının hazırkı iddia ilə çıxış etmək üçün subyektiv hüququnun olmaması ilə əlaqələndirmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)317/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnəmə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddianın predmeti cavabdehlər Cavabdeh1 və arvadı Cavabdeh2 ailə üzviləri ilə birlikdə mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Lənkəran rayonu, Göyşabankəndində yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları və ona təhvil verilməsi olmuşdur. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış çıxarışdan göprünür ki, Lənkəran rayonun Göyşaban kəndində yerləşən 0.06 torpaq sahəsi xx.xx.2022-ci il tarixddə İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran rayonun Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-367451 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh1 ilə nikahlarına xx.xx.2014-cü il tarixdə pozulmuş, xx.xx.2019-cu il tarixdə qeyd edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran rayonun Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış eində Cavabdeh1 ilə arvadı Cavabdeh2 və oğlu X13 ilə birlikdə yaşayırlar. İş materiallarına əlavə olunmuş Əmlak məsələləri Dövlət xidməti daşınmaz Əmlakın dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Əarzi İdarəsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın verilməsinə əsas olan sənədlər kimi aşağıdakılar göstərilmişdir.

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsin tərəfindən təsdiq olunmuş torpaq sahəsinin planı və ölçüsü.

2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin Göyşaban Bələdiyyəsinin sədrinə ünvanlanmış məktubu- həmin məktubda qeyd olunur ki, Torpaq və Xəritəçəkmə şöbəsi sizin 15 sentyabr 20005-ci il tarixli 75 saylı məktubunuza cavab olaraq bildirir ki, Göyşaban kənd sakini İddiaçı 0,06 ha həyətyanı üçün torpaq sahəsinin satılması məsələsinə baxılmışdır. Satılması müəyyənləşdirilmiş torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olduğunu nəzərə alıb, torpaqların alqısatqı qaydasına əsasən pulu əvvəlcədən bələdiyyə hesabına köçürməklə yuxarıda qeyd olunan vətəndaşa torpaq sahəsi satıla bilər.

3. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri A. X1 sədri A.Fəttayevə ünvanlanmış məktubda qeyd olunur ki, Sizin 15 sentyabr 2005-ci il tarixli 76 saylı məktubunuza cavab olaraq bildiririk ki, aşağıda adları qeyd olunan vətəndaşa Göyşaban kənd sakini İddiaçı 0.06 ha torpaq sahəsi fərdi ev tikintisi aparılmasına Lənkəran rayon Memarlıq və Tikinti şöbəsi etiraz etmir.

4. Lənkəran rayonu Göyşaban Bələdiyyəsinin torpaqlarından alqı-satqı əsasında ayrılmasına dair 31 oktyabr 2005-ci il tarixli 10 saylı qərarı ilə həmin kənd sakini İddiaçı 0,06 ha torpaq sahəsinin satılması qərara alınmış və onunla bələdiyyə arasında qeyd olunan torpaq sahəsinin 630.000 manat müqabilində alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası iddiaçının cavabdehlərin mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsi və həmin sahədə yerləşən evdən çıxarılmasının maddi hüquqi əsasının müxtəlif olmasını nəzərə alaraq, hər bir cavabdehə qarşı iddia tələbi üzrə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmasını məqsədə müvafiq hesab edir. Çünki bu cür dəyərləndirmə gəlinən nəticəninin analışılan olması səbəbindən əhəmiyyətlidir. Kollegiya İddiaçı Cavabdeh1 Lənkəran rayonu Göyşaban kəndində yerləşən xüsusi mülkiyyətdə olan torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş evdən çıxarılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı iddia edir ki, o, xx.xx.1981-ci il tarixdə Lənkəran rayonu, Göyşaban kəndində anadan olmuşdur. Hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. İş üzrə cavabdeh olan Cavabdeh1 onun həyat yoldaşı olmuşdur. Onunla rəsmi nikaha daxil olaraq evlənmişlər. Onların birgə nikahlarından Emil və Əkbər adlı uşaqları anadan olmuşdur. Sonradan onların münasibətləri pozulduğundan sonra ondan ayrılmış və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 30 mart 2019-cu il tarixli 72 nömrə ilə qeyd edilmişdir. Sonradan o, Lənkəran rayonu, Göyşaban kəndində fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsi almış və həmin torpaq sahəsində özü üçün 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi tikmişdir. İş üzrə cavabdeh olan Cavabdeh1 digər cavabdeh X2 ilə ailə qurub onun evində yaşayırlar. O, isə məcbur qalıb anasının evində uşaqları ilə yaşayır. O uşaqları ilə birlikdə anasının evində yaşadığından cavabdehlər bundan istifadə edərək onun mülkiyyətimdə olan fərdi yaşayış evinə girərək orada yaşayırlar. O, bu barədə onlara dəfələrlə bildirmişdir ki, ona məxsus torpaq sahəsindən və həmin torpaq sahəsində inşa etdiyi evdən çıxsınlar. Lakin cavabdehlər ona məxsus torpaq sahəsini və həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi ilə birlikdə ona təhvil verməkdən imtina edirlər. Həmin torpaq sahəsinin ona məxsus olması barədə adına çıxarış da verilmişdir. Münahisə predmeti olan torpaq sahəsini ona 2005-ci ildə atası Lənkəran rayon, Göyşaban bələdiyyəsindən almışdır. Həmin torpaq sahəsində ev tikmişlər və 2005-2014- cü illərdə həmin evdə hazırkı Cavabdeh1 ilə birlikdə yaşamışlar. Həmin evin sənədi olmamış, lakin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə çıxarış almışdır. Hesab edir ki, həmin torpaq sahəsi çıxarışa əsasən ona məxsus olduğundan cavabdehlərin həmin torpaq sahəsində yerləşən bir mərtəbəli üç otaqlı mənzildə yaşaması onun mülkiyyət hüquqlarını pozur. Cavabdeh1 iddia tələbinə etirazında qeyd edir ki, İddiaçı ilə 1998-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan iki övladları olmuş və həmin uşaqlar yetkinlik yaşına çatmışdır. Hazırda mübahisəyə səbəb olan və Lənkəran rayonu, Göyşaban kəndində yerləşən fərdi yaşayış evi tikintisi üçün ayrılan 0.06 ha həyətyanı torpaq sahəsi Göyşaban Bələdiyyəsinə müraciəti əsasında alqı-satqı yolu ilə birgə nikah dövründə əldə edilmişdir. Belə ki, məsələ ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin müvafiq rəyi alınmaqla cavabdeh İddiaçı adına Göyşaban Bələdiyyəsi tərəfindən 0.06 ha torpaq sahəsinin satılması qərara alınmış və tərəfindən bank vasitəsilə müvafiq ödəniş edilərək torpaq sahəsi mülkiyyətə verilmişdir (müvafiq sənədlər əlavə edilir). Aramızda olan nikah isə məhkəmə qaydasında 2014-cü il tarixdə pozulmuşdur. Hazırda mübahisəyə səbəb olan Göyşaban kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi onların birgə nikahları dövründə əldə olunan əmlakdır və qanuni əsaslara görə onların birgə mülkiyyəti hesab edilir. Həmçinin həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi də tərəfindən birgə nikah dövründə tikilmişdir. Belə ki, həmin yaşayış evi cavabdehin heç bir zəhməti olmadan öz əməyi və vəsaiti hesabına tikilmişdir. Yəni birgə nikah dövründə tikilsə də, bunu təkbaşına işləyərək qazandığı vəsaiti hesabına etmişdir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (Ailə Məcəlləsinin 37.1-ci maddəsi). Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, hər hansı bir əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi dəyərləndirilərək nikah münasibətində olan şəxslər arasında bölünməsindən ötrü həmin əmlak birgə nikah dövründə əldə edilməsi ilə yanaşı, ər-arvadın ümumi gəlirləri hesabına da əldə edilməlidir. Bu isə hər hansı bir əmlakın birgə nikah dövründə və ümumi gəlirləri üzrə əldə edilməsini iddia edən şəxsin sübut etmə öhdəliyini yaradır. Məhkəmə kollegiyası işin araşdırılan hallarından müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 1997-ci ildən faktiki nikah münasibətinə daxil olmaqla ailə qurmuş, 24 fevral 1998-ci ildən isə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahından iki uşaqları xx.xx.1997-ci il təvəllüdlü X14 və xx.xx.2001-ci il təvəllüdlü X11 olmuşdur. Tərəflər birgə nikah müddətində olduğu müddətdə yəni 12 sentyabr 2005-ci il tarixdə fərdi yaşayış evinin tikilməsi ilə əlaqədar Göyşaban Bələdiyyəsinin ərazisindən İddiaçı ilə Göyşaban bələdiyyəsi arasında 0,06 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış və aldığı torpağın dəyəri olaraq 630.000 manat məbləğində pul vəsaiti bələdiyyənin hesabına ödənilmişdir. Həmin torpaq sahəsində ər-arvadın birgə gəlirləri hesabına 2005-ci ildə bir mərtəbəli iki otaqlı yaşayış evi inşa olunmuş və iddiaçı ilə Cavabdeh1 həmin evdə yaşamışdır. Tərəflərin nikahı 2014-cü il tarixdə pozulduqdan sonra iddiaçı uşaqları ilə birlikdə həmin evdən çıxmış, Cavabdeh1 isə həmin evdə yaşamağa davam etmiş və hazırda da həmin evdə yaşayır. Başqa sözlə ifadə olunsa torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi ər-arvadın ümumi birgə mülkiyyətdir. Mübahisəli torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli ********** saylı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mənzilə və ya fərdi yaşayış evindən çıxarılma və köçürülmə barədə mübahisələrə hüquqi qiymət verilərkən başlıca olaraq aşağıdakı əsas iki meyar tədqiq edilməlidir. mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu; iddiaçının və cavabdehin mübahisə obyekti ilə bağlı yaranan hüquq münasibətlərinin əsasları; Məhkəmə kollegiyası bu mübahisənin spesifikasını nəzərə alaraq tələbi mülkiyyət baxımından da araşdırmağı zəruri hesab edir. Ona görə ki, tərəflərin nikah münasibətləri olduğu halda, özbaşına tikililərə münasibətdə məhkəmələr eyni tələblər üzrə bir sıra iddia tələbinin təmini (köçürülmə) ilə bağlı qətnamələr qəbul etmişlər. Ancaq, Hazırki mübahisədə araşdırılan hallardan müəyyən edilir ki, qeyd edilən mənzil özbaşına tikili hesab edilə bilməz. Çünki mübahisəli torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında alınmış, torpaq sahəsinin planı və ölçüsü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsin tərəfindən təsdiq olunmuş, həmçinin Lənkəran şəhər icra hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən fərdi yaşayış evinin tikintisinə razılıq verilmişdir. İşə əlavə olunmuş Lənkəran rayon İHB-nin Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı aid Göyşaban kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində tikilmiş bir mərtəbəli iki otaqlı fərdi yaşayış evi var. Həmin evin yerləşdiyi torpaq sahəsi xx.xx.2022-ci il tarixli ********** saylı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçının çıxarılması tələb etdiyi ev, onların birgə nikah müddətində əldə etdiyi xüsusi mülkiyyətində olan torpaq sahəsində tikilmiş bir mərtəbəli iki otaqlı yaşayış evidir. Yaşayış evi 2005-ci ildən təsərüffatbaşına kitabda qeydə alınmışdır. Göründüyü kimi, tərəflərin yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən ev onların birgə nikah müddətində əldə etdiyi və hazırda İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilməsi işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Dövlət isə tərəflərin yaşayış sahəsi üzərində ilkin mülkiyyət hüquqlarının yaranmasını qanuni hesab edir, bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət xidməti daşınmaz Əmlakın dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Əarzi İdarəsinin rəisinin İddiaçı ünvanaladığı məktubdan da görmək mümükündür. Həmin məktubda qeyd olunur ki, “daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan respublikası Qanunun 7-ci maddəsinə müvafiq olaraq daşınmaz əmalk üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması, mövcud texniki vəziyyəti yerində dəqiqləşdirilməsi, habelə müvafiq texniki sənədlərin tərtib edilməsi, fərdi yaşayış evinə baxış keçirilməsi və sözü gedən daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilməsindən sonra mümükün ola biləcəyini, hazırda isə tərəflər arasında mübahisə olduğu səbəbindən qeydiyyatın aparılmasının mümükün olmadığını, tərəflər mübahisəyə son qoyacağı və daşınmaz əmlakla bağlı yuxarıda qeyd olunan müvafiq inventarlaşdırma aparılmasından sonra torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) evlə birlikdə vahid daşınmaz əşya və vahid mülkiyyət obyekti kimi qeydiyyatın aparılması təmin ediləcəkdir. Göründüyü kimi mübahisəli ev üzərində həm İddiaçı həm də, Cavabdeh1 gözlənilən mülkiyyət hüququ mövcuddur. Həmçinin yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyətindədir. Kollegiya birinci instansiya məhkəməsinin İddiaçı cavabdeh X10 qarşı birgə nikah müddətində əldə etdikləri Lənkəran rayonu Göyşaban kəndində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş bir mərtəbəli iki otaqlı evdən çıxarılmasının təmin edilməməsi qənaətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Kollegiya İddiaçı cavabdeh X3 Lənkəran rayonu Göyşaban kəndində yerləşən xüsusi mülkiyyətdə olan torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş evdən çıxarılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh X3 birinci instansiya məhkəməsinə verdiyi izahatında göstərmişdir ki, o, Cavabdeh1 ilə 22 sentyabr 2022-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, ailə qurduqdan sonra Lənkəran rayonu Göyşaban kəndində Cavabdeh1 məxsus bir mərtəbəli iki otaqlı evə gəlin köçmüş, onların birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X12 anadan olmuşdur. Mübahisəli evi onun əri tikmiş, hazırda da həmin evdə ərinin ailə üzvü kimi yaşayır. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin digər cavabdeh X3 mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən evdən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən ev üzərində İddiaçı ilə Cavabdeh1 birgə mülkiyyət hüququ olduğundan və birgə mülkiyyətin mövcudluğuna son qoyulmadığından, mülkiyyətçi olaraq Cavabdeh1 arvadı Afət Ağayevanı yaşayış evinə köçürmək hüququ vardır. Yalnız tərəflər arasında ümumi birgə mülkiyyətin bölünməsi və payın ayrılması baş verdikdə iddiaçı özünə düşən hissədən başqa şəxslərin hazırkı halda digər cavabdeh Afət Ağayevanın istifadəsinə qadağa qoyulması barədə iddia qaldırmaq üçün subyektiv hüququ yarana bilər. Kollegiya bununla əlaqədar qeyd edir ki, qeyd olunan mübahisə ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi cavabdeh Afər Xudaverdiyeva əri mülkiyyətçilərdən biri olan Cavabdeh1 tərəfindən ailə üzvü kimi mübahisəli yaşayış sahəsinə köçürülmüş və ailə üzvü kimi yaşayış sahəsindən istifadə edir. İddiaçının isə birgə mülkiyyətdə olan torpaq sahəsi və həmin sahənin üzərində yerləşən evdən çıxarılma tələbi, yalnız tərəflər arasında ümumi birgə mülkiyyətin bölünməsi və payın ayrılmasından sonra özünə düşən hissədən hazırkı Cavabdeh2 çıxarılması üçün subyektiv hüququ yarana bilər. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin İddiaçı cavabdeh X5 qarşı mülkiyyət hüququ ilə ona məxsus olan Lənkəran rayonu, Göyşaban kəndində yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları və ona təhvil verilməsi tələbini irəli sürmək üçün subyektiv hüququnun olmaması əsası ilə təmin etməməsini qanuni və əsaslı hesab edir. Kollegiya həmçinin iddiaçının iddia ərizəsində və apellyasiya şikayətinin dəlillərində qeyd etdiyi cavabdehlərin onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən və həmin sahədə yerləşən evdən dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq çıxmaması, qanunsuz və özbaşınalıqları ucbatından onun evdən və torpaq sahəsindən istifadə edə bilməməsi, nəticədə mülkiyyət hüquqlarının pozulması dəlili ilə bağlı qeyd edir ki, iddiaçının birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evində yaşamasına yaradılan maneələr ilə bağlı hüquqi müdafiə vasitələrindən istifadə etmək hüquqları vardır. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsində qeyd olunur ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası iddiaçının hər iki cavabdehə qarşı mülkiyyət hüququ ilə ona məxsus olan Lənkəran rayonu, Göyşaban kəndində yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları və ona təhvil verilməsi tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 2(049)317/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinəəsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)317/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar